beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MƏHƏBBƏTDƏ VƏ TƏZİMDƏ ŞİRK

Məhəbbət - odur ki, insanı hərəkət etməyə məcbur edir. Dünyəvi bir şeyi sevən ona görə də hərəkət edəcəkdir. Elmi sevən ona da can atacaqdır, Allahı ibadət ilə sevən qorxu, ümüd ilə Allahın razılığını qazanmaq üçün çalışar.

Allahın qadağalarından, qəzəbli olduğu şeylərdən qaçar, Peyğəmbəri (s.a.v) sevən isə onun sünnəsi ilə yaşayar, sünnəsi ilə əməl edər. Ona görə də bidətçi dedikdə ki: “Mən Peyğəmbəri  sevirəm” – o, yalançıdır. Peyğəmbəri (s.a.v) sevən onun dediklərini edər, bidət etməz. Allah və Onun Rəsuluna olan sevgi hər şeydən irəlidə dayanmalıdır. İmanın şirinliyi bunları sevmədikcə dadılmaz. İman da bu iki şeylə kamil olar. Allah üçün sevir, çünki Allah sevməyi əmr edib, Allah üçün nifrət edir, çünki Allah onları sevməməyi əmr edib.
Fovzan – hafizahullah - deyir: “Allah üçün kafirlərə nifrət nə deməkdir? Ona görə yox ki, sən onlarla döyüşürsən, ona görə yox ki, səndən nə isə alıblar, ona görə yox ki, sənə qaşı zülm olunub. Bu təbii bir nifrətdir. Allah səndən bu nifrəti tələb etmir. (Kimsə hər hansı bir insanı vursa, ona qarşı nifrət oyanacaqdır) Allahın tələb etdiyi nifrət onların Allaha şərik qoşmaları, Onun haqqını tapdaladıqlarına görədir”. Onun nifrətə layiq olması Allahın qadağalarını etməsinə, əmrlərini isə tərk etdiyinə görə olur.

Məhəbbətin Bir Neçə Növü Vardır:

Bunları bilmək və onların arasını ayırd etmək hər kəsə mühümdür. İnsanların çoxları da bu məhəbbətin aralarını ayırd edə bilmədiklərinə görə azmışlar.
1) İbadət olan məhəbbət. Uca Allahı sevmək. Tövhidin əsli və ruhu - bütün sevginin xalis bir şəkildə sırf Allah üçün olmasıdır. Allah sevgisi ilah və məbud olaraq Allahın qəbul edilməsinin təməlidir. Hətta sevgi ibadətin həqiqətidir. Qulun Rəbbinə olan sevgisi mükəmməl olmadıqca Tövhidi də mükəmməl olmaz. Mükəmməl bir sevgiyə sahib olmaq üçün Allah sevgisini bütün sevgilərin önündə və üstündə olması lazımdır. Bütün sevgilər üzərində Hakim olmalıdır. Bütün sevgilərin Onun sevgisinə tabe olması lazımdır.
İbn Abbas (r.a) rəvayət edir ki, Rəsulullah 9s.a.v) buyurdu: "Rəbb olaraq Allahdan, din olaraq İslamdan və Rəsul olaraq Muhəmməddən razı olan kimsə imanın şirinliyini, tamını tapar"
(Muslim 34.0

