beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GƏNCLƏRƏ QISACA BİR NƏZƏR

Gəncləri diqqətlə nəzərdən keçirsək, onların ümumi nöqteyi-nəzərdən üç qismə ayrıldığını söyləyə bilərik:
Bu, doğru yolda olan, haqq yolundan çıxmış və hər iki yol arasında qalanlardır.

BİRİNCİ QİSİM GƏNCLƏR

Doğru yolda olan gənclərə gəldikdə, onlar məna baxımından bu kəlimənin özündə əks etdirdiyi hər bir şeyə inanarlar. Həmin gənclər sevgilə öz dinlərinə inanar, bu dinə qəti etiqad bəsləyər və din yolunda olduqlarından məmnun qalarlar. Bu dində olmağı qənimət, ondan məhrumiyyəti isə açıq-aydın zərəz–ziyan sayarlar.
Həmin gənclər dini tək və heç bir şəriki olmayan Allaha məxsus edərək yalnız Ona ibadət edər, Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) söz və əməldə buyurulanları həyata keçirib, çəkindirilənləri də tərk etməklə tabeçilik göstərərlər. Ona görə ki, həmin gənclər Məhəmmədin (ona Allahın salavatı və salamı olsun!) Allahın elçisi və tabe olunası bir başçı olduğuna inanarlar.
Onlar namazda fərdə və cəmiyyətə dini və dünyəni fayda və mənfəətlərin olduğuna inanar, o cümlədən namazın itirilməsilə fərdə və bütün xalqa bəlaların üz verməsinə etiqad edərlər. Ona görə də bacardıqca namaza sarınıb onu ən gözəl şəkildə yerinə yetirərlər.
Onlar zəkatla İslamın və müsəlmanların ehtiyacının ödənildiyinə inanaraq bu əməldə heç bir naqislik etmədən kamilcəsinə zəkatı ona layiq olan insanlara verərlər. Zəkat İslamın beş sütunundan biridir.
Həmin gənclər Ramazan ayında oruc tutaraq öz şəhvani istəklərini və dünyəvi ləzzətlərini həbsə alarlar. Həm də onlar bu əməlin Allahın razı qaldığı əməllərdən olduğuna inanar və Rəbbinin razı qaldığı əməlləri öz şəhvani istəklərindən ucada tutarlar.
O cümlədən onlar Allahın Evinə həcc etmək kimi müqəddəs bir ayini könül xoşluğu ilə yerinə yetirərlər. Çünki onlar Allahı və Onun Evini çox sevir, Allahın insanlara rəhmət bəxş etdiyi yerlərə getməyi və müsəlman qardaşlarının bu ərazilərdə iştirakını cox istəyirlər.
Məhz həmin gənclər həm özlərinin, həm də göylərin və yerin xaliqi olan Allahı sevər, Ona iman edərlər. Çünki Allahın varlığına zərrə qədər şəkk və şübhə yeri qoymayan Onun qüdrət əlamətlərini görərlər. Onlar bu geniş və heyrətamiz kainatdakı nizam və dəqiqliyi görər, Allahın qüdrət əlamətini və əzəmətini duyarlar. Çünki bu kainat nə öz-özünə, nə də təsadüfən yarana bilməz. Çünki o, mövcud olmazdan əvvəl mövcud deyildi və mövcud olmayan bir şey də mövcud olmadığı üçün nəyisə yarada bilməz.
Kainatın hərəkət etməyi üçün Allah tərəfindən təyin olunmuş yolunu dəyişməyən və onu pozmayan mütənasib nizama (qayda-qanuna) malik olduğu üçün təsadüfi yarana bilməzdi. Uca Allah belə buyurur: “Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan!” (Fatir, 43) Digər bir ayədə Allah təala buyurur: “(Ey insan!) Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!” (əl-Mülk, 3-4)
Bu kainatın mütənasib heyrətamiz qayda-qanunlar əsasında bərqərar olması onun təsadüfi yaranmasına əngəl yaradır. Çünki təsadüfi yaranmanın qayda-qanunları da təsadüfi olar və kainat hər an dəyişiklik və qarışıqlıqlarla üzləşər.
Bu gənclər Allahın mələklərinə iman gətirmişdirlər. Çünki Allah Öz kitabında, Peyğəmbəri isə (ona Allahın salavatı və salamı olsun!) sünnəsində onlar haqqında xəbər vermişdir. Onların Quranda və Sünnədə xüsusiyyətlərinin qeyd olunması, həmçinin məxluqatın xeyrinə etdikləri ibadətlərinin və əməllərinin vurgulanması onların həqiqi varlığını qəti şəkildə sübuta yetirir.
Bu gənclər Allahın Öz Elçilərini doğru yola yönəltmək üçün nazil etdiyi kitablarına inanarlar. Çünki insani düşüncə ibadət və digər münasibərlərdə həqiqi reallığın izahını dərk edə bilmir.
Həmçinin onlar Allahın insanları xeyirli yola dəvət etmək, yaxşı işləri əmr edib pis işlərdən çəkindirmək, habelə peyğəmbərlərdən sonra insanların Allaha qarşı heç bir hüccətləri–dəlilləri qalmaması üçün göndərdiyi peyğəmbərlərə və elçilərə iman gətirərlər. Elçilərin birincisi Nuh, sonuncusu isə Məhəmməddir. Onların hər birinə Allahın bol-bol salavatı və salamı olsun!

