beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər bir kəs ölümü dadacaqdır

“Hər bir kəs ölümü dadacaqdır” (Ali İmran surəsi, 185)
Adətən dilimizdə belə bir ifadə var ″vaxtsız ölüm″. Cavan və ya uşaq yaşlarında ölən üçün ″vaxtsız ölüm onu haqladı″ deyirlər.Lakin gəlin bir anlıq düşünək ki, ölümə
vaxtsız demək nə dərcədə doğrudur. Əslində bu yanlış ifadə öz vədəsində gələn ölümün dəqiq vaxtını bilməməyimizdən qaynaqlanır. Hamı öləcəyini yəqin bildiyi halda nə özünə, nə də başqalarına ölümün nə vaxt gələcəyini bilmir.

Hətta son dərəcə inkişaf etmiş müasir tibb elmi ən ağır xəstələrdə belə ölümün dəqiq tarixini müəyyən edə bilmir. ″Bir aylıq ömrü qalıb″ diaqnozu qoyulan xəstələrin uzun illər yaşamasının, bir neçə dəqiqə əvvəl sağlam gördüyümüz adamın isə qəflətən ölməsinin az şahidi olmamışıq. Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq qoymaz. O, öz vədəsi, vaxtı tamam olunca gələr. Elə buna görə də ona hər gün, hər saat, hər an hazır olmalıyıq. İlk olaraq vaxtımızı
saleh əməllər görməyə, Rəhmli və Qadir Allahın bizə bəxş etdiyi bu dünya həyatından səmərəli istifadə etməyə çalışmalıyıq.
Uca Allah buyurur: “Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət
edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda
qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə endirilən ən gözəl (Sözə) tabe olun! (Sonra) kimsə deməsin ki: “Allaha qarşı etdiyim etinasızlıqlara görə vay mənim halıma!
Həqiqətən, mən (dinə və dində olanlara) rişxənd edənlərdən idim!”. Yaxud deməsin:
“Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım! Həm də əzabı gördüyü zaman deməsin: “Kaş bir də (dünyaya) qayıdaydım, yaxşı işlər görənlərdən olardım!”. (əz‐Zumər surəsi, 54‐58)
Uca Allah həmçinin buyurur: “Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız
sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır. Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”‐ deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Allah əcəli çatmış kəsə əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır”.( əl‐Munəfiqun surəsi, 9‐11)
İnsan ölümə yaxınlaşdıqca gerçək olan İlahi həqiqətləri daha dərindən dərk etməyə
başlayır. Keçirdiyi həyata nəzər salıb nə qazanıb, nə itirdiyini anlayır. Yalnız ölümü
yaxınlaşdığı an faydasız başa vurduğu günlərinin qədrini bilir. Xüsusən də kafirlər
İslam dinini qəbul etmədiklərinə görə daha çox üzülürlər. Uca Allah buyurur: “Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər:
“Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr!
Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər
bərzəx vardır”. (Muminun surəsi, 99‐100)
Həmçinin Uca Allah başqa bir ayədə buyurur: “İnsanları onlara əzab gələcəyi günlə
qorxut. (O gün) zalımlar deyəcəklər: “Ey Rəbbimiz! Bizə yaxın bir vaxta qədər möhlət ver ki, sənin dəvətini qəbul edək və elçilərin arxasınca gedək”. (Onlara deyiləcəkdir:) “Məgər əvvəllər siz (dünyadan köçməyəcəyiniz) barədə and içməmişdiniz?”. (İbrahim surəsi, 44)


Tarix: 10.04.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 265 Bölmə: Maraqlı melumatlar