beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namaz

kişilər üçün azan və iqamənin oxunması fərzul kifayədir. Müsafir və təklikdə olanlar üçün müstəhəb, qadınlar üçün isə məkruhdur. Azan və iqamə vaxtından əvvəl olduqda məqbul sayılmır.

Namazın şərtləri:
1. İslam.
2. Əql.
3. Seçmək bacarığı.
4. İmkan daxilində təmiz olmaq.
5. Namaz vaxtının daxil olması. Zöhr namazının vaxtı günəşin zenit xəttini keçməsindən sonra hər şeyin kölgəsinin özü mislində olduğu vaxta qədərdir. Bundan sonra əsr namazının vaxtı başlayır. Bu namazın ixtiyari (İxtiyari: Yəni bu vaxt ərzində namazı qılmaq ixtiyaridir.) vaxtı hər şeyin kölgəsi iki özü mislində olana qədər davam edir. Sonra isə günəş batana qədər zəruri vaxtıdır. Günəş batdıqdan sonra məğrib namazının vaxtı başlayır və qırmızı üfüq itənə qədər davam edir. Sonra işa namazının vaxtı başlayır və ixtiyari vaxtı gecənin yarısına qədər davam edir. Sübh girənə qədər zəruri (Zəruri: Bu müddət ərzində namazı qılmaq zəruridir.)vaxtı sayılır. Sonra isə günəş çıxana qədər sübh namazının vaxtı davam edir.
6. İmkan daxilində dərini bildirməyən bir şeylə övrət yerini örtmək. On yaşına çatmış oğlan uşağının övrəti göbəkdən dizə qədərdir. Həddi büluğa çatmış qız uşağının üzündən başqa bütün bədəni övrətdir.
7. İmkan daxilində bədəni, paltarı və namaz qıldığı yerdə murdarlıqdan uzaq olmaq.
8. İmkan daxilində qibləyə tərəf yönəlmək. 9. Niyyət etmək.


Namazın doğru olması üçün zəruri amillər (rükunlar): Namazın on dörd rüknu vardır.
1. İmkan daxilində fərz namazını ayaq üstə qılmaq.
2. Namaza başlayarkən edilən birinci təkbir (Təkbirətul ehram).
3. Fatihə surəsini oxumaq.
4. Hər rükətdə rüku etmək.
5. Rükudan qalxmaq.
6. Qalxdıqdan sonra düz dayanmaq.
7. Yeddi əza üzərində səcdə etmək.
8. İki səcdə arasında oturmaq.
9. Sonuncu təşəhhüd.
10. Bu təşəhhüd üçün oturmaq.
11. Sonuncu təşəhhüddə Peyğəmbərə (s.a.v) salavat demək.
12. Birinci salam.
13. Feli rükunları yerinə yetirərkən tələsməmək.
14. Bu rükunları ardıcıllıqla emtək.
Namaz bu rükunlarsız doğru sayılmır. Bunlardan birini qəsdən və ya səhvən tərk etməklə həmin rükət batil olur.


Namazın vacib əməlləri: Bunlar səkkizdir.
1. Birinci təkbirdən (təkbirətul ehramdan) başqa, digər bütün təkbirlər.
2. İmam və təklikdə namaz qılanın “Səmiəllahu limən həmidəh” sözlərini deməsi.
3. Rükudan qalxarkən “Rabbənə va ləkəl həmd” sözlərini demək.
4. “Sübhanə rabbiyəl azim” sözlərini rükuda bir dəfə demək.
5. “Sübhanə rabbiyəl alə” sözlərini səcdədə bir dəfə demək.
6. İki səcdə arasında “Rəbbiğfirli” demək.
7. Birinci təşəhhüd.
8. Bu təşəhhüd üçün oturmaq. Deyilən vacibləri qəsdən tərk etdikdə namaz batil olur. Əgər səhv edib tərk edərsə, bunun üçün səhv səcdəsi etmək kifayətdir.

