beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanda fiziologiyanın tarixi

Dünyada qədimdən başlayaraq tarixin ayrı-ayrı inkişaf dövrlərində, tələbat və şəraitdən asılı olaraq, fizioloji fikirlər öz həqiqi inkişaf yolunu tapa bilmişdir. Azərbaycanda da fizioloji fikirlərin meydana gəlməsi və inkişafı müəyyən mərhələ keçmişdir.
Bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da fiziologiya elmi ancaq XX əsrin birinci yarısından inkişafa başlamışdır.
Bakıda universitet təsis olmamışdan qabaq, azərbaycanlılardan fiziologiya sahəsi ilə maraqlananlar və bu elmə dair tədqiqat işi aparanlar olmuşdur. Belələrinə Mirzə Məhəmməd Təbrizini (1805 - 1885), İ. İbrahimovu, H.Zərdabini (1837 - 1907) və Ə.Hüseynzadəni misal göstərmək olar.
İ. İbrahimov Xarkov universitetinin rus fizioloqu və bioloqlarından V.İ. Danilevskinin (1832 - 1939) laboratoriyasında elektro-fiziologiya sahəsinə dair elmitədqiqat işi aparmışdır. Onun 1891-ci ildə tamamlanmış işi - «Kimoduktor vasitəsilə elektriklə qıcıqlanmanın yeni üsulu» adlı məqalədə çap edilmişdir.
Y.Hüseynzadə bir müddət Peterburq universitetinin professoru məşhur rus fizioloqu N.Y. Vadenskinin (1852 - 1922) yanında işləmişdir. Azərbaycanda biologiya elmləri, o cümlədən fiziologiya elminin inkişafı sahəsində H.Zərdabinin də böyük xidməti olmuşdur.
Bakıda Universitet təsis olunaraq tibb fakültəsi açılmış və orada 1919 - 20-ci dərs ilinin yazında fiziologiya fənni tədris olunmağa başladı.
1926-cı ildə universitetin tibb fakültəsinin fiziologiya kafedrasında laborant vəzifəsinə universiteti 1925-ci ildə bitirmiş müəllim-həkim A.Əmirov (1880 1945) və universietin 1926-cı il məzunlarından həkim Q.Qəmbəroğlu irəli çəkilmişdir.
Professor Q.Qəmbəroğlu «Qara ciyərin qanın laxtalanma prosesində rolu»nu, A.Əmirov isə «Qara ciyərin funksiyasının pozulmasından asılı olaraq əzələdə qlikogenin sərfi»ni yoxlamalı idi.
Universiteti 1926-cı ildə bitirmiş və elmə h əvəsi olan tələbələrdən bir qrup gəncin arzusunu nəzərə alaraq Maarif Komisssarlığı onları tibb fakültəsinin müxtəlif kafedralarına işə göndərdi. Onlardan M.Qaşqay (patofiziologiya kafedrasının müdiri) prof. N.Uşinski, K.Balakişiyev (anatomiya kafedrasının müdiri), prof. Anserov və başqalarını göstərmək olar.
1929-cu ildə universitetin pedaqoji fakültəsinin təbiyyat şöbəsinin məzunlarından S.Ocaxverdizadə (Azərbaycan Tibb İnstitutunun fiziologiya kafedrasının professoru), 1930-cu ildə A.Qarayev (1910 - 1969), İ.Hacıyev və Z.Muğanlinskaya fiziologiya kafedrasına elmi işçi kimi cəlb olunmuşlar. Kafedranın müdiri prof. Rostovsevin tövsiyyəsi ilə onlar əvvəlcə kafedrada laborant, sonra isə assistent vəzifəsi daşımışlar. Tibb fakültəsində adları çəkilən mütəxəssislərdən mərhum A.Qarayev istedad və çalışqanlığı sayəsində qısa müddətdə fiziologiya elminin dərinliklərinə yiyələnməklə akademik adına qədər yüksəldi. Azərbaycanda fiziologiya sahəsində çalışan alimlərin və yeniyetmələrin çoxu onun laboratoriyasının yetişdirməsidir.
Azərbaycan dilində fiziologiyanın tədrisi A. Əmirov və Q.Qənbəroğluna tapşırıldı. Q.Qənbəroğlu həm də universitetdə rus dilində fiziologiyadan dərs deyən ilk Azərbaycanlı ali məktəb müəllimi olmuşdur.
