beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızılqaya xəyanəti

Şuşanı mühasirədə saxlasa da uğur qazana bilməyən Məhəmməd Həsən xan Qacar Qarabağdan geri çəkiləndən sonra Pənah xan Qarabağlı, Kərim xan Qaradağlı, Heydərqulu xan Naxçıvanlı və Şahverdi xan Gəncəli bir araya gələrək, Hacı Çələbinin hərəkətlərini muzakirə edirlər. Muşavirədə deyilir ki, Hacı Çələbi onları saymır və onlarla "sülh və dostluq yoluna gəlmir". Onlar Hacı Çələbi ilə mübarizəyə başlamaq qərarına gəlir və bu qərarlarını gürcü çarına da çatdırırlar. Çar onları danışığa dəvət edir.

Danışıqlara gəlmiş bu dörd xanı 1752-ci ildə Gəncə yaxınlığında gürcü çarı Teymuraz və onun oğlu İrakli Gəncəni və Qarabağı tutmaq niyyəti ilə əsir götürürlər. Şahverdi xan Qacarın xidmətçilərindən biri (başqa bir versiyaya görə, Pənah xanın oğlu İbrahim Xəlil xan) baş verən hadisəni Hacı Çələbiyə xəbər göndərməyə imkan tapır. Hacı möhtəşəm bir ordu ilə müttəfiq qoşunlarının qarşısına çıxaraq, Kürün o biri sahilində qərar tutur.

Hacı Çələbi əsir düşmüş xanları xilas etmək istəyir. Ancaq bilir ki, əsas sözü onun əmirləri söyləyəcək. Buna görə də müşavirəni açmamışdan Hacı Çələbi sonradan zərb-məsələ çevrilmiş bu sözləri söyləyir:

"Siz hansı qərarı alırsız-alın, Kürü keçmək söhbəti orda mütləq olmalıdır."

Məliklər müşavirəyə başlamaq istəməyib deyirlər: "Biz müşavirəyə ancaq ona görə gəlmişdik ki, iş Kürü keçmək dərəcəsinə çatmasın. Ancaq əgər istəyirsinizsə, qoy belə olsun. Qoşuna əmr edin ki, hücuma keçsin." Hacı Çələbi qoşunlara Kürü keçmək əmri verir. "Şeyx Nizami -əleyhissəlamın müqəddəs məqbərəsi yaxınlığında, o yerdə ki, aləmə insanların qəlbini və əqlini işıqlandıran ilahi nur yayılır, iki qoşun üz-üzə gəlir və döyüş başlanır." Gürcü qoşunları ağır bir məğlubiyyətə uğrayırlar. II İrakli qaçıb canını güclə qurtarır. Çələbi xan gürcüləri düz Tiflisəcən qovur və oğlu Ağakişi bəyi azad edilmiş bütün ərazilərin-Gəncə, Qazax və Borçalının hakimi təyin edir. Bu, artıq Hacı Çələbinin gürcülərlə ikinci toqquşması idi. Əvvəlcə də II İrakli və III Teymurazın başçılıq etdiyi birləşmiş gürcü-kaxet qoşunları az vaxtda çoxlu güc toplamış Şəki xanına dərs vermək istəmişdilər. Əvvəl-əvvəl şəkililər gürcü qoşununun qabağından çəkilmişdi. Ancaq bu, hərbi fənddən başqa bir şey deyildi. Gürcülərin sayıqlığı itirməsindən istifadə eləyən Çələbi xan az sonra özü onlara hücum etmiş və düşmən canlı qüvvəsini və xeyli hərbi yükünü itirərək, qaçmağa üz qoymuşdu. 1755-ci ildə Hacı Çələbi böyük bir qoşunla Şirvan üzərinə yeriyir və Ağsunu mühasirəyə alır. Qubalı Hüseynəli xan şirvanlıların köməyinə gəlir. Çələbi xan məğlubiyyətə uğrayır və geri çəkilir.

Hacı Çələbi 1755-ci ildə vəfat edir. Şəki xanlığının ən möhtəşəm və inkişaf etmiş Azərbaycan xanlığına çevrilməsi onun müstəsna xidmətlərindəndir. Çələbi özünün paytaxtı olan Şəki şəhərinin abadlaşdırılması üçün çox işlər görmüşdür. Burada mədrəsələr, məscidlər, karvansaralar, hamamlar, məktəblər tikilir. O vaxtdan indiyəcən Şəki özünün təkrarolunmaz gözəlliyi ilə insanları heyran edir.


Tarix: 12.01.2015 / 16:04 Müəllif: Feriska Baxılıb: 743 Bölmə: Azərbaycan xanlıqları