beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atropatenlilərin toponimləri

Atropatenalıların türk olduğunu göstərən faktlardan biri onların toponimləridir. IX – XIII əsrlərə aid ərəb mənbələrində Cənubi Azərbaycan ərazisində çoxlu şəhər və kənd adları çəkilir. Lakin onlar indiyədək tədqiq olunmamışdır. Bir səbəbi də odur ki, bu adların çoxu ərəb dilinin qrafikasına uyğun qeyd olunmuş və sonralar katiblərin tanış olmayan adları səhv yazmaları nəticəsində fonetik dəyişikliyə və təhrifə məruz qalmışlar. Məsələn, ərəb mənbələrində Şimali Azərbaycan ərazisində qeyd olunan Saysavan, Cuzbuk, Dərman, Ər-rub, Həndan yaşayış məntəqəsi adlarının əslində Sadakban, Xurus (Xorus), Yunan, Harov və Xanotaq, Cənubi Azərbaycan ərazisində qeyd olunan Abraştavim, Azərcuşnasb, Parsis və Dav-ər Rud adlarının Abraştavim, Eranquşnasb, Parsin və Dadirutu olduğunu müəyyən edilmişdir .

Antik müəlliflər Atropatenada Fraata şəhərini qeyd edirlər (Plutarxda Fraata, Dion Kassidə Praaspa kimidir). Araşdırmalar nəticəsində məlum olmuşdur ki, düzü Fraatadır, çünki çox sonra IX əsr ərəb müəllifi Bəlazuri bu adı Afrahrud kimi yazmışdır. Əslində bu ad Fratay, dəqiqi Fraçaydır. Əfrahrud Fraatay adının sonundakı tay (çay) sözü farsca rud – çay sözü ilə əvəz edilməsidir. Həmin çay indi Urmiya gölünə tökülən Sofiçaydır, qədim Fraata da bu çayın kənarında yerləşirdi. Deməli, Fraata (əsli Fraatay) Fraaçaydır. Türk dillərində t-ç əvəzlənməsi vardır. Məsələn tanq, həm də çanq – dan yeri deməkdir. Fraatay isə əslində Abratay (Abraçay) adının təhrifidir. (Tatarıstanda Karatay və Aktay adlı çaylar vardır ). Sonra çay sözü farsca rud – çay sözü ilə əvəz edilmiş və ona görə ərəb mənbələrində Əfrahrud kimi qeyd olunmuşdur. Türkcə abra ―xeyir verən, xidmət edən mənalarındadır. Deməli, xalqın təsərrüfat həyatında rolu ilə əlaqədar olaraq çaya belə ad vermişlər. Şəhər isə çayın adı ilə adlanmışdır. Urmiya gölünə tökülən Tatayu (Həmdullah Qəzvininin əsərində Tatatu) və Çaqatu çaylarının adlarındakı "tu" komponenti isə türkcə su sözünün fonetik şəklidir. Məsələn, Çaqatu (XIV əsrə aid mənbədə Çaqtu) çayının adı qədim türkcə saq (türk dillərində s-ç əvəzlənməsinə görə "çaq") təmiz, içmək üçün yararlı və su sözlərindən ibarətdir. Qırğızıstanda tu – çay, su sözü ilə düzəlmiş Marçattu, Turuşkan-tuu və İrbis-tuu çay adları vardır [28]. Çayın təmiz, içməyə yararlı adlandırılması onunla əlaqədardır ki, həqiqətən də Urmiyaya tökülən Acıçaya (farsca Təlhərud) nisbətən Cağatu şirinsuludur, içməli sudur.

Astabeke – Türkcə ast – aşağı tərəf, alt tərəf və tapan – dağ ətəyi sözlərindəndir. Hazırda Cənubi Azərbaycanın Qaradağ mahalında, Araz çayının sağ sahilində türk azərbaycanlıların yaşadığı Uştibin kəndinin adıdır.

Azərbad – IX əsrin əvvəllərində bir yaşayış məntəqəsinin adıdır. Azar formasında ilk dəfə Ptolemey tərəfindən qeyd olunmuşdur. Türkcə ozar – əks tərəfdə yerləşən (Araz çayının sağ sahilində yerləşdiyini ifadə edir) mənasındadır. Türkcə ozar – o biri sahildə yerləşən və məskən mənasında bad sözlərindən.

Q. Qeybullayev qeyd edir ki, "Atropatenada əhalinin türkmənşəli dildə (lakin əhali bu dili ― türk dili adlandırmayıb, Manna və Midiya tayfaları türkmənşəli ellər idi, lakin onlarda türk etnonimi yox idi) danışdığını sübut edən ən tutarlı fakt budur ki, mannalar er. əv. VIII – VII əsrlərdə iranlılaşmamışdır. Midiya xalqı İranmənşəli olmadığına görə, mannaları assimilyasiya edib iranlılaşdıra bilməzdi. Atropaten xalqı Manna və Maday etnoslarının birbaşa varisi, atropatenlilərin dili isə əsrlər boyu davam etmiş etnik prosesin nəticəsində təşəkkül tapmış türktipli dil idi. Eradan əvvəl IV əsrdən sonra isə bu türkdilli etnos İrandilli ola bilməzdi. Əgər belə proses getsəydi, onda atropatenlilər elə farsdilli olardılar. Madayların dili İrantipli deyildi və onların türkdilli olmasını anlamaq üçün madaylardan qalmış şəxs adları və toponimlərə baxmaq kifayətdir. Deməli, Manna ərazisində ənənəvi dil heç bir assimilyasiyaya məruz qalmamışdır. VII əsr ərəb mənbəsində Azərbaycan "türklər ölkəsi" adlanırsa, bu türklərin dili İranmənşəli ola bilməzdi. İran tədqiqatçıları Səfa Rəhimzadə və Əhməd Kəsrəvi yazırlar ki, azəri dili talışların və kürdlərin dili idi . Əgər talışlar erkən orta əsrlərdə Atropatenanın əhalisinin əksəriyyətini təşkil etməmişsə, məntiqi nəticə aydındır: onda bu azəri dili bütün atropatenlilərin dili ola bilməzdi. Ona görə də Cənubi Azərbaycanın böyük hissəsində əhalinin azəri dilində danışması haqqında A. P.Novoseltsevin fikri yanlışdır.

XI əsr Azərbaycan şairi Qətran Təbrizinin poeziyasındakı çoxlu Azərbaycan – türk sözləri səlcuq – oğuzlarına qədər formalaşmış ümumxalq türk dilinin mövcud olduğunu göstərir. Deyilənlərdən başqa nəticə də alınır: əgər azəri dili Atropatenanın şimalında yaşayan talışların, kürdlərin, tatların və b. dilidirsə, və əgər bu tayfalar azlıq təşkil edirdisə, onda Atropatenada İrandilli Atropaten xalqı mövcud ola bilməzdi. Beləliklə, İ. H.Əliyev, E. A.Qrantovski və A.P.Novoseltsev Atropatenxalqını İrandilli saymaqda haqlı deyillər . Əgər Atropaten xalqı İranmənşəli idisə, deməli, İran ərazisində iki İrandilli xalq varmış: farslar və atropatenlilər. Bəs necə oldu ki, səlcuq – oğuz işğalı nəticəsində farslara nisbətən çoxsaylı olan atropatenlilər türkləşdilər, farslar, kürdlər, talışlar yox? Axı bütün İran səlcuqların işğalı altında idi?


Tarix: 15.01.2015 / 18:02 Müəllif: Feriska Baxılıb: 109 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