beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ekologiya

Ekologiya (yunanca «ekos», «okos» yaşayış yeri, vətən, mənzil, «loqos» elm deməkdir) təbiət elmlərinin ən öncül, xüsusi əhəmiyyətə malik sahəsi olub orqanizmlərin bir-biri və xarici mühit amilləri ilə qarşılıqlı əlaqələrini, onların yaşayış tərzində, inkişafında, çoxalmasında həmin amillərin rolunu, təbiətin (hava, su, torpaq, heyvan və bitki aləmi, faydalı qazıntılar və s.) mühafizəsini, təbii sərvətlərdən istifadə olunmasının qanunauyğunluqlarını, ekosistemləri, onların əlaqəsini, təbiətin dialektikasını öyrədir.
«Ekologiya» sözünü ilk dəfə D.Q. Toro (1858) işlətmişdir. Lakin ekologiyanın tərifini 1866-cı ildə alman bioloqu professor Ernest Hekkel vermişdir. Bu elmin tarixi çox qədim olmaqla onun haqqında hələ antik dövrün mütəfəkkiri sayılan Heraklit, Demokrit, Epikur, Aristotel, Platon, Empedokl, Teofrast və başqalarının müəyyən fikirləri olmuşdur. Bu alimlərin əsərlərində bütün canlıların (bitki, heyvan və s.) özünəməxsus əlamətləri (yayılması, quruluşu, tərkibi, çoxalması və s.) xarici mühitdən (iqlim, torpaq, su) asılılığı göstərilmişdir. Sonralar isə K.Linney, Ç.Darvin, J.Russo və başqa təbiətşünaslar həmin məsələlərin öyrənilməsinə xüsusi əhəmiyyət vermişlər.
İbtidai icma dövründə insanların əsas yaşayış mənbəyinin ovçuluq olmasına baxmayaraq, onlar heyvan və quşların qorunmasına, çoxalmasına xüsusi qayğı göstərmiş, balıqların, quşların vəhşi heyvanların mühafizəsi üçün qoruqlar ayırmış, müəyyən vaxtlarda isə onların ovlanması qadağan edilmişdir.
Quldarlıq quruluşu dövründə də təbiətin qorunmasına qayğı ilə yanaşılmış, hökmdarların ov etməsi üçün xüsusi qoruqlar ayrılmışdır.
Feodalizmdə əvvəlki quruluşlara nisbətən təbiətə münasibət daha da ciddiləşmiş, zədəganlar heyvanların qorunması üçün müvafiq qərarlar vermişdir. Heyvanlar üçün ayrılan qoruqlarda ov edən əhalinin aşağı təbəqəsinə mənsub olan insanlar hətta ölüm cəzasına məhkum olunmuşdu.
1872-ci ildə dünyada ilk dəfə olaraq Jello-Yston milli parkı yaradıldı. 1910-cu ildə Cenevrədə Sardaşın təşəbbüsü ilə dünyada birinci dəfə olaraq «Təbiəti Mühafizə Cəmiyyəti» təşkil edildi və 1913-cü ildə Bern şəhərində həmin cəmiyyətin birinci beynəlxalq müşavirəsi oldu.
XVIII-XIX əsrlərdə kapitalizmin inkişafı dövrü təbii sərvətlərin qəddarcasına istismarı dövrü kimi bəşəriyyətin tarixinə həkk olunmuşdur. Bu dövrdə dünyanın müxtəlif regionlarında ekoloji tarazlığın pozulması üçün zəmin yarandı. Orta və Mərkəzi Asiya səhralarının hüdudu genişləndirilməklə meşə zolaqlarından əkinçilik və heyvandarlıq üçün istifadə edilmiş, sonda həmin zolaqlar böyük səhralara çevrilmişdi.
