Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möminlərin əmiri Müaviyə ibn Əbu Sufyanın (r.anhum) vaxtında baş verən mühüm hadisələr ((Hicri 41-60

Müaviyənin xəlifəlik dövrü müsəlmanlar üçün xeyirli oldu. Çünki onun xilafəti dövründə özbaşınalığa son qoyuldu, döyüşlər bitdi, düşmən təcavüzünün qarşısı alındı, müsəlmanların əvvəllər fəth etdikləri torpaqlar yenidən düşməndən alınaraq geri qaytarıldı. Buna səbəb müsəlmanların vahid rəhbər ətrafında birləşmələri idi. Müsəlmanlar cihad ovqatını yüksəldərək fəthlərə yenidən başladılar və bütün gücü xarici qüvvələrə qarşı yönəltdilər. Müaviyə insanlara gözəl güzaran təmin etdi, uzaq hesab edilənləri xalqı üçün yaxınlaşdırdı və xəlifəliyi dövründə heç kəs ona qarşı çıxmadı. Az sayda xeyirsiz xəvariclər istisna olmaqla, hamı bir nəfər kimi ona itaət etdi. Müaviyənin vaxtında qış və yaz döyüşləri adlı hərəkatlar geniş yayıldı.

Müaviyənin vaxtında görülən əsas işlər:
1. Hicrətin əlli dördüncü ilində Misirdə gəmi düzəltmək üçün xüsusi tərsanə yaradıldı.

2. Hicrətin əllinci ilində Konistontinopola (indiki İstanbul) hücum etmişdir. Peyğəmbər (s.a.v) buyurmuşdur. "Ümmətimin ilk dəfə dəniz döyüşlərinə çıxan ordusuna Cənnət vacib bilindi. Ümmətimin ilk dəfə Qeysərin (Konistontinopol nəzərdə tutulur) şəhərinə hücum edən ordusunun günahları bağışlanmışdır".

Müaviyənin qoşunu hicrətin əlli üçüncü ilində ikinci dəfə həmin şəhərə hücum etdi. Bu dəfə müsəlmanlar şəhəri mühasirəyə aldılar. Mühasirə hicrətin əlli yeddinci ilinə qədər davam etdi. Daha sonda Tikrit, Rudus, Benizert, Susə, Sicistan, Quhistan şəhərləri və Sind əyalətləri fəth edildi.

3.Onun xilafəti dövründə Qeyrəvan şəhərinin əsası qoyldu.

Xilafətdən krallığa:
Rəhbərlik Müaviyəyə keçdikdən sonra xilafət krallığa çevrildi. Peyğəmbərin (s.a.v) köləsi Səfinə Əbu Əbdürrəhman ağasının (s.a.v) belə buyurduğunu rəvayət etmişdir: "Peyğəmbərliyin xilafəti otuz ildir. Sonra Allah Öz mülkünü istədiyinə verəcəkdir". Səfinə deyir ki, "Əbu Bəkrin xilafəti iki il, Ömərin xilafəti on il, Osmanın xilafəti on iki il, Əlinin xilafəti isə altı il olmuşdur".( Hədisi Əbu Davud səhih isnadla rəvayət etmişdir. Əbu Davud: Kitab əs-Sünnə, Bab fi əl-Xuləfə, ? 4646. Əhməd "Müsnəd": 4/273; 5/50244)

Biz tarix kitablarına nəzər saldıqda Əbu Bəkrin iki il üç ay, Ömərin on il altı ay, Osmanın on iki il, Əlinin dörd il doqquz ay, Həsənin isə altı ay xəlifəlik etdiyini görürük. Bu rəqəmlər üst-üstə otuz il edir.
İbn Kəsir deyir: "Həsən hicrətin qırx birinci ili Rəbiul Əvvəl ayında xilafəti təslim etdi. Bu, Peyğəmbərin (s.a.v) vəfatından sonra otuz ilin tamamı idi". ( "Əl-Bidayə vən-Nihayə" 8/17.)

Əbu Ubeydə Amir ibn əl-Cərrah Peyğəmbərin (s.a.v) belə buyurduğunu rəvayət edir: "Dininizin ilk çağları peyğəmbərlik və rəhmətdir. Sonra krallıq və rəhmət, daha sonra toz-torpağa bürünmüş krallıq, ondan sonra isə krallıq və hökmranlıqdır". ("Sünən Darimi" Kitab əl-Əşribə, Bab mə qilə fil muskir, 2/114. Hədisin isnadında olan rəvayətçilər etibarlıdılar. Yalnız Məkhulun Əbu Sələbə əl-Xuşənidən eşitmədiyi deyilir.)

