beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BÖHTAN

Böhtan, iftira atmaq dilin törətdiyi ən böyük bəlalardan biridir.

Allah taala Qurani-Kərimdə buyurur: “İsmətli qadınla zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir. Bundan (namuslu qadınlara atdığı böhtandan) sonra tövbə edib özlərini islah edənlər istisna olmaqla. Çünki Allah (tövbə edənləri) bağışlayandır, rəhmlidir! Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə (Əşhədu billahi - Allahı şahid gətirirəm, deyə) şəhadət verməlidir. Beşinci dəfə: "Əgər yalan danışanlardandırsa, Allah ona lə’nət eləsin!" (deməlidir). Qadının da (hakimin hüzurunda) ərinin yalan danışanlardan olması barədə dörd dəfə Allahı şahid tutması əzabı ondan dəf edər. Beşinci dəfə: "Əgər (əri) doğru danışanlardandırsa, Allah ona (qadının özünə) lə’nət (qəzəb) eləsin!" (deməlidir)”. (ən-Nur, 4-9)
Allah taala buyurur: “Zinadan xəbəri olmayan namuslu, ismətli mö’min qadınları zinada ittiham edənlər dünyada və axirətdə lə’nətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir. Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir”. (ən-Nur, 23-24)
Başqa bir ayədə isə Uca Allah buyurur: “Həqiqətən, (Aişə barəsində) yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdulah ibn Ubeyyi) isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir”. (ən-Nur, 11)
Əbu Hureyrədən rəvayət olunur ki, peyğəmbər (s) belə buyurur: “Yeddi şeydən çəkinin!” Dedilər: Ya rəsulullah, onlar hansılardır? Peyğəmbər (s) buyurdu: “Allaha şərik qoşmaq, sehr, haqsız olaraq Allahın haram etdiyi özünü öldürmək, sələm yemək, yetim malını yemək, döyüş vaxtı ordu sıralarını tərk etmək və namuslu mömin qadınlara böhtan atmaq”. (Buxari 3/195 Müslim 1/92 Bax; əl-Lulu val mərcan” 1/17)
Ibn Ömərdən (Allah ondan və atasından razı olsun!) peyğəmbər (s) Minada vadisində olarkən buyurdu: “Siz bilirsiniz, bu gün hansı gündür?” Dedilər: Allah və rəsulu daha yaxşı bilir. Peyğəmbər (s) buyurdu: “Həqiqətən, bu gün haram edilmiş günlərdəndir. Bəs, bilirsiniz, bura hansı torpaqdır?” Dedilər: Allah və rəsulu daha yaxşı bilir. Rəsulullah (s) buyurdu: “Bura haram edilmiş torpaqdır. Bəs, siz bilirsiniz, bu hansı aydır?” Dedilər: Allah və rəsulu daha yaxşı bilir. Peyğəmbər (s) buyurdu: “Haram edilmiş aylardandır. Həqiqətən, bu günün, bu ayın və bu torpağın haram olduğu kimi, Allah qanlarınızı, mallarınızı və namuslarınızı bir-birinizə haram etmişdir”. (Buxari 7/83 “Fəthul Bari” 10/463)
Hafiz İbn Həcər (Allah ona rəhmət etsin!) qeyd edir ki, bu hədisdə keçən namus sözü ümumi məna ilə başa düşülür. Bu söz namus, qeyrət mənası ilə yanaşı, insanın şəxsiyyətini və insani keyfiyyətini də əhatə edir. (“Fəthul Bari” 10/464)
Əbu Hureyrədən (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə peyğəmbər (s) buyurur: “Müsəlmanın başqa bir müsəlmana qanı, namusu və malı haramdır”. (Müslim 4/1986)
Əbu Hureyrənin (Allah ondan razı olsun!) başqa bir hədisdə peyğəmbərdən (s) belə eşitdiyini rəvayət edir: “Kim mülkündə olan kimsəyə haqsız yerə böhtan atsa, Qiyamət günü özü dediyi kimi olanadək döyüləcəkdir”. (Buxari 8/35 Müslim 3/1282 Bax; “əl-Lulu val Mərcan” 2/174) Müsəlmanın namusuna, heysiyyatına toxunmaq, şəxsiyyətini alçaltmaq, ona böhtan atmaq və kimi əməllərdən çəkindirən hədislər olduqca çoxdur. (Buxari 5/54 Müslim 4/2129 “əl-Lulu val Mərcan” 3/254)


Tarix: 17.04.2013 / 12:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 254 Bölmə: Maraqlı melumatlar