beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İSLAM

İslam – sözdə ƏL-İSLAM, ƏL-İSTİSLAM itaət etmək, bağlanmaq deməkdir (1)
Şəriətdə isə Tövhid ilə Allaha təslim olmaq, itaət ilə boyun əymək, şirkdən və şirk əhli olan müşriklərdən uzaq olmaq deməkdir. «Yaxşı əməl sahibi olub özünü Allaha təslim (İslam) edən, İbrahimin hənif(2) millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər». (ən-Nisa 125). «Yalnız ona təslim olub itaət edin». (əl-Həcc 34). «Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o artıq ən möhkəm bağdan yapışmış olur». (Loğman 22).
Şirkdən uzaq olmaq ondan uzaq olmaq deməkdir. Bu isə şirk əhli olan müşriklərdən uzaq olmaqla olur. «İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir». O zaman onlar öz qövmünə belə demişdilər: «Şübhəsiz bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizin dininizi inkar edirik. Siz bir olan Allaha iman (təslim) gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır». (əl-Mumtəhinə 4).
Allahın bütün insanlardan iman etməsini əmr etdiyi İslam, bütün Peyğəm-bərlərin də iman etdiyi tək dindir. İtaət və təslimiyyət göstərən isə müsəlman adlanır. «Xatırla ki, o zaman həvvarilərə: (İsanın on iki əshabəsinə) «Mənə və Peyğəmbərimə iman gətirin!» deyə əmr etmişdim. Onlar isə: «Bizim müsəlman olmağımıza şahid ol!» deyə cavab vermişdilər. (əl-Maidə 111). Rəbbi İbrahimə: «Təslim ol!» dedikdə, İbrahim də: «Aləmlərin Rəbbinə təslim oldum» - deyə cavab vermişdi. (əl-Bəqərə 131). «(İbrahim və İsmail) Ey Rəbbimiz! Bizim hər ikimizi sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri sənə təslim (İslam) olan ümmət et». (əl-Bəqərə 128). (Bir zamanlar Nuh belə demişdir) «Mənə müsəlmanlardan olmaq əmr edilmişdir». (Yunus 72). İbrahim və Yəqub bunu öz oğlanlarına vəsiyyət edib: «Ey oğlanlarım, həqiqətən Allah sizin üçün (belə bir) din (İslam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz». (əl-Bəqərə 132). Musa dedi: «Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və müsəlman olmusunuzsa, ona təvəkkül edin». (Yunus 84).
Ayələrə nəzər saldıqdan sonra görürük ki, Allahın göndərdiyi ilk Rəsuldan düz son Rəsula qədər bütün Peyğəmbərlər Allaha təslim (İslam) olmuş və onla-rın dinləri də İslam adlandırılmışdı. Peyğəmbərlərinə tabe olanlar isə onların dövründə müsəlman idilər. Məs: Xristianlar İsa – əleyhissəlam - ın dövründə, Yəhudilər Musa – əleyhissəlam - ın dövründə müsəlman idilər. Lakin İslam, son Peyğəmbər Məhəmməd - səllallahu aleyhi və səlləm - gəldikdən sonra Allah bütün bu dinləri nəsx(3) etmiş və onlar Məhəmməd - səllallahu aleyhi və səlləm - i inkar etdiklərinə görə artıq müsəlman deyildilər. Çünki hər bir göndərilən Peyğəmbər öz qövmünü, tayfasını və ya öz dövlətini qorxutmaq (Allahın əzabı ilə) və müjdələmək (Allahın Cənnəti ilə) üçün göndərilmişdir. «Biz Peyğəmbər-ləri müjdə verən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir». (ən-Nisa 165).
Məhəmməd - səllallahu aleyhi və səlləm - isə bütün bəşəriyyətə göndəril-mişdi. «Biz səni aləmlərə rəhmət olaraq göndərdik». (əl-Ənbiya 107). Hədislərə gəlincə Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurmuşdu: «İstər Yəhudi, istər Xristian olsun mənim Peyğəmbərliyim haqqında eşidib və mənə iman etməzsə mütləq Cəhənnəm atəşini dadar»(4)Buna görə də Yəhudi və Xristianlardan qurtuluş istiyənlər İslama girərək, İslam Peyğəmbəri Muhəmməd - səllallahu aleyhi və səlləm – ə tabe olmaq məcburiyyətindədirlər. Ancaq bu şəkildə, Allahın salat və salamı onların üzərinə olsun Musa, İsa və Məhəmməd – əleyhimussəlam – a həqiqi şəkildə itaət etmiş olarlar.
Maraqlı burasıdır ki, bu dinin adı nə bir tayfa, nə bir insan, nə də bir dövlət adı ilə bağlıdır. Necə ki, digər dinlərin adlarına nəzər salsaq, Xristianlıq İsa – əleyhissəlam - ın adından, İudaizm İuda adlı tayfadan, Buddizm Quatama Budda adlı şəxsin adından, həmçinin Konfusianizm Konfusianın adından, Marksizm Karl Marksın adından götürülmüşdü. Yeganə İslam dinidir ki, bu sadaladıq-larımızdan heç birinə məxsus deyildir. Çünkü bu adı ona Allah - subhənəhu və təalə - vermişdi. «Allah dərgahında din, əlbəttə ki, İslamdır». (Ali-İmran 19).
