beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SİZİ HESABA ÇƏKMƏMİŞDƏN ƏVVƏL ÖZÜNÜZÜ HESABA ÇƏKİN

Ey müsəlman qardaşım və müsəlman bacım! Ömründən gör nə qədər keçib. Heç ömrün boyu bircə gün də olsa oturub olanlar, keçənlər, dediklərin və elədiklərin haqqında düşünmüsənmi? Heç bircə gün olubmu oturub pis və çirkin əməllərini bir-bir sayasan, xətalarını və səhvlərini hesablayasan? Heç oturub etdiyin ibadətləri necə yerinə yetirdiyin barədə dərindən fikirləşmisənmi? Görəcəksənki bu ibadətlərini çoxu xalis və saf olmayıb, ya nəfsindən razı halda etmisən, ya kiməsə göstərmək üçün, ya tənbəlliklə, ya nöqsanla, ya məcburiyyətlə və sairə. Bəs bu haldasansa necə səbr edirsən öz halına, necə bu vəziyyətdə davam etmək istəyirsən, aqibətindən qorxmursanmı? Allahu Təalanın qarşısında necə duracaqsan, belində o qədər günah və müsibətlər yükləyib gətirmisən?

Allahu Təala Əl-Həşr surəsinin 18-19-cu ayələrində buyurur: ((Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır! Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin! Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!))
Əz-Zumər surəsində də belə buyurulur: (((Tövbə edib) Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz!)) (54-cü ayə)
Ömər bin Əl-Xəttab (r.a) demişdirki: “Sizi hesaba çəkməmişdən əvvəl özünüzü hesaba çəkin...”

Xüşu və tam ehtiramla ibadət edin!
Allahu Təala, Ona itaət edən qullarını belə tə’rif etmişdir: ((Həqiqətən, Rəbbinin qorxusundan tir-tir əsənlər; Rəbbinin ayələrinə inanlar; Rəbbinə şərik qoşmayanlar; Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını (zəkatı, sədəqəni) verənlər - Məhz onlar yaxşı işlər görməyə tələsər (bir-biri ilə yarışar) və bu işlərdə (başqalarından) öndə gedərlər.)) (Əl-Muminun 57-61-ci ayə)
Möminlərin anası Aişədən (r.a) rəvayət olunubki belə demişdir: “Rəsulullahdan (s.a.s) bu ayə barəsində soruşdum və dedim: Onlar, şərab içənlər, zina və oğurluq edənlərdir? Dediki: “Xeyr ey Siddiqin qızı, onlar namaz qılıb oruc tutub, sədəqə verənlərdir və qorxurlarki Allah onlardan qəbul etməsin. Onlar xeyir əməllərə tələsənlərdir.” (Tirmizi, İbn Maca və Əhməd-in rəvayətlərindən)

Budur keçmiş salehlərin əməlləri ey müsəlman! Onlar daim xeyir əməllərə tələsər, ibadətlərini ləngitməz, itaətlərində birinci və Allaha yaxın olmaq üçün bütün savab əməllərə can atırdılar. Onlar hər kiçik səhvlərini hesab edər və peşmançılıq çəkərdilər, sonunda isə əməllərinin qəbul olunmamasından qorxurdular.
->> Əbu Bəkr (r.a) çox ağlayardı, hətta deyərdiki; Kaş bu ağac kimi olaydım
->> Ömər bin Əl-Xəttab (r.a), Ət-Tur surəsinin 7-ci ayəsini: ((Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır!)) oxudu və ağladı. O qədər ağladıki xəstələndi. Onun sifətində, çox ağlamaqdan iki qara xətt izi qalmışdı.
->> Osman bin Affan (r.a) qəbr olan yerdən keçərkən o qədər ağalayardı ki, onun saqqalı tam islanardı. Deyərdiki; Cənnət və Cəhənnəm arasında qalsaydım və hansına daxil olacağıma hələ əmr olunmasaydı, əmri eşitməmişdən kül olmağımı arzu edərdim.
->> Əli bin Əbu Talib (r.a) çox aglayardı və dəhşətli dərəcədə qorxardı, özünü daim hesaba çəkərdi. Ən çox da iki şeydən qorxardı, çox ümid etməkdən və öz nəfsinə uymaqdan. Çünki çox ümidlər etmək Axirəti unutdurur, nəfsə uymaq isə haqq yoldan azdırır.

