beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Klonlaşdırma

Klon - yunan sözü olub, «budaq», «gövdə» mənalarını verir və hər şeydən əvvəl vegetativ çoxalmanı nəzərdə tutur. 4 min ildən çoxdur ki, kənd təsərrüfatında qələm vasitəsilə klonlaşdırma edilir. Bitkilər toxumlama zamanı, zoğ təbəqələşməsində toxumalar totipotent (istənilən toxumanın yaranmasını təmin edə bilən) xüsusiyyətlərini itirmirlər. Yəni nüvədəki bütün genetik informasiyanı realizə etmək bacarığını qoruyurlar. Buna görə də, demək olar ki, istənilən bitki toxumu təbəqələşmə zamanı yeni orqanizmə başlanğıc verə bilər. Bitki toxumalarının bu xüsusiyyəti bir çox genetika və seleksiya metodlarının əsasını təşkil edir.

Klonlaşdrmanın tarixi
Ötən əsrin 70-ci illərinin sonunda alimlər suda-quruda yaşayan canlılar üzərində apardıqları təcrübələri məməlilərə (siçan, qoyun) tətbiq etdilər. 80-ci illərdə isə tədqiqatçılar qoyunun rüşeymində nüvə inkişafının 16 toxumalıq mərhələsində totipotentliyin saxlandığını müəyyənləşdirdilər.

1989-cu ildə Smit və Yan Uilmut əvvəlcə 16 toxumalı embrionu, daha sonra isə ilkin blastositləri qoyun yumurtalıqlarının mayalanmamış nüvələrinə transplantasiya etdilər. Birinci halda fenotipi öz donorları ilə uyğunluq təşkil edən iki dişi quzu alındı. İkinci halda bütünlüklə formalaşmış quzulardan biri doğuş zamanı tələf oldu.

ilk klon heyvan-Dolli qoyunu1997-ci ildə Yan Uilmut süd vəzisi toxumasından alınan donor nüvəsindən istifadə etməklə klonlaşdırılmış canlı – sonradan «Dolli» adlandırılan dişi quzu əldə edir. «Dolli» inkişaf etmiş məməlinin somatik (bədən) toxumaları vasitəsilə əldə edilən ilk klonal heyvandır. Onun nüvə donoru finndorsetinin (orijinalının) süd vəzisinin yetişdirilmiş toxuması idi. «Dolli» fenotipik baxımdan bu növlü qoyunlardan fərqlənməsə də, bətninə köçürülən qoyuna qətiyyən bənzəmirdi. Uğurlu nəticəyə baxmayaraq, onun ömrü qısa oldu. Altı ildən sonra - 2002-ci ildə «Dolli»də artritin inkişafı qeydə alındı. Alimlərin fikrincə, bu, klonlaşdırmanın yaratdığı gen mutasiyalarının (dəyişikliklərin) nəticəsi ola bilərdi. Artritdən başqa, «Dolli» həm də normal inkişafdan geri qalırdı. Həmin ilin fevralında ağciyərlərindəki xəstəliyin sürətlə artdığını görən həkimlər onu dərmanların köməyi ilə əbədi yatırdılar...

Klonlaşdırma və süni mayalanmanın fərqi
Bəzən klonlaşdırma süni mayalanma ilə səhv salınır. Bu, doğru deyildir. Süni mayalandırma dişi yumurtahüceyrənin erkək toxumu (spermatozoid) ilə mayalanmasıdır. Klonlaşdırma isə dişi yumurtahüceyrənin haploid nüvəsini kənarlaşdırılaraq başqa bir orqanizmin diploid nüvəsinin bu yumurtahüceyrəyə yeridilməsidir. Bunun nəticəsində elə bir fərd meydana gəlir ki, o, diploid nüvəsini götürdüyümüz orqanizmlə tamamilə oxşar olur. Əvvəllər belə hal ancaq əkizlərdə müşahidə olunurdusa, klonlaşdırma zamanı bu, qanunauyğunluq kimi özünü göstərir. Məsələ burasındadır ki, diploid nüvəsi yumurtahüceyrənin daxilinə düşən kimi özünü normal halda yumurtanın mayalanmasından alınan ziqot kimi aparır və bölünür. Bölünmənin bütün mərhələləri normal ziqotda olduğu kimi gedir. Nəticədə, yaranan yeni orqanizm diploid nüvəsi götürülən orqanizmə genotip cəhətdən tam oxşayır.
Növləri

