beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qeybətin əlaci

Qeybətdən yaxa qurtarmağın iki çarəsi var:
Birinci çarə ondan ibarətdir ki, insan qeybət etdikdə Allahın taalanın qəzəbinə tuş olduğunu bilməlidir. Bu barədə qeyd etdiyimiz hədislər və qeyd etmədiyimiz digər səhih hədislər buna dəlildir. Peyğəmbər (s) buyurur: “Sizlərdən biriniz Allahın razılığını qazandıracaq bir söz danışanda, onunla görüşəcəyi günədək ona öz razılığını əta edər. Sizlərdən biriniz Allahın qəzəbini qazandıracaq bir söz danışarsa, onunla görüşəcəyi günədək onu öz qəzəbinə düçar edər”. (Tirmizi 4/559 İbn Macə 2/1312 Malik “Muvatta” 2/985 Əhməd 3/469 Bax “Səhih Tirmizi” 2/269 “Səhih İbn Macə 2/358 “Səhih əl-Cami” 2/63)

Insanın yaxşılıqları Qiyamət günü qeybət etdiyinin əvəzi olaraq əlindən alınar. Əgər onun yaxşılıqları olmayıbsa, qeybət etdiyi insanın günahlarından ona gələr. Ola bilsin ki, tərəzinin günahlar olan gözü ağır gəlsin və həmin insan Cəhənnəmə daxil olsun! Deməli, qeybət Qiyamət günü ya yaxşılıqların getməsinə, ya da əlavə günahlarla yüklənməyə səbəb olur. Sorğu-sualın, hesaba çəkilməyin isə buna heç bir qatışacağı yoxdur. Həqiqətən də, Allahdan başqa güc və qüvvət sahibi yoxdur!
Müsəlman olan insan qeybət barəsində varid olan mətinləri oxuyub iman gətirdikdə və əməl etdikdə, dilinə heç vaxt qeybət gəlməz. Həmin insan öz əməllərinə, öz eyib və qüsurlarına diqqət yetirər ki, bu da başalarının eyiblərini axtarmağa və danışmağa rəvac verməz. Özündə qüsur və nöqsanlar olan kəs, bunları başqalarında necə axtara bilər? Bu sifət Allahdan həya edənlərə aid edilə bilməz. Allahdan həya edənlər də qeybətə yol verməz!
Ikinci çarə: Qeybətə yol verən insan qeybətin yaranma səbəbinə baxmalıdır. Qeybətin yaranma səbəbini həll etmək onun yenidən yaranmasının qarşısını alar. Qeybətin yaranma səbəbi qəzəbdirsə, onda qeybət edən kəs “mən qəzəbimə görə bunu etdimsə, buna görə də Allah taala öz qəzəbini mənə tərəf yönəldər. Allah bunu qadağan etdiyi halda mən asi oldum və ona önəm vermədim” kimi ifadə işlədib peşmançılıq hissi keçirməlidir.
Əgər qeybətin səbəbi başqalarının xoşuna gəlməsi və razılığını qazanması üçündürsə, onda həmin şəxs bilməlidir ki, məxluqun razılığını qazanmaq uğrunda Xaliqin qəzəbinə önəm verməyən kimsənin üzərindən Allah öz qəzəbini əksik etməz! Insan necə razı ola bilər ki, heç bir xeyir və ya zərər verə bilməyən yaradılmışların razılığını qazanmaq üçün Allahın qəzəbinə düçar olsun!
Əgər qeybətin səbəbi özünü təmizə çıxarıb başqalarının üzərinə günah atmağa görədirsə, insan bilməlidir ki, Allahın qəzəbinə düçar olmaq insan qəzəbinə tuş gəlməkdən daha şiddətlidir. Insan başqalarının qeybətini etməklə Allahın bu qəzəbini qazanmış olur. Həmçinin, bilmək olmaz ki, özünü insanların qəzəbindən qurtara biləcək, yoxsa qurtara bilməyəcək. Həmçinin, o da ola bilər ki, Allahın qəzəbinə baxmayaraq insanların razılığını qazanmaq üçün etdiyi bu əməl həm Allahın, həm də insanların özlərinin qəzəbinə səbəb olsun…!