Qəlbinizdə Allahu Təalanın əzəmətini hiss edin!
Müsəlman qardaşım və müsəlman bacım, qəlbində Allahu Təalanın əmrlərini səmimiyyətlə qəbul etdinmi? Allahu Təalanın səni çəkindirdikləri şeylərə yaxın getməməyi özünə söz verdinmi? Haramlardan uzaqlaşdınmı, sərhədi keçmədinki? Allahın və sənin öz düşmənin olan şeytana qalib gələ bildinmi? Allahu Təala Qur’ani Kərimdə buyururki: ((Həqiqətən şəytan sizin düşməninizdir və onu (özünüzə) düşmən edin (sayın). O, ona uyanları cəhənnəmə çağırar.)) (Fatir; 6-cı ayə)

Nəfsi hesaba çəkmək üçün gözəl misallar;
1. Ömər bin Əl-Xəttab öz işçilərindən bə’zilərinə belə yazmışdı: “Şiddətli və çətin halda hesaba çəkilməmişdən əvvəl yaxşı halında özünü hesaba çək. Kimki, şiddətlə hesabdan əvvəl yaxşı halında özünü hesaba çəkib yoxlayarsa, halı qibtə olunacaqdır. Kimiki, həyatı azdırıb və öz havasıyla və nəfsiylə məşğuldur, xüsrana uğrayacaq və peşman olacaq”
2. Qatədə, Əl-Kəhf surəsinin 28-ci ayəsindəki ((Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan bir kimsə...)) haqqında demişdirki; Həmin şəxs özünü salıb itirsə də, həyatını puç etsə də yenə görürsənki malını pulunu yığıb qoruyur, amma dinini qorumur.
3. Həsən demişdirki; “Özünu daim yoxlayan və hesaba çəkən şəxs xeyir içində olar.
4. Məymun bin Mehran deyibki; Kimki özünü, şərikini çəkdiyi hesabdan da güclü hesaba çəkməzsə müttəqi olmaz. Həqiqətən də insanın nəfsi, xəyanətkar bir şərik kimidir, onu hesaba çəkməsən malını götürüb gedər.
5. İmam Əhməd Vəhab haqqında deyirki; Davud ailəsinin hikmətlərində belə yazılıb: “4 vaxt varki, ağıllı insan ondan qafil olmamalıdır. Rəbbinə dua (münəca) edən zaman, özünu hesaba çəkən zaman, eyiblərini xatırladan qardaşlarıyla bir yerdə olan zaman və öz nəfsi ilə ləzzətləri arasında olduğu zaman.
6. Əhnəf bin Qeys barmağını lampasının üstünə qoyub deyərdi; Hiss elə ey Hənif. Filan günü filan şeyi eləməyə nə vadar etdi səni? Filan vaxtı filan şeyi etməyə nə çəkdi səni?

Mö’minlər, özlərini Qiyamət gəlməmişdən hesaba çəkənlər olmalıdırlar. Çünki bu dünyada özünü hesaba çəkənin, Axirətdə hesabı asan olar.
Mö’minləri həlak olmaqdan saxlayan Qur’ani Kərimdir.
Mö’minlər bu dünyada əsirdirlər. Onlar, Allahu Təalaya qovuşmayınca rahat oturmamalıdırlar bu dünyada.
İmam İbn Əl-Qeyyim (Allah ona rəhmət etsin) deyirki: “Səhabələrin (r.a) halına bir nəzər yetirsək görərik ki, əməllərində qayəsinə qədər çox iş görərlər və onunla belə qorxarlar. Bizlər isə əməllərimizi azaltmışıq və bununla belə rahatıq və əmin-amanlıqda oturmuşuq.”
Hələ bunu İmam İbn Əl-Qeyyim öz əsrində və öz zamanında demişdi. Bəs biz indiki zamanımız haqqında nə deyək?!

Ey müsəlman! Vaxtını hədər aparma, çünki vaxtın sənin malının mayasıdır. Nə qədərki malının mayası əlindədir və idarə edə bilirsən, qazanc da əldə edəcəksən. Axirət malları bu günündə, tapılmayan mallardandır. Onda axirətin üçün indidən mal topla. Çünki həmin gün gələcək və topladığın mallar çox qiymətli olacaq. İndidən o qiymətli malları yığ ki, artıq orda yığa bilməyəcəksən.

