beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əliqulu xan Şahsevən

Həyatı
Tarixdə ziddiyətli, lakin sərt, bacarıqlı bir şəxsiyyət kimi tanınmış Əliqulu xan Şahsevən elinin Sarıxanbəyli oymağındandır. 1727-ci ildə ruslar Astaranı, bir qədər sonra Lənkəranı da ilhaq etdilər. 1724-cü il müqaviləsinə görə, Azərbaycanın Kür çayından cənubda rus işğal zonasına daxil olmuş Xəzəryanı əyalətlərin hakimlərinin əksəriyyəti rus ordusunun üstün qüvvələrinə müqavimətin qeyri-mümkünlüyünü başa düşürdülər. Bu səbəbdən, öz hakimiyyətlərini saxlamaq üçün Muğanın mahal, nahiyə və el başçıları Dolqorukinin yanına gəldilər və rus təbəəliyini qəbul etməyə razı olduqlarını elan etdilər. Muğanlı Ramazan sultan, onun naibi Əliqulu bəy, Salyanlı Naib Əli bəy, eyni zamanda ətraf oba və kəndlərin kədxudaları, yüzbaşıları və digər nümayəndələri Rusiya dövlətinə sədaqət andı içdilər. [1]

General-feldmarşal V. Dolqoruki Ucarud mahalına Şahsevən Məhəmmədcəfər sultanı, Məzariq nahiyəsinə Ramazan sultanı başçı təyin etmişdi. Ramazan sultanın Əliqulu bəy adlı naibi vardı. Ramazan sultan osmanlılara meyl edəndən sonra ruslar Əliqulu bəyi xan ünvanı ilə Muğana və Şahsevən elinə başçı təyin etdilər. Əliqulu bəy ruslara məruzə etmişdi ki, Ramazan sultan draqunlara vəd etdiyi 200 atı vermək istəmir. Ona görə də onunla bizim yollarımız ayrılır.

Əliqulu bəy Ramazan sultanı izləmək üçün güdükçü qoymuşdu. Bu güdükçü tezliklə Ramazan sultanın məktubunu ələ keçirdi. Məktub ruslara verildi. Rus zabitləri tərəddüdü buraxıb Ramazan sultanı həbs etdilər.

Salyan naibi Gərdəli bəyin köhnə naib Məhəmmədhüseyn bəyə göndərdiyi məktub ruslar tərəfindən ələ keçirildi. Aydınlaşdı ki, artıq ruslara qarşı qiyam hazırlanır. 1727-ci ildə apreldən iyun ayınadək istintaq aparıldı. Ramazan sultanın və Gərdəli bəyin xəyanəti üzə çıxdı. Beləliklə Əliqulu xan Muğanın hakimi təyin olundu. Şahsevən eli və Məzariq çölü də ona tabe idi. O, Salyan qəsəbəsində əyləşirdi. Əliqulu xanın Musa xan adlı naibi vardı. Şil kəndinin kədxudası Güləhməd isə Salyan naibi oldu.

Osmanlı tərəfi rusların Azərbaycanda möhkəmlənməsini istəmirdilər. Onlar rus işğal zonasına hücum planı hazırlayırdılar. Rusiya hökuməti qabaqcadan əks tədbirlər görmək planı üzərində işləyirdilər. Bu vaxt artıq məxfi Şuranın üzvü olmuş V. Dolqoruki 1729-cu il mayın 11-də Osmanlı qoşunlarının rus zonasına soxulması təqdirində yerli əhalini onlara qarşı qaldırmaq üçün 3-4 yüz əsgəri, həmçinin muğanlı Əliqulu xanı öz döyüşçüləri ilə Qarabağa göndərməyi təklif edirdi. Onun fikrincə, bu, osmanlıların arxasında çaxnaşma törədər və onlar Gəncəni müdafiə etmək üçün qoşunlarını geri göndərməyə məcbur olar. Xəzəryanı bölgələrdə rus qoşunlarının komandanı general Rumyantsev Dolqorukinin təklifinə etiraz etdiyinə görə təklif, Ali Məxfi Şurada qəbul olunmadı. Rumyantsev öz etirazını, birincisi, Qarabağa gödərəriləcək rus dəstəsini ərzaqla təmin etməyin çətinliyi, ikincisi, münaqişə olarsa, Muğanı mümkün hücumlardan qorumaq üçün Əliqulu xanın Muğanda qalmasının zəruriliyi ilə əsaslandırırdı.

