beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Onlar belə namaz qılırdılar...

Sələfin namazdakı vəziyyətinə diqqət yetirmək mütiliyin artmasına və insanların bu tərzdə namaz qılanları təqlid və qibtə etməsinə gətirib çıxarır.Həmin şəxslər mehrabda namaza durub istifrah (açılış) duasını oxuyarlar.Dayandıqları məkanın insanların aləmlərin Rəbbi qarşısında dayandığı bir məkan olduğunun fərqinə vardıqda qorxudan ürəkləri titrəyər,ağıllarını itirərlər.

Mücahid (Allah ona rəhmət etsin!) deyir: “Sələfdən biri namaza durduğu zaman hiss etdiyi Allah qorxusunun təsirindən ətrafa baxmaz,nəzər-diqqətini namazdan yayındırmaz, namaz qıldığı yerdə olan xırda daşlarla,yaxud boş, mənasız şeylərlə məşğul olmaz və dünya işlərini fikirdən belə keçirməzdi.”[1]

İnsanlar Abdullah bin Zubeyri namaz qılarkən yerə sancılmış ağaca bənzədirdilər.Bir dəfə o səcdə vəziyyətində olarkən mancanaq [2] onun yanından ötüb keçir və paltarının bir hissəsini aparır.Lakin o yenı dı başını səcdədən qaldırmır.

Günlərin birində Məsləmə bin Bəşşar məsciddə namaz qılırdı.Birdən məscidin bir hissəsi uçdu.İnsanlar ayağa qalxaraq qaçmağa başladılar.O isə namazda idi və nə baş verdiyini hiss etmədi.

Mənbələrdən bizə məlumdur ki, onlardan bəziləri namaz qılarkən atılmış paltara bənzəyir,bəziləri hər şeydən uca və böyük olan Allah qarşısında dayandıqlarından namazı sifətlərinin rəngi qaçaraq bitirirlər, bəziləri isə namaz qılarkən sağ və sol tərəflərində kimlərin dayanmasını belə bilmirlər.Sələflərdən bəziləri dəstəmaz alarkən sifətlərinin rəngi saralardı.Onlar bu barədə soruşduqda belə cavab verərdilər:”Mən kimin qarşısında dayanacağımı dərk edirəm.

”Namaz vaxtı gəldikdə Əli bin Əbu Talibin (Allah ondan razı olsun!) ayaqları titrəyər və rəngi saralardı.Ondna:”Sənə nə olub?”-deyə soruşduqda belə cavab vermişdir:” And olsun Allaha ki, əmanəti qaytarmağın vaxtı gəlib çatıb.O elə bir əmanətdir ki, Allahu-təalə onu göylərə,yerlərə və dağlara təklif etdikdə onlar qorxdular və bunu daşımaqdan imtina etdilər.Mən isə onu daşımağı qəbul etdim”.

Səid ət-Tənuxi namaz qılarkən onun yanaqlarından saqqalına süzülən göz yaşları kəsilməzdi.Qaynaqlarda bildirilir ki, bir çox tabiinlər (səhabələrin tələbələri və ardıcılları) namaz qılarkən üzlərinin rəngi dəyişər və belə deyərdilər: “Mənim kimin qarşısında dayanacağımı və kiminlə danışacağımı bilrisinizmi? Sizlərdən hansının qəlbində bu cür Allah qorxusu var?”

Amir bin Abdulqeysdən soruşurlar: “Sən namazda öz-özünə danışırsanmı?” O da: “Mənim üçün namazdan daha sevimli bir şey varmı ki, onun haqqında da fikirləşim?!”- deyə cavab verir.Camaat deyir:” Biz isə namazda öz-özümüzə danışırıq”. Amir:” Cənnət,hurilər və bu kimi şeylər haqqında?- deyə soruşur.Onlar da:”Xeyr,bu barədə deyil.Öz ailəmiz və mal-dövlətimiz haqqında”-deyə cavab verirlər.Amir bin Abdulqeys deyir:” Bədənimə nə qədər çox nizə batsaydı,bu mənim üçün namazda dünya işləri haqqında fikirləşməkdən daha yaxşı olardı.”

