beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CƏHƏNNƏM ƏZABININ NÖVLƏRİ (MƏNƏVİ ƏZABIN NÖVLƏRİ)

Cəhənnəm əhlinin düçar olduğu fiziki əzablarla yanaşı Allah-taala onları daha artıq məzəmmət, alçaltmaq və rəzil etmək üçün mənəvi əzab növləri hazırlamışdır ki, onlardan da bir neçəsi aşağıdakılardır:
1. Şeytanın onların üzünə duraraq özünə bəraət qazandırması.

Budur, şeytan qiyamət günü onlardan bir daha intiqam almaq və onların ağıl və düşüncələrini təhqir etməklə özünə onlardan bəraət qazandırar, tutduqları mövqeyə və ona uyduqlarına görə onları məzəmmət edər. Bu barədə Allah-taala Qurani-Kərimdə belə buyurur: «İş bitdikdə (cənnətliklər Cənnətə, cəhənnəmliklər də Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzzəmət edən kafirlərə) belə deyəcək: "Allah (peyğəmbərlər vasitəsilə) sizə (pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru və’d vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) və’d vermişdim, amma sonra və’dimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim (qə’bul etməmişdim). Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!»
Fikir verin, necə də böyük bir peşmançılıq, necə də ağır bir dərddir. İnsan kiminsə əmri ilə həyatını təhlükə altına atan hansısa bir işi görür və iş yerinə yetirildikdən sonra əmr sahibi olan ağası öz məsuliyyətindən boyun qaçırır, üzünə duraraq həmin adamı çıxılmaz vəziyyətdə buraxdığı hələ azmış kimi, ona itaət, əmrlərini isə icra etdiyi üçün hətta onu məzəmmət etməkdən belə çəkinmir. And olsun ki, bu elə ağır dərd və peşmançılıqdır ki, onu çəkənlərə ancaq şiddətli əzab bəxş edər.

2. Cəhənnəm əhlinin bir-biri ilə ədavəti.
Cəhənnəm əhli onu gözləyən qəti sonluğa – Cəhənnəmə doğru hərəkət etdiyi zaman hər biri məsuliyyəti digərinin üzərinə atmaqla belə bir həyata düşdükləri üçün bir-birilərini səbəbkar olmaqda ittiham edərlər. Lakin biri-birini əvəz edən bu ittihamların heç bir faydası olmaz. Çünki artıq onların hər biri əzaba düçar olmuşdur və bu işdə də biri-birilərinə lənətlər yağdırırlar. «(İbrahim onlara) dedi: "Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada (dolanıb keçinmək xatirinə) aranızda olan dostluğa (məhəbbətə) görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lə’nət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də (Allahın əzabından qurtarmağa) kömək edən kimsələr tapılmayacaqdır!"». Bir-birilərini qınamağın faydası olmadığını anladıqda isə dünyada etdikləri əməllərə görə peşmançılıqları daha da artar. «O zaman (bütpərəstlərə) tabe olanlar: "Əgər bir də (dünyaya) qayıda bilsəydik, onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq", - deyərlər. Beləcə (qiyamətdə) Allah onların əməllərinin yalnız həsrətdən (peşmançılıqdan) ibarət olduğunu göstərər və onlar cəhənnəm odundan çıxa bilməzlər».

3. Möminlərin Cəhənnəm əhlini məzəmmət etməsi.
Cəhənnəm əhli özünü əzab və müsibət, möminləri isə naz-nemət içində gördükdə onlara müraciət edərək Tanrı yanında özləri barəsində vəsatət (şəfaət) qaldırmalarını rica edəcəklər, lakin onların bu xahişi rədd cavabı ilə qarşılanacaqdır. Çünki onlar bu dünyadakı küfr və uçuruma aparan əməllər səbəbilə mərhəmət və qayğı göstərilməyə layiq deyillər. Möminlərin onları qınaması və məzəmmət etməsi onların həsrətini və müsibətini daha da artıracaqdır. «Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: "Üstümüzə bir az su tökün və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!" - deyəcək. Onlar isə: "Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!" - deyə cavab verəcəklər».

4. Mələklərin Cəhənnəm əhlini məzəmmət etməsi.
Cəhənnəm əhli möminlərdən əli boşa çıxdıqdan sonra eyni tələblə cəhənnəm gözətçilərinə üz tuturlar. Lakin burada da onların tələbi məzəmmət və tənbehlə qarşılanır və bu da onların zar-zar ağlamalarına, göz yaşı tökmələrinə səbəb olur. Bunu Allah-taala Quranda belə təsvir edir: «Od içində olanlar cəhənnəm gözətçilərinə deyəcəklər: "Rəbbinizə dua edin ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!" (Cəhənnəm gözətçiləri) deyəcəklər: "Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar mö’cüzələr gətirməmişdilər?" Onlar: "Bəli (gətirmişdilər)!" - deyə cavab verəcəklər. (Cəhənnəm gözətçiləri onlara: ) "Elə isə özünüz dua edin!" - deyəcəklər. Kafirlərin duası isə boş şeydir (heç vaxt qəbul olunmaz)», «Onlar (Cəhənnəmin gözətçisi Malikə) müraciət edib deyəcəklər: "Ey Malik! Qoy Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq)! O isə (min ildən sonra onlara): "Siz (həmişəlik burada) qalacaqsınız!" - deyə cavab verəcəkdir!»

5. Allahın Cəhənnəm əhlini məzəmmət etməsi.
Bütün qapılar Cəhənnəm əhlinin üzünə bağlandıqdan və onların sözünü dinləyəcək heç kəsin olmamasından sonra Cəhənnəm əhli bəzi cəzaların yüngülləşdirilməsi ümidi ilə Allaha üz tutarlar. Arasıkəsilməyən çağırış və nidalarla Allaha yalvararlar, lakin bunun da onlara heç bir faydası dəyməz. Çünki vaxtilə onlar Allaha üsyan edərək Onun qanunlarını tapdalamış, Allaha xas olan bir yerdə Ona qarşı vuruşmuşlar. Artıq Allah dərgahında onlar üçün nə əfvdən, nə də mərhəmət və məğfirətdən zərrə qədər də pay qalmamışdır. Allahın isə onlara cavabı belə olacaqdır: «(Allah) buyurar: "Orada zəlil (mə’yus) vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin! (Cəhənnəm odundan xilas edilməyinizi Məndən diləməyin!)" Çünki bəndələrimdən bir zümrə (mö’minlər) var idi ki, onlar: "Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!" - deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, lağlağı başınızı o qədər qatmışdı ki) Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara gülürdünüz. Həqiqətən, Mən səbr etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat tapanlardır (uğura yetənlərdir)!»


Tarix: 04.05.2013 / 11:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 150 Bölmə: Maraqlı melumatlar