Onlar insanların öz əməllərinin qarşılığını almaq üçün öldükdən sonra diriləcəkləri Axirət gününə inanarlar. Uca Allah belə buyurur: “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).” (əz-Zilzal, 7-8) Həqiqətən, bu, dünyada görülən bütün əməllərin son nəticəsidir. Həm də məxluqatın yaxşılıq edən insanların yaxşılığı müqabilində mükafatlandırıldığı, pislik edən insanların da pisliyi müqabilində cəzalandırıldığı bir günü olmasaydı həyatın nə bir faydası, nə də bir hikməti olardı.

Onlar xeyrin və şərin qədərdən olduğuna inanarlar. Onlar hər bir şeyin Allahın qədərilə olduğuna inanmaqla səbəblərə və onların nəticələrinə də inanarlar. Həqiqətən, xoşbəxtliyin bir səbəbi olduğu kimi bədbəxtliyin də bir səbəbi vardır.
Onlar Allaha və Onun Elçisinə itaətə, Onun Kitabına riayətə, habelə müsəlmanların başçıları və bütün müsəlmanlar üçün nəsihətə hazır olarlar. Onlar özlərilə doğru-dürüst rəftar olunmağı istədikləri kimi, müsəlmanlarla da bu cür rəftar edər və yalana, kələkbazlığa, qapalılığa yol verməzlər.

Onlar Allahın Öz kitabında buyurduğu üslubda açıq–aşkar bir dəlillə başqalarını Allahın yoluna çağırar. Allah təala buyurur: “(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et!” (ən-Nəhl, 125)
Həmçinin, onlar yaxşı işləri əmr edib pis işlərdən çəkindirməkdə xalqların və millətlərin xoşbəxtliyini səbəbi olduğuna inanaraq bu əməli böyük sevgilə həyata keçirərlər. Uca Allah belə buyurur: “(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız.” (Ali İmran, 110)

Onlar Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) buyurduğu tərzdə pis işləri aradan qaldırmağa can atarlar: “Pis bir işlə qarşılaşan kimsə əli ilə, bacarmazsa sözlə, bunu da bacarmazsa qəlbi ilə onu aradan qaldırsın.”(Müslim; İman fəsli; Pis işlərdən çəkindirməyin imandan olmasının bəyanı bölümü, 49–cu hədis.)
Həqiqəti danışıb, həqiqəti dinləyərlər. Həqiqət yaxşılığa, yaxşılıq da Cənnətə aparar. İnsan daim doğru danışıb həqiqətin ardınca gedərsə, Allah dərgahında sadiq bir insan kimi qəbul olunar.
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) bu sözlərinə inanaraq bütün müsəlmanlara xeyir diləyərlər: “Sizlərdən biriniz özü üçün istədiyini müsəlman qardaşı üçün istəmədikcə iman gətirməz”.(Buxari; İman fəsli; Özü üçün istədiyini müsəlman qardaşı üçün istəməyin imandan olması bölümü, 13–cü hədis. Müslm; iman fəsli; Özü üçün istədiyi xeyiri müsəlman qardaşı üçün istəməyin imanın xüsusiyyətindən olmasına dəlalət bölümü, 45–ci hədis)

Onlar Allahın, ümmətlərinin və vətənlərinin qarşısında məsuliyyəti dərk edərək xudbinlikdən tam uzaq olaraq dinin və millətin mənafeyi uğrunda səylə çalışarlar.

Onlar Allah üçün Ona bağlanaraq, riyakarlıq və şan–şöhrət üçün deyil, Ona ixlaslı olaraq mübarizə apararlar. Özünü bəyənməkdən uzaq duraraq, gücünə və qüvvəsinə güvənməyərək Allahdan yardım diləyib Allaha bağlanaraq mübarizə apararlar. Dini çərçivədə həddini aşmadan və səhlankarlıq göstərmədən Allah uğrunda mübarizə apararlar. Dili, əli və İslamın, habelə müsəlmanların ehtiyac duyduğu miqdarda öz malları ilə mübarizə apararlar.
Onlar gözəl əxlaqa sahibdirlər və dinə layiqincə riayət edərlər. Həmçinin, əxlaqlı, dində doğru yolu tutan, yumuşaq təbiətli, geniş qəlbli, səxavətli, təmiz ürəkli olmaqla yanaşı, dözümlü, səbrlidirlər. Ağıllarını istəklərinə tabe etməz. Etdikləri əməlləri ağılla ölçüb-biçər, hikmətlə edərlər.
Tərtibatlı təmkinli olan həmin gənclər əməldə yəqinliklə bərabər hikmətli və sükutla hərəkət edər, ömrünün bir anını belə bada verməyərək onu yalnız özünə və ümmətinə faydalı olan işlərə sərf edərlər.

Onlar öz dinini, əxlaqını və davranışlarını qorumaqla yanaşı bunlara zidd olan küfr, dinsizlik, fasiqlik, asilik, əxlaqsızlıqvə xoşagəlməz hərəkətlərdən tamamilə uzaq durarlar.
Gənclərin bu qismi ümmətin fəxri, həyatının rəmzi, onun xoşbəxtliyi və həmçinin dinini təmsil edirlər. Biz Allahdan İslamın və müsəlmanların vəziyyətini ağırlaşdıran əməllərdən onları hifz etməsini, İslam yolunu onlar üçün işıqlandırmasını diləyirik. Dünyada və Axirətdə səadətə nail olan da məhz həmin gənclərdir.


Tarix: 13.04.2013 / 16:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 353 Bölmə: Maraqlı melumatlar