1939-cu ildə yenidən təsis olunmuş universitetin (S.M. Kirov adına) insan və heyvan fiziologiyası kafedrasına yeni gənc kadrlar cəlb olundu. Onlardan Nəsirov və başqalarının adlarını qeyd etmək olar. Azərbaycan Tibb İnstitutunun insan fiziologiyası kafedrasında isə Z.Məmmədova, M.Mustafayev, Q.Abayev, Q.Əzizbəyova və başqaları işləməyə başladılar.
Azərbaycanda fiziologiya elminin inkişafında S.M. Kirov adına (Bakıda) kurortologiya və fiziki müalicə metodları elmi-tədqiqat institutu nəzdində eksperimental fiziologiya laboratoriyasının təşkil edilməsi müəyyən rol oynamışdır. Bu laboratoriyanın ilk müdiri A.Qarayev olmuşdur. Həmin müəssisənin əməkdaşları Azərbaycan kurortlarının, o cümlədən Naftalan neftinin müalicəvi əhəmiyyətini ətraflı surətdə öyrənə bilmişlər.
1945-ci ildən 1948-ci ilədək Azərbaycan Elmlər Akademiyasının Eksperimental-Təbabət İnstitutu nəzdində iki fiziologiya laboratoriyası təsis edildi. Birinci laboratoriyada fiziologiyaya aid mühüm problemlər üzərində tədqiqat işləri aparıldı. İkinci laboratoriya təkamül fiziologiyası laboratoriyası olub. Ona M.Qaşqay (1896 - 1970) rəhbərlik edirdi.
Azərbaycanda Sovet hakimiyyəti illərində bioloji elmlərlə yanaşı, tibb elminin əsasını təşkil edən fiziologiya elmi xüsusilə yaxşı inkişaf etmişdir.
1955-ci ildə Azərbaycan EA Zoologiya İnstitutu nəzdində fiziologiya şöbəsi təsis edilmişdi. Bundan bir il sonra (1956-cı ildə) Azərbaycan SSR Elmlər Akademiyasında fiziologiya sektoru yaradıldı ki, ona akademik A.Qarayev başçılıq etdi. Sektorun üç: interereseptorları, kənd təsərrüfatı heyvanları və biofizika laboratoriyaları təşkil olundu. İnterereseptorlar laboratoriyasına məşhur rus fizioloqu V.İ. Çernikovski başçılıq edirdi. Laboratoriyada interereseptiv reflekslərdə və beynin boz maddəsi ilə daxili üzvləri arasında mövcud qarşılıqlı rabitəyə dair tədqiqat işləri aparılmağa başlandı.
Azərbaycanda fiziologiya elmi az bir müddət ərzində (1951-ci ildən 1957-ci ilədək) sürətlə inkişaf etmişdir. Bu müddətdə fiziologiya və ona yaxın elmlər üzrə çoxlu alimlər yetişmişdir. Onlardan: yeddsi qadın olmaqla 21 nəfər elmlər namizədi və elmlər doktoru elmi dərəcəsi almağa müvəffəq olmuşlar. Bu qadınlardan dosent X.Rəhimzadə Azərbaycanda baytarlıq sahəsində (fiziologiya) elmi dərəcə alan ilk qadın alimdir. O, Ağamalıoğlu adına Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsinin fiziologiya kafedrasının təcrübəli müəllimlərindən olmuşdur.
Hazırda fiziologiya elmi respublikamızda mövcud olan yeddi ali məktəbində (Bakı Dövlət Universiteti, Azərbaycan Tibb İnstitutu, Bədən Tərbiyəsi İnstitutu, Bakı və Gəncə pedaqoji institutları, Gəncə Kənd Təsərrüfatı Akademiyası və İqtisad Universiteti) tədris olunurdu. Adları çəkilən institutlarda Azərbaycan MEA fiziologiya və heyvandarlıq institutlarında müasir fiziologiyanın problemlərinə dair müxtəlif istiqamətdə elmi-tədqiqat işləri aparılmaqdadır.
Yuxarıda qeyd olunan fizioloji prosesləri öyrənmək üçün üç məqsəd güdülürdü. Təbiət sirlərini bilmək, bu sirlər aşkar olduqdan sonra imkan daxilində kənd təsərrüfatı heyvanları məhsullarını (yun, ət, süd, yağ, yumurta) artırmaq, praktik təbabət və baytarlığa yardım etmək.
