Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BAYRAM NAMAZLARI VƏ ONLAR HAQQINDA GENİŞ MƏLUMAT

Bu namazın hökmü:
Kişi və qadınlara bayram namazını qılmaq vacibdir. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) daim bu namazı qılar və camaata da əmr edərdi. Ummu Atiyyə deyir ki, «bayram günü bizə bakirə qızları və evli qadınları namazgaha çıxarmaq əmr olunurdu»[1].

Həfsa bint Sirin deyir ki, biz qızlarımızı bayram günü namazgaha çıxmağı qadağan edirdik. Bir nəfər qadın gəlib Bənu Xəlf qəsrində məskunlaşmışdı. Mən də onun yanına gəlmişdim. O mənə danışdı ki, onun bacısının əri Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) birlikdə on iki döyüşdə iştirak etmiş, bacısı isə bu döyüşlərin altısında onunla bərabər olmuşdu. Bacısı deyirmiş ki, biz xəstələrə baxar, yaralılara yardım edərdik. Bir dəfə həmin qadın Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir: Ey Allahın elçisi, əgər birimizin geyinməyə cilbabı (üst paltarı) olmazsa bayram namazına gəlməyə bilərmi? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Qoy rəfiqəsi ona cilbab (üst paltarı) versin, onlar da bu xeyirli işə və möminlərin dualarına qoşulsunlar»[2].

Bu namazın vaxtı:
Yezid ibn Xumeyr ər-Rahəbi deyir ki, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabəsi Abdullah ibn Busr camaatla fitrə, yaxud qurban bayramı günü bayram namazına gəldi və imamın namazı gec qılmasına etiraz etdi və dedi: Biz bu vaxt artıq bayram namazını bitirərdik. O vaxt namaz günəş çıxdıqdan az sonra (namaz qılmaq qadağan olunan vaxt bitdikdən sonra) qılınardı.[3]

Namazgaha çıxmaq:
Ötən hədislərdən də görsənir ki, bayram namazları məsciddə deyil, açıq sahədə, namazgahda qılınır. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bayram namazlarını qılmaq üçün namazgaha gedərdi. Ondan sonra gələnlər də bu qaydaya əməl edərdilər.

Bayram namazı üçün azan və iqamə verilirmi?
İbn Abbas və Cabir ibn Abdullah deyirlər ki, «fitrə və bayram namazları üçün azan verilməzdi»[4].
Cabir deyir ki, «Fitrə bayramı günü, imam namaza gələndə, yaxud gələndən sonra nə azan, nə iqamə nə də başqa bir çağırış edilmir. Belə ki, həmin gün bayrama görə, nə azan nə də iqamə verilmir»[5].

Bayram namazının vəsfi:
Bayram namazı iki rükət qılınır. Bu namazda on iki dəfə təkbir deyilir. Birinci rükətdə ihram təkbirindən sonra və qiraətdən əvvəl yeddi, ikinci rükətdə isə qiraətdən əvvəl beş təkbir deyilir.
Amr ibn Şueyb atasından o da babasından rəvayət edir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hər iki bayram namazını qılarkən birinci rükətdə yeddi, ikinci rükətdə isə beş dəfə təkbir edərdi»[6].
Aişə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) fitrə və qurban bayramında namaz qılarkən, rükuya gedərkən edilən təkbirlərdən başqa, yeddi və beş dəfə təkbir etdi»[7].

Bu namazda hansı surələr oxunur?
Noman ibn Bəşir deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hər iki bayram namazında və cümədə “Səbbih ismə rabbikəl Alə” yəni, əl-Alə və “Həl ətakə hədisul ğaşiyə” yəni, əl-Ğaşiyə surələrini oxuyardı»[8].
Ubeydullah ibn Abdullah deyir ki, «Ömər bayram günü namazgaha çıxdı və Əbu Vaqid əl-Leysinin yanına adam göndərib, “belə bir gündə Peyğəmbər hansı surəni oxuyardı?” - deyə soruşdu. O isə: Qaf və Qəmər surələrini oxyardı – deyə cavab göndərdi»[9].

Bayram namazından sonra xütbə vermək:
İbn Abbas deyir ki, «mən Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), Əbu Bəkr, Ömər və Osmanla birlikdə bayram namazını qılmışam. Onlar hamısı xütbədən öncə namaz qılardılar»[10].

Bayram namazından öncə və ya sonra namaz qılmaq:
İbn Abbas deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) fitrə bayramı günü iki rükət namaz qıldı. Amma namazdan əvvəl və ya sonra namaz qılmadı»[11].