İslam dinidir ki, Allahın dərgahında qəbul edilən və qəbul edənə fayda verəndir. «Kim İslamdan başqa bir din ardınca gedərsə heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar». (Ali-İmran 85). «Necə ola bilər ki, onlar (kitab əhli) Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki, göylərdə və yerdə olanların hamısı istər-istəməz ona (Allaha) təslim olmuşlar və onun hüzuruna qayıdacaqlar». (Ali-İmran 83).
İslam dinidir ki, Allah onu Məhəmmədə və ümmətinə lütf etmişdir. «Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim». (əl-Maidə 3).
İslam dininin mərtəbələri, rukunları haqqında bizə (müsəlmanlara) məlumatı Rəsulullah - səllallahu aleyhi və səlləm - ın sünnəsində varid olunmuş Cəbrail – əleyhissəlam - ın hədisi xəbər verir. Ömər – radıyallahu anhu - rəvayət edir ki, bir gün Rəsulullah - səllallahu aleyhi və səlləm - in hüzurunda oturmuşduq. Bu vaxt paltarı dümağ, saçları olduqca qara, üzərində səfər əlaməti görünməyən və aramızda heç kimin tanımadığı bir nəfər icəri girib, Peyğəmbər - səllallahu aleyhi və səlləm – in yanında oturdu. İki dizini onun dizlərinə söykəyib, əllərini dizlərinin üstünə qoyaraq dedi: «Ey Muhəmməd! Mənə İslam haqqında xəbər ver?». Rəsulullah: «İslam, Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Ramazanda oruc tutmaq, Kəbəni imkan olduqda həcc etməkdir». (Adam): Doğru söylədin, dedi. (Ömər) dedi: «Adama heyrət etdik. Həm ona sual verir, həm də onun söylədiklərini təsdiq edirdi». (Yenə) soruşdu: «Mənə İman haqqında xəbər ver?». (Peyğəmbər) buyurdu: «(İman) Allaha, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə, Axirət gününə və Qədəin xeyir və şərrinində Allahdan olmasına inanmaqdır». (Adam): «Doğru söylədin» dedi. Bu dəfə «Mənə Ehsan haqqında xəbər ver?». (Peyğəmbər) buyurdu: «(Ehsan) Allahı onu görmüş kimi ibadət etməkdir. Lakin sən onu ğörməsən də, o, səni görür». (Adam): «O halda mənə Qiyamət saatı haqqında xəbər ver». Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Soruşulan soruşandan cox bilmir». (Adam): «Onda mənə onun əlamətləri haqqında xəbər ver». (Peyğəmbər) buyurdu: «Qul qadın öz ağasını doğması, ayaq yalın, çılpaq, cobanların hündür bina tikməkdə bir-birləri ilə yarışmaları». (Ömər) dedi: Sonra o adam durub getdi». Bir müddətdən sonra (Peyğəmbər) mənə buyurdu: «Ey Ömər, o sual verənin kim olduğunu bilirsən?» Allah və Rəsulu daha gözəl bilir. (Peyğəmbər) buyurdu: «O, Cəbrayıl – əleyhissəlam - idi. Sizə dininizi öyrətməyə gəlmişdi» . Həmçinin Əbu Abdurrəhman b. Ömər b. əl-Xəttab – radıyallahu anhu – rəvayət edir ki, mən Rəsulullah - səllallahu aleyhi və səlləm - in belə buyurduğunu eşitdim. «İslam beş təməl üzərində bina edilmişdi. Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və Məhəmmədin Allahın rəsulu olduğuna şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Beyti həcc etmək və Ramazan ayının orucunu tutmaq» . Bu hədislərdən göründüyü kimi İslam zahiri əməlləri əhatə edir. Şəhadət kəlməsini dil ilə söyləmək dilin əməli, namaz, oruc, həcc bədənin, zəkat isə malın əməlidir. Buna görə də İslam dini üç mərtəbədən ibarətdir.
1. İslam. 2. İman. 3. Ehsan.
Hər bir mərtəbənin də öz rukunları vardır.
İslam haqqında çox geniş danışmaq olar, lakin mən, hörmətli bacı və qardaşlarım, ilk öncə özümə, sonra da sizə İslam dinini gözəl bir şəkildə öyrən-məyinizi və bu dindən möhkəm yapışmağınızı tövsiyə edirəm. Çünkü Rəsulullah - səllallahu aleyhi və səlləm - bu dində olanların dünya və axirətlərinin xoşbəxt olması ilə bizi müjdələmişdi. Əbu Hureyrə, İbn Ömər – radıyallahu anhum – dən gələn rəvayətdə Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurur: «İslam qərib olaraq başladı, başladığı kimi yenə də qəribliyə dönəcəkdir. Xoşbəxtdir o qəriblər» (5)Allah bizi də onlardan etsin


--------------------

(1)(«Lisənul-Ərab» 12/293.)
(2)(HƏNİF – haqq üzərində düz yeriyən və ona uyan kimsə deməkdir. Bütün dinlərdən üz çevirərək haqqa yönələn kimsədir. «Lisanul-Ərab» 9/157, «İbn Kəsir təfsir» 1/186-187, «Muhtarus-Sihah» s. )
(3)NƏSX – lüğətdə nəql etmək, axtarmaq deməkdir. İstilahi mənası – şəri bir dəlilin hökmünü yaxud da ləfzini Kitab və Sünnətdən bir dəlil ilə qaldırmaq deməkdir. Hökmü qaldırmaq. «Usuli Fiqh» şeyx Useymin.
(4)Müslim.
(Buxari, Müslim.)


Tarix: 08.05.2013 / 19:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 298 Bölmə: Maraqlı melumatlar