Səid bin Muaz buyurur: “Məndə üç keyfiyyət vardır ki, əgər bunlar düşdüyüm hər bir vəziyyətdə məndə olsaydı,onda mən mən olardım.Birincisi, mən namaz qılarkən fikrim yalnız namazda olur.İkincisi Allahın elçisindən nə isə bir şey eşitdikdə heç vaxt onun doğruluğuna şübhə etməzdim.Üçüncüsü isə, hər dəfə dəfn mərasimində iştirak etdiyim zaman vəfat edən şəxsin o dünyada tutulacağı sorğu-sual haqda fikirləşirəm”.[3]

Hatəm (Allah ona rəhmət etsin!) deyir:”Mənə əmr olunan əmrə (namaza) görə qalxır,Allah qorxusu ilə yeriyir,hər hansı bir işə xoş ümid və niyyətlə ona başlayıram.Allahı layiqli şəkildə təkbir edir (“Allahu əkbər” demək),Quranı düşünərək,aydın və ağır-ağır oxuyuram.Rükunu ruhən və cismən Allah qarşısında kiçilərək edir,səcdəni isə təvazökarcasına edirəm.Təşəhhüdü tamlıqla oxuyur,salamı namazımın qəbul olacağı ümidi ilə verirəm.Sırf Allah rizasını qazanmaq naminə namazı başa çatdırıram.Sonra özümü təqsirləndirməyə başlayıram.Qorxuram ki, birdən namazın qəbul olmasın.Bunun üçün də bütün səy və cəhdlərimi səfərbər edərək ölənə kimi bu cür ibadət etməyə çalışıram.[4]

Əbu Bəkr əs-Sıbği deyir:” İki imamın dövründə yaşamaq mənə nəsib oldu,lakin onların heç birindən hədis eşitmədim.Onlardan biri Əbu Hatimər-Razi,digəri isə Məhəmməd bin Nasir əl-Mərvəzi idi.İbn Nasir əl-Mərvəziyə gəldikdə onun namazı kimi gözəl namaz görmədim.Eşitdiyimə görə bir dəfə namaz qılarkən eşşəkarısı onun alnına qonaraq sancır.Qan üzünə axmağa başlasa da, heç bir hərəkət etmədən namazını davam etdirir”.

Məhəmməd bin Yaqub əl-Əxram isə onun namazı haqda belə deyir:”Bir dəfə milçək namaz əsnasında onun qulağına qonur.Lakin özünü bundan qorumur”.Biz onun qıldığı namazın gözəlliyindən, son dərəcə Allaha olan mütiliyindən, namaza qarşı böyük məsuliyyət və qorxu hissi duymasından təəccübləndiririk.O çənəsi sinəsinə doğru əyər və onun duruşu insana yerə sancılmış ağacı xatırladırdı”.[5]

Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin!) namaza durarkən bədən üzvləri titrəyərdi.

Əziz oxucu! Bu şəxsiyyətlərin qıldığı namazla bu gün bizlərin qıldığı namazı müqayisə et.Biri namazda saatına baxır,o birisi paltarını səliqəyə salır,üçüncüsü burnunu eşir,başqa birisinin başı al-verə qarışıb, bəlkə də pulunu sayır, digərinin ağlı səccadədəki, yaxud tavandakı naxışlardadır,bəziləri isə yanında dayananların kim olduğunu görməyə çalışır.İndi sizdən soruşuram:”Görəsən belələri yüksək vəzifəli şəxslərdən birinin qarşısında dayansaydılar, bu cür hərəkətlərə yol verməyə cəsarətləri çatardımı?!”

[1] Mərvəzi,”Təzimu Qədris-Salat”,1,188
[2] Orta əsrlərdə silah növü,atıcı qurğu
[3] İbn Teymiyyə, “Məcmuu əl-Fətəva”, 22,605
[4] “Əl-xuşu fis-salat”. səh.27-28
[5] Mərvəzi, “Təzimu Qədris-Salat”, 1,58


Tarix: 11.04.2013 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 417 Bölmə: Maraqlı melumatlar