Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sarkomastiqoforlar tipi.Amöb

Birhüceyrəli heyvanlar şirin sularda, dəniz və okeanlarda, nəm torpaqda, insan və heyvan orqanizmində yaşayır. Bu heyvanlarda bütün həyati prosesləri (qidalanma, ifrazat, tənəffüs, qıcıqlanma, çoxalma, hərəkət, mühitə uyğunlaşma və s.) bir hüceyrə həyata keçirir. Birhüceyrəlilər yarımaləmi 5 tipə bölünür: Sarkomastiqoforlar, Sporlular, İnfuzorlar və ya kirpiklilər, mikrosporidlər və Knidosporidilər.
1. Sarkomastiqoforlar tipi. Sarkomastiqoforların hərəkət orqanoidləri yalançı ayaqlar və ya qımçılardır. Sarkomastiqoforlar iki sinfi özündə birləşdirir: Sacodinlər və qamçılılar.
Sarkodinlər sinfinə aid olan heyvanlar yalançı ayaqlara malik olurlar. Əksəriyyəti sabit bədən formasına malik deyil. Bəzi növlərdə bədən kirəc çanaqla örtülü olur. Yalançı ayaqlar hərəkətə və qidanın tutulmasına xidmət edir. Sarkodinlərdə qidanın qəbul edilməsi və həzm olunmamış qida qalıqlarının orqanizmdən xaric olunması bədən səthinin istənilən yerindən baş verir. İfrazat məhsulları (maddələr mübadiləsinin son parçalanma məhsulları) yığılıb-açılan qovuqcuq vasitəsilə həyata keçirilir.
Adi amöb və dizenteriya amöbü. Adi amöb çirklənmiş şirin su hövzələrinin dibindəki lildə yaşayır (şəkil 1).
Amöbün daxili quruluşu
0,2-0,5 mm ölçüdə olan amöb daim öz formasını dəyişir («amöba» sözü «dəyişkən» deməkdir) (şəkil 2).
Adi amöbün qida qəbul etməsi zamanı bədən formasını dəyişməsi.

Amöbün bədəni sitoplazmadan, nüvədən, yığılıb-açılan vakuoldan və eukariot heyvan hüceyrələrinə mənsub olan digər orqanoidlərdən təşkil olunmuşdur. Əgər sitoplazma amöbün bədəninin müəyyən nahiyəsinə doğru axırsa, bu yerdə şişkinlik əmələ gəlir. Adi amöbdə eyni zamanda bir neçə yalançı ayaq əmələ gəlir. Amöb öz qidasını (bakteriyaları, yosunları və digər ibtidai orqanizmləri) yalançı ayaqlarla əhatə edir və qida sitoplazmaya daxil olur (şəkil 3).
Şəkil 3. Adi amöbün qidalanması və hərəkəti
Onun üzərinə həzm şirəsi ifraz olunur və həzm qovuqcuğu formalaşır. Qovuqcuq daxilindəki həzmə uğramış maddələr sitoplazmaya keçərək amöbün bədəninin qurulmasına sərf olunur. Həzm olmayan hissəciklər isə bədənin hər hansı bir yerindən xaricə çıxır.
Amöbün tənəffüsü suda həll olmuş oksigenin bütün bədən səthindən sitoplazmaya keçməsi ilə baş verir.

Həyat fəaliyyəti nəticəsində amöbün sitoplazmasında əmələ gələn zərərli maddələr və sitoplazmaya ətraf mühitdən daxil olmuş su tədricən ifarazat qovuqcuğuna (yığılıb-açılan) daxil olur. Bu qovuqcuq vaxtaşırı yığılır (sıxılır) və onun içərisindəki maye bədəndən xaricə çıxarılır.
Qidalandıqca böyümüş amöb çoxalmağa başlayır. Amöb qeyri-cinsi yolla ikiyə bölünməklə çoxalır (şəkil 4).
Şəkil 4. Amöbün bölünməklə çoxalması
Yaşayış şəraiti əlverişsiz olduqda amöbün bədəni girdələşir və bədən səthinə ifraz etdiyi xüsusi maddə sıx örtük (qabıq) əmələ gətirir. Beləliklə, amöb sistalaşır. Şərait əlverişli olduqda amöb sistanı tərk edib (şəkil 5),
Şəkil 5. Adi amöbün sistası və onun sistadan çıxması
qidalanmağa və çoxlamağa başlayır. İçərisində amöb olan su damlasının kənarına xörək duzu kristalları qoysaq yalançı ayaqların çəkildiyini müşahidə edərik. Əgər su damlası bir tərəfdən işıqlandırılarsa onların damlanın tutğun tərəfinə hərəkət etdiyini görərik. Beləliklə amöb xarici mühitin qıcıqlarına cavab verir. Canlı orqanizmlərin mühitin qıcıqlandırıcılarına cavab verməsi qıcıqlanma adlandırılır.
Dizenteriya amöbüDizenteriya amöbü adi amöbdən çox qısa yalançı ayaqlara malik olması (şəkil 6) ilə fərqlənir və insanın yoğun bağırsağında yaşayır. İnsan bu parazitə çirkli su və ya qida ilə birlikdə sistaları qəbul etdikdə yoluxur. Sista mərhələsində o 4 nüvəyə malik olur. Bağırsaqda sistanın örtüyü (qabığı) dağılır və dörd ədəd kiçik amöb əmələ gəlir. Onlar qidalanır və çoxalırlar. Dizenteriya amöbü bağırsağın daxili divarına daxil olaraq orada yaralar əmələ gətirir. Beləliklə, insan amöb dizenteriyası və ya qanlı ishal adlanan ağır xəstəliyə tutulur.
Dizenteriya amöbü bağırsağın aşağı şöbələrinə düşdükdə sistalaşır. Sista əvvəlcə birnüvəli olur, sonra isə yetişmə mərhələsi keçirir və dörd nüvəli sistaya çevrilir. Belə xəstənin nəcisi ilə xarici mühitə hər gün milyonlarla sista xaric olunur.


Tarix: 08.12.2014 / 15:47 Müəllif: Aziza Baxılıb: 96 Bölmə: Biologiya
loading...