Fiziologiya institutundan başqa, ayrı-ayrı ali məktəb və elmi-tədqiqat institutlarında da fiziologiyanın müxtəlif sahələrinə dair tədqiqat işləri aparılır.
Azərbaycan fizioloqları öz elmi-tədqiqat işləri ilə başqa respublikaların fizioloqlarını tanış etmək məqsədi ilə vaxtaşırı keçirilən fizioloji konfrans və qurultaylarda (Moskva - 1928, Xarkov - 1930, Borjomi - 1932, Tbilisi - 1937, Bakı - 1939 və s.) çıxışlar edirlər. Azərbaycan fizioloqları dəfələrlə beynəlxalq konqreslərdə iştirak etmiş və fizioloji tədqiqat işlərinin nəticələrinə dair məruzələr söyləmişlər.
Azərbaycan fizioloqlarmm apardıqları tədqiqat işlərinin nəticələri və fiziologiyanın tarixinə (bioqrafiyalar şəklində) dair materiallar Bakıda, Sankt-Peterburqda, Moskvada müvafiq kitabça və jurnallarda nəşr olunmuşdur. Bakıda A.Qarayev «Sinir - əzələ fiziologiyasından praktikum» və bir neçə sistemin fiziologiyasını yazmışdır. Bunlardan ən müfəssəli M.Mustafayevlə birlikdə yazdığı «Ali sinir fəaliyyəti» adlı kitabıdır. Həmin ildə Gəncədə Q.Qəmbəroğlu tərəfindən fiziologiyanın üç fəslini: «qan, qan dövranı və həzm sistemi» fəsillərini əhatə edən dərslik yazılmışdır. S.Ocaxverdizadə isə «Həzm fiziologiyası» adlı dərs vəsaitini nəşr etdirmişdir (1936).
Qeyd etmək lazımdır ki, bir sıra görkəmli alim fizioloqların əsərləri, Azərbaycan dilinə tərcümə edilmişdir. Krjinovskinin «Ev heyvanları fiziologiyası» (1936), E.Babskinin «Ev heyvanları və insan fiziologiyası» (1947), Şenk və Çyurberin «İnsan fiziologiyası» (1938) kitablarını bunlara misal göstərmək olar.
Azərbaycan fizioloqlarının yetişib təkmilləşməsində keçmiş Sovet İttifaqının müxtəlif elmi mərkəzlərində çalışan görkəmli alimlərdən L.A.Orbeli (1888 - 1958), K.Bıkov (1886 - 1961), İ.İ. Sitoviç, V.N. Çerniqovski və başqaları böyük rol oynamışlar. Onların yaxından köməyi sayəsində Azərbaycanda görkəmli fizioloqlar ordusu yetişmişdir. Onlar çox maraqlı və aktual problemlərin həllinə dair tədqiqatlar aparır, yüksək nəticələr əldə edirlər.
Fiziologiya elminin inkişafı Respublikada Bakı Dövlət Universiteti (1919-cu ildə), Azərbaycan Pedaqoji İnstitutunun (1930-cu ildə) yaradılması ilə respublikamızda tibbi-bioloji tədqiqatların təşkili məsələsində ciddi dönüş yarandı. Respublikada ilk dəfə aktual tibbi-bioloji tədqiqatların sərbəst və lazımı səviyyədə aparılmasını təmin edə biləcək laboratoriyalar, kafedralar və elmi-tədqiqat institutları yaradılmağa başlandı.
Azərbaycan Dövlət Universiteti, Tibb, Pedaqoji və Kənd Təsərrüfatı İnstitutlarında fiziologiya kafedraları Elmlər Akademiyasının Kurortologiya və Fiziologiya, Eksperimental Tibb elmi-tədqiqat İnstitutlarında fiziologiya laboratoriyalarmm təşkil edilməsi elmin inkişafına müsbət təsirini göstərdi.
