beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quran sənin lehinə və yaxud əleyhinə olan bir dəlildir

Muslimin mötəbər bir hədis kimi rəvayət etdiyi bu sərlövhə Quranı oxuyanları iki hissəyə ayırır

Quranı oxuyan və qiyamət günü Quranın onun lehinə dəlil gətirəcəyi şəxs, Quranın hökmlərini yerinə yetirən, qoyduğu qadağalardan uzaq duraraq halalını halal, haramını haram qəbul edən, Qurana müvafiq olaraq hökm verən, onun hökmünə tabe və razı olan, Uca Allahın: "Ya Peyğəmbər! Bu Quran sənə nazil etdiyimiz mübarək bir Kitabdır ki, insanlar onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ibrət alsınlar!" (Sad, 38/29) buyruğuna əməl edərək, onun başa düşülməsi üstündə yaxşıca fikirləşən, onu çoxluca oxuyub əzbərləyən, başqasından dinləyən, bilavasitə Qurani Kərimə dair verilişlər yayan radiolardan, Sıddıq Minşəvi, Husari və daha başqa məşhur Quran qarilərinin kassetlərini yaxşıca dinləyərək ailəsi ilə birlikdə onun tilavətindən və təfsirindən faydalanan, Uca Allahın: "…Əhdə vəfa edin. Çünki insan əhd barəsində qiyamət günü cavabdehdir"82 (İsra, 17/34) buyruğunu oxuduqda və ya dinlədikdə Rəbbinə və qardaşlarına olan əhdlərini və vədlərini yada salaraq yerinə yetirmək üçün hazır olan şəxsdir.
2.Qurani Kərimi oxumaqla bərabər Quranın onun əleyhinə dəlil gətirəcəyi adam isə onun hökmlərinə layiqincə əməl etməyən, qoyduğu qadağanlarından çəkinməyən, halalını halal, haramını haram saymayan, Qurana müvafiq olaraq hökm etməyən, Quran hökmlərinə tabe və razı olmayan, Quranı anlamağa, üstündə düşünərək hökmlərini tətbiq etməyə əhəmiyyət verməyən kimsədir. Belə bir kəs Uca Allahın: "…Sonra Allaha dua edib yalançılara Allahın lənət etməsini diləyək!" (Ali-İmran, 3/61) buyruğunu oxuduğu və dinlədiyi zaman, onun insanlarla danışığında yalan söylədiyini, sözü üstündə durmadığını, əlaqələrində, bağladığı əqdlərində onları aldatdığını görürük. Çox təəssüflər olsun ki, bəzi kafirlərin qarşılıqlı əlaqələrində, əqdlərində və verdikləri sözlərində vəfalı olduğu görülməkdədir. Mənim oğlumun başa saldığına görə, o, Parisdə zooparkda gəzərkən orada ikiəlli bir heyvan görmüşdür. Bir nəfər o heyvana bir şey atanda o əliylə tuturmuş. Orada gəzənlərdən başqa birisi verməyə bir şey tapmadığı üçün heyvana sanki bir şey verirmiş kimi əliylə işarə edir. Bunu görən heyvanxana nəzarətçisi olan fransız həmin müsəlmana yaxınlaşaraq, heyvanı aldatmasına görə onu məzəmmət etmişdi.
Bu əhvalat bizə imam Buxarinin (Uca Allah ona rəhmət etsin) başına gəlmiş bir hadisəni xatırladır. O, hədis nəql etdiyini eşitdiyi bir adamdan hədis almaq üçün çox uzaq bir şəhərə getmişdi. Uzun sürən və çətin bir səfərdən sonra həmin adamın yanına gəlib çatmışdır. O adamın bir heyvana əli və paltarının ətəyi ilə işarə edərək (Sanki bir şey verirmiş kimi) çağırdığını gördükdə, Buxari hədisi ondan dinləmədən geri dönmüşdür. Çünki heyvanı yalanla aldadan bir kimsə Peyğəmbər (sallallahu əleyhi və səlləm) haqqında da yalan deyər. Bir çox adamlar zarafat xatirinə yalan dediklərinin və yaxud uşağına yalan söyləməyinin və, beləliklə də, onun bu əməllərinin öz əleyhinə yazıldığının fərqinə varmırlar. Hədisdə belə deyilir:
"Zarafatla da olsa, yalan söyləməkdən çəkinən şəxsin cənnətin ortasında bir evinin olacağına mən zamin dururam" (əl-Əlbani hədisin yaxşı istinadlı olduğunu bildirmişdir)
Belə olduğu halda, müsəlman qardaşım, oxuduğun və dinlədiyin Qurana əməl etməlisən ki, Quran sənin əleyhinə deyil, lehinə dəlil olsun. Xüsusilə Quran hafizləri, Quran elmləri və təfsiri ilə məşğul olanlar belə olmalıdırlar. Çünki Quranı əzbərləyən və təfsiri ilə məşğul olanların bir çoxunun Quranın göstərişlərinə, əxlaqına sadiq olmadıqları müşahidə edilir.
Digər tərəfdən Quranı əzbərləməklə, onun təfsiri ilə uzun müddət məşğul olmaqla bərabər yalan danışan, qardaşlarına ən çirkin niyyətlərlə böhtan atan, çirkin sözlər deməkdən çəkinməyən və bunları zəruri edən heç bir səbəb gətirməyən insanlar da vardır. Belə ki, sələfi əqidəsi sahibi olan, yüksək səviyyəli, hörmətli bir mühəddis elm xadimi haqqında onun cəhənnəm odunda yanacağına dair qərar çıxaran və Məkkə harami içərisində bir qardaşına hücum çəkərək, onu "ey cahil, ey yolunu azmış, sən mənə cavab verməyə cəsarətmi edirsən" deyənləri də görürük. Demək lazımdır ki, məhz bu kimsəyə qardaşı öyüd-nəsihət vermiş və onun səhvlərini çox ehmallıca şərh etmişdir. Lakin bu şəxsi günahkarlıq və təkəbbür hissi əsir etmiş, o, Beytullahın divarları arasında düşmənçilik edərək həddini aşmışdır. Halbuki, İslamdan əvvəlki müşriklər də belə bu Allah evinə hörmət edərdilər. Atasının qatilini də Haramda görən, Allahın evinə bəslədiyi ehtirama görə, ondan üzünü çevirərdi. Fəqət belə bir adam Quranı əzbərləməsinin, onun təfsiri ilə məşğul olmasının hansı bəhrəsini görə bildi? Şübhəsiz ki, Quran bu şəxsin əleyhinə dəlil olacaqdır. Sözü doğru olan və doğru sözü təsdiqləyən Peyğəmbər (sallallahu əleyhi və səlləm) buyurmuşdur: "Quran ya sənin lehinə, ya da əleyhinə bir dəlildir" (Muslim)
Quran hafizləri arasında ölülərə Quran oxumağı özünə peşə seçən, bunun əvəzində pul alan və məclislərdə yeyib-içmək üçün bir vasitəyə çevirən kimsələri tanıyıram. Ancaq Peyğəmbər (sallallahu əleyhi və səlləm) millətini belə şeylərdən çəkindirərək belə buyurmuşdur:
1. "Quranı oxuyun, ona əməl edin, ondan uzaq düşməyin. Onun həddini aşmayın. Onu yemək vasitəsinə çevirməyin. Onun vasitəsilə mallarınızı çoxaltmağa cəhd etməyin" (Səhih hədis kimi imam Əhməd və başqaları tərəfindən rəvayət edilmişdir)
2. "Quranı oxuyan və onun vasitəsilə insanlardan bir şey istəyən qruplar peyda olmamışdan əvvəl Quranı oxuyun və onun vasitəsilə Allahdan istədiklərinizi diləyin" (Səhih hədis kimi imam Əhməd və başqaları tərəfindən rəvayət edilmişdir)


Tarix: 17.04.2013 / 15:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 208 Bölmə: Maraqlı melumatlar