2) Allahın sevdiklərini sevmək və Allah üçün sevmək (əməlləri, şəxsləri). İnsanı İslama salan və küfürdən çıxardan budur. Qul Allahın sevdiyi əməlləri və şəxsləri sevir, Allahın nifrət etdiyi əməllərə və şəxslərə nifrət edir. Allahın dost etdiklərini dost, Allahın düşmən etdiklərini də düşmən bilir. Beləcə qulun iman və Tövhidi kamil olur. İnsanlar içərisində Allaha ən sevimlisi bu məhəbbətdə ən güclü olandır. Yəni Allahın sevdiklərini sevən kimsədir. Onları nə üçün sevir? Çünki, onları sevməyi Allah əmr etmişdir. Əbu Hureyra (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v) buyurdu: "Sizdən hər hansı bir kimsə məni uşaqlarından, valideyinlərindən və cəmi insanlardan çox sevmədikcə iman etmiş olmaz (bütün bunlardan sevimli olmadıqca)"
(əl-Buxari 15, Muslim 44, İbn Məcə 67, əd-Dərimi 2741, Musnəd 3/ 207, 275, 278.)
Abdullah ibn Hişam (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) ilə birlikdə idik. Bu an Ömərin  əlini tutmuşdu. Ömər : “Ey Allahın Rəsulu! Şübhəsiz mən səni öz nəfsimdən başqa hər şeydən çox sevirəm”- dedi. Peyğəmbər : “Nəfsim əlində olana and olsun ki, öz nəfsindən də çox sevmədikcə (imanın kamil) olmaz”- deyə buyurdu. Ömər : “Bu andan – Allaha and olsun ki – səni öz canımdan daha çox sevirəm”- dedi. Peyğəmbər (s.a.v) : “İndi oldu, Ey Ömər!”- deyə buyurdu. "Peyğəmbər möminlərə öz nəfislərindən də yaxındır". (əl-Əhzab 6).
(əl-Buxari 6632. )
İbn Abbas (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v) buyurdu: "Kim Allah üçün sevər, Allah üçün nifrət edər, Allah üçün verər və Allah üçün qadağan edərsə imanı tamamlanmış olar".
(Əhməd 3/ 438, 440, Əbu Davud 4681, ət-Tirmizi 2521, əl-Albani "Səhih Hədislər Silsiləsi" 380, "Səhih Cəmius Səğir" 5965, "Mişkətul-Məsabih" 30, 31.)
İbn Abbas (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v) buyurdu: "Allahın dostluğuna yalnız - Allah üçün sevən, Allah üçün nifrət edən, Allah üçün dost olan və Allah üçün düşmənlik edən nail ola bilər. Belə olmadıqca imanın dadını almış olmaz. İnsanlar arasında qardaşlıq yalnız dünya malına görə olmuşdur. Bu isə əhlinə heç bir fayda gətirməz".
(ət-Tabərani “Mucəmul-Kəbir” 12/ 417, Əbu Nuaym “Hilyə” 1/ 312, İbn Mubarək “Zuhd” 337, İbn Əbi Dunyə “İhvan” 22, əl-Albani “Səhih” 1728. )

3) Ehtiram, şəfqət, mərhəmət olan məhəbbət (böyüklərə, elm əhlinə) və s. Peyğəmbər  buyurdu: "Böyüklərimizə hörmət etməyən, kiçiklərimizə rəhm etməyən və alimlərimizin haqqını ödəməyən bizdən deyildir".
(Əhməd 5/ 323, Mustədrək 1/ 211. )
(Bəzi rəylərə görə: Allah üçün sevmək. Bu da Allahın sevdiyi şeyləri sevməyə tabedir. İnsan Allah üçün sevmədikcə Allahın sevdiklərini sevmək düzgün olmaz).

4) Təbii məhəbbət. Bu da insanın öz təbiətinə, fitrətinə meyl etdiyi şeyləri sevməsidir. Susuz insanın suyu, acmış insanın yeməyi, insanın öz övladlarını, yoldaşını, ata və anasını sevməsi və s. Bu sevgi növü ibadət, qorxu rəca deyildir. Dünyaya görədir. Bu kimi şeyləri sevməyə görə insan məzəmmət olunmur. Lakin nə vaxt məzəmmət olunur? Əgər bu kimi şeylər Allahı sevməkdən, zikr etməkdən yayındırarsa, sevgini Allahın sevgisi üstünə qoyarsa artıq büyük bir günah etmişdir; "Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə belələri əsl ziyana uğrayanlardır". (əl-Munafiqun 9).
İbn Məsud (r.a) deyir: "Nə vaxt Quranda Yə Əyyuhəl-Ləzinə gəldisə diqqətli ol! Burada ya səni xeyirə çağıran əmr vardır, ya da səni şərdən çəkindirən qadağa vardır"; "O, kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz". (ən-Nur 37). Bunların hər biri öz-özlüyündə ibadət deyildir, lakin Allah üçün edilərsə ibadət sayılar.