Klonlaşdırmanı iki hissəyə ayırmaq olar: terapevtik və reproduktiv. Terapevtik klonlaşdırma - 14 günlük (2 həftəlik) rüşeymin inkişafının dayandırılması yolu ilə bu rüşeymin differensasiya etməmiş sütun hüceyrələrinin əldə olunmasıdır. Bu əməliyyat o məqsədlə aparılır ki, rüşeym hüceyrələri tam differensasiya etmədiyindən onu insan orqanizminin hər hansı orqanının xəstə və ya ölmüş hüceyrələri ilə əvəz etmək olar. Çünki sütun hüceyrələri orqanizmin hər hansı hüceyrəsinə çevrilə bilər. Bu üsulla müalicəsi çətin olan bir çox xəstəliklərə qarşı (qastrit, infarkt, Parkenson xəstəliyi, ürək, qaraciyər, sümük, qan və s.) mübarizə aparmaq olar. Reproduktiv klonlaşdırmanın terapevtik klonlaşdırmadan fərqi ondadır ki, bu zaman rüşeymin inkişafı dayandırılmır. Belə olan halda, rüşeym inkişaf edərək dölə çevrilir və o da öz növbəsində yeni fərd şəklində təzahür edir.

Klon yaratmağa hüquqi baxış
Hüquqi baxımdan əgər insan rüşeyminin inkişafı süni surətdə dayandırılsa, bu gələcəkdə insan olacaq bu rüşeymə qarşı qəsd hesab olunmur, çünki insan hələ dünyaya gəlməyib və deməli o, fiziki şəxs sayıla bilməz. Amma eyni hərəkət insan hüququnun tapdalanması və etik cəhətdən cinayət kimi qəbul edilir. Bundan başqa dünyaya gələn klonun aqibəti onun kimə məxsus olması da mübahisəlidir. Əgər yumurtahüceyrə bir şəxsə, ona yeridilən diploid nüvəsi başqa şəxsə, həmin rüşeymin inkişaf etdiyi mühit (uşaqlıq) üçüncü şəxsə (surroqat ana) məxsusdursa, onda dünyaya gələcək insana hər üç səxsin iddiası ola bilər və hər üç şəxs bu insanın (klonun) valideyni sayıla bilər. Başqa bir hal: əgər tənha qadın ailə qurmadan övladının olmasını istəyirsə və bunun üçün öz yumurtahüceyrəsini elə öz diploid nüvəsi ilə «mayalandıraraq» özünə tam oxşayan insan alırsa, onda belə bir sual meydana çıxır ki, bu insanın atası kimdir?

Bir çoxları əkizləri qəbul edə biliriksə, klonu niyə qəbul etməyək kimi iddiayla çıxış edirlər. Qeyd etmək lazımdır ki, əkizlərlə klon arasında iki əsas fərq var. Birincisi, əkizlərin yaranması çox nadir halda baş verir. İkincisi, əkiz tay əvvəllər mövcud olmayan genetik kompozisiyanın dublundan yaranır. Lakin klonlaşdırmada mövcud olan insanın genetik kompozisiyası əsas götürülür və eyni genli insan «istehsal» edilir. Əkizlər isə məlum olmayan genetik təbiətə malikdirlər. Onların hər biri nadir və qiymətli şəxsiyyətlərdir.

Klonun orjinalından hansı xüsusiyyətləri ilə fərqləndiyini söyləmək çətindir, çünki muqayisə üçün belə imkan yoxdur. Ancaq heyvan klonları üzərində aparılan müşahidə və tədqiqatlar onu göstərir ki, klon heyvanların immun sistemi zəif olur, tez xəstələnir, tez qocalır və təbii ki, tez də məhv olurlar.

Bir şeyi unutmaq olmaz ki, klon bir canlının kserokopiyası və yaxud bənzəri deyil, sadəcə, identik əkizidir, nüsxəsidir. Klon öz orijinalından yaşca kiçik olur və onu orijinalı ilə səhv salmaq mümkün deyil. Bundan başqa, gələcəkdə hazırlanması mümkün olacağı təqdirdə, klon və orijinal insan müxtəlif barmaq izlərinə malik olacaq. Üstəlik, klon öz orijinalın yaddaşından heç nə mənimsəməyəcək.

