beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Teymuri memarlığı

Teymuri memarlığı özünəməxsus cəhətləri ilə fərqlənir. Mərkəzi Asiya və İranda özündən əvvəl mövcud olmuş dövlətlərin memarlığından təsirlənən Teymuri memarlığı bir növ sintez təşkil edən əsərlərlə tanınmışdır. Əsasən türbə, məscid, mədrəsə və dərgah kimi bölmələri olan komplekslərin əsas xüsusiyyətlərindən biri fasadını örtən mozaika işləmələri olan kaşı, soğana bənzəyən xarici qübbə və daxildəki yüksək iç qübbənin meydana gətirdiyi qübbə sisteminin özünəməxsus cəhətləri idi.

Teymuri memarlığında ən önəmli yeri türbələr tuturdu. Teymuri türbə memarlığının ən önəmli örnəklərindən biri Səmərqənddəki Şahı-Zində kompleksidir. Bu kompleksdə Teymurilər soyundan önəmli şəxslərin türbələri yerləşir. Bir digər nümunə kimi Səmərqənddə yerləşən və 1380-1390-cı illərə aid edilən Ruhabad türbəsini göstərmək olar. Ruhabad türbəsi kub formalı əsas binanın üzərində yerləşən, səkkizbucaqlı təmburun daşığıdı qübbədən ibarətdir. Əmir Teymurun hakimiyyəti illərində tikilən türbə və ona bağlı memarlıq komplekslərinin ən məşhuru Gur-Əmirdir. Bu kompleksə mədrəsə, məscid, türbə və digər bölümlər daxildir. İlk dəfə tikintisinə 1399-cu ildə başlanılsa da, Əmir Teymurun nəvəsi Məhəmməd Mirzənin ölümündən sonra Əmir Teymurun əmri ilə 1404-cü ildə bir türbə tikilməsinə qərar verilmişdir. Teymurilər soyundan önəmli şəxslərin mərazlarının yerləşdiyi bu türbəyə 1405-ci ildə Əmir Teymur da dəfn olunmuşdu. Həmçinin Əmir Teymurun oğulları Miranşah və Sultan Şahrux, nəvələri Pir Məhəmməd Mirzə və Uluqbəy, eləcə də din müəllimi Əziz Nur Seyid Bərəkə də bu türbədə dəfn olunmuşdur. Əmir Teymurun Hindistan üzərinə olan yürüşünü əbədiləşdirmək məqsədi ilə Bibixanım məscidi inşa olunmuşdur. Bibixanım məscidi yüksək qübbələri, eyvanları, digər memarlıq elementləri və çini işləmələri ilə Teymurilər dövlətinin gücünün zirvəsində olduğu dövrü əks etdirir.

Tikintisi 1417-ci ildə Səmərqənddə Uluqbəy tərəfindən başladılan və 1420-ci ildə tamamlanan mədrəsə kompleksi isə İslam memarlığında önəmli bir yerə sahibdir. Bu mədrəsə 1417-ci ildə Uluqbəyin Buxarada tikdirdiyi digər mədrəsənin planı əsasında inşa olunmuşdu. Uluqbəyin Səmərqənddə inşa etdirdiyi əsərlər arasında 1409-cu ildə tikilən rəsədxana da önəmli yerə sahibdir. Gövhər Şadın göstərişi ilə Məşhəd şəhərində memar Kıvamüddin ibn Zeynəddin Şirazi tərəfindən Gövhər Şad məscidi inşa olunmuşdu. Dörd eyvanı olan məscid bir türbə ilə kompleks şəkildə tikilmişdi. Eyni zamanda Gövşər Şad tərəfindən Kıvamüddin ibn Zeynəddin Şiraziyə inşa etdirilən tikililər arasında Heratda yerləşən Gazurgah abidəsi və Gövhər Şad mədrəsəsini nümunə göstərmək olar. Gövhər Şah mədrəsəsində bir türbə də inşa olunmuşdu. Sultan Şahruxun oğlu Qiyəsəddin Baysunqur və Gövhər Şad burada dəfn olunmuşdur. Anavda yerləşən Cəmaləddin kompleksi (1452-1456) Teymuri memarlığının son dövrlərinin ən önəmli əsərlərindən biridir. 1460-cı ildən sonra Bəlx şəhərində inşa olunan Əbu Nəsr Farsa kompleksi də Teymuri memarlığının ənənələrini daşıyır. Teymuri memarlığının son dövrlərinə aid olan ən önəmli əsərlərdən biri də Əbu Səidin xanımlarından birinin göstərişi ilə Teymurilər nəslindən olan qadınların dəfni üçün 1460-1464-cü illərdə inşa olunan İşrətxana türbəsidir. 1460-1502-ci illərdə Qəznə şəhərində Uluqbəyin oğlu Əbdürrəzzaq üçün inşa olunan türbə ortada yerləşən əsas hissə və onunla əlaqələndirilən yan hissələrlə bir növ Tac Mahalın memarlıq quruluşunun öncüsüdür.

Teymuri sarayları haqqında tarixi mənbələrdə və səyahətnamələrdə önəmli məlumatlara rast gəlmək mümkündür. Mənbələrdə Əmir Teymurun Səmərqənd və ətraf şəhərlərdə inşa etdirdiyi Göy Saray, Bağ-ı Dilgüşə adlı baxçada yerləşən Nəqş-i Cahan, Bağ-ı Çenar, Bağ-ı Şimal və Bağ-ı Behişt kimi saraylar haqqında məlumat verilir. Şəhrisəbzdəki sarayın qalıntıları dövrümüzə qədər gəlib çıxmışdır. Bunlardan başqa mənbələrdə Uluqbəy tərəfindən Səmərqənddə inşa olunan və Bağımeydanda yerləşən Çihilsütun sarayından da bəhs olunmaqdadır.


Tarix: 13.01.2015 / 18:43 Müəllif: Feriska Baxılıb: 115 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