Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Firon və ilan

Musanın (alehissələm) həyatında yeni mərhələ başladı. Allah onu peyğəmbər seçdi və ona iki böyük möcüzə göstərmək güdrəti verdi. Onun əsası ilana çevrilir və qara əli ağappaq olurdu. O, Fironun yanına gəldi və onu təkcə Allaha ibadət etməyə çağırdı. Lakin Firon onun bu çağırışını qəbul etmədi. Firon Musanın möcüzələrinin qarşısında ona sehrlə meydan oxumaq istədi və Misirin şəhərlərinə məşhur sehrbazları toplayıb hüzuruna gətirmək üçün adamlar göndərdi. O, düşünürdü ki, sehrbazlar da Musanın möcüzəsi kimi bir möcüzə göstərə bilərlər.

Misir ölkəsinin müxtəlif məbədləri kahinlərlə dolu idi. O kahinlər sehrbazlıqla məşğul olurdular. Kahinlər Fironun çağırışını eşidib onun sarayına axışmağa başladılar. Firon onlara dedi: "Mən istəyirəm ki, siz Musanın sehrinə qalib gələsiniz".

Sehrbazlar sevindilər. Onlar Firondan mükafatlar almaq istəyirdilər. Firona dedilər: "Əgər biz qalib gəlsək, bizim mükafatımız olacaqmı?!" Firon onları həvəsləndirərək dedi: "Bəli! Həm də sizi özümə ən yaxın adamlar seçəcəm". Beləcə, hər iki tərəf razılığa gəldilər. Sehrbazlar Fironun hakimiyyətini və gücünü möhkəmlədəcək, Firon da onları mükafatlandırıb özünə ən yaxın adamlar seçəcəkdi.

Sehrbazlar öz məbədlərinə getdilər. Orada öz əsalarına və kəndirlərinə civə maddəsi çəkməyə başladılar. Sehrbazlar bilirdilər ki, civə yerində hərəkətsiz qalmayan bir maddədir, ona əsanı toxundurduqları vaxt yerindən tərpənəcəkdi. Baxan da elə biləcək ki, əsanın özü tərpənir. Həmçinin civənin rəngi gümüşü olduğu üçün günəşin şüaları onun üzərinə düşdükdə parıldamağa başlayır. Beləcə sehrbazlar Musa əleyhissalam ilə rəqabət aparacaqları gün üçün qızğın hazırlıq görürdülər.

Həmin gün gəlib çatdı. Sehrbazlar birinci gəlmişdilər. İnsanlar da erkən gəlmişdilər. Yarış xəbəri ildırım sürəti ilə yayılmışdı. Həmçinin hamı Musa əleyhissalamın Fironla qarşılaşması və ona meydan oxuması haqda artıq bilirdi. Camaat öz aralarında pıçıldaşmağa başladı. Hətta özlərindən bəzi şeylərdə uydururdular. Çünki onlar anadan olandən bəri Firona qarşı çıxan, ona meydan oxuyan kimsə görməmişdilər. Onlar səbirsizliklə yarışmanın necə nəticələnəcəyini gözləyirdilər. Ona görə də yarış meydanına lap erkəndən gəlmişdilər.

Bir qədər sonra Firon gəldi. Onu böyük bir taxtın üstündə gətirirdilər. Yarışın keçiriləcəyi yerə gələr-gəlməz salamlamaq üçün hamı ona səcdə etdi. Firon öz qövmünə əmr edirdi ki, onu görən hər kəs səcdə etsin. Çünki o özünün tanrı olduğuna və hər şeyin onun əlində olduğuna hamını inanmağa məcbur etmişdi.

Firon taxtına oturdu. Təkəbbürlə əlini yuxarı qaldıraraq yarışı açıq elan etdi. Həmçinin fironların mərasimlərində təbillər çalınar və tonqallar qalanardı ki, həm mərasimlərə möhtəşəmlik gətirsin, həm də insanların ürəklərinə qorxu və dəhşət salsın. Sehrbazlar bir-birilərinə baxdılar və anladılar ki, onların gözlədikləri an artıq yetişib.