Namazın deyilən və edilən sünnə əməlləri:

Bu əməlləri qəsdən tərk etdikdə namaz batil olmur. Deyilən sünnələr: İstiftah (Birinci təkbirdən sonra oxunan dua istiftah (açılış) duası adlanır.) duasını oxumaq. İstiazəni (İstiazə: Əuzu billəhi minəş şeytanir rəcim.) və bəsmələni (Bəsmələ: Bismilləhir Rahmənir Rahim.) demək. Səsli namazda səslə, səssiz namazda isə səssiz amin demək. Fatihədən sonra Qurandan istədiyi qədər oxumaq. İmamın səslə oxuması. İmamın arxasında dayananlara belə etmək qadağandır. Təklikdə namaz qılana isə seçim ixtiyarı verilir. “Rabbənə və ləkəl həmd” sözlərini dedikdən sonra “Həmdən kəsirən tayyibən...” duasını oxumaq. Rukuda, səcdədə və iki səcdə arasında edilən zikrləri birdən artıq etmək. Salamdan öncə dua etmək.

Feli sünnələr:

Təkbirətul ihramı deyərkən, rükuya gedərkən, rükudan qalxarkən və birinci təşəhhüdü dedikdən sonra qiyama qalxarkən əlləri qaldırmaq. Ayaq üstə dayanarkən sağ əli sol əlin üzərinə sinənin altına qoymaq. Səcdə yerinə baxmaq. Ayaq üstə olarkən ayaqları aralı tutmaq. Səcdəyə gedərkən birinci dizlərini, sonra əllərini, alnını və burnunu yerə qoymaq. Səcdə zamanı dirsəklərini böyürlərindən, qarnını baldırlarından, baldırlarını isə dabanlarından aralı tutmaq. Eləcə də dizləri aralı saxlamaq və ayaq pəncələrini dik tutub ayaq barmaqlarını alt hissəsini yerə qoymaq. Əl barmaqlarını birləşdirib əllərini isə açıq şəkildə çiyinlər bərabərliyində saxlamaq. Səcdədən qalxarkən ayaq pəncələrinə yüklənib əlləri ilə dizlərinə dayaq verib qalxmaq. İki səcdə arasında və birinci təşəhhüddə oturarkən iftiraş(İftiraş oturuş qaydasıdır. Sol ayağı yerə yatırıb onun üzərində oturmaq, sağ ayağı isə dik tutub ayaq barmaqlarını qibləyə tərəf istiqamətləndirmək. ) oturuşu oturmaq. İkinci təşəhhüddə isə, təvərrük (Təvərrük də oturuş qaydasıdır. Bu oturuşda sol ayaq sağ pəncənin önünə yerləşdirilir və sol baldır yerə qoyulur.) oturuşu oturmaq. İki səcdə arasında və həmçinin təşəhhüddə əl barmaqları birləşdirilib, əllər baldırların üzərinə qoyulur Təşəhhüd zamanı sağ əlin çeçələ barmağı ilə yanındakı barmaq yumulur, orta barmaq ilə baş barmaq bir-birinə halqa formasında birləşdirilir, Allahın adı çəkiləndə və dua edəndə Allahın təkliyinə işarə olaraq şəhadət barmağı tərpədilir. Salam verərkən sağ və sol tərəfə dönmək. Salam verərkən birinci sağ tərəfə dönmək.

Səhv səcdəsi:

Namaz əsnasında hər hansı sözü səhvən başqa yerdə deyərsə, məsələn səcdədə Quran oxuyarsa, bu halda səhv səcdəsi etmək sünnədir. Sünnədən sayılan əməlləri tərk etdikdə isə istəsə, səhv səcdəsi edə bilər. Namaza rüku, səcdə, rükət və oturuş əlavə etsə, namazı bitirmədən öncə salam versə, oxunuşda mənanı dəyişən səhv etsə, namazın hər hansı vacib əməlini unutsa, əməli edən zaman artıq etdiyi barədə şübhə etsə, səhv səcdəsi vacibdir. Vacib buyurulan səhv səcdəsini qəsdən tərk etmək namazı batil edir. Səhv səcdəsini salamdan öncə və ya sonra edə bilər. Səhv səcdəsi unudulub üzərindən uzun müddət keçərsə, bu bağışlanandır.