Kapitalizm dövrünün məşhur filosofları K.Marks və F.Engels təbiət-cəmiyyət münasibətlərini, təbiətin dərk edilmə üsullarım, dünyanın yaranmasının əsaslarını, təbii sərvətlərdən səmərəli istifadə edilməsi yollarını ətraflı şərh etmiş və yüksək qiymətləndirmişlər. F.Engels «Təbiətin dialektikası» əsərində təbiət və cəmiyyətin qarşılıqlı əlaqələrinin əsas müddəalarını ətraflı təhlil etmişdir.
Həsən bəy Zərdabi 1875-ci ildə «Əkinçi» qəzetinin 1, 4, 8-ci, 1876-cı ildə 26-cı saylarında və 1899-cu il «Kaspii» qəzetinin 172-ci sayında torpaqşünaslığın əsas müddəaları və əkinçilik mədəniyyəti haqqında ətraflı məlumatlar vermişdir, torpağın xışla deyil, kotanla şumlanmasını təklif etmişdir.
XVIII əsrdə Rusiyada knyaz Vladimir Xolinski Belovejskaya meşə qoruğunun yaranması haqqında fərman vermiş, sonralar isə I Pyotr meşələrin qorunması, yeni zolaqların yaradılması, torpağın, suyun, balıqların qorunması haqqında müvafiq fərmanlar
imzalamışlar. I Pyotrun fərmanı ilə Moskvada və Peterburqda botanika bağları yaradıldı.
XIX əsrin sonu və XX əsrin əvvəlində beynəlxalq müqyasda təbiətin mühafizəsi istiqamətində böyük irəliləyiş başlamaqla bəzi qərarlar qəbul edildi. 1911-ci ildə ABŞ, Rusiya, Kanada və Yaponiya arasında dəniz heyvanlarının mühafizəsi haqqında ilk Beynəlxalq saziş imzalandı.
1913-1914-cü illərdə Rusiyada ilk dəfə yaradılan «Xarkov təbiət həvəskarları cəmiyyəti» tərəfindən təbiətin mühafizəsinə dair sərgi təşkil edildi. 1913-cü ildə Cenevrədə təbiətin mühafizəsi üzrə birinci beynəlxalq müşavirə keçirildi. 1948-ci ildə Parisdə təbiətin mühafizəsi üzrə Beynəlxalq İttifaq, 1956-cı ildə Beynəlxalq Biometroloji cəmiyyət yaradıldı.
1962-ci ildə BMT Baş məclisinin sessiyasında ilk dəfə olaraq təbiətin mühafizəsi məsələləri müzakirə olunmuşdur. 1963-cü ildə vəhşi fauna və floranın mühafizəsi üzrə Beynəlxalq Komitə yaradılmış, 1971-ci ildə isə YUNESKO-nun XVI sessiyasında dövlətlər arasında «İnsan və biosfer» məsələləri üzrə uzunmüddətli elmi işlərin aparılması qərara alınmışdır.
1954-cü ildə Londonda dənizlərin neftlə çirklənməsinin qarşısının alınması haqqında beynəlxalq qətnamə, 1970-ci ildə BMT baş məclisi tərəfindən dünya okeanlarının altındakı sərvətlərdən sülh məqsədi ilə istifadə olunması haqqında bəyənnamə, 1978-ci ildə isə təbiətin mühafizəsinin ümumdünya strategiyası qəbul edilmişdir.
XX əsrdə elmi-texniki inqilabla əlaqədar ekoloji problemlərin həlli özünü daha aydın göstərdi. Artıq otuzuncu illərdə kənd təsərrüfatı ekologiyası yarandı. M.Aseninin «Kənd təsərrüfatınm ekologiyası» kitabı nəşr edildi.
XX əsrin 60-70-ci illərində ekologiya çox sürətlə inkişaf etməyə başladı və bu sahədə çoxlu əsərlər meydana gəldi.