1956-cı ildə Azərbaycan EA Zoologiya İnstitutunun «Heyvanların fiziologiyası» şöbəsi əsasında fiziologiya sektoru yaradıldı. Sektora rəhbərlik isə onun yaranmasında böyük əməyi olan və o dövrdə dünya fizioloqları tərəfindən tanınan Azərbaycanın ilk akademiklərindən biri Abdulla İsmayıl oğlu Qarayevə həvalə olundu. 1968-ci ildə fiziologiya bölməsinin bazasında Fiziologiya İnstitutu yaradıldı və akademik A.İ. Qarayev instituta direktor seçildi.
Sonralar (1969-cu ildən 1995-ci ilə kimi) instituta onun yetirməsi akademik Hüseyn Heydər oğlu Həsənov rəhbərlik etmişdir. 1995-ci ildən isə İnstituta professor Telman Məmmədəli oğlu Ağayev rəhbərlik edir.
Ötən 30 il müddətində Fiziologiya İnstitutunun əməkdaşları tərəfindən fiziologiya elminin ən aktual problemlərinə həsr olunan dəyərli fundamental elmi tədqiqat işləri aparılmış və bir sıra mühüm elmi nəticələr əldə edilmişdir. Hazırda Azərbaycan MEAnın A.İ. Qarayev adına Fiziologiya İnstitutu 3 bölmə və 11 laboratoriyada elmi fəaliyyət göstərərək, özünün strateji və öncül istiqamətini müəyyən etmişdir. Onun strateji istiqaməti insan və onun sağlamlığının elmi əsaslarıdır. Öncül istiqaməti isə beyinin ali funksiyalarının neyrofizioloji, molekulyar-neyrokimyəvi mexanizmləri, orqanizmin inkişafı dövründə öyrənilməsi və ekoloji-sosial amillərin təsirini araşdırmaqdan ibarətdir.
Yuxarıda qeyd edilən problemlər və onların aradan qaldırılma yollarının axtarılıb aşkar edilməsi, hazırda yaranmış dövrün səciyyəvi göstəricilərinin ­ətraf mühitin çirklənməsi, müxtəlif siyasi-iqtisadi şəraitin yaratdığı stres faktorların orqanizmə təsirinin güclənməsi, keyfiyyətli qidalanma, qida rejiminin pozulması, aclıq və s. kimi mühüm atributların orqanizmin inkişafı, formalaşması, sağlamlığı və tamlığının bərpası mexanizmlərinin neyrofizioloji və neyrokimyəvi nəzəri əsaslarının öyrənilməsində xüsusilə aktualdır.
İnstitutda aparılan tədqiqatlar fiziologiya elminin konkret fundamental və tətbiqi sahələrini əhatə edir. Onun əməkdaşları tərəfindən 35 monoqrafiya və 3000-dən çox elmi tezis və məqalələr çap olunmuşdur.
Aparılan elmi-tədqiqat işlərinin nəticəsi, həmçinin 37 müəlliflik şəhadətnaməsində, 1 ixtirada və 8 elmi təklifdə öz əksini tapmışdır. Elmi əsərlərin 60 faizdən çoxu xarici mətbuatda çap olunmuşdur. Yalnız son beş ildə 676 elmi məqalə və tezis dövrü mətbuatda çap olunmuşdur. İnstitut fəaliyyət göstərdiyi son 30 il ərzində əməkdaşları tərəfindən 76-dan çox təsərrüfat hesablı işlər aparılmışdır.
İnstitut Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Polşa, Macarıstan, Çexoslovakiya, Almaniya, Fransa, İngiltərə, Türkiyə, ABŞ, İsveç, İran, Yaponiya kimi ölkələrin fizioloqları ilə sıx əməkdaşlıq edirlər.
A. İ. Qarayev adına Fiziologiya İnstitutunda hal-hazırda 141 nəfər elmi işçi fəaliyyət göstərir. Onlardan bir nəfər Azərbaycan MEA-nın həqiqi, 1 nəfər müxbir üzvü, 15 nəfər biologiya elmləri doktoru, 47 nəfər isə biologiya və tibb elmləri namizədidir.
A. İ. Qarayev adına Fiziologiya İnstitutu Respublikada fiziologiya elminin hərtərəfli inkişafı və yüksək ixtisaslı elmi kadrların hazırlanması işində Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetləri, Tibb və
Kənd Təsərrüfatı sahəsində elmi-tədqiqat İnstitutları ilə sıx əlaqədə fəaliyyət göstərir, onların elmi-tədqiqat planlarını koordinasiya edir və birlikdə fundamental təcrübəvi elmi istiqamətlərin hərtərəfli inkişaf etdirir.
