beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALQI-SATQI FƏSLİ (1)

Tərifi

Alqı-satqının icazəli olması

Ruzi qazanmağa təşviq

Təqvalı olub varlı-karlı olmaq eyb etməz

Ruzi qazanmaqda ifrata varmamaq

Doğru olmağa təşviq, yalançılıqdan çəkinmək

Borcunu qaytarmaqda çətinlik çəkəni incitməməyin fəziləti

Aldatmaq qadağandır

Ruzi qazancına erkən başlamağa təşviq

Bazara daxil olarkən oxunan dua

Şəriət sahibinin qadağan etdiyi alış-veriş növləri

1. ƏI-Ğarar alış-verişi:
- Əl-Mülaməsə və əl-Münabəzə alış-verişi
- Həbəlul-Həbələ alış-verişi
- Əl-Həsat alış-verişi
- Asbul Fəhl

2. Özündə olmayan bir şeyi satmaq

3. Satılacaq əşyanı, əldə etmədən satmaq

4. Digər müsəlman qardaşının alış-verişinə qarışmaq

5. əl-Eynə alış-verişi

6. Malı uzun müddətə baha qiymətə satmaq (Kredit)

Mənası: Buyu sözü, satmaq sötüzünün cəmidir. Bu sözün cəm formada işlədilməsinə səbəb, alqı-satqının müxtəlif növlərini əhatə etməsidir.
Satmaq: qiymət müqabilində mülkiyyətinin başqa insana keçməsi deməkdir. Şira (Alamaq) isə həmin mülkiyyəti qəbul etməkdir. Ərəb dilində buyu və şira sözləri, biri digərinin mənasını əvəz edir.

Alqı-satqının icazəli olması
Uca Allah buyurur: «Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir...»[1].
Digər ayədə isə buyurulur: «Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin...»[2]. Həkim ibn Hizam (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə rəvayət edir: «Alqı-satqı edənlər ayrılana qədər ixtiyar sahibidirlər»[3].
Müsəlmanlar alqı-satqının icazəli olmasını yekdilliklə qəbul etmişlər. Bunu məntiq də qəbul edir. Çünki əksər hallarda insana lızım olan şey başqasının ixtiyarında olur. Ola bilər həmin adam istənilən şeyi deyilən adama verməsin. Alqı-satqının icazəli olması məqsədə çatmaq üçün rahat bir vasitədir[4].

Ruzi qazanmağa təşviq
Miqdam (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə rəvayət edir: «Heç kəs əlinin zəhməti ilə qazanıb yediyi yemək kimi, xeyirli yemək yeməmişdir. Allahın peyğəmbəri Davud (Aleyhi-s-salam) da öz əlinin zəhmətindən yeyərdi»[5].
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Ona-buna ağız açıb istəməkdənsə – bilmirsən istədiyini verəcək ya yox, belinə şələ vurub odun daşımaq daha xeyirlidir»[6].

Təqvalı olub varlı-karlı olmaq eyb etməz
Muaz ibn Abdullah ibn Xubeyb atasından, o da əmisindən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Təqvalı olub varlı-karlı olmaq eyb etməz. Təqvalı insan üçün sağlamlıq, var-dövlətdən xeyirlidir. Nəfsi rahatlıq da nemətlərdən sayılır»[7].

Ruzi qazanmaqda ifrata varmamaq
Cabir ibn Abdullah (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə ediyini rəvayət edir: «Ey insanlar, Allahdan qorxun və ruzi qazanmaqda ifrata varmayın. Heç bir nəfs öz ruzisini yeməmiş ölən deyil. »

