beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zoologiyanın bölmələri

Hazırda zoologiya vahid bir elm deyildir. Bu sistemə daxil olan elm sahələri heyvanat aləmini ayrı-ayrı nöqteyi-nəzərdən öyrənir. Nisbi olaraq və öyrənmək məqsədilə həmin elm sahələrini iki qrupa bölmək olar: heyvanat aləminin ümumi məsələlərindən bəhs edən elmlər və ayrı-ayrı qrup heyvanlardan bəhs edən elmlər. Ümumi məsələlərdən bəhs edən aşağıdakı elm sahələrini göstərmək olar:
Morfologiya. Morfologiya yunan sözü olub, morfe — forma, loqos — elm deməkdir. Morfologiya şərait və mənşəyi ilə əlaqədar olaraq heyvanların quruluşunu öyrənən elmdir.
Embriologiya. Heyvanların rüşeym inkişafı və onun inkişaf qanunauyğunluqlarını öyrənir. K.F. Volf (1759), L. Treler və K.M. Berin erkən rüşeym dövründə orqanların üç rüşeym təbəqəsindən əmələ gəlməsi nəzəriyyəsinin irəli sürülməsi, həmçinin K.M. Berin məməli heyvanların və insanın yumurtalığında yumurta hüceyrəsini kəşf etməsi preforizmə daha ağır zərbə olmuşdur. K.M. Ber müxtəlif siniflərdən olan heyvanların rüşeymdə oxşarlıqlarının olduğunu sübut etməklə müasir embriologiyanın əsasını qoymuşdur.
Fiziologiya. Heyvanlarda gedən həyat hadisələrindən və ayrı-ayrı orqanların funksiyasından bəhs edən elmdir.
Zoocoğrafiya. Yer üzərində heyvanların hazırda və keçmişdə coğrafi yayılmasını, onun müasir və keçmiş yayılma qanunauyğunluqlarını, həmçinin heyvanların ekoloji qruplarının quru və suyun ayrı-ayrı vilayətlərində təşəkkül etməsini və coğrafi yayılmasını öyrənir. Zoocoğrafiya sözü də yunan sözüdür. Zoon heyvan, coğrafiya — yayılma deməkdir.
Paleozoologiya. Qədimdə yaşamış və tələf olmuş heyvanların quruluşunu, geoloji yayılmasını, tarixi inkişafını, mənşəyini və müasir orqanizmlərlə qarşılıqlı münasibətlərini öyrənir.
Parazitologiya. Parazitizm hadisəsini, parazitlərin quruluşunu, onların spesifik həyat tərzinə uyğunlaşmasını, onların inkişaf dövriyyəsini, həmçinin insan, heyvan və bitkilərdə xəstəlik törədən parazit növlərə qarşı mübarizə yollarının işlənib hazırlanmasını öyrənir.
Hidrobiologiya. Suda yaşayan orqanizmlərin yaşama qanunauyğunluqlarından, həyat tərzindən, quruluşundan, inkişafından bəhs edən elmdir.
Su heyvanları insanların həyatında böyük rol oynayır. Onların bir qisminin ətindən, yağından, dərisindən istifadə olunur, bir qismi isə çox faydalı heyvanların, o cümlədən balıqların qidası olmaqla xeyir verirlər. Təkcə bunu demək kifayətdir ki, bir balinadan alınan yağ 10000 baş qoyun və 8000 baş donuzdan alınan yağa bərabərdir.
Sistematika elmi. Zooloji elmlərə daxil olan sahələrdən biri də sistematikadır. Sistematika sözü də yunan sözüdür. Sistem — hissələrdən tərtib olunmuş bütöv, tam deməkdir. Sistematika elminin banisi qədim yunan alimi Ərəstu, elmi sistematikanın banisi isə İsveç alimi K.Linneydir. Sistematika elmi digər zooloji elmlərin əldə etdiyi dəlillərə əsaslanaraq heyvanları qruplaşdırır və heyvanat aləminin təbii təsnifini verir.

Ayrı-ayrı qrup heyvanlardan bəhs edən elmlər xüsusi zoologiya adlanır. Belə elm sahələrinə ibtidai birhüceyrəlilərdən bəhs edən protozoologiya və ya protistologiya, parazit qurdlardan bəhs edən helmintologiya, balıqlardan bəhs edən ixtiologiya, sudaquruda yaşayanlardan və sürünənlərdən bəhs edən herpetologiya, quşları öyrənən ornitologiya, məməliləri öyrənən teriologiya və ya mamalogiya və s. daxildir.
Protozoologiya. İbtidai birhüceyrəli orqanizmlərin quruluşunu, inkişafını, ekologiyasını, sistematikasını, filogeniyasını, təsərrüfat əhəmiyyətini, yayılma qanunauyğunluqlarını öyrənir. Protozoologiyanın yaranması mikroskopun yaranması ilə əlaqədardır.
Bu elm sahəsi 28 minə qədər növ öyrənmişdir ki, onların da 4000-ə qədəri insan və heyvan orqanizmində parazitlik edərək xəstəlik törədirlər.
Helmintologiya. Yunanca helmintos — tüfeyli sözündən götürülmüşdür. İnsan, heyvan və bitkilərdə parazitlik edən qurdları öyrənir. Sovet İttifaqında helmintologiya elminin əsasını akademik K.İ. Skryabin qoymuşdur. Hazırda onun böyük bir məktəbi bu sahə üzrə elmi-tədqiqat işləri aparır və böyük nailiyyətlər əldə etmişlər.
Entomologiya. Entomologiya yunanca entomo həşərat sözündən götürülmüşdür. Həşəratlar sinfinə daxil olan heyvanları öyrənir. Entomologiya faydalı və zərərli həşəratları öyrənərək faydalı həşəratları insanın xidmətinə verir, zərərli həşəratlara qarşı mübarizə üsullarını işləyib hazırlayır.
Entomologiya elminin əsası XVII əsrdə italyan bioloqu M.Malpigi, Holland təbiətçisi Y.Svammerdam və fransız təbiətşünası R.Reomyur tərəfindən qoyulmuşdur.
İxtiologiya. Onurğalılar zoologiyasının bir bölməsi olub, balıqları, onların quruluşunu, biologiyasını, sistematikasını, təkamülünü, yayılmasını, ekologiyasını öyrənir. Termin yunanca «ixtis» — balıq sözündən götürülmüşdür. Balıqlar haqqında ilk ümumiləşdirmələr e.ə. VI əsrdə yaşamış Hind alimi Susrutanın adı ilə bağlıdır. Balıqçılıq üzrə ilk kitab isə Çində nəşr olunmuşdur.
Ornitologiya. Yunan sözü olub, quş mənasını verən ornitos sözündən götürülmüşdür. Quşların morfologiyasını, biologiyasını, yayılmasını, davranışını öyrənən elmdir. Bir sıra ölkədə, o cümlədən keçmiş S ovet İttifaqında ornitoloqlar quşların qorunması və cəlb olunmasına dair tədbirlər sistemi hazırlamışlar.
Teriologiya və ya mamalogiya. Teriologiya yunan sözü olub, vəhşi deməkdir, mamalogiya latınca «mamma» — süd vəzi sözündən götürülmüşdür. Yer planetində məməlilərin 4000-dən çox növü yaşayır. Məməlilər növ tərkibinə görə quşlardan (9 min) iki dəfə azdır. Lakin biosferdə onların rolu çox böyükdür. Ona görə onların ətraf mühitə təsiri də güclüdür.


Tarix: 08.12.2014 / 16:23 Müəllif: Aziza Baxılıb: 104 Bölmə: Biologiya