Azərbaycanda insan və heyvan fiziologiyasmm inkişaf tarixini üç dövrə bölmək daha məqsədəuyğundur: 1. Akademik A.İ. Qarayevə qədər olan dövr. 2. Akademik A.İ. Qarayev dövrü. 3. Akademik A.İ. Qarayevdən sonrakı dövr.
İlk dəfə Azərbaycanda insan orqanizminin fizioloji-gigiyenik normaları haqqında bilikləri təbliğ edən Həsənbəy Məlikov Zərdabi və Nəcəfbəy Vəzirov olmuşlar.
Azərbaycanda elm və ali təhsil sahəsində ən böyük nailiyyət Bakı Universitetinin yaradılması idi. 1919-cu ildə akademik İ.P. Pavlovun şagirdlərindən məşhur fizioloq İ.S. Sitoviçin iştirakı ilə Bakı Universitetində «Fiziologiya» kafedrasının əsası qoyulmuşdur. 1920-ci il oktyabrın 29-da tibb fakültəsinə və təbiət elmlərinə xidmət edən «Fiziologiya» kafedrası təşkil olunmuşdur.
Bütün bunlara baxmayaraq, Azərbaycanda insan və heyvan fiziologiyası sahəsində elmin inkişafı Azərbaycan Dövlət Universitetində (ADU) «İnsan və heyvan fiziologiyası» kafedrasının yaranması ilə bağlıdır. Kafedranın ilk müəllimi və təşkilatçısı, məşhur fizik A.D. Landaunun anası Lyubov Veniaminovna Qarkavi-Landau olmuşdur. Təşkil olunduğu ilk vaxtdan kafedranın elmi istiqaməti «Mərkəzi sinir sisteminin ümumi fiziologiyası» və «Ali sinir fəaliyyəti» idi.
1923-cü ildən başlayaraq, burada gənc mütəxəssis-fizioloqların hazırlanmasına başlanıldı. 1924-cü ildə Universitetin «Fiziologiya» kafedrasına akademik İ.P. Pavlovun yaxın tələbəsi P.Y. Rostovtsev rəhbərlik edirdi.
1934-1938-ci illərdə «Fiziologiya» kafedrasında P.Y. Rostovtsev, A.İ. Qarayev, Z.A. Muğanlinskaya, S.R. Ocaqverdizadə işləyirdi. 1939-cu ilin yanvar ayında professor P.Y. Rostovtsevin səyi nəticəsində Bakıda fizioloq, biokimyaçı və farmakoloqların Zaqafqaziya qurultayı keçirilmişdir.
1937-ci ildə yeni yaranmış S.M. Kirov adına ADU-də «Heyvan fiziologiyası» kafedrasında P.Y. Rostovtsev müdir, azərbaycan dilində mühazirə oxumaq üçün A.İ. Qarayev dosent vəzifəsinə dəvət olunurlar.
1941-ci ildə ADU-nin «Fiziologiya» kafedrasına A.İ. Qarayev müdir təyin edildikdən sonra ondan ayrılmış Azərbaycan Pedaqoji İnstitutunun «Fiziologiya» kafedrasına isə dosent S.R. Ocaqverdizadə və başqaları cəlb olundular.
1940-1950-ci illərdə ADU-nin «İnsan və heyvan fiziologiyası» kafedrası 3 istiqamətdə elmi fəaliyyət göstərmişdir:

Karbohidrat mübadiləsinin sinir tənzimi;
Faqositozun fiziologiyası;
3. Respublikanın təbii müalicə ehtiyatlarının öyrənilməsi.
1945-ci ildən 1948-ci ilə qədər Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunun nəzdində 2 fiziologiya laboratoriyası fəaliyyət göstərirdi: 1.
«Ümumi fiziologiya» laboratoriyası (rəhbəri əməkdar elm xadimi, professor A.İ. Qarayev); 2. «Təkamülün fiziologiyası» laboratoriyası (rəhbəri dosent Qaşqay
M.D.).
1968-ci ildə A.İ. Qarayev hal-hazırda onun adını daşıyan Azərbaycan MEA-nın Fiziologiya İnstitutunu yaratmışdır. İnstitutun «İnsan və heyvan fiziologiyası» kafedrasına 1966-cı ildən 1992-ci ilə qədər akademik A.İ. Qarayevin tələbəsi professor T.D. Qayıbov rəhbərlik etmişdir. O, 40-a qədər yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlamışdır.