Bayram günü edilən müstəhəb əməllər:
1. Qüsl etmək: Əlidən (Allah ondan razı olsun) qüsl etmək haqqında soruşurlar və o, belə cavab verir: «Qüsl, cümə, ərəfa, fitrə və qurban günləri edilir»[12].
2. Ən gözəl paltar geyinmək: İbn Abbas deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bayram günü qırmızı əbasını geyinərdi»[13].
3. Fitrə bayramı günü namaza getmədən öncə yemək yemək: Ənəs deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) fitrə bayramı günü bir neçə ədəd xurma yeməmiş evindən çıxmazdı»[14].
4. Qurban bayramı günü, öz qurbanından yemək üçün, səhər yeməyini gecikdirmək: Əbu Bureydə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) fitrə bayramı günü yemək yeməmiş evindən çıxmazdı. Qurban bayramı günü isə, qurban kəsməmiş yemək yeməzdi»[15].
5. Getdiyi yolu dəyişib başqa yolla qayıtmaq: Cabir deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bayram günləri getdiyi yolu dəyişib başqası ilə qayıdardı»[16].
6. Hər iki bayram günü təkbir etmək:
Uca Allah buyurur: «... fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz»[17]. Bu, fitrə bayramına aiddir.
Qurban bayramı haqqında isə, Uca Allah belə buyurur: «Sayı bəlli olan günlərdə Allahı yada salın (təkbirlə zikr edin)»[18]. Həmçinin buyurmuşdur: «...Allah sizi doğru yola yönəltdiyi üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi»[19].

Fitrə bayramında deyilən bu təkbirlərin vaxtı, namazgaha gələndən ta namazı qılana qədərdir:
İbn Əbu Şeybə deyir: Yezid ibn Harun bizə belə danışırdı ki, İbn Əbu Ziib, Zuhridən rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) fitrə bayramı günü evindən çıxar, namazgaha gələnə və namazı qılana qədər təkbir edərdi. Namazı bitirdikdən sonra isə təkbir etməzdi»[20].
Albani deyir[21]: Bu sənəd mürsəl[22] olaraq səhihdir. Bu, başqa sənədlə İbn Ömərdən mərfu[23] olaraq rəvayət olunmuşdur. Rəvayəti, Beyhəqi (3/ 279): Abdullah ibn Ömərdən, o, Nafidən, o da İbn Ömərdən – sənədi ilə rəvayət etmişdir. Rəvayətdə deyilir:
«Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hər iki bayramda əl-Fadl ibn Abbas, Abdullah ibn Abbas, Əli, Cəfər, Həsən, Hüseyn, Usamə ibn Zeyd, Zeyd ibn Harisə və Əymən ibn Ummu Əymən (Allah onlardan razı olsun) ilə birlikdə, uca səslə təkbir və təhlil edə-edə namazgaha gələrdi. O, namazgaha dəmirçilərin yolu ilə gələr, namazı bitirdikdən sonra isə pinəçilərin yolu ilə qayıdıb evinə gələrdi». Beyhəqi deyir: «Bu, əvvəlki rəvayətdən daha yaxşıdır».
Daha sonra Albani deyir: “Bu hədisin rəvayətçiləri etibarlıdırlar. Abdullah ibn Ömər əl-Amri əl-Mükəbbirdən savayı, onların hamısı Müslimin rəvayətçiləridir. Zəhəbi onun haqqında deyir: “O, səduqdur və hafizəsində əmma var idi”. Zəhəbi və digər alimlər onu, İmam Müslimin rəvayətçisi səviyyəsində qəbul etmişlər. Belə bir rəvayətçini şahid kimi götürmək olar. Beləliklə bu rəvayətçi Zuhrinin əvvəldə qeyd olunan mürsəl rəvayətinə şahid sayıla bilər. Mənə görə hədis həm mövquf, həm də mərfu yolla səhih sayılır. Daha doğrusunu Allah bilir”.
Qurban bayramında deyilən təkbirlərin vaxtı, Ərəfa günü sübhdən, sonuncu təşriq günü[24] Əsrə qədər davam edir.
Bu haqda rəvayət Əli, İbn Abbas və İbn Məsudan səhih rəvayətlərlə nəql olunmuşdur. Allah onlardan razı olsun![25]

Təkbirin deyiliş qaydasına gəlincə, bu barədə bir neçə seçim vardır. Demək, İbn Məsuddan rəvayət olunur ki, o, təkbiri cüt-cüt edər və təşriq günləri belə deyərdi: Allahu əkbər, Allahu əkbər, lə iləhə illəllah, Allahu əkbər, Allahu əkbər və lilləhil həmd.
Bu rəvayəti İbn Əbu Şeybə (2/ 165) rəvayət etmişdir və sənədi səhihdir. Lakin o eyni hədisi başqa yerdə həmin sənədlə rəvayət etmiş və təkbirin üç dəfə deyildiyini qeyd etmişdir. Təkbirin üç-üç deyilməsi haqqında digər bir rəvayəti Beyhəqi (3/ 315) səhih sənədlə, Yəhya ibn Səiddən, o da Əbu Bəkkar Həkəm ibn Fərruhdan, o da İkrimədən o isə İbn Abbasdan rəvayət etmişdir.[26]


