beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÖLÜM VƏ HƏYATDA RUH AMİLİ!

Onu da qeyd etmək lazımdır ki, ölüm prosesinin əsas amili – məhz, ruhun bədəndən çıxarılmasıdır, çünki, insan cisminin yaşama funksiyası birbaşa ruhun olub-olmamasına bağlıdır (sanki bir kompyüter sistemində yerləşdirilən proqram). İnsanın dünyaya gəlmə prosesi də, dünyadan getmə prosesi də bir başa ruh amilinə bağlıdır. Yəni, bədəndə həyatın olub-olmamasının əsas amili – ruhun bədənə salınması və ya bədəndən çıxarılmasıdır.

İnsanın bu dünyaya gəlib yaşama funksiyasının başlanğıcı – ana bətnində 120-ci günü rüşeymə ruhun yerləşdirilməsinə bağlıdır, vəfat edib bu dünyadan köçməsi isə həmin ruhun onun bədənindən geri alınmasına bağlıdır. Çünki, rüşeym 4 ay ana bətnində mövcud olsa da, o ruhsuz olduğu üçün hələ də canlı deyil. Gözümüzün qabağında vəfat edən kəsin cəsədi qarşımızdadır, yanımızdadır – lakin, artıq onun ruhu yoxdur və məhz buna görə də, biz onu ölmüş sayırıq. Beləliklə də, rüşeymin də cəsədin də, mövcud olması, hələ də həyatın mövcud olması demək deyil. Əsas amil – bunlarda ruhun olub-olmamasıdır.

İnsanın ölümü – qədərlərin sonuncusu olan əcəldir. Əcəl – təqdir edilmiş qədərlər mərhələsinin son pilləsidir. Əcəl də, öz növbəsində ruhun bədəndən çıxarılmasına bağlıdır və əcəl çatdığı an ruh bədəndən alınır. Yoxsa, bir nəfərin xəstə olması heç də o demək deyil ki, o sağlam insandan daha tez vəfat edəcək. Və ya birinin cavan olması hələ də o demək deyil ki, o mütləq yaşlı bir kəsdən daha sonra öləcək. İnsan, ölümlə nəticələnə bilən bir hadisəyə uğraya və ya ölümcül bir hala düşə bilər, lakin, bundan ölməyib, hətta uzun bir müddət də yaşaya bilər. Çünki həmin hadisə anında və ya düşdüyü o ölümcül halda onun ruhu bədənindən çıxarılmayıb.

Digər bir tərəfdən də, 10 (on) dəqiqə bundan əvvəl sağlam olan bir kəs dərhal «durduğu yerdə» ölümcül hala düşərək ölə bilər. Çünki, həmin an onun ruhu bədənindən çəkilib çıxarılıb. Yəni, sadəcə olaraq Ölüm Mələyi (ruhları bədəndən çıxaran mələk ) saniyəsinə qədər dəqiq bir rejimdə Allahın əmri ilə təyin edilmiş hər ruhu gəlib bədəndən ayırır. Və o heç də öləcək kəsin ətrafında baş verəcək hadisələrin nə dərəcədə və nə istiqamətdə cərəyan etdiklərinə baxmır. Onun vəzifəsi həmin (təyin edilmiş) an ruhu alıb bərzaha (Bərzah - dirilərlə ölülər arasında olub, gözlə görünməyən sədd; digər mənasına görə – qəbir (ölülər) aləmi; və ya ölən şəxslərin ruhlar aləmi.) təhvil etməkdir.

İbni Asakir, Heysəmədən belə rəvayət etmişdir:
«Suleyman bin Davud (ə) ölüm mələyinə belə dedi:
Ruhumu almaq istədiyin zaman mənə bildir.
Mələk isə:
Mən bunu bilmirəm. Mənə ancaq içində isimlər olan kitablar verilir. – demişdi».
(Bərzah Aləmi, imam Suyuti.)

Heysəmədən edilən digər rəvayətdə belə bildirilir:
«Mələkul-mövt (ölüm mələyi) Suleymanın (ə) yanına (onlar dostluq edərdilər) bir dəfə gəldikdə, orada oturan bir nəfərə süzə-süzə baxdı. Bir az sonra çıxıb getdikdə, həmin adam Suleymandan (ə) soruşdu:
Bu kimdir?
O ölüm mələyidir.
Mənə elə baxdı ki, sanki ruhumu almaq istəyirdi.
Suleyman (ə) dedi ki:
Məndən nə istəyərdin?
O adam da:
Məni küləgə mindir, məni tezlikcə Hindistana düşürtsün, - deyə istədi. (Küləyi idarə etmək, Suleymana (ə) Allah tərəfindən verilmiş möcüzələrdən idi.)
Suleyman (ə) küləgi çağırtdırıb, adamı ona mindirib Hindistana göndərdi. Bir müddət sonra ölüm mələyi yenə gəldi. Suleyman (ə) ona dedi:
Sən qonağımı niyə süzürdün? – Mələk cəvab olaraq belə dedi:
Ona təəccüblənmişdim. Hindistanda ruhunu almaq üçün əmr almışdım, halbuki o sənin yanında idi!»
(İbni Əbu Şeybə, «Müsənnəf» (İbni Əbu Şeybə, «Müsənnəf» adlı əsərində, Abdulla b. Numeyrdən, o da Ameşdən, o da Heysəmədən rəvayət etmişdir) - Bərzah Aləmi, imam Suyuti, sh. 79.)

Lakin, ölünün ətrafında baş verən hadisələr və onun ölümünə səbəb ola biləcək amillər (xəstəlik, yaralanma, baş verən qəza və s.) – bütün bunlar sadəcə ölümə dəlalət edən bir səhnə və ətrafdakıları buna hazırlayan hadisələrdir. Digər tərəfdən isə, vəfat edənin ətrafındakı insanlar bu və ya digər ölüm hadisəsinə olan münasibətlərinə görə, bu məsələdə nə dərəcədə iştirak etdiklərinə görə və cənazə ətrafında nə etdiklərinə görə (nə dərəcədə şəriətə uyğun olub-olmadığına görə də) məsuliyyətlidirlər və cavabdehdirlər. Beləliklə də, müəyyən qanunlara və qaçılmaz təbii proseslərə bağlı olan ölüm – insanın bir həyat növündən digər həyat növünə köçməsidir və bu bir neçə növ «qısa həyatlardan» ibarət olan ümumi həyatın bir mərhələsidir. Bu barədə bir neçə digər dinlərin də müxtəlif fikirləri mövcuddur, lakin, bunların bir qismi batil, digər qismi isə, ya məntiqsiz və təzadlı və ya sağlam düşüncəyə zidd olur, heç biri də dəqiq bir mənbəyə əsaslanmırlar. (Məs.: bir ruhun, sıra ilə bir neçə məxluqun bədənində həyat sürməsi, biri öldükdə bu ruhun başqa bir cismə yerləşməsi, nəticədə də, bu gün insan olan sabah bir tarakan olacağına inam; ruhun ölüdən çıxıb bir müddət dünyada dolaşması; ölənlərin ruhlarının güya nəyəsə təsir edə biləcəklərinə inam; ruhların hansısa bir bataqlıqda toplanıb saxlanılması və sairə batil və küfr olan fikirlər: Bütün bunların heç bir ilahi əsası yoxdur. Özlərinin uydurduqları bir xurafətdir və mövhumatçılıq prinsipindən irəli gələn batil inanclardır.)


Tarix: 12.04.2013 / 19:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 281 Bölmə: Maraqlı melumatlar