Namazın vəsfi:

Namaz qılmaq istəyən kimsə ayaq üstə dayanıb, qibləyə yönələrək “Allahu Əkbər” deyir. İmam arxada dayananlara işarə vermək üçün bu və digər təkbirləri səslə deyir. İmamın arxasındakılar isə namazı səssiz qılırlar. Birinci təkbiri deyən zaman əllərini çiyinləri bərabərliyinə qaldırır, sonra sağ əlini sol əlinin üstünə, sinəsinin altına qoyur. Gözünü isə səcdə yerinə dikir. Sonra sünnədə deyilən dualardan biri ilə başlayır. Məsələn, bu duanı oxuya bilər. «Sübhanəkə Allahummə və bihəmdikə və təbarəkə ismukə və təalə cəddukə və lə iləhə ğəyrukə» (Tərcümə: «Ey Allahım, Sən naqisliklərdən paksan. Sənə həmd edirik. Sənin adın müqəddəs, cəddin ucadır. Səndən başqa haqq ilah yoxdur».) Sonra “Əuzu billəhi minəş şeytanir rəcim. Bismilləhir Rəhmanir Rəhim” – deyir. Bunların heç birini səslə oxumur. Sonra “əl-Fatihə” surəsini oxuyur. Əgər namaz səslidirsə, imamın arxasında namaz qılan kimsə imam susan vaxtda fatihəni səssiz oxuması müstəhəbdir. Səssiz namazlarda imamın arxasında namaz qılan üçün fatihəni oxumaq vacibdir. Fatihədən sonra “Amin” deyilir. Bundan sonra Qurandan istədiyi surəni oxuyur. Sübh namazında “Qaf” surəsi ilə “Nəbə” surəsi arasında olan surələrdən, məğrib namazında “Duha” surəsindən sonuncu surəyə qədər olan surələrdən, digər namazlarda isə “Nəbə” surəsindən “Duha” surəsinə qədər olan surələrdən oxumaq müstəhəbdir. İmam dayanan kimsə sübh namazının hər iki rükətində, məğrib və işa namazlarının ilk iki rükətlərində səslə oxuyur. Digər rükətlərdə və namazlarda isə səssiz oxuyur. Sonra birinci təkbirdə olduğu kimi əllərini qaldırıb təkbir edir və rükuya gedir. Rüku zamanı ovuclarını dizlərinə qoyur, əl barmaqlarını aralayıb, onları diz qapaqlarına bərkidir və belini düz saxlayıb, başını da o səviyyədə tutur və üç dəfə “Sübhanə rəbbiyəl azim” – deyir. Sonra “Səmiəllahu limən həmidəh” deyərək qamətini rükudan qaldırır. Bu zaman birinci təkbirdə olduğu kimi əllərini də qaldırır. Qamətini tam düzəltdikdən sonra “Rabbənə va ləkəl həmdu həmdən kəsiran tayyibən mubarəkən fihi mil`əs-səmavati və mil`əl-ardi və milə mə şi`tə min şey`in bə`d” – deyir. Sonra təkbir edib səcdəyə gedir. Səcdə zamanı dirsəklərini böyürlərindən, qarnını baldırlarından, baldırlarını isə dabanlarından aralı tutaraq, ayaq pəncələrini dik tutub, ayaq barmaqlarının alt hissəsini yerə qoyur, əl və ayaq barmaqlarını qibləyə tərəf yönəldir və bundan sonra üç dəfə “Sübhanə rəbbiyəl alə” deyir. Bu məqamda hədislərdə deyilən bəzi duaları, yaxud özünün istədiyi duanı edə bilər. Sonra təkbir edib, səcdədən qalxır və sol ayağını yerə yatırıb, üzərində oturur, sağ ayağını isə dik tutub, barmaqlarını qibləyə tərəf yönəltmiş halda oturur. Yaxud hər iki ayağını dik tutub, ayaq barmaqlarını qibləyə tərəf yönəldərək, dabanları üzərində oturur və iki dəfə “Rəbbiğfirli” deyir. İstəsə bunu da əlavə edə bilər: “...vərhəmni, vəcburni, vərfəni, vərzuqni, vənsurni, vəhdini, vəafini, vəfu anni”. Sonra birinci səcdə kimi ikinci səcdəni edir və təkbir edib səcdədən qalxır. Ayaqlarına dirənib ayağa qalxır və ikinci rükəti də birinci kimi qılır. İkinci səcdəsini bitirdikdən sonra təşəhhüdü oxumaq üçün sol ayağını yerə yatırıb, üzərində oturur, sağ ayağını isə dik tutub, barmaqlarını qibləyə tərəf yönəltmiş halda oturur. Sol əlini sol, sağ əlini isə sağ baldırının üzərinə qoyur. Təşəhhüd zamanı sağ əlin çeçələ barmağı ilə yanındakı barmaq yumulur, orta barmaq ilə baş barmaq bir-birinə halqa formasında birləşdirilir, Allahın adı çəkiləndə və dua edəndə Allahın təkliyinə işarə olaraq şəhadət barmağını tərpədir və bu duanı oxuyur: «Əttəhiyyatu lillahi vəs səlavatu vət tayyibatu, əssəlamu alən nəbiyyi və rəhmətullahi və bərəkətuhu, əssəlamu aleynə və alə ibadillahis salihin. Əşhədu əllə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən abduhu və rəsuluhu»
(Duanın tərcüməsi isə belədir: «Ən gözəl salamlar, namazlar və yaxşı işlər Allaha məxsusdur. Ey Allahın Peyğəmbəri, sənə Allahın salamı,rəhməti və bərəkəti olsun. Bizə və Allahın əməlisaleh bəndələrinə Allahın salamı olsun. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Şəhadət verirəm ki, Muhəmməd Allahın qulu və elçisidir».)

