beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Anatomiyanın tarixi

Insanın anatomiyası insan orqanizminin zahiri şəklindən, daxili quruluşundan, inkişaf və mənşəyindən bəhs edən elmdir. «Anatomiya» sözü yunanca «anatemno» — yarıram, şərh edirəm sözündən alınmışdır. Yarma üsulu orqanizmin quruluşunu öyrənmək məqsədi ilə istifadə edilən əsas üsullardan biridir. Beləliklə, anatomiya elmi tədqiq metodlarından birinin adını daşıyır.
Anatomiya elminin inkişaf tarixi çox qədim zamanlardan başlayır. Hələ tarixdən əvvəl, yazı olmayan dövrlərdə ehtimal ki, insanın quruluşu haqqında səthi məlumata rast gəlinir. Bizim eradan bir neçə min il qabaq çinlilərdə və hindlilərdə heyvan orqanizminin quruluşu haqqında bəzi məlumat olmuşdur. Hindlilərin kitablarında insanın bədənində 7 qişa, 90 vətər, 900 bağ, 300 sümük, 3 maye olması haqda məlumata təsadüf edilir.
Babilistan mədəniyyəti zamanı cərrahlığın yüksək dərəcədə inkişafına əsasən, cərrahların bir sıra üzvləri və toxumaları bildikləri gümanı vardır. Bəzi qədim mədəni xalqların da (misirlilərdə, yunanlarda və romalılarda) heyvanların və insanın quruluşu haqqında məlumata malik olduqları güman edilirdi.
Misir mədəniyyəti zamanı meyitlərin balzamlanmasının (mumiyalanmasının) geniş inkişaf etməsi, bu işlə məşğul olanların (paraxistlərin) bəzi daxili üzvlərin və damarların quruluşu haqqında məlumatlanmalarına imkan yaranmışdı. Lakin İ.Hirtl demişkən «onların anatomiyadan qətiyyən başları çıxmırdı». O zamanlar cərrahlıq kahinlərin əlində olduğu üçün bunların da insan orqanizminin quruluşu haqqında bir qədər məlumatları olmuşdur. Lakin kahinlərin bilikləri dinə xidmət etdiyindən elm onlardan az məlumat əldə etmişdir.
Yunan mədəniyyəti zamanı heyvan və insan orqanizminin öyrənilməsi Misirə nisbətən daha yüksək səviyyədə idi. Hələ eramızdan beş əsr əvvəl insan anatomiyası haqqında ilk əsəri Kroton məktəbinin alimi Alkmeon (Alkmeon — xalq arasında böyük hörmət qazanmış, hələ də bu vaxtadək kim olduğu dəqiq öyrənilməmiş məşhur Loğman bəzi tarixi məlumata görə həmin yunan həkimi Alkmeondur) yazmışdır.
Qədim Yunanıstanın məşhur xadimləri təbabətin atası Hippokrat — Buqrat (yeni eradan qabaq 460 — 377ci il) və Aristotel — Ərəstu (eramızdan qabaq 384 — 322ci il) olmuşdur. Tamamilə sübut olunmuşdur ki, Alkmeon, Hippokrat və Aristotel insan meyiti yarmamışlar, lakin çoxlu miqdarda heyvan yarıb öyrənmişlər. Hippokrata kəllənin örtük sümükləri, qara ciyərin qan yaradıcı üzv olduğu məlum idi. Hippokratın fikrincə, hava nəfəs borusundan və ağ ciyərlərdən keçib ürəyə daxil olur və buradan «pnevma» halında orqanizmə yayılır. Aristotel qədim dövrün məşhur filosofu və təbiətşünası olmuşdu. O, heyvan anatomiyası haqqında qiymətli məlumat toplamış, qan dövranı prosesində ürəyin əhəmiyyətini göstərmişdir.
