beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quranı tərk etməkdən çəkinmək

"Peyğəmbər də: "Ey Rəbbim! Həqiqətən qövmüm bu Quranı tərk etmişdi!" – deyəcək" (Furqan, 25/30)

Uca Allah Elçisi və Peyğəmbəri Məhəmməddən (sallallahu əleyhi və səlləm): "Ey Rəbbim! Həqiqətən qövmüm bu Quranı tərk etmişdi!" dediyini xəbər verir. "Kafir olanlar öz dostlarına: "Bu Quranı dinləməyin, o oxunduqda səs-küy salın ki, bəlkə, bununla Məhəmmədə qalib gələsiniz!" (Fussilət, 41/26) buyruğunda bildirdiyi kimi, onu dinləmir, ona qulaq asmırlar. Onlara Quran oxunduğu zaman onu dinləməmək üçün təmtəraqlı sözlər danışır, səs-küy qoparırlar. Bax bu, Quranı tərk etməkdir. Ona imanı, onu təsdiq etməyi tərk etmək də onu tərk etmək deməkdir. Onun üstündə düşünməyi, onu anlamağa çalışmağı tərk etmək onu tərk etmək, ondan uzaqlaşmaqdır. Layiqincə əməl etməyi, hökmlərinə tabe olmağı, qoyduğu qadağanlardan uzaq durmağı tərk etmək də onu tərk etməkdir. Quranı buraxıb şer, söz, mahnı, əyləncə və yaxud müxtəlif baxışlara uymaq və ya da Qurandan alınmamış hər hansı bir yola üz tutmaq da onu tərk etməkdir.
Səxavətli, lütfkar və gücü hər şeyə çatan Allahdan bizi Onu qəzəbləndirən hər bir şeydən xilas etməsini, Onu razı salacaq Kitabını əzbərləmək, onu anlamaq, gecə vaxtlarında, gündüzün müxtəlif anlarında Onun sevəcəyi və razı qalacağı tərzdə ona əməl etməyimizə bizi yönəltməsini diləyirik. Şübhəsiz ki, O, kərəmi bol-bol Olandır, sonsuz Bağışlayandır (Bax: İbn Kəsir, Təfsir)
Quranı tərk edərək ondan uzaqlaşmağın müxtəlif formaları var:
1. Quranı dinləməyi, ona iman gətirməyi və ona qulaq asmağı tərk etmək.
2. Quranı oxusa və ona iman gətirsə də belə, ona layiqincə əməl etməmək, onun halal və haram hökmlərini yerinə yetirməmək.
3. Dinin əsaslarında, ayrı-ayrı hökmlərində Quranı hakim saymağı və onun tələblərinə tabe olmağı tərk etmək, onun mükəmməl bilik vermədiyinə, dəlillərinin elmlə əlaqəsi olmayan sözlərdən ibarət olduğuna inanmaq.
4. Qurani Kərim üstündə yaxşıca düşünməyi, onu anlamağa çalışmağı, ondakı buyuruqları söyləyənin ondan nəyi istədiyini bilməyi tərk etmək.
5. Bütün ürək xəstəliklərində onda şəfa və müalıcə axtarmağı tərk edərək bu xəstəliklərdən sağalmanı Qurandan kənarda aramaq, onunla müalicə etməmək. Bax bütün bunlar Uca Allahın: "Peyğəmbər də: "Ey Rəbbim! Həqiqətən qövmüm bu Quranı tərk etmişdi!" – deyəcək" (Furqan, 25/30) buyruğunun əhatə etdiyi mənaya daxildir.
Bununla bərabər bu tərketmələrin növləri daha da incədir. (İbn-Qeyyim, əl-Fəvaid, 113)


Tarix: 17.04.2013 / 15:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 121 Bölmə: Maraqlı melumatlar