beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İradə Bağırova

İradə Səid qızı Bağırova — Azərbaycan alimi, tarix üzrə elmlər doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun "Qafqaz tarixi" şöbəsinin müdiri.
Həyatı
İradə Səid qızı Bağırova 1956-cı il fevralın 12-də Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1976-cı ildə əla oxuduğu ilə əlaqədar M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin üçüncü kursuna qəbul olunmuşdur. 1979-cu ildə MDU-ni bitirdikdən sonra Azərbaycan Respublikası Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutuna təyinat almışdır və həmin İnstitutda baş laborant vəzifəsində çalışmağa başlamışdır. 1982-ci ildən 1985-ci ilədək Tarix İnstitutunun aspiranturasında (əyani şöbəsində) oxuyub. 1979-cu ildən 2004-cü ilədək baş laborantdan aparıcı elmi işçi və şöbə müdiri vəzifəsinədək yüksəlmişdir.

Elmi fəaliyyəti
İ.S.Bağırova 1987-ci ildə «XX əsrin əvvəllərində Azərbaycanda baş verən inqilabi hərəkatın müasir qərb tarixşünaslığında işıqlandırılması» adlı namizədlik dissertasiyası müdafiə etmişdir.
1997-ci ildə İ.S.Bağırovanın «XX ərin əvvəllərində Azərbaycanın siyasi partiyaları və təşkilatları (1900-1917-ci illər)» adlı fundamental monoqrafiyası çap olunub. Monoqrafiyada müəllif əsrin əvvəlində Azərbaycanda fəaliyyət göstərən 20-dən artıq partiyanın və siyasi təşkilatların mövcudluğunu müəyyən edib, onların siyasi proseslərdə rolunu göstərmişdir.
2000-ci ildə İ.S.Bağırova eyni mövzu üzrə doktorluq dissertasiyası müdafiə edib, həmin ildə də AAK tərəfindən tarix elmləri doktoru adına layiq görülüb və Tarix İnstitutunun aparıcı elmi işçisi vəzifəsini icra etməyə başlayıb.
İ.S.Bağırova 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

Tarix institutunda çalışdığı müddət ərzində İ.S.Bağırovanın iki fərdi, 8 kollektiv monoqrafiyası və 50-dən çox elmi məqaləsi çap olunmuşdur. O, yeddicildli «Azərbaycan tarixi»nin IV və V cildlərinin «Siyasi təşkilatlar və partiyaların yaranması», «Azərbaycan cəmiyyətində siyasi fəallığın artması», «Azərbaycan müharibə edən dövlətlərin planlarında», «Müxtəlif partiya və təbəqələrin birinci dünya müharibəsinə münasibəti» fəsillərinin müəllifidir. O, redaksiya heyətinin üzvü kimi, habelə giriş və nəticənin müəllifi kimi çoxcildliyin hazırlanmasında fəal iştirak etmişdir.
İ.S.Bağırovanın tarixin təbliğində də mühüm nailiyyətləri vardır. O, 1998-1999-cu illərdə Qərb Universitetində, 2004-2005-ci ildə Bakı Dövlət Universitetində siyasi tarix və Qafqaz tarixi fənləri üzrə mühazirələr oxumuşdur.
İradə Bağırovanın Azərbaycan tarixinin kütləvi informasiya vasitəsi ilə təbliğində böyük rolu olmuşdur. O, Azərbaycanın siyasi partiyalarının fəaliyyəti barədə bir neçə yerli, Rusiya və Türkiyə qəzetlərində məqalə çap etmişdir.
İ.S.Bağırova 1998-2002-ci illlərdə «Space» telekanalında ictimai-siyasi və informasiya üzrə direktor müavini vəzifəsində işləyərək, «Üçuncü respublika» 2 seriyalı sənədli filmin, 31 mart qırğınları haqqında, Azərbaycanın görkəmli ictimai-siyasi xadimləri (Ə.M.Topçubaşov, M.Y.Cəfərov, M.Ə.Rəsulzadə) haqqında verilişlərin ssenari müəllifi olmuşdur.
İ.S.Bağırovanın rəhbərliyi altında 25 dissertant və doktorant çalışır, onlardan 10-u elmi işini müdafiə etmişdir.
İ.S.Bağırova müxtəlif səviyyəli respublika və beynəlxalq elmi konfranslarda və seminarlarda iştirak etməklə ABŞ-da, İngiltərədə, Almaniyada, Avstriyada, Belçikada, Fransada, Gürcüstanda, Rusiyada ölkəmizi layiqincə təmsil etmişdir.
İ.S.Bağırova müxtəlif ictimai-siyasi tədbirlərdə, Azərbaycanın müstəqillik ildönümlərində, Qarabağ müharibəsinə həsr olunmuş toplantılarda fəal iştirak etmiş və çıxış etmişdir.


Tarix: 11.02.2015 / 15:46 Müəllif: Feriska Baxılıb: 233 Bölmə: Azərbaycan tarixçiləri