Sonra üç və dörd rükətli namazı tamamlamaq üçün təkbir edib ayağa qalxır və əllərini də qaldırır. Namazın üçüncü və dördüncü rükətləri bu qayda ilə qılınır. Bu rükətlər səssiz oxunur və yalnız fatihə surəsinin oxunması kifayət edir. Sonra sonuncu təşəhhüdü oxumaq üçün sol ayağını yerə yayıb, dik tutduğu sağ pəncəsinin ön tərəfinə keçirir və oturacağını yerə qoyub oturur (bu oturuş iki təşəhhüdlü namazların ikinci təşəhhüdündə edilir). Bu zaman birinci təşəhhüddə oxuduqlarını oxuyur və əlavə olaraq bunları da oxuyurur: «Allahummə salli alə Muhammədin və alə ali Muhəmməd, kəmə salləytə alə İbrahimə və alə ali İbrahimə innəkə həmidun məcid. Allahummə barik alə Muhəmmədin və alə ali Muhəmməd, kəmə barəktə alə İbrahimə və alə ali İbrahimə innəkə həmidun məcid».
Sonra bu və digər bu kimi duaları demək sünnədir: “Əuzu billəhi min azəbin nar və azəbil qabr və fitnətil məhya vəl məmat və fitnətil məsihid dəccal”
Sonra əvvəlcə sağ, ardınca sol tərəfə “Əssəlamu aleykum və rəhmətullah” deyib salam verilir. Bununla namaz tamamlanır. Bundan sonra hədislərdə deyilən duaları oxumaq sünnədir
(Həmin dualar bunlardır: Üç dəfə “Əstəğfirullah”. “Allahummə əntəs salam va minkəs salam təbarəktə ya zəlcələli vəl ikram. Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu ləhul mulku va ləhul həmdu va huvə alə kulli şeyin qadir. Lə hovlə valə quvvətə illə billəh. Lə iləhə illəllahu valə nəbudu illə iyyəh. Ləhun nimətu va ləhul fadlu va ləhus sənəul həsən. Lə iləhə illəllahu muxlisinə ləhud dinu va lov kərihəl kəfirun. Allahummə lə ma`niə limə atəytə valə mu`tiə limə məna`tə valə yənfəu zəl cəddi minkəl cədd”. Bunlarla yanaşı sübh və məğrib namazlarından sonra on dəfə bu duanı demək lazımdır: “Lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu ləhul mulku va ləhul həmdu yuhyi və yumitu vahuvə alə kulli şeyin qadir”. Sonra hərəsi otuz üç dəfə olmaqla “sübhənallah”, “əlhəmdulilləh” və “Allahu əkbər” – sözləri deyilir. Bunlar doxsan doqquz edir və yüzü tamamlamaq üçün bir dəfə də bu dua deyilir: “Lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu ləhul mulku va ləhul həmdu vahuvə alə kulli şeyin qadir”. Sonra hərəsi bir dəfə olmaqla kürsü ayəsi (ayətəl kürsü), ixlas (Qul huvəllahu əhəd), fələq (Qul əuzu birabbil fələq) və nəs (Qul əuzu birabbin nəs) surələri oxunur. Sübh və məğrib namazlarından sonra ixlas, fələq və nəs surələri üç dəfə oxunur.)