[1] Buxari: 2/ 463/ ? 974. Müslim: 2/ 605/ ? 890. Əbu Davud: 3/ 487/ ? 1124. Tirmizi: 2/ 25/ ? 537. İbn Macə: 1/ 414/ ? 1307. Nəsai: 3/ 180.
[2] əl-Mişkat: ? 1431. Buxari: 2/ 469/ ? 980.
[3] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 1005. Əbu Davud: 3/ 486/ ? 1123. İbn Macə: 1/ 418/ ? 1317.
[4] Buxari: 2/ 451/ ? 960. Müslim: 2/ 604/ ? 886.
[5] Bu rəvayət, az əvvəl qeyd olunan, Müslimin rəvayətindən bir hissədir.
[6] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1057. əl-Mişkat: ? 1441. İbn Macə: 1/ 407/ ? 1279.
[7] Hədis səhihdir. əl-İrva: ? 639. Səhih Sünən İbn Macə: ? 1058. İbn Macə: 1/ 407/ ? 1280. Əbu Davud: 4/ 6-7/ ? 1137-1138.
[8] Hədis səhihdir. əl-İrva: ? 644. Səhih Sünən İbn Macə: ? 1281. Müslim: 2/ 598/ ? 878. Əbu Davud: 3/ 472/ ? 1109. Tirmizi: 2/ 22/ ? 531. Nəsai: 3/ 184. İbn Macə: 1/ 408/ ? 1281. Onun rəvayətində “Cümədə” sözü qeyd olunmur.
[9] Hədis səhihdir. əl-İrva: 3/ ? 118. Səhih Sünən İbn Macə: ? 106. Müslim: 2/ 607/ ? 891. Əbu Davud: 4/ 15/ ? 1142. Tirmizi: 2/ 23/ ? 532. Nəsai: 3/ 183. İbn Macə: 1/ 408/ ? 1282.
[10] Buxari: 2/ 453/ ? 962. Müslim: 2/ 602/ ? 884.
[11] Buxari: 2/ 453/ ? 964. Müslim: 2/ 606/ ? 884. Nəsai: 3/ 193.
[12] Beyhəqi, Sünənul Kubra: 3/ 278.
[13] Hədisin sənədi yaxşıdır. Silsilətus Səhihə: ? 1279. Heysəmi “Məcməuz Zəvaid” adlı kitabında (2/ 201) deyir ki, bu hədisi Təbərani əl-Avsat əsərində rəvayət etmişdir və sənəd rəvayətçiləri etibarlıdırlar.
[14] Hədis səhihdir. Səhih Sünən ət-Tirmizi: ? 448. Buxari: 2/ 446/ ? 953. Tirmizi: 2/ 27/ ? 541.
[15] Hədis səhihdir. Səhih Sünən ət-Tirmizi: ? 447. İbn Xuzeymə: 2/ 341/ ? 1426. Tirmizi: 2/ 27/ ? 540. Onun rəvayətində, “Namaz qılmamış...” – sözləri qeyd olunur.
[16] Hədis səhihdir. əl-Mişkat: ? 1434. Buxari: 2/ 472/ ? 986.
[17] əl-Bəqərə: 185.
[18] əl-Bəqərə: 203.
[19] əl-Həcc: 37.
[20] Rəvayət səhihdir. Silsilətus Səhihə: ? 171. İbn Əbu Şeybə: 2/ 164.
[21] əl-İrva: 3/ 123.
[22] Mürsəl: tabeinin, Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) görmədiyi halda, hədisi birbaşa Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) nisbət etməsidir.
[23] Mərfu: Səhabənin, hədisi Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) nisbət etməsidir.
[24] Təşriq günləri, Zül-Hiccə ayının 11, 12 və 13-cü günləri sayılır.
[25] Əlidən rəvayət olunan hədisi İbn Əbu Şeybə iki sənədlə nəql etmişdir: 2/ 165. Onlardan biri yaxşı rəvayət sayılır. Elə bu rəvayəti Beyhəqi (3/ 314) də rəvayət etmişdir. Sonra elə bir rəvayəti İbn Abbasdan da rəvayət etmişdir və onun sənədi də səhihdir. Hakim (1/ 300) də İbn Abbasdan və İbn Məsuddan belə bir rəvayət etmişdir. Bax, əl-İrva: 3/ 125.
[26] əl-İrva: 3/ 125.


Tarix: 01.05.2013 / 18:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 247 Bölmə: Maraqlı melumatlar
loading...