Klonlaşdırmanın gələcəkdə nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir. Çünki burada variant müxtəlifliyi çoxdur. Bir fikri unutmaq olmaz: elm elə bir məfhumdur ki, insanın ondan necə istifadə etməsindən asılı olaraq, bəşəriyyəti xilas və yaxud məhv edə bilər. Ona görə də, bu məsələdə çox ehtiyatlı olmaq lazımdır. Əks halda bu, çox ağır fəsadlarla nəticələnə bilər.

Klonlaşdırma beynəlxalq müstəvidə
Klonlaşdırmanı qadağan edən ölkə və təşkilatlar
Avropa Şurası - İnsanın klonlaşdırılmasını qadağan edən protokol (1998)
Almaniya - Cinayət Məcəlləsində maddə (5 il həbs)
Fransa - Cinayət Məcəlləsində maddə (20 il həbs)
ABŞ - İnsan klonunun yaradılmasına müvəqqəti qadağa (2003)
BMT - İnsan klonunun yaradılmasını qadağan edən qanunlar qəbul etmək barədə üzv ölkələrə çağırış (2005)

Klonlaşdırmaya dini baxış
Klonlaşdırma dünya miqyasında təkcə hüquqi-etik baxımdan deyil, dini tərəfdən də müzakirə edilən və birmənalı qarşılanmayan problemdir. Məlumat üçün bildirək ki, səmavi din rəsmiləri klonlaşdırmanı “Tanrının işinə müdaxilə” kimi qiymətləndirmiş, mühafizəkar dairələr isə sərt tənqidlərlə qarşılayaraq belə tibbi eksperimentlərin keçirilməsinin yolverilməzliyini önə çəkilmişlər. Məsələn, Vatikan tərəfindən səsləndirilən ümumi fikir belədir ki, əgər, həqiqətən də, tibbi təcrübələr insan embrionunun yetişdirilməsindən ibarətdirsə, bu tədqiqatlar “məzəmmət olunmalıdırlar”. Bu səpgili iradları, həmçinin Rus Pravoslav Kilsəsinin Moskva Patriarxlığının mövqeyində də görmək mümkündür. Patriarxlığın nümayəndəsi Antoni İlyin qeyd edir ki, klonlaşdırma ilə məşğul olan və yaxud ondan bu və ya digər tibbi səbəblə istifadə edən provaslavları dindən çıxarılma təhlükəsi gözləyir. Lakin qeyri-mühafizəkar bəzi din adamları (məsələn, protestantlıqda) isə müəyyən normalar çərçivəsində, əsasən sağlamlığın qorunması naminə klonlaşdırmanın mümkünlüyünü irəli sürmüşlər.

İslam və klonlaşdırma
Bəs görəsən, İslamın klonlaşdırmağa münasibəti necədir? İslamşünas alimlər bu barədə nə düşünür? Qeyd edək ki, məsələyə şəriət ehkamları prizmasından yanaşma müxtəlif aspektlərdən özünü göstərmişdir. Mühafizəkar alimlərin mövqeyi ondan ibarətdir ki, klonlaşdırma, Allah-Təalanın yaratdığı xilqətdə dəyişiklik etmək, onun fitrəti ilə oynamaq mənasına gəlir ki, bu da dini anlamda yolverilməzdir.

İslamın elmə və onun inkişafına yüksək dəyər verdiyini qeyd edən bəzi alimlər isə dinin qəti qadağa qoyduğu məsələlərin xaricində, yalnız heyvanların klonlaşdırmasına müəyyən şərtlər çərçivəsində icazə vermişlər. Bu şərtləri onlar iki qismə bölmüşlər: a) heyvan klonlaşdırılması insanlara sağlamlıq baxımdan xeyir gətirməli, yaxud xeyri ziyanından çox olmalıdır; b) heyvanlara tibbi təcrübə zamanı xətər yetirilməməlidir, yəni heyvanlar şikəst edilməməli və onlarla qəddarcasına davranılmamalıdır.