Özünü hesaba çəkmək iki cür olur. Bir işi görməmişdən əvvəl özünü hesaba çəkmək, bir də işi bitirdikdən sonra.
Birincisinə gəldikdə, hər bir kəs bir işi görməmişdən əvvəl durmalı, özünü hesaba çəkməli, iradəsini yoxlamalıdır. Sonra da işi görmək görməməkdən daha üstündürsə o zaman işə başlamalıdır. Ən ağıllı şəxs isə, işi yalnız Allah rizası üçündürsə görər, başqası üçündürsə etməz.
İkincisi isə, işi gördükdən sonra özünü hesaba çəkməkdir. Bu da 3 formada olur.
1. Hansısa bir ibadəti və ya itaəti düzgün etməyibsə, nöqsanı və ya əksiyi və qüsuru varsa deyə özunü hesaba çəkmək. Bu formada özünü hesaba çəkən şəxs, Allaha etdiyi ibadətin qüsurlarını axtarmalıdır, ibadəti haqqıyla yerinə yetirib-yetirmədiyini yoxlamalıdır. Bəs ibadət etməyin hansı haqqları varki?! Allahu Təalanın bizim ibadətimizdə haqqları ixlaslı olmaq, düzgün niyyət etmək, Peyğəmbərimizin (s.a.s) yolu ilə getmək və sairə kimi əsas şərtlərdir.
2. Hər hansı bir əməli tərk etmək, onu etməkdən daha yaxşı olardı deyə özünü hesaba çəkmək
3. Bir çox əməllər mübahdır və edilməsində heç bir günah yoxdur. Lakin həmin əməlləri etdikdə Allahu Təalanın rizasını düşünüb, yoxsa dünya həyatını düşünüb deyə özünü hesaba çəkmək

Bir çox metodlar və yollar var ki, insanı özünü hesaba çəkməyə kömək edir:
• Bilməlisənki, bu gün özünü hesaba çəksən sabah sənin üçün asan olar. Nə qədərki özünü yoxlamağı gecikdirirəsən, sabah hesabın çox zor olar
• Özünü bu dünyada daim yoxlayan və düzgün hesaba çəkən şəxs, sabah Rəbbinə qovuşacaq, Firdovs cənnətlərində peyğəmbərlər və salehlərlə olacaq
• Özünü hesaba çəkməyənlər hər an həlak ola bilərlər və onlar sabah Cəhənnəm odunda yana bilərlər.
• Doğru və düzgün insanlarla oturub durmaq, özünü daim yoxlayan və ayıblarını azaltmağa çalışan dostlarla olmaq.
• Qəbirləri ziyarət etmək və uzun-uzadı orada durub qəbirlərə baxıb dalmaq. Fikirləşmək ki, bunlar artıq özlərini hesaba çəkə bilmirlər, bunları artıq kimlərsə hesaba çəkir və yoxlayır. Nə qədərki gec deyil və bura düşməmişəm, özüm özümü yoxlayım.
• Elm məclislərinə getmək, axirəti xatırladan mühazirlərə qulaq asmaq və kitablar oxumaq
• Gecə namazlarına oyanmaq, Qur’ani Kərimi daim oxumaq və Allahu Təalaya daha yaxın olmaq üçün savab əməlləri çoxaldıb Ona dua etmək
• Qəflətə aparan yerlərdən və Allahı unutduran məclislərdən uzaqlaşmaq.
• Allahu Təalanı daim zikr etmək
• Nəfsini heç bir zaman düzgün saymamaq, nəfsindən razı olmamaq, çünki nəfsindən razılıq hesabdan çəkindirər.