Peyğəmbər (s.a.v) "Dininizin ilk çağları Peyğəmbərlik və rəhmətdir" sözləri ilə həm özünün və həm də özündən sonra Əbu Bəkr, Ömər, Osman, Əli və Həsənin möminlərə rəhbərliyini nəzərdə tuturdu. "Sonra krallıq və rəhmət olacaqdır" sözləri ilə Müaviyənin dövrünə işarə edirdi. "Toz-torpağa bürünmüş krallıq" və ya "krallıq və hökmranlıqdır" sözləri ilə Müaviyədən sonrakı rəhbərlərin hakimiyyətinə işarə edirdi. Bura Ömər ibn Əbdüləziz istisna olmaqla, Yezid və ondan sonra gələn rəhbərlər daxildir.

Həsən ibn Əlinin vəfatı:
Müaviyənin xilafəti dövründə, daha dəqiq desək, hicrətin qırx doqquzuncu ilində Həsən ibn Əli (r.a) vəfat etdi. Allah ondan razı olsun!

Yezid ibn Müaviyəyə beyət:
Hicrətin əlli altıncı ilində Müaviyə camaata özündən sonra oğlu Yezidə beyət etməyi əmr etdi. Bu zaman Müaviyə özündən əvvəlkilərindən fərqli yol seçdi. Çünki Peyğəmbər (s.a.v) özündən sonra rəhbər təyin etməyi camaatın öhdəsinə buraxmış və ya Əbu Bəkrin xəlifə olmasını buyurmuşdu. Əbu Bəkr (r.a) özündən sonra Öməri (r.a) təyin etmişdi. Ömər isə bu işi altı nəfərlik şuranın öhdəsinə buraxmış və bu şuradan əmisi oğlu Səid ibn Zeydi və oğlu Abdullahı xaric etmişdi. Osman (r.a) isə özündən sonra kimin xəlifə olmasını təyin etməmişdi. Əli (r.a) də həmçinin özündən sonra xəlifə təyin etməmişdi. Həsən (r.a) isə xilafəti Müaviyəyə (r.a) təhvil vermişdi.
Müaviyəyə (r.a) dedilər: "Sən bu işə ya Peyğəmbərin (s.a.v) vaxtında, ya da Əbu Bəkrin vaxtında olduğu kimi yanaş, xilafəti özündən olmayan bir nəfərə həvalə et! Yaxud bu işi Ömərin etdiyi kimi öz ailəndən olmayan altı nəfərə həvalə et! Yaxud sənin işin olmasın, qoy müsəlmanlar özləri bir rəhbər seçsinlər". Müaviyə isə deyilənlərlə razılaşmadı və özündən sonra oğlu Yezidin mütləq xəlifə olmasını istədi.

Müaviyə özündən sonra rəhbər seçimində ixtilaf və şər olacağından ehtiyat edib daha xeyirli təkliflərdən, o cümlədən işi şuranın öhdəsinə buraxmaqdan imtina etdi. O, itaətin, gücün, əminamanlığın və sabitliyin oğlu Yezidin tərəfində olduğunu gördüyü üçün belə qərar vermişdi. ( İbn Xəldun "Müqəddimə" Faslun fi vilayətil əhd, səh 166.)

Əhli Sünnə və Camaatın Yezid ibn Müaviyəyə edilən beyətə münasibəti:

Əhli Sünnə və Camaat bu beyəti məqbul sayır, lakin iki şeyə irad tuturlar.
Birinci: Müaviyənin bu yolla xəlifə təyin etməsi yəni, rəhbərliyi oğluna verməsi yenilikdir. Xilafətin ilk vaxtlarda təhvil verilməsi məşvərətlə qohumlardan qeyrisinə həvalə edilərək həyata keçirildiyi halda o, özündən sonra xilafəti oğluna buraxaraq onu vərəsəlik quruluşuna çevirdi. Belə vəziyyətdən sonra bu hərəkəti kim qəbul edərdi. Şəxsiyyətindən asılı olmayaraq bu üsulla rəhbər seçmək bəyənilən deyildir. Ona görə alimlər rəhbərliyin vərəsəliyə çevrilməsini qəbul etmirlər.

