beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslam tibbinin əsasları

(Əsər, Muhəmməd Peyğəmbərin, səllallahi əleyhi və səlləmin, Qurana və ona Allah dərgahından xüsusi tərzdə vəhy edilən şəxsi müalicə metodologiyasına və onun səhabələrinə buyurduğu sünnələri (üsulları) əsasında məşhur İslam alimi Ibn Qəyyum tərəfindən yazılmışdır)

Bu əsər elə bu gün də müasir tibbin tədris vəsaitləri ilə yanaşı, müalicənin İslam əsasları kimi, gələcəyin həkim-tələbələri tərəfindən İslam müalicəşünaslığının əsas tərkib hissəsi kimi öyrənilə bilər. Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Həmdsənalar aləmlərin Rəbbi Allaha məxsusdur. Elçilərin ən şərəflisi, peyğəmbərlərin sonuncusu olan Muhəmmədə, səlləllahu, əleyhi və səlləmə, onun ailə üzvlərinə və bütün səhabələrinə Allah rəhmət etsin!

Allahdan ona tərif və rəhmət dilədikdən sonra Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) istifadə etdiyi və başqalarına öyrətdiyi müalicə üsullarını başa düşməkdə faydalı olan kitabın bölmələri izah ediləcək. (Burada) Ən böyük həkimlərin dərk etmədikləri, qarşısında aciz qaldıqları və eyni zamanda Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) tibbində mövcud olan hikmətləri açıqlayırıq. Təkcə Allahdan kömək istəyir, yalnız Ondan bizə güc və qüvvət verməsinə ümid bəsləyirik.

Xəstəliklər iki cürdür. Biri – qəlbə, digəri isə bədənə məxsusdur(18-ci əsrin ortalarında həkimlərin yenicə anlamağa başladığından həmin vaxtlar üçün imkan xaricində görünən və doktorları aciz qoyan bu bölgü formasında bir ilahi hikmət var. Xəstəliklər ümumiyyətlə iki yerə ayrılır:1. Orqanik xəstəliklər:
Bunlar, bədən orqanlarından hər hansı birinin vəzifəsini qismən və ya tam yerinə yetirməsi və ya bədənə müxtəlif növ mikrobların daxil olması nəticəsində baş verirlər və xəstə orqanın sıradan çıxmasına yol açırlar. Buradan da “xəstəliyin əlamətləri” nəzəriyyəsi meydana gəlir. Həqiqətən də orqanik xəstəliklərin hər birinin ayrı-ayrı əlamətləri, necəliyi və özünəməxsus cəhətləri vardır ki, bunun sayəsində aralarındakı fərqlər üzə çıxır və bu qayda ilə onların hər birinə ayrıca müalicə vasitələri tətbiq oluna bilir.
Məhz Peyğəmbərimizin (s.ə.s.) də tövsiyə etdiyi cismani xəstəliklər bunlardır. Məsələn, axsaqlıq, zəhərlənmələr, vərəm, səfra və bunlara oxşar olan eyninövlü xəstəliklər.
2. Ruhi (psixi) xəstəliklər:
Əslində bu xəstəliklər bir sıra müxtəlif növ xəstəliklərin əlamətlərini daşıyırlar. Ancaq bunlar xəstənin şikayətlərini izah etməsi və həkimin şüalandırması və analizləri kimi zəruri olan bütün araşdırmaları apardıqdan sonra xəstəliyi müəyyən etməsi ilə mümkün olur. Belə hallarda xəstə xarici görkəmi ilə təbii halında olur, cismani baxımdan hər hansı bir narahatçılığı yoxdur.
Belə xəstəliklər ictimai həyatın problemlərindən doğur. Məsələn, qorxu, şübhə, eşq, cinsi zəiflik, yaşayışın çətinliklərinin bağışladığı mənfi təsir və bunlara bənzər digər hallar belə xəstəliklərin formal səbəbləri olur. Məhz bunlar Peyğəmbərimizin (s.ə.s.) barəsində bildirdiyi qəlblə bağlı xəstəliklərdir. Bu növ xəstəliklər isə:
a) şübhə və narahatçılıq xəstəliyi;
b) şəhvət və azğınlıq xəstəliyi deyə ikiyə ayırmasında, psixologiyada da araşdırılan yeni nəzəriyyələrin mövzusu olan böyük hikmətlər vardır. ) Bu xəstəliklərin hər iki növü Qurani Kərimdə öz əksini tapmışdır.