Bəs hansı planla və ya hansı proqramla insan özünü hesaba çəkməlidir?!
İmam İbn Əl-Qeyyim bunu belə qeyd edir:
->> Birinci, fərzlərdən başlanmalıdır. Əgər fərzlərdə və vacib əməllərdə bir nöqsan və əksiklik varsa, onlar tamamlanmalıdır.
->> İkinci, nəhy olunmuş günah əməllərdir. Əgər həmin əməllərə yaxın gedilibsə və həmin əməllərdən hansısa görülübsə, peşmançılıq çəkib o əməllərdən tövbə etmək və Allahu Təaladan əfv diləmək
->> Üçüncüsü, qəflətə düşməmək üçün nəfsi hesaba çəkmək. Bu da Allahu Təalanı daim zikr etmək, xatırlamaq və xatırlatmaq
->> Dördüncüsü, bədən üzvlərinin etdiklərini hesaba çəkmək. Dilin söylədiklərini, ayağın getdiyi yerləri, əlin törətdiklərini, qulağın dinlədiklərini, gözün baxdıqlarını. Bütün bunlar nə məqsədlə olub, niyə olub və kimin üçün olub deyə özünü yoxlamaq.


Nəfsi hesaba çəkməyin faydaları var. Bu faydalardan:
- Özünu yoxlayan şəxs öz eyblərini aşkar edir. Kim də öz eyblərini bilməzsə onları aradan qaldıra bilməz.
- Özünü yoxlayan kəs tövbə edər, peşmançılıq çəkər və itirdiklərini həyata keçirməyə çalışar.
- Allahu Təalanın haqqı tanınar. Çünki özünü yoxlayan şəxs, Allahu Təalaya etdiyi itaətdəki qüsurlarını anlayar və Allahın haqqını lazımınca ödəmədiyini bilər və onları etməyə çalışar.
- İnsan Allah qarşısında acizliyini anlayar və Ona həqiqi boyun əyər
- Allahu Təalanın hüdudsuz rəhmətini və yüksək kərəmini dərk etmiş olar. Çünki insan nə qədər yolunu azsa da, günahlar etsə də, ibadətlərini keçirsə də Allahu Təala onun cəzasını həmin an vermir, onu gözlədir və möhlət verir.
- Nəfsin çirkin və aldadıcı olduğunu anlayar və nəfsə uyamamğı dərk edər. Nəfsdən razı olmağın təhlükəli oldüğunu başa düşər.
- Daim ibadətlərini çoxaltmağa və günahlarını azaltmağa çalışar.
- Haqqını tapdaladığı şəxslərin haqqını qaytarar və onlardan üzr istəyər, əxlaqını və mədəniyyətini düzəldər. Bu da nəfsi hesaba çəkməyin ən gözəl faydalarındandır.

Ey müsəlman qardaşım və bacım! Neçə-neçə namazlar keçirmisən? Neçə-neçə cümə namazlarına tənbəllikdən getməmisən? Oruclarından neçəsini buraxmısan? Zəkat verməkdə neçə dəfə paxıllıq etmisən? Həccə getmisənmi? Neçə-neçə savab işlərdən qaçmısan? Neçə-neçə günah işləri görüb, haqsızlıqları izləyib göz yummusan? Nə qədər haram şeylərə yaxın getmisən? Neçə dəfə haram olan şeylərə baxmısan? Neçə dəfə pis sözlər işlətmisən, söyüş söymüsən? Neçə dəfə valideynlərini incitmisən? Bəs neçə dəfə onları razı salmısan? Neçə dəfə yazıq və yoxsul olan şəxləri görüb heç əl uzatmamısan, ürəyin yanmayıb? Nə qədər insanın haqqını yemisən, malını almısan?

Allahu Təala bizi saleh qullarından etsin və bizə bu dünyada özümü yoxlamağa və hesaba çəkməyə kömək olsun.


Sonunda, Əbu Hüreyrənin Peyğəmbərimizdən (s.a.s) rəvayət etdiyi hədisi sizə çatdırmaq istərdik. Peyğəmbərimiz (s.a.s) belə buyurmuşdur: “Bilirsinizmi kimdir müflis? Dedilərki; Bizlərdə, nə malı nə dirhəmi olmayan şəxs müflisdir. Dedik: Ümmətimdən olan müflislər onlardılar ki, Qiyamət günü namazları, orucları, zəkatları ilə gələrlər, ancaq onu söymüş, bunun malını yemiş, onu incitmiş, bunu vurmuş. Onda da, savablarından buna verər, ona verər və hesabı bitməməiş savabları bitərsə, onların günahların alıb özününkini üstünə qoyular sonra da oda (Cəhənnəm) atılar” (Müslim rəvayət etmişdir)


Tarix: 14.04.2013 / 12:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 577 Bölmə: Maraqlı melumatlar