Əliqulu xan 1730-cu ildə Moskovaya göndərdiyi oğlu Məhəmmədnəbi bəy və qardaşı Nəcəfqulu bəy vasitəsilə ona Lənkəran və sair mahallar üzərində hakimiyyət verilməsini, oğlunun Salyan xanı, qardaşının isə naib təyin olunmasını xahiş etmişdi. Bundan əlavə Muğan, Salyan və Şahsevən kədxudaları ilə birlikdə Gərdəli bəyin və Ramazan sultanın azad olunmalarını istəmişdi.Moskvada Əliqulu xanın admalarını çox mehriban qaşılamışdılar. Əliqulu xanın xahişi ilə əlaqədar Xaric işlər kollegiyası Rumyantsevə Salyanda Əliqulu xanın oğlunun xan təyin olunmasından ordakı əhalinin razı qalıb, yaxud xoşlana bilməyəcəyindən xəbər tutub, kollegiyaya öz fikrini yazmağı tapşırmışdı. Rumyantsev sultan Ramazanın və Gərdəli bəyin azad olunub-olunmaması məsələsini də özü həll eğməli və əgər bu arzuolunmaz olardısa onda məxfi surətdə hər ikisini Həştərxana göndərməli idi. 1730-cu ildə Şahsevən elinin və Muğan çölünün hakimi Əliqulu xan Rusiyaya iki məktub göndərib Lənkəran, Dəştivənd, Ucarud, Ərus, Əngərçilay, Kənari-Kür, Qızılağac bölgələrini istəyirdi. Əlavə xahiş edirdi ki, onu Salyan xanı təyin etsinlər.[2] Əliqulu xanın Salyan torpağında bircə rəqibi qalmışdı. O da naib Güləhməd idi. Əliqulu xan tezliklə Güləhmədin də "torbasını tikdi". Dolqorukiyə məlumat verdi ki, Güləhməd keçmiş Salyan naibi Məhəmmədhüseyn bəylə yazışır, hətta bacısını ona ərə verib. Bundan əlavə Güləhmədin əhalidən toplanan vergilərin miqdarını özbaşına artırıb, artığını mənimsədiyi məlum oldu. Salyan mahalının 16 kədxudası Dolqorukiyə Güləhmədin "nəinki yoxsul təbəqəni soyduğunu, həm də dövlət gəlirlərini mnimsədiyini" qeyzlə xəbər verdilər. Onlar mahalın idarəsini Əliqulu xana verilməsini xahiş etdilər. Rus komandanlığı Salyanın idarəsini 1732-ci ildə Əliqulu xana tapşırdı.

Rumyantsev Əliqulu xana Osmanlı tərəfinə keçməyə cəhd edən Qızılağac hakimi Becan sultanı tutub, edam etməyi əmr etmişdi. Rus komandirinin bu əmrini yerinə yetirən kapitan Kozlov və Əliqulu xan Becan sultanın yüz nəfərdən bir az çox olan dəstəsini darmadağın etmişdilər. Becan sultan isə qaçıb qurtarmış və meşədə gizlənmişdi. Becan sultan düzməcə, yalançı şahzadə İsmayıl mirzəyə qoşulmuşdu. İsmayıl mirzə iki min tərəfdarı ilə rus işğal zonasına daxil olmuşdu. Rumyantsev 600 əsgər və kazakdan ibarət olan qoşunla Əliqulu xana kömək etmişdi. Əliqulu xan bu qoşunla birləşmiş, yalançı şahzadəni məğlub etmişdi.

1730-cu ilin sentyabr ayında Nadirqulu xan Qırxlı-Avşar Təbrizi osmanlılardan təmizlədi. Ərdəbil və Muğan yürüşünə hazırlaşmağa başladı. Səfiqulu xan Şahsevən gəlib onlara qoşuldu. II Şah Təhmasib Muğandakı Şahsevən elinin oymaq başçılarına, Murtuzaqulu bəyə, naib Musa yüzbaşıya, İbrahim bəyə, Mirzəli bəyə, Bədirxan bəyə və İsfahan bəyə məktublar göndərib, yürüş haqqında bilgi verdi və onlara qoşulmalarını tövsiyyə etdi. Bəzi oymaq başçıları elçiləri tutub, məktubu Əliqulu xana çatdırdılar. Əliqulu xan elçinin məktublarını general Rumyantsevə təqdim etdi və bildirdi ki, dustaqla necə rəftar etmək barədə onun göstərişini gözləyir.

1730-cu ildə Əliqulu xan, onun naibi Musa yüzbaşı və 47 ağsaqqal yenidən Rusiyaya sədaqət andı içdilər. Əliqulu xan sonadək ruslara sədaqətli qaldı. General Rumyantsev 1730-cu ildə Xarici işlər kollegiyasına Əliqulu xanı hərtərəfli yoxladığını, onda Rusiyaya münasibətdə qəti bir dəyişiklik hiss olmadığını yazırdı. [3]

Bəzi mənbələrə görə Nadirqulu xan Əliqulu xanı oymağı ilə bərabər Herata sürgün etdi. 1734-cü ildə Nadirqulu xan Əliqulu xanı Herata göndərəndən sonra Muğan və şahsevənləri idarə etmək üçün Məhəmməd xan adlı bir hakim təyin etdi.


Tarix: 14.01.2015 / 16:57 Müəllif: Feriska Baxılıb: 169 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