beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm bizə ən gözəl nəsihətdir.

Bir gün Omar ibnul Xattab (ra) Allah Rəsuluna (sas) buyurur:
-Bizə nəsihət ver, ey Allah elçisi!
Allah Rəsulu (s.a.v) buyurur:
-Nəsihət olaraq ölüm sənə yetər, ya Omar!

Əgər insan ölümdən heç bir ibrət, nəsihət götürmürsə demək heç bir şeydən ibrət götürə bilməz.Şübhəsiz ölüm bir gün bizim qapımızı da döyəcək, amma ölüm anını biz təyin etməyəcəyik.Allahu təalə əcəli gəlmiş bir kəsə möhlət verməz, ölümü təxirə salmaz. Necə ki, Allahu təalə buyurur:
-Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır! (Munafiqun-11)
Bir gün ölüm mələyi ruhunuzu alacaq.Sonra sizi dünyadakı geyimlərinizdən fərqli olaraq dümağ kəfənə bükəcəklər.Bədəniniz sizin üçün qazılmış bir çuxura buraxılacaq və üstünüzü soyuq, nəm torpaqlar örtəcəklər.Bədəniniz qısa bir müddət ərzində çürüməyə başlayacaq.Və unutmayın ki, bu hal hər birimizin başına gələcəkdir.Amma nədənsə bütün bu gerçəkləri anlamağına baxmayaraq insan yenə dünya sevgisindən əlini üzmür. Şeyxul İslam İbn Teymiyyə (r.) buyurur:
-İki şey vardır ki, mənə dünyadan həzz almağa imkan vermirdi:” Ölüm haqqında fikirlər və Uca Allahın qarşısında necə duracağım”.
Sübhənəllah. Bu Şeyxul İslam İbn Teymiyyə (r.) idi. Bəs biz necə?
Dünya həyatı Axirət həyatına baxanda yuxu kimi görünür.Necə ki, hədislərin birində buyurulur:
“İnsanlar yatmaqdadırlar, öləndə isə oyanacaqlar!” Lakin öldükdən sonra oyanmağın bir faydası olacaqmı? Necəki Qurani Kərimdə buyurulur:
-Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar!
-Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır. (Muminin\99-100)
Sonsuz sədaqətli və şəfqətli olan Allahu təalə hər birimizə ibrət ala bilməmiz üçün kifayət qədər möhlət vermişdir.
Allahu təalə Qurani Kərimdə buyurur:
-“Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!” (Onlara belə deyəcəyik: ) “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!” (Fatir-37)
Hədisi şəriflərin birində deyilir: “Sonunu düşünməyib dünyaya aldanan kimsə ipəkqurdu misalındadır.İpəkqurdu özünə yuva hörər və sonunu bilməz.Sonra oradan çıxmaq istər, amma çıxmağa yer tapa bilməyib elə yuvasındaca ölər.Hördüyü isə başqalarına fayda verər.
İbni Muti (r.) bir gün evinə baxarkən evin gözəlliyinə heyran qalır və hönkür-hönkür ağlayaraq deyir: “Allah and olsun ki, əgər ölüm olmasaydı səninlə xoşbəxt olar, sevinərdim.Əgər qəbirlərin darlığı, qaranlıqları olmasaydı, dünya ilə gözlərimiz işıqlanardı.”
Həsənul Basri (r.) buyurur:
-“Ölüm mələyi hər evə gündə üç dəfə baxar və əcəli çatan kimsənin ruhunu alar.Bu vaxt ev əhli ağlamağa başlayarlar.Mələk isə evdən çıxarkən geri-ev əhlinə tərəf dönüb belə deyər: “Bu mənim son gəlişim deyil.Mən hər birinizin ruhunu almaq üçün bu evə gəlib-gedəcəyəm.”Əgər ev əhli mələyin bu sözlərini eşitsəydilər ölmüş kəsi buraxıb, özləri üçün ağlayardılar.”
Ölümü unutsaq da, ondan qaçmaq mümkün deyildir.Onun üçün ölümü daim xatırlamaq lazımdır.Ölümü xatırlamaq üçün tez-tez qəbirləri ziyarət etmək labüddür.Məzarlar ağıl sahiblər üçün ən böyük ibrət mənbəyidir.Orada yatanlar da vaxtı ilə biz kimi yaşamış, həyatda olmuşlar.
Həsənul Basri (r.) bir gün dostunu dəfn edərkən buyurur: “Bu dostum yenidən həyata qayıtsaydı daha çox Axirətinə hazırlıq görərdi.Amma təəssüf ki, bu mümkün deyildir.Amma hər birimiz onun yerində ola bilərik.”
Bunun üçün qəbirə qoyulacağımız günü unutmamalıyıq.Və bilməliyik ki, oraya ancaq iman və yaxşı əməllər ilə gedənlərin qəbri geniş və işıqlı olar.
Və son olaraq Allah Rəsulunun (SallAllahu aleyhi və səlləm) bir hədisini xatırlayaq:“Yaşadığınız kimi öləcəksiniz, öldüyünüz kimi diriləcəksiniz və dirildiyiniz kimi də həşr olunacaqsınız.”


Tarix: 11.04.2013 / 19:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 317 Bölmə: Maraqlı melumatlar