Son 15-20 il ərzində «İnsan və heyvan fiziologiyası» kafedrasının əsas istiqaməti «Analizator, epifiz-hipotalamus və visseral sistemlərin həm norma, həm də struktur-funksional dəyişmələrindən sonra vegetativ funksiyaların neyrohumoral tənzimində rolu» və radiobiologiya sahəsində elmi işlərə həsr edilmişdir. Kafedranın müəllimlərindən professor T.D. Qayıbovun, dosent Ş.Ə. Məhərrəmovun, professor İ.A. Ömərovun, professor H.İ. Cəfərovun, professor Q.İ. Əhmədovun və professor Ə.H. Əliyevin ali və orta ixtisas təhsili proqramı əsasında bir çox tədris kitabları və vəsaitləri çapdan çıxmışdır.
1930-cu ildə Respublikada tibb kadrlarına daha böyük ehtiyac olduğundan Azərbaycan Tibb İnstitutu təşkil olundu. Tibb İnstitutunun nəzdində təşkil olunmuş «Normal fiziologiya» kafedrasına professor P.Y. Rostovtsev (Konderman) rəhbər təyin edildi. O, kafedrada elmi-tədqiqat işlərinin aparılması ilə yanaşı milli kadrların cəlb edilməsi və yetişdirilməsinə xüsusi fikir vermişdir. Kafedraya 1926-1933-cü illərdə Azad Əmirov, Qasım Qəmbəroğlu, Savalan Ocaqverdizadə, İsrafil Hacıyev, Məhərrəm Mustafayev, Zərifə Muğanlinskaya və Vəzifə Məmmədovanı işə qəbul etmişdir. Onların bioloji təhsili olduğundan, işdən ayrılmamaq şərtilə Tibb İnstitutuna daxil olaraq, tibbi təhsil almışlar.
P.Y. Rostovtsevin tələbələrindən biri də Abdulla İsmayıl oğlu Qarayev idi. 1910-cu ildə Bakı şəhərində anadan olan A.İ. Qarayev 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin Təbiət fakültəsini, 1936-cı ildə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir.
1937-ci ildə namizədlik və 1940-cı ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1942-ci ildə A.İ. Qarayev Azərbaycan Tibb İnstitutunun «Normal fiziologiya» kafedrasının professoru seçilir. Elə həmin ildə Azərbaycan Dövlət Universitetinin «İnsan və heyvan fiziologiyası» kafedrasına müdir vəzifəsinə seçilir.
1951-ci ildə professor P.Y. Rostovtsevdən sonra, kafedraya dosent S.R. Ocaqverdizadə rəhbərlik etməyə başlamışdır. 1960-cı ildən kafedraya bir çox gənc milli kadrlar qəbul edilmişdir. Bunlardan N.C. Mikayılzadə, R.M. Mahmudov, F.İ. Cəfərovu göstərmək olar.
1970-1990-cı illərdə «Normal fiziologiya» kafedrasına professor Q.M. Qəhrəmanov rəhbərlik etmişdir. O, kafedranın texniki təchizatının zənginləşmiş və R.A. İsmayılova, S.M. Kərimova, F.N. Ələsgərova, R.S. Talışxanova, M.K. Köçərli,
A.E. Bədəlov, Ə.Ş. İbrahimova, O.B. İsmayılov, Z.T. Əlizadə, T.İsmayılov, F.Məmmədov, Q.Rüstəmov. Ə.H. Kazımov, A.X. Əliyev, G.Həsənova, D.Əliyev, G.Vəliyeva kimi gənc kadrların işə cəlb edilməsinə nail olmuşdur.
1991-ci ildən Azərbaycan Tibb Universitetində «Normal fiziologiya» kafedrasına tibb elmləri doktoru, professor F.İ. Cəfərov rəhbərlik edir. Kafedra tədris fəaliyyəti ilə yanaşı xarici ölkələrlə (Türkiyə, İran, Yaponiya, Amerika, Fransa, Hollandiya, Rusiya və s.) sıx elmi əlaqələr yaratmış, apardıqları tədqiqatların nəticələri həmin ölkələrin keçirdiyi konqreslərin materiallarında dərc olunmuşdur.