Allahdan Qeyrisini Sevməkdə Olan Məhəbbət:

Allahdan qeyrisini ibadət niyyətilə (Allahla birlikdə və ya Allah kimi sevmək) sevmək - müşriklərin öz bütlərini sevmələridir. Allahla bərabər öz bütlərini də sevirlər. Qəbir sahiblərinə ibadət etdikdənlərini görsən, sənə aydın olar ki, istənilənə çatmaq üçün qəbirlərə necə can atır, ibadət edir, oraları təmizləyir və qoruyurlar. Kim ibadət olan sevgini Allahdan qeyrisinə həsr edərsə artıq böyük şirk etmişdir. Bu da Allahın bağışlamadığı böyük şirkdir; “İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər”. (Bəqərə 165). "De ki: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihad etməkdən əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz". (ət-Tövbə 24). "(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allaha və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə – dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və öz dərgahından onlara güc vermişdir. Allah onları altından çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Bilin ki, Allahın firqəsi məhz onlar, nicat tapıb əbədi səadətə qovuşanlardır". (əl-Mücadələ 22). "Onlar orada çənə-boğaz olub deyərlər: "Allaha and olsun ki, biz açıq-aydın azmışdıq! Çünki biz sizi aləmlərin Rəbbi ilə bərabər tutduq". (əş-Şüəra 97). Ayədən göründüyü kimi onlar Allahı sevirdilər, lakin bununla yanaşı öz bütlərini də sevirdilər. Bəs öz bütlərini Allahdan daha çox sevən və öz bütlərindən başqa heç kəsi sevməyən kimsə barəsində nə demək olar? Hər bir şeyin əsasında məhəbbət vadır. Əgər bir kimsə hər hansısa bir bəlanın qaldırılması, ehtiyacın ödənilməsi üçün qəbirə doğru yönəlirsə deməli o, kimsəyə qarşı məhəbbəti vardır. Allahı sevən kimsə hər bir şeydə yalnız Allaha yönələr. Allaha qarşı məhəbbət odur ki, insanın qəlbində Allahdan qeyrisinə məhəbbət qalmır. Qəlbində nə qədər sevgi varsa Allaha yönəldir.
Onlar ilahlarını yaratmaqda, ruzi verməkdə, öldürməkdə, diriltməkdə, mülkdə, qadir olmaqda Allaha bərabər tutmayıblar. Onlar Allaha sevgidə, təzimdə bərabər tutublar. Sənin kimi aciz bir qul aləmlərin Rəbbi, hər şey Əlində olan ilə necə bərabər tutula bilər. Sənin kimi hər şeyə möhtac olan möhtacsıza (Allaha) bərabər tutula bilər. Məxluqu Allaha bərabər tutduğuna görə, bundan da daha böyük və çirkin bir zülm ola bilərmi; "Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay tutarlar". (əl-Ənam 1). Bu elə bir bərabərlikdir ki, ən böyük zülmü, çirkinliyi əhatə edir; “Ey iman gətirənlər! Sizdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah hər şeyi Əhatəedəndir, Biləndir”. (əl-Maidə 54).
Bu ayədə məhəbbətin dörd əlaməti qeyd olunmuşdur:
1) Allah onları, onlar da Allahı sevərlər.
2) Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı sərt olarlar.
3) Allah yolunda vuruşarlar.
4) Heç kəsin tənəsindən qorxmazlar.
İnsanlar bir-birilərini dünya malına görə, hansısa bir vəzifəyə görə sevir və əlaqələr saxlayırlar. Bütün bunlar bitdikdə o, dostluq da bitəcəkdir. Yalnız Allah xatirinə olan dostluqdan başqa: "Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər". (əz-Zuxruf 67). "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir". (əl-Maidə 55).

Dostluq İki Qismə Bölünür: 1. Allahın bəndəsini Özünə dost tutması; "Allah Ona inananların dostudur. Onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirləri dostu isə şeytandır. Onları nurdan ayırıb zülmətə salarlar". (əl-Bəqərə 257). 2. Bəndənin Allahı özünə dost tutması; "Hər kəs Allahı, Onun Peyğəmbərini və iman gətirənləi özünə dost tutsa, şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir". (əl-Maidə 56).


Tarix: 10.04.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 730 Bölmə: Maraqlı melumatlar