Anatomiya Ellin dövründə yeni eradan qabaq III əsrdə İskəndəriyyə məktəbində tərəqqi etmişdir. Bu məktəbdə insan meyiti yarılmışdı. O vaxtın böyük ticarət şəhəri hesab olunan İskəndəriyyədə çoxlu miqdarda qullar, əsirlər və sahibsiz şəxslər olduğundan, həkimlər üçün həmin şəxslərin meyitlərini yarmaq imkanı var idi. İskəndəriyyə məktəbinin ən görkəmli alimlərindən Herofil (eramızdan əvvəl 304-cü il) beyin, vegetativ sinir sistemini, duyğu üzvlərini və damar sistemini öyrənmişdir. Erazistrat (eramızdan əvvəl 300 — 250-ci il) hərəki sinirləri hissi sinirlərdən ayırmış, ürəyi öyrənmiş, onun qapaqlarını müəyyən etmişdi. İnanmışdı ki, venalarda qan, arteriyalarda isə hava cərəyan edir.
Kiçik Asiyada Perqam şəhərində anadan olmuş Roma şəhərinin görkəmli həkim-alimi və filosofu Klavdi Qalen (e.ə. 201 — 131) bir çox elmi əsərlər yazmışdır. Alim böyük nüfuz sahibi olmaqla onun əsərləri üç əsr istifadədə olmuşdur. Meyit yarmamış, it və digər heyvanlar üzərində tədqiqatlar aparmışdır.
Ərəb hakimiyyəti dövründə anatomiya sahəsində o qədər də mühüm tədqiqatlar aparılmamışdır ki, bunun səbəbi islam və musa dini olmuşdur. Çünki dində meyit yarmaq müsəlman və yəhudilərə qadağan idi.
Əl Razi (850 — 923) dövrünün Qaleni adlandırılmışdır. Çox istedadlı filosof olaraq «Əl-havi», «Mənsuri» adlı böyük əsərlər yazmışdır.
Əbu Əli ibn-Sina (980 — 1037) Buxara yaxınlığında Afşanda anadan olmuş, kiçik yaşlarında zəkası ilə fərqlənmiş, hüquq, fəlsəfə, riyaziyyat, astronomiya və təbabətlə məşğul olmuşdur. O, 5 kitabdan ibarət «Təbiət qanunu» və ondan başqa yüzə qədər böyük əsərlər yazmışdır.
Qədim və orta əsr xalqlarının ictimai-siyasi həyat şəraitinin pis olması, arasıkəsilməz müharibələr, dini təriqətlər və bunlardan doğan mövhumat, meyit yarmanın qadağan edilməsi orta əsrlərdə anatomiyanın inkişafını çox ləngitmişdi. Onun həqiqi inkişafı yalnız XVI əsrdən İntibah dövründən başlanmışdır. O Dövrün məşhur alimləri əsasən Vezali, Fallopi və Yevstaxi olmuşdur.
Andrey Vezali (1514 — 1564) 1537-ci ildə Bazeldə doktorluq elmi dərəcəsi almış, anatomiya professoru olmuşdur. Anatomiya elmi sahəsində böyük islahatçı olmaqla müasir anatomiyanın banisi hesab edilir. O, bir çox heyvan və insan meyitləri üzərində tədqiqatlar aparmaqla Qalenin doqmatik anatomiyasına böyük zərbə vurmuşdur. Böyük əsərlərindən biri «İnsan orqanizminin quruluşu haqqında 7 kitab» olmuşdur.
Qalendən sonra birinci anatomik əsəri XIV əsrin əvvəllərində Boloniya universiteti professoru Mondino de Lyutsi yazmışdır. O, yalnız iki insan meyiti yarmış, lakin günah etməkdən qorxaraq, kəllə sümüklərini müayinə etməmişdi. Yalnız Vezali o vaxta qədər toplanmış bütün materialı, Qalendən qalmış irsi sistemləşdirmiş və yeni anatomiyanın əsasını qoymuşdu.