Azərbaycan Parlamentinin 1 sentyabr 1919-cu il tarixli qərarı ilə yaradılmış Bakı Universiteti Azərbaycanda elmin və təhsilin inkişafında həlledici hadisəyə çevrilmişdir. 1930-31-ci illərdə Universitetin bazası əsasında sahə institutları, o cümlədən Pedaqoji İnstitut yaradıldı.
Onun «Fiziologiya» kafedrasına müdir vəzifəsinə dosent Azəd Abbas oğlu Əmirov seçildi. Fiziologiyanın ana dilində (1926) tədrisi və fiziologiya üzrə gənc milli kadr hazırlığı A.Əmirovun adı ilə bağlıdır. Professor A.Əmirov o vaxtlar İttifaq və Beynəlxalq səviyyələrdə keçirilən konfrans və qurultayların nümayəndəsi olmuşdur. XV Beynəlxalq fizioloqlar konqresində Azərbaycanın nümayəndəsi kimi iştirak etmişdir.
A.A. Əmirovdan sonra Azərbaycan Pedaqoji İnstitutunun «Fiziologiya» kafedrasına əməksevər, bacarıqlı eksperimentator və gözəl müəllim S.O. Ocaqverdizadə başçılıq etmişdir.
1941-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun «Fiziologiya» kafedrası Azərbaycan Dövlət Universitetinin «Fiziologiya» kafedrası ilə birləşdirilmiş və müdir vəzifəsinə professor A.İ. Qarayev seçilmişdir. On illik fasilədən sonra 1951-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda «Fiziologiya» kafedrası yenidən təşkil olunmuş və oraya dosent Tələt Dəniyar oğlu Qayıbov müdir seçilmişdir. Onun səyi nəticəsində kafedraya fiziologiya fənnindən başqa məktəb gigiyenası və digər morfoloji fənlər (insan anatomiyası, histologiya və sitologiya) də gətirilərək o fakültənin ən böyük kafedralarından birinə çevrildi.
Ondan sonra kafedraya müsabiqə yolu ilə professor R.İ. Səfərov müdir təyin edilmişdir.
R.Səfərov «Fiziologiya» kafedrasında müdir işlədiyi müddətdə 1967-1994-cü illər tədrisin yüksəlməsinə elmi-tədqiqat laboratoriyasının zənginləşməsinə, tədris vəsaitlərinin yazılmasına, proqramların tərtibinə və yeniləşdirilməsinə, gənc müəllimlərin elmi-tədqiqat işinə cəlb olunmalarına, namizədlik və doktorluq dissertasiyası müdafiə etmələrinə xüsusi qayğı göstərmişdir.
Professor R.Səfərovdan sonra kafedraya professor R.Qafarova rəhbərlik etmişdir. Biologiya fakültəsinə dekan seçilən biologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Roza Zeynal qızı Qafarova Pedaqoji İnstitutun biologiya fakültəsinin dekanı vəzifəsində 1967-ci ildən başlayaraq, vəfat edənə kimi 1997-ci ilin iyun ayına qədər fəaliyyət göstərmişdir.
1994-cü ilin oktyabr ayında «Fiziologiya» kafedrasına biologiya elmləri doktoru, professor Ə.N. Fərəcov müdir seçilmişdir. Hazırda «Fiziologiya» kafedrasında 13 nəfər əməkdaş fəaliyyət göstərir. Onlardan 2 nəfəri elmlər doktoru, professor, 9 nəfəri elmlər namizədi, dosent vəzifəsində çalışır. Kafedrada 8 fənn tədris olunur: insan və heyvan fiziologiyası, insan anatomiyası, histologiya, plastik anatomiya, insan fiziologiyası, uşağın anatomiyası və fiziologiyası, fərdi inkişafın biologiyası, təkamül fiziologiyası.
Kafedra Azərbaycan Elmlər Akademiyası A.İ. Qarayev adına Fiziologiya İnstitutu, Bakı Dövlət Universitetinin və Tibb Universitetinin «Fiziologiya» kafedraları ilə sıx qarşılıqlı yaradıcılıq əlaqələri yaratmışdır.


Tarix: 08.12.2014 / 16:24 Müəllif: Aziza Baxılıb: 280 Bölmə: Biologiya