Respublikamızda ekologiya elminin banisi ensiklopedik alim, təbiətşünas, coğrafiyaşünas, torpaqşünas, əməkdar elm xadimi, akademik Həsən Əlirza oğlu Əliyev olmuşdur. O, ekologiya, təbiətin mühafizəsinə, torpaqşünaslığa dair 500-dən artıq məqalələrin, əsərlərin, monoqrafiyaların, respublikanın müxtəlif rayonlarının 15-dən artıq torpaq xəritələrinin müəllifidir. Akademik həmçinin keçmiş SSRİ-nin torpaq xəritəsinin müəllifi və redaktoru olmuşdur. Onun təşəbbüsü ilə son 20 ildə respublikamızda 6 qoruq yaradılmışdır. H.Əliyevin təşəbbüsü ilə 1963-cü ildə Respublika Təbiəti Mühafizə Cəmiyyəti, 1975-ci ildə isə «Azərbaycan təbiəti» elmi-kütləvi jurnalı yaradıldı.
Respublikamızda ekologiya elminin inkişafında və təbliğində professorlar əməkdar elm xadimi Ələddin Abdulla oğlu Əsgərov, Vahid Şamxal oğlu Quliyev, Budaq Budaqov, Mirəli Axundov, Qara Mustafayev, Fəzli Hacıyev, Şövqi Göyçaylı, akademik Musa Musayev və başqalarının böyük xidmətləri olmuşdur. Professor Ə.A. Əsgərov ana dilində ali məktəblər üçün tərtib olunmuş dərsliklərin, dərs vəsaitlərinin və proqramların ilk müəllifidir.
1968-1972-ci ildən mərhum akademik Validə Tutayuqun rəhbərliyi altında Azərbaycanın qış və yay otlaqlarının vəziyyətini və bitki örtüyünü öyrənmək üçün geobotanik ekspedisiyası təşkil edilmişdir.
Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin 2 may 2001-ci il tarixli fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra ilk nazir Hüseyn Bağırovun təşəbbüsü ilə respublikamızda ekologiya və təbiətin mühafizəsi üzrə qlobal və geniş diapozonlu tədbirlər proqramı işlənib hazırlandı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Respublikamızın məhv olmuş meşələrinin bərpasına, yeni meşə zolaqlarının yaradılmasına xüsusi qayğı göstərir. Ölkəmizdə ilk dəfə olaraq milli parkların yaradılmasına başlanıldı. Həmin proqramların ölkəmiz üçün çox vacib olmasını nəzərə alaraq mərhum prezident Heydər Əliyev 5 iyun 2001-ci il tarixdə Şirvan, Ordubad və Ağ-göl milli parklarının, Şahbuz qoruğunun yaradılması barədə fərman vermişdir.
Beləliklə də, respublikamızda ekologiyanın, təbiətin və təbii sərvətlərin qorunub saxlanması, inkişaf etdirilməsi və onlardan səmərəli, məqsədyönlü istifadə olunması üçün çox güclü zəmin yaradılmışdır.
«Azərbaycan Milli Parklar Proqramı» adlanan proqram 20 il müddətində icra olunmaqla ölkəmizdə ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa və intensiv yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsinə mühüm addımlardandır.
Respublikamız müstəqillik qazandıqdan sonra onun ekologiya və İnsan İnkişafı sahəsində beynəlxalq əməkdaşlığa və konvensiyalara qoşulması ölkəmizin inkişafı tarixində mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu əməkdaşlıqlar BMT-nin İnkişaf Proqramına (İP) əsasən onun digər bölmələri -
YUNİSEF (BMT-nin uşaq fondu), YUNESKO (BMT-nin Elm və Mədəniyyət üzrə Komissiyası), BMT-nin əhali fondu və başqa beynəlxalq dövlət və özəl təşkilatların köməkliyi ilə həyata keçirilir.


Tarix: 08.12.2014 / 16:22 Müəllif: Aziza Baxılıb: 322 Bölmə: Biologiya