beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orta əsrlərdə memarlığın inkişafı

Ərəb xilafətinin yüksəlişi dövründə Azərbaycan memarlığının inkişaf mərkəzi Bərdə şəhəri idi. Mənbələrdə "bu yerlərin Bağdadı" adlandırılan Bərdədə geniş tikinti işləri aparılmış, çoxlu məscid və başqa dini binalar, karvansara, bazar, hamam və s. tikilmişdi. IX-X yüzillərdə Xilafətin zəifləməsi nəticəsində Azərbaycanda kiçik feodal dövlətlərin yaranması ilə bağlı X-XII yüzillərdə müxtəlif memarlıq məktəbləri yarandı (Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron).

Azərbaycan memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi. Arran memarlıq məktəbinə (Gəncə, Bərdə, Beyləqan) mənsub sənətkarların yaratdığı binaların əksəriyyəti Gəncə zəlzələsi (1139) və monqol hücumları (XIII yüzil) zamanı dağılmışdır. Gəncə və Beyləqanda aparılan arxeoloji tədqiqatlar bir sıra qurğu və bina qalıqlarını aşkara çıxarmışdır. Gəncə çayı üzərindəki 3 körpü (XII yüzil), Beyləqandakı yaşayış binaları, hamam və s. qalıqları Aran memarlıq məktəbinin üslub özəllikləri haqqında aydın təsəvvür yaradır. Naxçıvan memarlıq məktəbinin abidələri binalarda çox boyalı kaşıdan ornamentli baştağ kompozisiyalarının tətbiqi, Şirvan-Abşeron məktəbinə mənsub tikililər sadə memarlıq bölgüləri və dekorativ oyma bəzəkləri ilə seçilir. Təbriz məktəbinin ən yaxşı abidələri üçün memarlıq quruluşunun dəbdəbəliyi, dekorların müxtəlifliyi səciyyəvidir.

Dövrümüzədək çatmış mütənasib quruluşlu, zəngin dekorlu qülləvarı türbələr və digər tikililərdə Naxçıvan məktəbinin üslub özəllikləri əksini tapmışdır. Bu məktəbin ən yüksək zirvəsini Naxçıvandakı Yusif ibn Küseyr (1162) və Mömünə xatın (1186) türbələrinin, eləcə də hazırda mövcud olmayan dini tikililər kompleksinin müəllifi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaradıcılığı təşkil edir. Əcəminin yaradıcılığı üçün obrazın monumentallığı, kompozisiyanın mütənasibliyi və dekorların zərifliyi, öz dövrünə görə rasional konstruksiyaların tətbiqi, ornament bəzəklərinin oynaqlığı səciyyəvidir. Onun ornament kompozisiyaları bədiiliklə riyazi təfəkkürün üzvi birləşməsinə əsaslanır. Əcəminin yaratdığı kompozisiya və dekorativ bəzək üsulları Azərbaycanın, eləcə də müəyyən ölkələrin türbə tikililərinə böyük təsir göstərmişdir. Marağadakı Göy günbəz türbəsi (1196, memar Əhməd Məhəmməd oğlu) Əcəmi üslubuna özəllikcə yaxındır. Marağa abidələri Azərbaycan memarlığının inkişafında önəmli yer tutmuşdur. Bunlardan dövrümüzədək çatmış ən qədimi Qırmızı günbəz türbəsidir (1148, memar Bəkir Məhəmməd). Bu dövrdə Urmiyada tikilmiş Üç günbəz türbəsi (1185, memar Əbu Mənsur Musa oğlu) memarlıq quruluşuna görə Marağa abidələrinə yaxındır.

Naxçıvan məktəbinin kərpic tikililərində formalaşmış memarlıq üsulları daşdan tikilmiş türbələrdə – Naxçıvan MR-nın Cuğa kəndi yaxınlığındakı Gülüstan türbəsində (XIII yüzilin əvvəli), Füzuli rayonunun Babı kəndindəki Şeyx Babı Yəqubi türbəsində (1273-1274 memarı Əli Məcidəddin olması güman edilir) və Aşağı Veysəlli kəndindəki Mirəli türbəsində (XIII-XIV yüzillər) əksini tapmışdır. Bərdədə (1322, memar Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani) və Naxçıvan MR-nın Qarabağlar kəndində (qoşa minarəli türbə; minarələr XII yüzil – XII yüzilin əvvəli, türbə XIV yüzilin əvvəli) qalmış türbələrin oxşarlığına və hər ikisinin XIV yüzilin əvvəlində tikilməsinə əsasən bu abidələrin eyni memar tərəfindən yaradıldığı ehtimal olunur.


Tarix: 13.01.2015 / 02:00 Müəllif: Feriska Baxılıb: 26 Bölmə: Azərbaycan xanlıqları