Qəlb xəstəlikləri də öz növbəsində iki cürdür. Biri – şübhə və tərəddüdə, digəri isə şəhvət və azğınlığa aiddir. Qəlb xəstəliklərinin növləri Qurani Kərimdə belə ifadə edilmişdir:

“Onların qəlblərində mərəz vardır və Allah da onların mərəzini artırmışdır...”(Bəqərə, 2,10.) ...” .
“...qəlblərində mərəz olanların və kafirlərin: “Allah bu misalla nə demək istəyir?” (Müdəssir, 74,31.)
Quranın və Sünnənin hökmlərini qəbul etməyə çağırıldıqlarında onlardan uzaq qaçan və üz çevirənlər haqqında:

“(Münafiqlər) aralarında hökm verilməsi üçün Allahın və Peyğəmbərinin yanına çağırıldıqda onlardan bir dəstə dərhal üz çevirər. Əgər haqq onların tərəfində olsa, itaət edib (tez) onun yanına gələrlər. Onların qəlblərində
mərəzmi var? Yaxud Allahın və Peyğəmbərinin onlara cövr, haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, onlar özləri zülmkardırlar!...” (Nur, 24, 48-50.)– deyə buyurmuşdur. Bax budur şübhələr və tərəddüdlərdən törəyən xəstəliklər!...

Şəhvətlə bağlı istəklər xəstəliyinə gəlincə, bu barədə Uca Allah:

“Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. Buna görə də (yad kişilərlə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın!”(Əhzab, 33,32. ) – deyə buyurmuşdur. Bu isə zinakarlıq etmək istəyi xəstəliyidir. Uca Allah hər şeyin daha yaxşısını bilir.

Bədən xəstəliyi haqqında isə Uca Allah:

“Kora, çolağa, xəstəyə günah yoxdur. (Onlara yerinə yetirə bilməyəcəkləri vəzifələr tapşırıla bilməz, edə bilmədiklərinə görə günahkar olmazlar)”( Nur, 24,61.)
buyurmuş (bu) cismani xəstəlikləri həcc, oruc, və dəstəmazla birlikdə xatırlamışdır. Çünki burada bir incəlik, bir sir vardır. Elə bir sir ki, sənə, Qurani Kərimin əzəmətini və onu anlayan, üstündə baş yoran bir insan üçün, daha başqa şeylərə ehtiyac duymayacağını anlatmaqdadır.

Bədənə məxsus xəstəliklərin mövzusu olduğu Peyğəmbərin (s.ə.s.) tibb elminin üç əsac qaydası var:

1. Sağlamlığın qorunması.
2. Zərərli şeylərdən pəhriz.
3. Mədəyə fəsad verə biləcək şeylərdən uzaq saxlamaqdır. Uca Allah bu üç qaydanı aşağıdakı üç yerdə xatırlatmışdır. Oruc ayəsində belə buyurur:

“...sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar...”(Bəqərə, 2, 184.)
Xəstə üçün xəstəliyi üzündən oruc tutmamağı məqbul sayılır. Səfərdə olana da sağlamlığını və enerjisini qorumaq məqsədilə həmin icazə verilmişdir. Çünki səfər zamanı oruc tutulması kəskin hərəkətlər və bu hərəkətlərdən irəli gələn yüksək sürətlə bağlıdır ki, bununla uyuşmayan ac qalma halı səfərə çıxanın taqətdən düşməsi və zəifləməsi ilə nəticələnir. Məhz müsafirin sağlamlığını qorumaq və taqətdən düşüb zəifləməsinin qarşısını almaq üçün onun oruc tutmamasına Allah icazə vermişdir.
Həcc ayəsində isə Böyük Allah:

“Əgər (ehramda ikən, ziyarət zamanı) sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs fidyə olaraq oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir”(Bəqərə, 2, 196.)
deyə buyurmuşdur. Bu, bitdən və ya keçəllik kimi xəstəliklər üzündən başından narahat olan şəxsə ehramlı olduğu vaxtda saçını qırxdırmaq icazəsi verilmişdir ki, tüklərinin dibində yığılması nəticəsində başda qaşınmaya və pis iyə səbəb ola bilən bəd ifrazatların hava ilə yayılmasının qarşısının alınmasına yönəldilmişdir. Baş qırxıldığı zaman onun dərisi saç örtüyündən azad olur və onda yaranan qoxulu maye buxarlanıb uçur. Dəri ifrazatlarının buxarlanması yolu ilə neytrallaşdırılması metodu orqanizmdə olan bütün zərərli maddələrin toplusuna tətbiq edilə bilər.