Vezalinin şagirdi Qabriel Fallopi (1523 — 1562) 1548-ci ildə əvvəlcə Ferrare və sonra Piza şəhərlərində anatomiya professoru olmuşdur. İlk dəfə müfəssəl olaraq skeleti və onun inkişafını, eşitmə üzvünü tədqiq etmişdir. Bəzi anatomik törəmələr: uşaqlıq borusu, üz siniri kanalı onun adını daşıyır.
Roma şəhərində anatomiya və təbiət professoru Bartolomeo Yevstaxi (1510 — 1574) dişlərin və böyrəyin inkişafını tədqiq etmişdir. Aşağı boş venanın qapağı və eşitmə borusu onun adı ilə adlanır.
Orta əsrlərin sonunda yaşamış məşhur alimlərdən biri də Leonardo da Vinçidir (1452 — 1519). O, İntibah dövrünün məşhur incəsənət nümayəndəsi, rəssam, heykəltəraş, musiqiçi, şair və alimi Leonardo da Vinçi xüsusi olaraq anatomiya ilə də məşğul olmuşdur.
XVI əsrdən etibarən anatomiya obyektiv müayinə yolu ilə inkişaf etməyə başlamışdır. Odur ki, XVI və XVII əsrlər boyu bir sıra kəşflər edildi. Onlar kəşfləri edən alimlərin adı ilə adlandırılmışdır.
Varolio (1543 — 1575) beyin və beyin sinirlərini tədqiq etmişdir. Q.Arantsi (1530 — 1589) insan dölünü müayinə etmiş və ürəyin aypara qapaqlarını müəyyənləşdirmişdir. N.Stenon (1638 — 1687) vəzilərin anatomiyası və limfa sistemi ilə məşğul olmuşdur. M.Malpigi (1628 — 1694) mikroskopik anatomiyaya dair əsərlər yazmış, kapillyarları kəşf etmişdir.
XVII əsrdə mikroskopun yaradılması olunması ilə əlaqədar olaraq mikroskopik anatomiya inkişaf etməyə başlamışdır. V.Harvey (1578 — 1657) XVII əsrin əvvəllərində qan dövranının indiki təlim əsaslarını yaratmış, bütün heyvanların yumurtadan inkişaf etdiklərini sübuta yetirmişdir.
XVIII əsrdən başlayaraq cərrahlar və terapevtlər anatomik məlumatlardan istifadə etməyə başlayırlar. Anatomiya elmi ali məktəbdə tədris edilməyə başlayır.O zaman anatomiya hüquqən meyiti sərbəst surətdə yarmaq ixtiyarı əldə etdisə də, işdə bunun tətbiq olunmasına din və şəriət imkan vermirdi.
Rusiya elmlər akademiyasının üzvü K.F. Volf (1733 — 1794), əsərləri ilə anatomiyada embrioloji müayinə metodunun əsasını qoydu. XIX əsrdə K.M. Ber (1792 — 1876) və başqa rus alimləri bu metodu daha da genişləndirdilər. Müqayisəli anatomiyanın inkişafı ilə əlaqədar həmin dövrdən müqayisəli anatomiya metodu anatomiyada tətbiq edilməyə başlanmışdır.
Vyana anatomik muzeyinin professoru, sonra Praqada anatomiya professoru və nəhayət, Vyanada təsviri, topoqrafik və müqayisəli anatomiya professoru olmuş, Y.Hirtl (1811 — 1894), keçən əsrin sonunda Rusiyada geniş yayılmış məşhur anatomiya dərsliyini yazmışdır.
XVIII — XIX əsrlərdə təbiət elmləri və anatomiya sahəsində çalışmış məşhur rus alimlərindən M.V. Lomonosov, A.F. Kaverznev, M.İ. Şein, A.P. Protasov, S.Q. Zıbelin, A.M. Şumlyanski, P.A. Zaqorski, N.İ. Piraqov və İ.V. Buyalskini göstərmək olar.
M.V. Lomonosov (1711 — 1765), Rusiyada təbiət elminin əsasını qoymuş, ilk dəfə enerjinin itməməsi qanununu söyləmişdir.