Son zamanlar isə İslam dünyasında bəzi alimlər, hətta insan klonlaşdırmağın şəriətlə mümkün olduğunu irəli sürmüşlər. Məsələn, Əl-Əzhər Universitetinin Şəriət fakültəsinin müqayisəli fiqh kafedrasının müəllimi professor Məhəmməd Rafət Osman klonlaşdırma problemi ilə bağlı apardığı tədqiqatlar nəticəsində bu fikrə gəlmişdir. O, özünün“Şəriət ehkamları işığında klonlaşdırmağa münasibət” kitabında qeyd edir ki, insan klonlaşdırılması yalnız çıxılmaz vəziyyətlərdə və müəyyən şərtlərlə edilə bilər. Professor klonlaşdırmağın altı formasını təqdim edir və bunlardan ancaq ikisinin şəriətin icazə verdiyi meyarlara uyğunluğunu bildirir. Dördünü isə o, şəri ehkamlara tərs düşdüyünü vurğulayaraq onları belə açıqlayır:
1. Bir qadının müəyyən hüceyrəsi tərkibindəki DNT molekulları ilə birgə digər qadının nüvəsi çıxarılmış yumurta hüceyrəsinə yerləşdirilir. Sonra əmələ gələn embrion uşaqlıqda mayalandırılır. Bu isə İslamın şəri ehkamları ilə ziddiyyət təşkil edir. Çünki analoji olaraq şəriətdə eyni cinsin nümayəndələri arasında intim əlaqə qadağan olunmuşdur. Əgər belə əlaqə qadağandırsa, onda eynicinsli mayalanma üsulu da məqbul hesab edilmir;
2. Qadının DNT tərkibli müəyyən hüceyrəsi, elə öz yumurta hüceyrəsinə yerləşdirilir. Birinci bənddəki kimi, eyni səbəblərə görə bu da şəri ehkama uyğun gəlmir;
3. Qadağaya, həmçinin, heyvan mənşəli DNT tərkibli hüceyrənin qadının yumurta hüceyrəsinə yerləşdirilməsi də aiddir;
4. Kişinin müəyyən hüceyrəsi onun qanuni həyat yoldaşı olmayan qadının yumurta hüceyrəsinə yerləşdirilir ki, bu da şəriət baxımından düzgün sayılmır. Çünki belə mayalanmadan dünyaya gələn insan, evlilik xaricində dünyaya gələn insan kimidir. Bu isə qohumluq tellərinin və genealoji əlaqənin itirilməsi deməkdir.

Şəriətin icazə verdiyi meyarlara uyğun olan iki klonlaşdırma metodunun elmi açıqlaması isə belə təqdim olunur:
1. Kişinin genetik informasiyalarını özündə saxlayan hüceyrəsi, qanuni həyat yoldaşı olan qadının yumurta hüceyrəsinə yerləşdirilir. Bir şərtlə ki, hüceyrə ölmüş insandan götürülməsin. Əgər müəyyənləşsə ki, bu metodla əqli və fiziki cəhətdən qüsurlu uşaqlar dünyaya gəlir, onda bu üsul da şəriət baxımdan qadağan edilməlidir.
2. Süni mayalandırma üsulu ilə əkizlərin dünyaya gətirilməsinə cəhd etmək, yəni bir hüceyrənin daha sonra eyni genetik informasiyanın daşıyıcıları olan bir çox hüceyrəyə parçalanmasını təmin etmək. Bunun da şəri baxımdan qadağan olunmadığı bildirilir. Lakin burada da kənar təsirlərin olduğu aşkarlansa, belə əməliyyatlara icazə verilməməlidir.

Bundan başqa, tibbi məqsədlərlə ürək, böyrək, ciyər və s. insan orqanlarının yetişdirilməsinin mümkün olub-olmamasından bəhs edilirsə, şəriət sağlamlığın vacibliyi prinsipindən çıxış edərək belə klonlaşdırmanın lazımlığını, hətta Allah dərgahında savab əməl sayılacağını bildirir. Ümumiyyətlə, klonlaşdırma yeni canlının heç nədən yaradılması anlamına gəlməməlidir. Çünki bu əməliyyat Uca Allahın yaratdığı mövcud canlılar üzərində və Onun qoyduğu bioloji qanunlar çərçivəsində aparılır. Əgər bəşər övladı Onun qoyduğu qanunları burda da pozursa, deməli, qarşılaşacağı fəlakətlərin məsuliyyətini özündə axtarmalıdır.


Tarix: 08.12.2014 / 16:06 Müəllif: Aziza Baxılıb: 343 Bölmə: Biologiya