Xəstə adamın namazı:

Əgər namazı ayaq üstə qılmaq xəstəliyini artırır, yaxud ayaq üstə qıla bilmirsə, o zaman namazı oturub qılmalıdır. Əgər belə vəziyyətdə qıla bilməsə, yan üstə uzanıb qılmalı, bunu da bacarmasa, arxası üstə uzanıb qılmalıdır. Rüku və səcdə etmək bacarığında olmazsa, azacıq əyilib etmək kifayətdir. Həmçinin qılmadığı namazları da qəza etməlidir. Əgər namazları vaxtında qılmaq çətin olsa, o zaman zöhr ilə əsri, məğrib ilə işanı ikisindən birinin vaxtında bir vaxtda qıla bilər.

Müsafirin namazı:

Qət edilən məsafə təxminən 80 km-dən artıqdırsa, və şəriətin icazə verdiyi səfərdirsə, o zaman dörd rükətli namazları qısaldıb iki rükət qılmaq olar. Əgər səfər etdiyi yerdə dörd gündən artıq (iyirmi namaz müddəti) qalmaq niyyətindədirsə, çatdığı andan namazları tam qılmalıdır . Müsafir yerli adamın arxasında namaz qılarsa, yaxud səfərə çıxmamış hər hansı namazı unudub səfərdə xatırlayarsa, yaxud bunun əksi baş verərsə, bütün bu hallarda namazları tam qaydada qılmaq lazımdır. Müsafir namazı tam qıla bilər, amma qısaltmaq daha üstün sayılır.

(qeyd:Səfərdə namazların neçə gündən sonra qısaldılması məsələsi ətrafında fikir ayrılığı vardır. Tədqiqatçı alimlərin daha doğru hesab etdikləri rəyə görə, insan özünü müsafir kimi hiss etdiyi müddətdə səfərdə sayılır və namazlarını da bu hala uyğun qılır.)


Cümə namazı:

Bu namaz zöhr namazından daha üstündür. Bu qısaldılmış zöhr namazı deyil, özü müstəqil namaz sayılır. Bu namazı dörd rükətli, yaxud zöhr niyyəti ilə qılmaq olmaz. Hətta səbəb olsa belə, bu namazı əsr ilə birlikdə qılmaq olmaz.