A.F. Kaverznev XVIII əsrin məşhur rus təkamülçüsü olmaqla, Ç.Darvindən 100 il əvvəl «Heyvanların dəyişkənliyi haqqında» dissertasiyada belə nəticəyə gəlmişdir ki, növlər daimi deyildir, orqanizm xarici mühitin təsiri nəticəsində dəyişir.
M.İ. Şein (1712 — 1762) — həkim, anatom olmuş, 1744-cü ildə ilk dəfə Rusiyada çap olunmuş anatomiya atlasının şəkillərinin əksəriyyətini hazırlamışdır.
A.P. Protasov (1723 — 1796), rus anatomlarından birinci olaraq Peterburq Elmlər Akademiyasının nəzdində olan universitetdə rus dilində anatomiya kursunu oxumuşdur. O, rusca anatomik terminləri tərtib edənlərdən biri olmuşdur.
Akademik S.Q. Zıbelin (1723 — 1796) Moskva universitetinin nəzəri təbabət professoru olmuşdur.
Böyrəklər haqqında dissertasiya müdafiə etmiş A.M. Şumlyanski (1748 — 1815) 1793-cü ildə böyrəkdə olan kapsulu kəşf etmişdir (lakin kapsul səhvən Boumen kapsulu adlanır).
Akademik, məşhur anatom, rus dilində ilk dəfə yazılmış anatomiya dərsliyinin müəllifi P.A. Zaqorski (1764 — 1846) olmuşdur.
Görkəmli cərrah, hərbi-tibb akademiyasının anatomiya professoru İ.V. Buyalski (1789 — 1866) dünya şöhrətli iki atlas tərtib etmiş və meyitləri balzamlamaq metodunu işləmişdir.
Məşhur alim və cərrah N.İ. Piraqov (1810 — 1881) əvvəlcə Derpt universitetində cərrahlıq kafedrasının və sonra (1841-ci ildən) Peterburq tibb-cərrahlıq akakdemiyasında hospital cərrahlıq kafedrasının müdiri olmuşdur. O, cərrahlığa və anatomiyaya aid bir çox əsərlər yazmış, cərrahi anatomiyanın əsasını qoymuşdur. N. İ. Piraqov rus cərraşlığının atası sayılır. O, ilk dəfə üzvlərin topoqrafiyasını öyrənmək məqsədi ilə dondurulmuş meyitlərdən kəsiklər hazırlamaq metodunu təklif və tətbiq etmişdir.
V.L. Qruber (1814 — 1890), hərbi-tibb akademiyasında anatomiya institutunun əvvəlcə prorektoru, sonra direktoru və nəhayət, professoru olmaqla zəngin muzey təşkil etmiş və anatomiyaya aid əsərlər yazmışdır.
XIX əsrin ikinci yarısında Çarlz Darvinin (1809 1882) təkamül nəzəriyyəsi meydana çıxmışdır. Ç.Darvin «Növlərin mənşəyi» adlı əsərində heyvan növlərinin yaşadıqları şəraitə uyğunlaşmaları prosesində onların dəyişkənliyini isbat etdi. O, insanın yüksək dərəcədə inkişaf etmiş insanabənzər meymunlardan əmələ gəlməsini göstərdi. F.Engels isə onun səbəbini izah etdi və insanın ictimai əmək nəticəsində meydana çıxdığını göstərdi.
O dövrdə yaşamış digər alimlərdən: Kiyev universitetində anatomiya professoru olmuş V.A. Bets (1834 — 1894), beynin mikroskopik quruluşu haqqında qiymətli əsərlər yazmışdır. Beyin qabığı sitoarxitektonikasının əsasını qoymuşdur. Beyin qabığında olan div — piramid hüceyrələri onun adı ilə adlanır.
P.F. Lesqaft (1837 — 1909) «Nəzəri anatomiya əsasları» adlı qiymətli əsər yazmış və Rusiyada bədən tərbiyəsinin əsasını qoymuşdur. Əsərlərində formanın, inkişaf proseslərinin fizioloji proseslər ilə əlaqədar olduğunu təbliğ etmişdir.