Doğru olmağa təşviq, yalançılıqdan çəkinmək
Həkim ibn Hizam (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Alqı-satqı edənlər ayrılana qədər ixtiyar sahibidirlər. Əgər onlar bu işdə doğru olub, eybləri gizlətməsələr onların alqı-satqısına bərəkət verilər. Yox əgər eyibləri gizlətsələr və yalan danışsalar alqı-satqının bərəkəti heç olar»[8].
Uqbə ibn Amir (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Müsəlman müsəlmanın qardaşıdır. Eyibi olan malı müsəlman qardaşına satıb onun eyibini açmamaq, satana halal deyildir»[9].
Alış-veriş işlərində asanlaşdırmağa və səxavətli olmağa təşviq
Cabir ibn Abdullah (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Satarkən, alarkən və haqqını tələb edərkən mülayim olan şəxsə Allah rəhm etsin!»[10]

Borcunu qaytarmaqda çətinlik çəkəni incitməməyin fəziləti
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «İnsanlara borc verən bir tacir var idi. Borcunu qaytarmaqda çətinlik çəkən bir insan gördükdə işçilərinə deyərdi: Onu bağışlayın, bəlkə Allah da bizi bağışlayar! Sonda, Allah da onu bağışladı»[11].

Aldatmaq qadağandır
Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qida məhsulu satan bir kişinin yanından keçərkən əlini məhsulun içərisinə saldıqda onun fırıldaq işlətdiyini gördü və dedi: Bizi aldadan bizdən deyildir»[12].

Ruzi qazancına erkən başlamağa təşviq
Saxr əl-Ğamidi (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Allahım, ümmətimin səhərini bərəkətli et!»[13]

Bazara daxil olarkən oxunan dua
Səlim ibn Abdullah ibn Ömər atasından, o da babasından (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: «Kim bazara daxil olarkən bu duanı:
»لاَ إلَهَ إلاَّ اللهُ وَحدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ المُلكُ وَلَهُ الحَمدُ يُحي ويُمِيتُ وَهُو حَيّ لاَ يَمُوتُ بِيَدِهِ الخَيرُ كُلُّهُ وَهُوَ عَلَى كُلِّ شَيءٍ قَدِيرٌ «
«Lə iləhə illə-l-lah vahdəhu lə şərikə ləhu, ləhu-l-mulk va ləhu-l-həmd, yuhyi va yumit va huva hayyun lə yəmutu biyədihi-l-xeyru kulluhu va huva alə kulli şeyin qadir.» «Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O, tək və şəriksizdir, mülk və həmd Onundur, O, həyat Verəndir və Alandır, O, diridir, ölmür. Bütün xeyir Onun əlindədir, O, hər şeyə qadirdir» – deyərsə, Allah onun üçün milyon savab yazar, milyon günahını silər və onun üçün cənnətdə ev tikər».[14]

Allah, alış-verişi halal etmişdir
Əslində alıcı və satıcı arasında razılıq varsa, istənilən şeyi, istənilən qaydada satmaq olar. Yalnız şəriətin qadağan etdiyi alış-veriş istisnadır.

Şəriət sahibinin qadağan etdiyi alış-veriş növləri
1. əI-Ğarar alış-verişi: Bu, naməlumluq, risk və ya qumar ehtimalı olan alış-veriş növüdür.
Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əl-Həsat (daş atıb təxmin etmək) və əl-Ğərər alış-verişini qadağan etmişdir»[15].
İmam Nəvəvi (Allah ona rəhmət etsin) "Şərhu Səhih Muslim" əsərində (10/ 156) deyir: «Əl-Ğərər alış verişinin qadağan edilməsi "Buyu" (alış-veriş) fəslinin ən önəmli əsaslarından biridir. Elə buna görə İmam Muslim bu haqda olan hədisləri önə çəkmişdir. Bu növ alış-verişə saysız-hesabsız növlər daxildir. Məsələn, əl-Abiq, əl-Mədum, əl-Məchul, çatdırmaq imkanı olmayan malı satmaq, satıcının sahibi olmadığı əşyanı satması, böyük suda olan balıqları, döşdəki südü, bətndəki doğulmamış heyvanı, yığının məchul hissəsini, yaxud paltarlardan və ya qoyunlardan müəyyən edilməmiş birini satmaq və s. bu kimi alış-verişlər batildir. Çünki burada ehtiyac olmadan "Ğərər" edilir.
Daha sonra deyir: Əgər Ğərər etməyə zərurət yaranarsa və ondan yayınmaq çətinlik yaradarsa və Ğərər elə də böyük ölmazsa alış-veriş etmək olar. Elə buna görə bütün müsəlmanlar toxunma paltarların satılmasına razılıq vermişlər. Hətta onun toxunmasını görməsə də bu, icazəlidir. Əgər paltarın təkcə toxunmasını satsa, bu satış düzgün sayılmaz.
Bilin ki, əl-Mülaməsə, əl-Münabəzə, Həbəlul-Həbələ, əl-Həsat, Asəbul Fəhl və bu kimi xüsusi dəlillərlə qeyd olunan alış-veriş növləri əl-Ğərər qadağasına daxildir. Bu növlərin ayrıca qeyd olunmasına və qadağan edilməsinə səbəb, cahiliyyət dövrünün məşhur alış-verişləri olduğuna görədir. Daha doğrusunu Allah bilir» (müxtəsər edilmişdir).