Vitr namazı:

Bu namaz sünnə namazlarından hesab olunur. Qılınma vaxtı işa namazından sübh namazına qədərdir. Rükətlərinin sayı azı bir, çoxu isə on bir rükətdir. Hər iki rükətdən bir salam vermək daha yaxşıdır. Yaxud dörd, altı və ya səkkiz rükəti birdən qılıb, sonuncu cüt rükətdən dərhal sonra bir rükət qıla bilər. Eləcə də üç, beş, yeddi və ya doqquz rükəti bir yerdə (bir dəfə salam verməklə) qıla bilər. Mükəmməl az rükət sayı iki salam verməklə üç rükət qılmaqdır. Bu namazdan sonra oturaq halda iki rükət qılmağa icazə var.

Cənazə namazı:

Müsəlmanın meyitini yumaq, kəfənləmək, cənazə namazı qılmaq, qəbiristanlığa daşımaq və dəfn etmək işlərinin bir qrup insan tərəfindən həyata keçirilməsi kifayətdir. Döyüş meydanında şəhid olanlar yuyulmaz və kəfənlənməzlər. Onlar üçün cənazə namazı qılmaq isə icazəlidir. Onlar öldükləri qaydada da dəfn olunurlar. Kəfənləməyin necəliyinə gəldikdə, kişi üçün üç qat ağ parça kifayətdir. Qadın üçün isə bir qurşaq, bir baş yaylığı, bir köynək və iki qat ağ örtük olmaqla, ümumilikdə beş parça lazımdır. Cənazə namazını qılarkən imamın kişi meyitinin sinəsi, qadın meyitinin qurşağı tərəfində dayanması sünnədəndir. Cənazə namazı dörd təkbirdən (Allahu əkbər – sözlərindən) ibarətdir. Dörd dəfə "Allahu əkbər" deyilir və hər dəfə əllər qaldırılır. Birinci təkbirdən sonra “Əuzu billəhi minəş şeytanir rəcim. Bismilləhir rahmənir rahim” – sözləri deyilib, fatihə surəsi səssiz oxunur. Sonra ikinci təkbir edilib, Peyğəmbərə (s.a.v) salavat deyilir. Sonra üçüncü təkbir deyilib, ölən üçün dua edilir. Sonra dördüncü təkbir deyilib, bir az fasilə verilir və sonra yalnız sağ tərəfə salam deyilir. Qəbri bir qarışdan artıq qaldırmaq, üzərini tikmək, öpmək, ətirləmək, üzərində yazı yazmaq, oturmaq və ya onu tapdalamaq haramdır. Qəbirləri işıqlandırmaq, ətrafında dövrə vurmaq, üstündə məscid tikmək və ya öləni məsciddə dəfn etmək haramdır. Qəbirlərin üzərində tikilmiş məbədlərin dağıdılması vacibdir.