Sehrbazlar özlərini mədəni göstərmək istədilər. Onlar öz sehrlərinə və qalib gələcəklərinə inanaraq Musadan soruşdular: "Birinci sən atmaq istəyirsən, yoxsa biz ataq?" Musa onları əhəmiyyət vermədən, meydan oxuyarcasına bir sözlə belə cavab verdi: "Yox, siz atın!" Sehrbazlar əllərindəki ipləri və əsaları yerə atdılar. İnsanların gözlərində yerə atılanlar ilanlar kimi canlandı. Camaatın ürəyinə qorxu düşdü. Hətta Musa əleyhissalam da bu olaydan qorxdu.

İzzət və cəlal sahibi olan Allah Musaya əmr etdi ki, əsasını yerə atsın və qorxmasın. Musanın qorxusu getdi. Musa əsasını yerə atdı. Əsa onların əsalarından və iplərindən də böyük həqiqi bir ilana çevrildi. İlan qövrılaraq ağzını açdı. Sehrbazlar və camaat bu tükürpədici mənzərədən vahiməyə düşdülər. Çünki onlar əvvəllər bu böyüklükdə ilan görməmişdilər.

İlan sehrbazların iplərini və əsalarını uddu. Qarşısına keçən daşı və ağacı udurdu. Sonra orada olan insanların üzərinə cummağa başladı. Hamı o tərəf bu tərəfə qaçırdı. Sehrbazlar başa düşdülər ki, Musanın ilanı bir möcüzədir. Çünki onlar sehrin nə olduğunu gözəl bilirdilər. Bunun sehr olması isə qeyri-mümkün idi. Onlar əmin oldular ki, Musa əleyhissalam Uca Allah tərəfindən göndərilmiş həqiqi peyğəmbərdir.

Sehrbazlar bu heyrətamiz möcüzənin şahidi olduğu zaman özlərini saxlaya bilmədilər. Gözlənilməz bir hadisə baş verdi. Onlar "biz aləmlərin Rəbbinə iman gətirdik" – dedilər və yerə yıxılaraq Allaha səcdə etdilər. Lakin həmin vaxt insanlar Firondan başqa bir tanrı tanımırdılar. Ona görə də sehrbazlar sözlərini düzəldərək dedilər: "Biz Musanın və Harunun Rəbbinə iman gətirdik". Firon öz kürsüsündən qəzəbli halqa ayağa qalxıb dedi: "Mən sizə izn verməmiş, sizə necə iman gətirməyə cəsarət edirsiniz?!" Sonra sözünə belə davam etdi: "Bunu bizim qarşımızda göstərmək üçün Musa ilə əlbir olmusunuz? Amma mən sizin əllərinizi və ayaqlarınızı kəsdirəcəm, sizi dar ağacında asdıracam ki, başqalarına ibrət olasınız". Lakin iman artıq sehrbazların qəlblərinə möhkəmcə hopmuşdu. Onların imanı Fironun gücündən üstün idi.

Əqidələri qələbə çaldı. Onlar Allahın dərgahında olmağı üstün tutdular. Beləcə Firon gerçək iman qarşısında aciz qaldı. Onlar həqiqi azadlıqlarını elan etmələri ilə bəşəriyyət tarixində misli görünməmiş qəti mövqe nümayiş etdirdilər. Sehrbazlar öldülər. Bütün hədə-qorxular yox oldu. Ancaq iman azğınlığa uğramadan və sağa-sola sapmadan öz yoluna qədəm qoydu. Musa əleyhissalam Firona qalib gəldi. Onunla bir bütün İsrail oğulları da iman gətirdi.


Tarix: 11.04.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 458 Bölmə: Maraqlı melumatlar
loading...