beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AÇIQ-AŞKAR ZİDDİYYƏT

Bəzən ailədə ərlə arvad arasında müxtəlif zəmində fikir ayrılığı və ziddiyyətlər yaranır. Bu da tərəflər arasında müəyyən qarşıdurmalara gətirib çıxarır. Belə məqamlarda fikir ayrılığının təbii bir şey olması, ideoloci savaşın reallığı əks etdirməsi yada salınmalı və unudulmamalıdır ki, bu iki şüurlu insan bir-birini dinləməyi bacarmalı, bir-birilərinin fikirlərinə hörmətlə yanaşmalı, dodaqlar ikrah və təhqiri deyil, ancaq dostluğu və sevgini tələffüz etməlidir.

Bir şeyi nəzərə almaq lazımdır ki, qadın faktoru evlilik əlaqələrinin düzgün müstəvidə aparılması məqsədilə ziddiyyəti profilaktik müalicəyə çevirməklə bu meydanda mühüm rola və təsir qüvvəsinə malikdir. Ümumiyyətlə evlilik o demək deyildir ki, qadın sürüdəki quzu kimi ərini addımbaaddım izləməli, hürkük dovşan kimi ondan qorxmalıdır. Evlilik bir-birini tamamlayan vəhdət, qarşılıqlı anlaşma, ədalətli tənqid, problemlərin həlli üçün mübarizə və nə qədər böyük və mürəkkəb olmasından asılı olmayaraq düyünlərin çözülməsi deməkdir.
Qeyd etmək lazımdır ki, ər-arvad arasındakı münaqişə və fikir ayrılıqları sevgi-məhəbbət çərçivəsindən kənara çıxmamaqla və tərəflərin hər ikisini qane edəcək bir variantın əldə edilməsi məqsədilə dinc şəraitdə aparılan dialoqlarda öz həllini tapır. Bunun üçün də qadın hər hansı bir problemin meydana gəlməsini hiss etdiyi an dərhal buna reaksiya verərək hay-küy qaldırmamalı, təmkinli olmalı, soyuq başla hər şeyi götür-qoy etməli və səbirli olmalıdır ki, közərən alov daha da alışmasın. Qadın həmçinin bunun üçün münasib zamanı gözləməli, ərinin psixoloci durumunu nəzərə almalı, onun iş həyatında keçirdiyi ağır və yorğun bir gün azmış kimi ərini bu cür məsələlərlə daha da yorub usandırmamalıdır. Qadın kişinin psixolociyasına bələd olmalı, onun damarını tutmağı bacarmalıdır. Belə ki, əri avtomobil idarə edə-edə söyüş söyürsə, qadın bilməlidir ki, o tez əsəbləşən və tez özündən çıxandır. Əgər kişi köynəyinin həmişəki kimi ütülənməməsindən deyinirsə, elektrik, qaz, su, telefon və bu kimi kommunal xərclərə gələn faturalardan hədsiz dərəcədə şikayətlənirsə, qadın dərhal anlamalıdır ki, əri ailədə hay-küy qaldırmaq üçün bəhanə axtarır. Ağıllı qadın belə məqamlarda ərinin xoşuna gəlməyən hər hansı bir hərəkətə əsla yol verməməli, öz fikrini söyləmək üçün münasib fürsət gözləməlidir.
Digər bir tərəfdən ər-arvad arasında yaranan mübahisə və ziddiyyətin hədəfi mövcud münaqişənin daha da qızışdırılması və bunun tərəflər arasında söz müharibəsinə keçməsi deyil, problemin həllində qarşılıqlı anlaşmanın əldə edilməsi olmalıdır. Qadın tam olaraq dərk etməlidir ki, qarşıdurma ərinə qarşı məhvedici silahların yönəldilməsi yox, yaranmış problemlərin həlli istiqamətində bir vasitə ola bilər. Ümumiyyətlə ziddiyyətin yaranması gözəl olan hər bir şeyin dağıdılması, mehribançılıq və məhəbbətin şübhə altına alınması kimi başa düşülməməlidir. Tam əksinə, hər bir ailə unutmamalıdır ki, ziddiyyət qəlblərin saflaşdırılması, onları bir-birinə bağlayan tellərin möhkəmləndirilməsi və əhval-ruhiyyəni korlayan amillərin aradan qaldırılması üçün ən layiqli meyardır.