V.L. Qruberin şagirdi A.İ. Tarenetski (1845 1905), kəllə və kor bağırsaq haqqında əsərlər yazmışdır.
Klinisist, pediatr və anatom N.P. Qundobin (1860 -1908) yaş anatomiyasının banisi olub, böyük əhəmiyyətə malik «Uşaq yaşının xüsusiyyətləri» adlı əsərini yazmışdır.
Görkəmli histoloq və embrioloq, A.S. Dogel (1852-1922), Petroqrad universitetinin professoru olmaqla, sinir sisteminə aid bir çox əsərlərin müəllifidir.
Biologiya, anatomiya, histologiya və fiziologiya sahəsində görkəmli əsərlər yazmış bir sıra başqa alimlər A.O. və V.O. Kovalevski qardaşları, İ.İ. Meçnikov, V.M. Bexterev, M.V. Şimkeviç, K.A. Timiryazev, İ.V. Miçurin, A.N. Severtsov, A.A. Zavarzin, B.İ. Lavrentyev, S.İ. Şelkunov, məşhur fizioloqlar İ.M. Seçenov, A.L. Ostroumov, İ.P. Pavlov və başqaları morfologiyanın inkişafına böyük təsir göstərmişlər.
Böyük rus fizioloqu, akademik, hərbi-tibb akademiyasının professoru İ.P. Pavlov (1849 — 1936), müasir həzm fiziologiyasının, şərti reflekslər və ali sinir fəaliyyəti nəzəriyyəsinin əsasını qoymuşdur. Böyük eksperimentator, mahir operativ müdaxilə aparan Pavlov dünya miqyasında böyük əhəmiyyəti olan məşhur fizioloji məktəbini yaratmışdır.
XX əsrdə insan anatomiyası üzrə görkəmli tədqiqatçılar, alimlər yetişmişdir.
Moskva universitetinin professoru D.N. Zernovun (1843 — 1917), «İnsanın təsviri anatomiyasından rəhbər kitab» adlı məşhur dərslik 14 dəfə nəşr olunmuşdur. O, mərkəzi sinir sistemi və duyğu üzvləri haqqında da bir çox əsərlər yazmışdır.
P.İ. Karuzin (1864 — 1939), Moskva universitetində normal anatomiya professoru olmaqla, mərkəzi sinir sisteminin aparıcı yolları haqda bir çox müayinələr aparmışdır. O, rus dilində birinci və yeganə «Anatomik terminlər lüğəti»ni tərtib etmişdir.
Anatom və rəssam N.K. Lısenko (1865 — 1941) Odessa universitetində tibb fakültəsinin professoru vəzifəsində işləmişdir. O, V.İ. Buşkoviçlə birlikdə «İnsanın normal anatomiyası» adlı dərs kitabını yazmışdır. Bu əsərin beşinci nəşri M.Q. Privesin iştirakı ilə 1958-ci ildə çapdan çıxmışdır.
Moskva II tibb institutunun professoru A.A. Deşin (1869 — 1946) D.N. Zernovun dərsliyinə «Onurğa beyninin, beynin aparıcı yolları və vegetativ sistemi təlimi» adlı bölmə əlavə etmişdir (1939).
Q.M. İosifov (1870 — 1833), Tomsk və Voronej universitetlərində anatomiya professoru olmuş, limfa sistemi sahəsində bir çox tədqiqatlar aparmış, «İnsanın limfa sistemi» adlı böyük əsərini yazmışdır (1908).
Akademik, əməkdar elm xadimi V.P. Vorobyov (1876 — 1937) Xarkov tibb institutunun normal anatomiya kafedrasının müdiri olmuş, sinir sisteminin makro-mikroskopik metod üzrə müayinə edilməsinin əsasını qoymuş və bir sıra daxili üzvlərin innervasiyası haqda müayinələr aparmışdır. Anatomiyadan dərs kitabı yazmış və öz şagirdi, professor R.D. Sinelnikovla birlikdə 5 cilddən ibarət atlas tərtib etmişdir. V.P. Vorobyov, B.İ. Zbarski ilə birlikdə xüsusi metodla V.İ. Leninin bədənini mumiyalamışdır.