Əl-Mülaməsə və əl-Münabəzə alış-verişi
Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, «iki növ alış-veriş qadağan edilmişdir: əl-Mülaməsə və əl-Münabəzə.
əl-Mülaməsə: bir nəfərin başqasının satdığı paltara səthi əl vurub almasıdır.
əl-Münabəzə: iki nəfərin bir-birinin satdığı paltara baxmadan alış-veriş etməsidir»[16].
Əbu Səid əl-Xurdi deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə iki növ alış-verişi və iki növ paltarı qadağan etmişdir: alış-verişdə, əl-Mülaməsə və əl-Münabəzə etməyi qadağan etmişdir:
əl-Mülaməsə: bir nəfərin başqasının satdığı paltara gecə və ya gündüz vaxtı əl sürtüb almasıdır.
əl-Münabəzə: iki nəfər, satdıqları paltarları bir-birinə təqdim edir, baxmadan və razılaşmadan alış-veriş edirlər»[17].

Həbəlul-Həbələ alış-verişi
İbn Ömər (Allah ondan razı olsun) deyir ki, «cahiliyyət dövrünün insanları dəvə ətini həbəlul-həbələyə qədər satardılar. Həbəlul-Həbələ, heyvanın doğduğu balanın balalamasıdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onlara bu növ alış-verişi etməyi qadağan etmişdir»[18].

Əl-Həsat alış-verişi
Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əl-Həsat (daş atıb təxmin etmək) və əl-Ğərər alış-verişini qadağan etmişdir»[19].
İmam Nəvəvi (Allah ona rəhmət etsin) "Şərhu Sahih Muslim" kitabında (10/ 156) deyir:
Əl-Həsat alış-verişinin üç məna kəsb etdiyi ehtimal olunur:
Birincisi: Atdığım daş bu paltarlardan hansının üzərinə düşərsə onu sənə satıram. Yaxud, atdığım bu daşın getdiyi məsafəyə qədər ərazini sənə satıram.
İkincisi: Mən bu daşı atana qədər, deyilən malı sənə satmış sayılıram.
Üçüncüsü: Yaxud, atılan daşla birbaşa malı satmaq. Məsələn, demək ki, əgər mən bu paltarı daşla vursam sən bu paltarı filan qiymətə almalısan.

Asbul Fəhl (erkək heyvanı dişi ilə cütləşdirmək üçün satmaq, yaxud kirələmək)
İbn Ömər (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Asbul Fəhl alış-verişini (erkək heyvanı dişi ilə cütləşdirmək üçün satmağı, yaxud kirələməyi) qadağan etmişdir»[20].