Orqanizmdə yığılması və saxlanması zərərli olan on şey vardır. Bunlar:

1. Qan çıxması
2. Ardıcıl axan sperma damcıları
3. Sidik
4. Nəcis
5. Yel
6. Qusma
7. Asqırma
8. Yuxu
9. Aclıq
10. Susuzluq

Bu on şeyin hər biri yığılıb toplandığı və ya gecikdirildiyi zaman xəstəliklərdən birinə səbəb olur. Uca Allah bunlardan ən bəsitinin belə orqanizmdən rədd edilməsinin zəruri olduğuna işarə etmişdir. Bu isə, başın dərisində yığılan və pis iyə səbəb olan baş dərisi vəzilərinin ifrazatıdır ki, bundan daha mürəkkəb və daha pis olanının da orqanizmdən xaric edilməsinin vacibliyini bir daha aydın göstərir. Bu izah forması Qurani Kərimin bir sıra mövzularının başa salınmasında tətbiq etdiyi metoddur. Buna “bəsit işarələrlə mürəkkəbi (tərkibi) anlatma” metodu deyilir.

Tibb elminin üç əsas qaydalarından biri olan sağlamlığın qorunmasına gəlincə, dəstəmaz ayəsində Rəbbimiz:

“Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və dəstəmaz üçün) su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin...”(Nisa, 4, 43.)deyə buyurmuşdur. Yəni, Allah orqanizmdə natəmizliyin olmasına görə zərərin qarşısını almaqdan ötrü xəstənin suyun yerinə torpaqdan istifadə etməsinə icazə vermişdir. Bu isə, həm daxildən və həm də zahirdən orqanizmə zərər verəcək şeylərdən qorunmağın zəruri olması ilə bağlı bir xəbərdarlıqdır. Beləliklə, Uca Allah tibbin üç qaydasını və bütün qaydalarının xülasəsini biz qullarına öyrədir. Biz də Peyğəmbərimizin (Ona Allahın salavatı və salamı olsun) bu qaydaları açıqlamaq və tətbiq etmək yönündən bizə göstərdiyi yolu xatırladır, onun tövsiyələri və onların tətbiqinin ən üstün və ən mütərəqqi vasitələri əhatə etdiyini nəzərə çatdırırıq!...

Qəlblərdəki xəstəliklərin müalicəsinə gəldikdə, bu mövzu tamamilə peyğəmbərlərin nəzarətinə verilmişdir. Belə müalicələrin gerçəkləşməsi də ancaq onların tərəfindən və onların əli ilə mümkündür. Başqa yol yoxdur. Qəlbin sağlam olması Rəbbini və Yaradanını, Onun adlarını, sifətlərini, əməllərini və hökmlərini qəbul etməklə və bilməklə, Onun razılığını və sevgisini üstün tutmaqla, qadağalarından və qəzəbinə səbəb olan davranışlardan çəkinməklə mümkündür. Bunları öyrənməyin yolu isə ancaq peyğəmbərlərdən (onlara salam olsun) keçir. Onlara itaət etmədən qəlbin sağlamlığını və rahatlığın olacağını zənn etmək böyük bir yanlışlıqdır. Belə düşünmək, nəfsin fiziki istəklərinə uyaraq onu çətinə salmaqdan başqa bir şeyə yaramaz. Qəlbin sağlam və güclü olması qətiyyən bu yolla əldə edilə bilməz. Bu iki fərqi anlamayan şəxs qəlbinin sağlamlaşdırılmasına diqqət yetirsin, çünki onun qəlbi ölmüşdür. Qəlbinin nuruna da diqqət etsin, çünki o, qaranlıqlar dənizinə batmışdır.


Tarix: 14.04.2013 / 13:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 402 Bölmə: Maraqlı melumatlar