beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şimali Azərbaycan xanlıqları

Quzey Azərbaycan xanlıqlarının yaranması barədə Abbasqulu Ağa Bakıxanov yazırdı: "Indi də Nadir şahın ölümündən sonra Dağıstan və Şirvanın nə halda olduğunu nəzərdən keçirək. Nadir şahın vəfatından sonra İran qoşunu bu ölkədən çıxıb getdi. Hər bir vilayətdə bir həşəmət sahibi baş qaldıraraq, istiqlaliyyətdən dəm vurub başqasına tabe olmurdu. Quba və Salyan hakimi Hüseynəli xan Sultan Əhməd xan oğlu Xudat qalasını köçürüb, indiki Quba şəhərinin Qudyal adlı yerində tikdirməyə başladı. İğtişaş zamanı da bu ölkənin öz-başına qalan bir çox mahallarını itaətə məcbur etdi. Dərbəndlilər İmamqulu xanın oğiu Məhəmmədhəsən bay Qorçunu xanlığa seçdilər. Nadir şahın yaxın əmirlərindən sayılan bakılı Mirzə Məhəmməd xan Dərgah xan oğlu Bakı ölkəsini müstəqil olaraq ixtiyarına keçirdi. Şamaxı əhalisi sursat təhvildarı olan Hacı Məhəmmədəli Sufi Nobi oğlu Zərnəvaini hökumətə keçirdi. Xançobanı tayfasından olan Əsgər bəy Sərkarın oğulları Şirvan elatı arasında hakimiyyət bayrağı qaldırdılar. Nuxulu Нас/ Çələbi Qurban oğlu istiqlaliyyət bayrağı qaldıraraq Şəki, Ərəş və Qəbələ mahallarını özünə tabe etdi".

Azərbaycanın cənub-şərqində Talış dağları, Xəzər dənizi və Muğan düzü arasında Talış xanlığı yerləşirdi. Xanlığın banisi Seyid Abbas idi. Onun ölümündən sonra Qara xan hakimiyyətdə olmuşdu (1747-1786). Qara xan yerli hakim təbəqəni özünə tabe etməyə nail oldu, xanlığın mərkəzi Astaradan Lənkərana köçürüldü.

Əski Qarabağ bəylərbəyliyi ərazisində iki xanlıq – Qarabağ və Gəncə xanlıqları yarandı. Mirzə Camal Cavanşir Qarabaği yazır: "Qarabağ vilayətinin sərhədi belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır... Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla (Gəncə ilə) sərhədi Kür çayına qədər Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır".

Qarabağda cavanşir, iyirmi dörd, otuz iki, kəbirli, baharlı və başqa türk boyları yaşayırdı. Bu vilayətin idarəsi XVI yüzilin birinci yarısından qızılbaş Qacar tayfasının Ziyəddin oymağından olan Ziyad oğlu nəslinin əlində idi. Nadirin "şah seçkisindən" sonrakı cəza tədbirləri nəticəsində Ziyadoğullarının hakimiyyəti zəiflədi, Xəmsə məlikləri isə güclənməyə başladılar. Qarabağ torpaqları üçün belə bir ağır çağda Pənahəli bəy Cavanşir burada hakimiyyətini bərqərar edərək müstəqil Qarabağ xanlığının yaradılmasına nail oldu.

O, Qarabağın Sarıcalı kəndində anadan olmuşdu. Mirzə Camal yazır: "Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb tanıdiğı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. О cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmişr ad çıxarmı, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə (XVIII yüzilin 30-cu illərindəki İran-Türkiyə savaşı nəzərdə tutulur) şücaət göstərmiş Pənah xanı da öz yanına apardı". Lakin Muğan qurultayından sonra Nadir onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, əhalini Əfqanıstan və Xorasana sürgün etməyə başlamışdı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli xan edam olunmuşdu. Bunu görən Pənahəli bəy "şah Xorasanda olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1737-1738-ci illərdə Qarabağ vilayətinə qaçdı. Şah onun qaçmasından xəbər tutarkən onu yolda ələ keçirmək ücün ardınca çaparlar göndərdi. Lakin mümkün olmadı. Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərdi ki, Pənah xanı harda tapsalar, tutub şahın hüzuruna göndərsinlər, şahın əmri ilə Pənah xanın ailəsini və qohum-qardaşını çox incidib cərimə etdilərsə də fayda vermədi".

Beləliklə, hələ Nadirin sağlığında Pənahəli bəy şah qulluğundan boyun qaçırıb müxalifətə keçmişdi. Nadir şahın ölümündən sonra Qarabağ torpaqlarında müstəqil dövlətin bütün göstəricilərini özündə birləşdirən Qarabağ xanlığı yarandı.

Gəncədən didərgin salınmış Ziyadoğullarının da geri qayıtması üçün yol açıldı. Gəncə xanlığının banisi II Şahverdi xan Ziyadoğlu oldu. O, 1747-ci ildə Gəncəyə gələrək burada hakimiyyətini qurdu. O, Gəncədəki İran qarnizonunu darmadağın etməkdə ona köməklik göstərmiş II İrakliyə 10 min tümən qızıl pul verəcəyini bildirmişdi. Ancaq sözünü yerinə yetirə bilmədi. Onun oğulları Məhəmməd Həsən xan (1760-1778) və sonra onun yerinə keçmiş Məhəmməd xan bu borcu ödəməkdən boyun qaçırmışdır.

Naxçıvan və İrəvan xanlıqları da siyasi həyatda müəyyən yer tuturdu.

Naxçıvan xanlığının əsasını Kəngərli boyunun başçısı Heydərqulu xan qoymuşdu. Nadir şah Naxçıvanın idarə olunmasına xüsusi diqqət yetirirdi. Burada idarə işləri hakim-e ölkə ve hakim-e tümənə tapşırılırdı. Şahın ölümündən sonra onun məmurları qovuldu və Naxçıvan müstəqil xanlıq elan edildi.

İrəvan xanlığı Ağrı düzənliyini, Göyçə gölü ətrafı və onunla Dərələyəz arasındakı torpaqları əhatə edirdi. Xanlığın banisi Mir Məhəmməd xan Qacar idi.

Beləliklə, XVIII yüzilliyin 40-cı illərində Azərbaycanın ictimai-siyasi həyatında böyük dəyişiklik baş verdi. İyirmiyədək müxtəlif xanlıq və onlardan asılı olan xırda inzibati-siyasi qurumlar yarandı. Bununla olduqca mürəkkəb, ziddiyyətli və faciəli bir dönüş başlandı. Bu dönüş 1828-ci ilədək sürdü.


Tarix: 13.01.2015 / 14:06 Müəllif: Feriska Baxılıb: 141 Bölmə: Azərbaycan xanlıqları