•Təziyə sözlərində məhdudiyyət yoxdur. Misal olaraq təziyədə başsağlığı verərkən belə demək olar: “Ə`zəməllahu əcrakə və əhsənə azəəkə və ğafərə li meyyitikə” .(Duanın tərcüməsi: “Allah savabını artırsın, kədərini aparsın, ölünə rəhmət etsin”.) Ölmüş kafirə görə müsəlmana başsağlığı vermək üçün belə demək olar: “Ə`zəməllahu əcrakə və əhsənə azəəkə”. Ölmüş insan müsəlman olsa da, kafirə başsağlığı vermək haramdır.
•Ölüm ayağında olan insan ailəsinin onun üçün ağı deyib, ağlaşma quracaqlarını ehtimal edərsə, onlara bu əməli etməsinlər deyə xəbərdarlıq etməlidir. Əks halda, onların ağı deyib, ağlaşma qurmalarına görə qəbirdə ona əzab veriləcəkdir.
•İmam Şafii / deyir: "Təziyə vermək üçün oturmaq məkruhdur". Yəni ölən adamın yaxınlarının onlara başsağlığı vermək istəyənləri qəbul etmək üçün bir evdə toplaşmaları məkruhdur. Əslində hər kəs, istər kişi, istərsə qadın – öz işinin ardınca getməlidir.
•Ölənin ailəsi üçün yemək hazırlamaq sünnədir. Onların yeməyindən yemək, yaxud təziyəyə gələnlər üçün yemək hazırlamaq məkruhdur.
•Müsəlmanın qəbrini ziyarət etmək sünnədir. Amma bunun üçün səfər etmək olmaz. Kafirin qəbrini ziyarət etmək də icazəlidir. Kafirin müsəlman qəbrini ziyarət etməsi qadağan deyil.
•Qəbiristanlığa daxil olanın belə deməsi sünnədir: «Əs-sələmu aleykum darə qovmin muminin. Va innə inşəa-l-lahu bikum lələhiqun. Yərhamu-l-lahu-l-mustəqdiminə minnə va-l-mustəxirin. Nəsəlu-l-lahə lənə va ləkumu-l-afiyətə. Allahummə lə təhrimnə əcrahum va lə təftinnə bədəhum. Vəğfir lənə və ləhum». «Sizə salam olsun, ey möminlər diya¬rının əhli! Allah qoysa, biz də sizə qoşulacağıq. Bizdən qabaq və sonra olanlara Allahın mərhəməti olsun. Allahdan özümüzə və sizə salamatlıq diləyirik.
Ey Allahım, bizi onların savabından məhrum etmə və bizi onlardan sonra fitnəyə düçar etmə. Həm bizi, həm də onları bağışla».
•Kəfənin üzərinə Quran ayələri yazmaq haramdır. Çünki kəfən murdar şeyə bata bilər. Həmçinin belə etmək Quranı alçaltmaq hesab olunur və şəriətdə belə bir əməli etmək tələb olunmamışdır.
•Ölən üçün ümumi məna daşıyan dua: «Allahumməğfir ləhu vərhəmhu və afihi vəfu anhu və əkrim nuzuləhu və vassi mudxaləhu vəğsilhu bilməi vəs səlci vəl bərəd. Və nəqqihi minəl xətayə kəmə nəqqaytə əs-sovbəl əbyadə minəd dənəs. Və əbdilhu darən xeyran min darihi və əhlən xeyrun min əhlihi və zovcən xeyrun min zovcihi və ədxilhul cənnətə və əizhu min azəbil qabr və min azəbin nar». «Allahım, onu bağışla, ona rəhm et, onun əhvalını yaxşı et, onu əfv et, onun yerini yumşaq et, girdiyi yerini (qəbrini) geniş et, onu su, qar və dolu ilə yu. Xətalarından ağ paltarı çirkdən təmizlədiyin kimi təmizlə və onun evinin əvəzinə, daha yaxşı ev, ailəsinin əvəzinə, daha yaxşı ailə, həyat yoldaşının əvəzinə, daha yaxşı həyat yoldaşı ver! Onu Cənnətə göndər. Onu qəbr və Cəhənnəm əzabından qoru». Müslim rəvayət etmişdir.

İki bayram namazı:

Bu namaz bir qrup müsəlman tərəfindən qılınarsa, digərlərinin bu namazı qılmaması onlar üçün günah sayılmaz. Bu namazın vaxtı duha namazı kimi günəş tam çıxıb istisi yayıldıqdan sonra zöhr namazına qədər olan vaxtda qılınır. Zöhr namazının vaxtı dirdikdən sonra həmin günün bayram günü olduğunu bildikdə bayram namazı ertəsi gün qəza olaraq qılınır. Xütbədən başqa, digər bütün şərtləri cümə namazının şərtləri kimidir. Əgər bu namaz qeyri məsciddə qılınırsa, namazdan öncə və sonra nafilə namazı qılmaq məkruhdur. Bu namazın qılınma qaydası belədir: Namaz iki rükətdən ibarətdir. Birinci rükətdə təkbirətul ehramdan sonra altı dəfə, ikinci rükətə başlayıb, fatihəni oxumadan öncə beş dəfə təkbir edilir. Hər təkbir edərkən əllər qaldırılır, iki təkbir arasında Allaha həmd edilir və Peyğəmbərə (s.a.v) salavat deyilir. Sonra “Əuzu billəhi minəş şeytanir racim” deyib, uca səslə fatihə surəsi oxunur. Birinci rükətdə fatihədən sonra “əl-Alə” surəsi, ikinci rükətdə isə “əl-Ğaşiyə” surəsi oxunur. Namazı bitirdikdən sonra imam cümə namazında olduğu kimi iki xütbə ilə çıxış edir. Lakin yaxşı olar ki, bu xütbədə təkbir çox etsin. Əgər imam bayram namazını adi iki rükətli namaz kimi qıldırarsa, namazı məqbuldur. Çünki artıq sayda edilən təkbirlər və onların arasında zikrləri oxumaq sünnədir.

Ay və günəş tutulması üçün qılınan “Küsuf” namazı:

Bu namazı qılmaq sünnədir. Bu namazın vaxtı günəşin və ya ayın tutulmasından başlayıb, tutulma bitənə qədər davam edir. Bu namazın qəzası yoxdur. Bu namazın qılınma qaydası belədir: Namaz iki rükətdən ibarətdir. Birinci rükətdə səslə fatihə və digər uzun surə oxunur. Sonra uzun müddətli rüku edilir. Sonra rükudan qalxarkən deyilən adi zikrlər deyilir, amma səcdəyə gedilmir. Yenidən fatihə və digər uzun surə oxunur və uzun müddətli rüku edilir. Rükudan qalxıb uzun müddətli iki səcdə edilir. Sonra ikinci rükət də eyni qayda ilə qılınır, təşəhhüd oxunur və salam verilir. İmamla namaz qılmağa gələn kəs birinci rükudan sonra namaza qoşularsa, onun birinci rükəti sayılmır.

Yağış yağması üçün qılınan “İstisqa” namazı:

Quraqlıq artdıqda və yağış azaldıqda bu namazı qılmaq sünnədir. Bu namazın qılınma vaxtı, qaydası, əhkamları bayram namazı kimidir. Fərq yalnız ondadır ki, bu namazdan sonra iki xütbə deyil, bir xütbə oxunur. Yağış yağması üçün dua edərkən vəziyyətin dəyişməsi üçün paltarın ətəyini alt-üst çevirmək sünnədir.

Qeydlər:
Peyğəmbərin (s.a.v) səflərin düzəldilməsini əmr edən hədisində deyilir: “Ya səflərinizi düz tutacaq, ya da Allah sizin üzlərinizi bir-birinizdən ayıracaqdır”. Noman ibn Bəşir deyir ki, «Bizi (namaza durarkən görsəydin) görərdin ki, hər kəs çiynini yanındakının çiyninə, ayağını yanındakının ayağına, topuğunu da yanındakının topuğuna birləşdirərdi». Kişilər üçün adi halda və ya imkan olduqda səfərdə də camaat namazı qılmaq vacibdir. Camaat namazına gəlməyən və ya bu işdə səhlənkarlıq edən kişilər tərbiyələndirilməli və tənbeh olunmalıdırlar. Bu işdə iştirak etmək möminlərin, yayınmaq isə münafiqlərin şüarıdır. Peyğəmbər (s.a.v) deyir: «Nəfsim əlində olana and olsun, istəyirəm bir nəfərə odun toplamağı, sonra azan verib, camaatı namaza çağırmağı əmr edim. Sonra öz yerimə bir nəfəri imam təyin edib gedib bəzi kişilərin evlərini yandırım» Buxari və Müslim.


Tarix: 10.04.2013 / 20:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1320 Bölmə: Maraqlı melumatlar