2. Özündə olmayan bir şeyi satmaq
Həkim ibn Hizam deyir ki, mən dedim: Ey Allahın elçisi, bir kimsə məndən nə isə almaq istəyir, amma həmin şey məndə yoxdur. Belə halda mən ona istədiyini satımmı? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Səndə olmayan bir şeyi satma»[21].
3. Satılacaq əşyanı, əldə etmədən satmaq
İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim qida məhsulu alarsa, onu tam əldə etməmiş satmasın». İbn Abbas deyir: «Mənə elə gəlir ki, hər bir şeyin alış-verişi qida məhsulu kimidir»[22].
Tavus İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: «Kim qida məhsulu alarsa onu tam ölçüb almamış, başqasına satmasın». Mən İbn Abbasdan: Nə üçün? – deyə soruşdum. O dedi: Çünki onlar qida məhsulunu əldə etmədən, qızıl (yaxud, nəğd pul) ilə[23] alış-veriş edirlər»[24].
4. Digər müsəlman qardaşının alış-verişinə qarışmaq
İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Biriniz digərinizin alış-verişinə qarışmasın»[25].
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Bir müsəlman digər müsəlmanın almaq istədiyi malı həmin anda bahalaşdırıb almasın»[26].
5. əl-Eynə alış-verişi
Eynə alış-verişi, başqasına nisyə qiymətə mal stıb, malı ona çatdırmaq, sonra həmin müştəri, aldığı malın qiymətini ödəməmiş satıcının həmin malı nəğd qiymətə nisyə qiymətindən aşağı almasıdır.
İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Siz əl-Eynə alış-verişi etdikdə, inəklərin quyruğundan yapışdıqda, əkin-biçinlə qənaətləndikdə və cihadı tərk etdikdə Allah sizə elə bir zəlillik verər ki, dininizə qayıtmayıncaya qədər o zəlilliyi sizdən uzaqlaşdırmaz»[27].
6. Malı uzun müddətə baha qiymətə satmaq (Kredit)
Bu günlərdə malı uzun müddətə baha qiymətə satmaq çox geniş yayılmışdır. Buna kreditli satış deyilir.
Bu alış-verişin mahiyyəti: malın uzunmüddətli ödənişlə, uzun vaxtda görə baha qiymətə satılmasıdır. Məsələn, nəğd qiyməti min manat olan malı, uzun müddətə min iki yüz manata kreditlə satmaq. Bu alış-veriş qadağan olunmuş növlərdəndir.***
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: «Kim bir satışda iki alış-veriş edərsə, ya az qiymətə razılaşmalı, yaxud sələmə (faizə) düçar olmalıdırlar».