V.N. Tonkov (1872 — 1954), keçrmş SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, hərbi-tibb akademiyasında normal anatomiya kafedrası professoru, eksperimental (funksional) anatomiyanın banilərindən biri olmuşdur. Öz şagirdləri ilə birlikdə kollaterial qan dövranı təlimi üzərində çalışmışdır. O, anatomiyanı öyrənmək üçün ilk dəfə rentgen şüalarından istifadə etmişdir (1896). Anatomiyadan yazdığı qiymətli dərs kitabının 6-cı nəşri 1962-ci ildə çapdan çıxmışdır. Onun məşhur şagirdlərindən B.A. Dolqo-Saburov (1900 1960) sinir-damar rabitələri və venaların innervasiyası haqqında qiymətli əsər yazmışdır.
V.N. Şevkunenko (1872 — 1952), keçmiş SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, hərbi-tibb akademiyasının topoqrafik anatomiya professoru olmuşdur. Fərdi dəyişkənliyin kənar formaları haqda təlimi genişləndirmiş və bu təlimin cərrahlıqda əhəmiyyətini göstərmişdir. O, öz şagirdi və sonradan onu əvəz edən professor A.N. Maksimenko ilə birlikdə «Ucqar sinir və venoz sistemlərin atlası» adlı böyük əsər yazmışdır. Alim bu əsərə görə Dövlət mükafatına layiq görülmüşdür.
Azərbaycan Tibb İnstitutunun normal anatomiya kafedrasına vaxtilə rus alimlərindən V.İ. Razumovski, K.N. Malinovski və N.İ. Anserov rəhbərlik etmişlər. Onlardan V.İ. Razumovski (1857 — 1935) — məşhur cərrah və təşkilatçı olmuşdur. Kazanda 25 ilədək operativ cərrahlıq kafedrasının müdiri işləmiş, bir çox əsərlər yazmış, neyrocərrahiyyə sahəsində böyük xidmət göstərmişdir. 1909-cu ildə Saratov universitetini təşkil etmiş, 1919-cu ildə Bakı universitetinin təşkilində çalışmış və onun ilk rektoru olmuşdur. Eyni zamanda 1919-cu ildən 1920-ci ilə kimi tibb fakültəsinin normal anatomiya kafedrasına rəhbərlik etmişdir.
K.N. Malinovski (1876 — 1926) — böyük alim, görkəmli anatom olmuş, Kuban Dövlət Tibb İnstitutunun təşkilində iştirak etmiş və həmin institutun normal anatomiya kafedrasına rəhbərlik etmişdir. 1922ci ildən 1926-cı ilə kimi Bakı universitetində tibb fakültəsinin normal anatomiya kafedrasının müdiri olmaqla, limfa sistemi və dayaq-hərəkət aparatına dair bir çox əsərlər yazmışdır.
N. İ. Anserov (1893 — 1944) — təcrübəli anatom olmuş, Rostov universitetində çalışmış, əvvəlcə Perm Tibb İnstitutunda və sonra 1926-cı ildən 1937-ci ilə kimi Azərbaycan Dövlət Tibb İnstitutunda normal anatomiya kafedrasının müdiri olmuşdur. Orqanizmin fiziki inkişafı, bir sıra üzvlərin qan damarları ilə təchizi, sümüklərin arxitektonikası və antropologiyaya dair əsərlər yazmışdır.
1937-ci ildən Azərbaycan Tibb İnstitutunun normal anatomiya kafedrasına K.A. Balakişiyev rəhbərlik etmişdir.


Tarix: 08.12.2014 / 16:22 Müəllif: Aziza Baxılıb: 309 Bölmə: Biologiya