Əgər qeybətin səbəbi özünü təmizə çıxarıb daha çox fəzilət sahibi olduğunu nümayiş etdirmək istəyidirsə, insan bilməlidir ki, belə etməklə Allah yanında olan fəzilətini, hörmətini zay etmiş olar. Başqasını ləkələməklə insanlarda onda olan pis xüsusiyyətin səndə olmadığı görüntüsünü yaratmaq məqsədi güdmək qiymət və dəyərin itməsinə səbəb olar. Ola bilsin ki, insan olan hörmətini bu yolla insanların gözündə artırmaq istəsin. Lakin, əksinə olaraq həm Allah yanındakı fəzilətini, həmdə insanların gözündə dəyər-qiymətini yox etmiş olar. Çünki, insanların qəlbləri Allahın əlindədir. Bu qəlbləri istədiyi səmtə dəyişər. Ona görə də insan əməllərinə həssas yanaşmalı, onların görünən tərəfləri ilə qürrələnməməlidir.
Qeybətin yaranma səbəbi həsəd və paxıllıq olduqda iki əzabı özündə cəm edər. Çünki, insan dünya nemətinə paxıllıq etdikdə həsəd əzabına düçar olar. Paxıl olan kimsə isə dərd, kədər və sıxıntı hissi duyar. Belə ki, əzabın bir qismini qazanar. Buna qane olmadıqda isə Qiyamət günü olacaq digər bir əzab birinciyə əlavə olunar. Deməli, qəlbində həsəd və paxıllıq olan insan özündə həm dünya, həm də axirət xəsarətini cəm edər. O, həqiqətdə, həsəd apardığı insanın dostu, özünün isə düşmənidir. Çünki, o, qazandıqları savabları həsəd apardığı insanın savablarına əlavə edər. Savabları olmadıqda isə həsəd apardığı insanın günahları ilə yüklənər. O, həsəd apardığı insana qeybətlə və həsədlə ziyan və zərər vura bilməz. Əksinə, onun hörmətinin daha da artmasına səbəb ola bilər.
Qeybətin yaranma səbəbi başqasını lağa və məsxərəyə qoymaqdırsa, həsəd aparan kəs bilməlidir ki, o, başqasını insanların gözü özündə məsxərəyə qoymaqla özünü həm Allahın, həm də insanların yanında rüsvay etmiş olur. Qeybət edən kimsə öz qeybəti ilə başqasının halına acıdığını zənn edirsə, yanılır. Çünki, bu cür düşüncə tərzi fəsada aparır. Çünki, o başqasının halına acıdığı halda, haram olan qeybətə yol vermiş olur. Əgər o, həqiqətən də mərhəmət nümayiş etdirirsə, bunu qeybət etmədən, tövsiyə, doğru yola yönəltmə və bu kimi bəyənilən üsullarla edə bilər.
Qeybətin yaranma səbəbi əyləndirmək və gülüş doğurmaqdırsa, qeybət edən bilməlidir ki, başqasının qeybəti ilə, başqasının dünya və axirətinə ləkə gətirib ona gülməklə özünü həlak edir. O, dünyada olarkən əzaba düçar olar. O, başqasının eyiblərini aşkara çıxarıb ona güldüyünə görə, Allah da onun eyiblərini dünya və axirətdə göz önünə sərər. Bundan daha biabırçı bir hal ola bilərmi?
Həqiqətən, aqil olan insan qeybətin yaranma səbəbləri və onun çarəsi baərsində fikirləşdikdə, burada qeyd olunan formalardan istifadə edərək onu həll etmək uğrunda çalışsa, inşallah qeybətin zərər-ziyanından əmində olar və dili yalnız xeyirli, faydalı sözlərin məskəninə çevrilər. Beləliklə də, həmin şəxs dünya və axirət xeyir-bərəkəti ilə mükafatlanar. Allahdan Onun gözəl ad və sifətləri ilə diləyirəm ki, bizim hamımızı sevib razı qaldığı, haqqı deyib ona ən çox əməl edən insanlardan etsin!


Tarix: 17.04.2013 / 12:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 328 Bölmə: Maraqlı melumatlar