Bəzən ərinin üzündəki çilləri xoşlayan, buna görə ərinə vurğun olan qadının ailədəki qarşıdurma zamanı əsəbiləşərək ərinə “Mənim sənin çilli sifətindən zəhləm gedir” – deməsilə ona qarşı kobud və yaramaz bir tərzdə rəftar etməsinin şahidi oluruq. Belə ki, qadın belə vəziyyətlərdə özünə nəzarəti itirərək əsəblərini cilovlaya bilməyib onu sevən, ona hörmət bəsləyən və onu həyatının şərikinə çevirən bir insana qarşı mənfur ifadələr işlətməklə tərbiyəsizlik etmiş olur. Bununla yanaşı bu cür halların baş verməməsi üçün qadın “Sən hər gün evə gec gəlirsən”, “Sən uşaqlarını həmişə məndən üstün tutursan” – kimi ərinin xoşagəlməz reaksiyasına səbəb olacaq yersiz tənqidlərindən də əl çəkməlidir. Çünki qadın bu cür yersiz iradları ilə qarşıdurmanın fitilinin daha da alışmasına və münaqişə əsnasında meydana gələn fikir ayrılığının daha da dərinləşməsinə zəmin yaratmış olur. Belə durumlarda qadının söz savaşının baş qaldırmaması üçün susması problemin ən layiqli həlli hesab olunur.
Ailədə ər səsinin tonunu qaldırdıqda, qışqırığı yüksəldikdə qadın susmağa üstünlük verməli, ancaq əri sakitləşdikdən sonra ona səsini iki pillə qaldırmaq əvəzinə bir pillə aşağı salmağın zəruriliyini mülayimcəsinə izah etməlidir. Bu da soyuqqanlılığı, təmkinliyi, nəfsin xəta və günahlara qarşı əzimli və qətiyyətli olmasını tələb edir.
Burada ərlə arvadın qızıl hərflə yazmalı olduğu mühüm bir məsələ vardır: “Camaat qarşısında münaqişə yaratmamaq”.
Bəzən cütləkdən biri özünü normal idarə edə bilməyərək qohum-əqrabanın və yad insanların qarşısında əsəbləşərək hay-küy qopartmasının şahidi oluruq. Tez-tez qulağımıza gəlib çatır ki, kişi küçədə gedərkən arvadı yanında ola-ola xoş olmayan sözlər söyləyir, yaxud da əksinə, arvad camaatın gözü qarşısında ərinə hörmətsizlik edərək onunla amiranə bir tərzdə söhbət edir, səsini onun səsindən yüksəyə qaldırır və onunla qarşısındakı bir kölə kimi rəftar edir.
Ərlə arvad həmçinin başqalarının gözü qarşısında ailə sirlərini açmamalı, bir-birilərini təkzib etməməli, cavab qaytarmamalı, nalayiq və anormal hərəkətlərlə bir-birilərinə hücuma keçməməlidirlər. Belə olan halda tərəflərdən biri, xüsusi ilə də qadın mütləq susmalıdır. Necə deyərlər, biri od olanda biri də yaş olmalıdır. Çünki belə bir vəziyyətdə səbir nümayiş etdirərək susmaq xoşagəlməz sonluqların baş verməməsinin yeganə təminatıdır. Bununla yanaşı ərlə arvadın üzərinə düşən başqa bir öhdəlik də başqalarına bir-birilərinin qeybətini etməmələridir. Çünki bu mənfur və yüngül bir xasiyyətdir.
Ümumiyyətlə ailədə ərlə arvad arasındakı münasibətlər gərginləşdikdə və bu münaqişə halına keçdikdə, tərəflərdən biri savaşın dayandırılması üçün barışıq yolu axtarmalı, məsələ kuliminasiya nöqtəsinə çatmamış və münaqişənin alovu ətrafı bürüməmiş söyüşmələri dayandırmalıdır. Əgər tərəflərdən biri yanar közün daha da alışmasında israrlıdırsa, onda qarşı tərəfin belə deməsi tövsiyyə olunur. “Mən sənin nə demək istədiyini başa düşürəm, ancaq mənim bu barədə düşünmək üçün bir az zamana ehtiyacım var. Xahiş edirəm mənə daha bir fürsət tanı. İndi isə gəl barışaq və bir-birimizi daha da üzməyək”.
Qadın bu məqamda unutmamalıdır ki, nə baş verməsindən asılı olmayaraq əri onu sevir. Ər də həmçinin bilməlidir ki, arvadının ona çox böyük ehtiyacı var və ərindən ona və onun könlünə daha yaxın kimsə yoxdur. Bunun üçün də hər iki tərəf öz səhvini anlamalı, bunda bir-birilərinə güzəştə getməyi bacarmalı, barışığa nail olmağı qarşılarına məqsəd qoymalı və ancaq bu kimi metodlarla problemin həllinə birgə nail olmalıdırlar. Beləliklə, mühüm olan qarşılıqlı anlaşmanın əldə edilməsi və gərginliyin azaldılması istiqamətində bütün səy və imkanları səfərbər etməkdir. Yalnız bu səy və imkanlar sayəsində məhəbbət şamını tam sönməmiş yenidən alışdırmaq olar.


Tarix: 07.05.2013 / 20:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 262 Bölmə: Maraqlı melumatlar