[1] əl-Bəqərə: 275.
[2] ən-Nisa: 29.
[3] Buxari: 9/ 327/ q2, 2110. Müslim: 3/ 1164/ ? 1532. Əbu Davud: 9/ 330/ ? 3442. Tirmizi: 2/ 359/ ? 1264. Nəsai: 7/ 244.
[4] Fəthul Bari: 4/ 287.
[5] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 5546. Buxari: 4/ 303/ ? 2072.
[6] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 7069. Buxari: 4/ 303/ ? 2074. Tirmizi: 2/ 94/ ? 675. Nəsai: 5/ 96.
[7] Hədis səhihdir. Səhih İbn Macə: ? 1741. İbn Macə: 2/ 724/ ? 2141.
[8] Buxari: 9/ 328/ ? 2110. Müslim: 3/ 1164/ ? 1532. Əbu Davud: 9/ 330/ ? 3442. Tirmizi: 2/ 359/ ? 1264. Nəsai: 7/ 244.
[9] Hədis səhihdir. ? 6705. İbn Macə: 2/ 755/ ? 2246.
[10] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 4454. Buxari: 4/ 206/ ? 2076.
[11] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 3495. Buxari: 4/ 308/ ? 2078.
[12] Hədis səhihdir. əl-İrva: ? 1319. Səhih Sünən İbn Macə: ? 1809. Müslim: 1/ 99/ 102. İbn Macə: 2/ 749/ ? 2224. Rəvayətin mətni onundur. Əbu Davud: 9/ 321/ ? 3435. Tirmizi: 2/ 389/ ? 1329.
[13] Səhih Sünən İbn Macə: ? 1818. İbn Macə: 2/ 752/ ? 2236. Tirmizi: 2/ 343/ ? 1230. Əbu Davud: 7/ 265/ ? 2589.
[14] Hədis həsəndir. Səhih Sünən İbn Macə: ? 1817. İbn Macə: 2/ 752/ ? 2235.
[15] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 939. Əl-İrva: ? 1294. Müslim: 3/ 1153/ ? 1513. Tirmizi: 2/ 349/ ? 1248. Əbu Davud: 9/ 230/ ? 3360. İbn Macə: 2/ 739/ ? 2194. Nəsai: 7/ 262.
[16] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 938. Müslim: 3/ 1152/ ? 1511.
[17] Müslim: 3/ 1152/ ? 1512. Mətndəki rəvayət onundur. Buxari: 4/ 358/ ? 2144 , 2147. Əbu Davud: 9/ 231/ ? 3362. Nəsai: 7/ 260.
[18] Buxari: 4/ 356/ ? 2143. Müslim: 3/ 1153/ ? 1514. Əbu Davud: 9/ 233/ ? 3365. Tirmizi: 2/ 349/ ? 1247. O, müxtəsər rəvayət etmişdir.Nəsai: 7/ 293. İbn Macə: 2/ 740/ ? 2197. O, müxtəsər rəvayət etmişdir.
[19] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 939. Əl-İrva: ? 1294. Müslim: 3/ 1153/ ? 1513. Tirmizi: 2/ 349/ ? 1248. Əbu Davud: 9/ 230/ ? 3360. İbn Macə: 2/ 739/ ? 2194. Nəsai: 7/ 262.
[20] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 939. Buxari: 4/ 461/ ? 2284. Əbu Davud: 9/ 296/ ? 3412. Tirmizi: 2/ 372/ ? 1291. Nəsai: 7/ 310.
[21] Hədis səhihdir. əl-İrva: ? 1292. İbn Macə: 2/ 737/ ? 2187. Tirmizi: 2/ 350/ ? 1250. Əbu Davud: 9/ 401/ ? 3486. Nəsai: 7/ 289.
[22] Müslim: 3/ 1160/ ? 1525. Rəvayətin mətni onundur. Buxari: 4/ 349/ ? 2135. Əbu Davud: 9/ 393/ ? 3480. Nəsai: 7/ 286. Tirmizi: 2/ 379/ ? 1309.
[23] Məsələn, deyək ki, buğdanı satıcıdan yüz manata alır və mal onun tam səlahiyyətinə keçməmiş, eyni zamanda həmin malı yüz on manata başqasına satır. Belə çıxır ki, bu halda o, yüz manatı, yüz on manta satıb. (tərc.)
[24] Müslim: 3/ 1160/ ? 1525. Rəvayətin mətni onundur. Buxari: 4/ 347/ ? 2132. Əbu Davud: 9/ 392/ ? 3479.
[25] Buxari: 4/ 373/ ? 2165. Müslim: 3/ 1154/ ? 1412. İbn Macə: 2/ 333/ ? 1271.
[26] Hədis səhihdir. əl-İrva: ? 1298. Müslim: 3/ 1154/ ? 1515.
[27] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 423. Əbu Davud: 9/ 335/ ? 3445.
*** Bu rəy müəllifin daha üstün saydığı rəydir. Digər alimlər isə bu növ alış-verişin icazəli olmasını deyirlər. Mənim fikrimcə digər alimlərin rəyi daha üstündür. Çünki müəllifin gətirdiyi hədis bu növə şamil olunmur. Belə ki, burada deyilən səbəb yoxdur. Yəni, alıcı malı ya nəğd alır, yaxud da nisyə kreditlə. O hansı alışa müqavilə bağlasa o da sayılır. Daha doğrusunu Allah bilir! (tərc.)


Tarix: 01.05.2013 / 17:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 538 Bölmə: Maraqlı melumatlar