İkinci: O vaxt Yeziddən başqa, İbn Ömər, İbn əz-Zubeyr və Hüseyn kimi rəhbərliyə layiq olan digər insanlar var idi.
İbn əl-Ərəbi deyir: "Rəhbər seçimini şuranın öhdəliyinə buraxmayan, qohumlarını bu işə qatan Müaviyə xeyirli üslubu tərk etmişdi. Qaldı ki, oğlunu rəhbər təyin etməsi heç cür bəyənilən əməl deyil. Lakin o, oğlu üçün hamıdan beyət aldı və insanlar ona beyət etdilər. Onun beyəti qanuni hesab edildi". ("Əl-Əvasim Minəl Qəvasim" səh 228.)

Bəziləri öz baxışlarına görə, xilafəti yalnız Əli və onun övladlarında görürlər. Həqiqətdə onlar təkcə Yezidin beyətinə irad tutmur, habelə Əli və onun övladlarından başqasına edilən hər bir beyəti pisləyirlər. Bu əsasla onlar, beyət olunan şəxsin kimliyindən asılı olmayaraq, Əbu Bəkrə, Ömərə, Osmana və Müaviyəyə edilən beyəti doğru hesab etmirlər. Onların etiqadına görə, rəhbərlik Qiyamətə qədər Əli və onun övladlarına tapşırılmışdır.

Yezid xəlifəliyə layiq idi, yoxsa yox?
İbn Kəsir, Abdullah ibn Mut`i və onun tərəfdarları haqda olan rəvayəti qeyd edərək deyir: "Onlar Əli ibn Əbu Talibin oğlu, Həsən və Hüseynin atabir qardaşı Məhəmməd ibn əl-Hənəfiyyənin yanına gəlib Yezidin xəlifəliyini tanımaqdan boyun qaçırmasını tələb etdilər. Məhəmməd ibn əl-Hənəfiyyə isə onların təklifindən imtina etdi".
İbn Mut`i dedi: "Yezid ibn Müaviyə içki içir, namazları tərk edir".
Məhəmməd dedi: "Mən Yezidin sizin dediklərinizi etdiyini görməmişəm. Mən onun yanına gedib bir müddət orada qalmışdım. Mən onun namazlara dəvamiyyətli olduğunun, xeyirxah işlərə can atdığının, fiqhi məsələləri araşdırdığının və sünnəyə riayət etdiyinin şahidi oldum".
Onlar dedilər: "O, bunları özünü sənə göstərmək üçün edirdi".
Məhəmməd dedi: "O, mənim nəyimdən qorxur və yaxud məndən nə umurdu? Siz öz dediklərinizin şahidi olmusunuzmu?"
Onlar dedilər: "Biz bunları görməsək də dediklərimiz həqiqətdir".
Məhəmməd: "Allah bu cür şahidliyi qadağan etmişdir" – deyib, Allahın bu ayəsini oxudu: "Ondan qeyri ibadət etdikləri (Allah yanında heç bir kəs üçün) şəfaət edə bilməzlər. Ancaq haqqa şəhadət verənlər müstəsnadır. Onlar (dediklərinin haqq olduğunu) bilirlər"( Əz-Zuxruf surəsi: 86.)
("Əl-Bidayə vən-Nihayə" 8/236.)

Yezidə içki içmək, meymunlarla oynamaq, pis işlərlə məşğul olmaq və sair bu kimi pis işləri nisbət etmək heç bir mötəbər rəvayətdə öz əksini tapmamışdır. Adillik prinsipini və müsəlmanın bu cür işlərdən uzaq olmasını nəzərə alaraq, biz də bu deyilənlərə inanmırıq. Ona görə biz deyirik ki, doğrusunu Allah bilir. Məhəmməd ibn əl-Hənəfiyyənin rəvayətində zahiri baxışdan görsənir ki, Yezid deyildiyi kimi fasiq deyildi. Yezidin necəliyi haqda ən doğru bilən Allahdır. Bu, bizi maraqlandırmır. Rəbbi ilə özü arasında olan bir məsələdir. Deyilənlərin doğru olduğunu fərz etsək belə, rəhbərin günahkar olması tarixdə baş verdiyi kimi ona qarşı üsyan etməyə əsas vermir. Biz bu haqda qarşıda danışacayıq.


Tarix: 04.05.2013 / 12:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 150 Bölmə: Maraqlı melumatlar
loading...