beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abbasqulu ağa Bakıxanov

Abbasqulu ağa Bakıxanov (tam adı: Bakıxanov Abbasqulu Mirzə Məhəmməd oğlu, Qüdsi; d. 21 iyun 1794, Əmircan, Bakı – ö. 1847, Məkkə) — Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi.

XIX əsr Azərbaycan marifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. "Qüdsi" təxəllüslü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlərin müəllifidir. Qubada "Gülüstan" adlı elmi-ədəbi məclisin (1835) təşkilatçılarından biri olmuşdur.

1820-1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Türkmənçay (1828) və Gülüstan müqavilələrinin (1813) imzalanmasında tərcüməçi kimi iştirak etmişdir.
Həyatı
Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakının Əmircan (Əmirhacıyan) (köhnə adı Xilə) kəndində varlı bir ailədə anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov səkkiz yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirmişdir. 1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Əmsar kəndində yaşamış, yarımçıq qalan təhsilini davam etdirmişdir. Burada o ərəb və fars dillərini mükəmməl öyrənmiş, bu dillərdə yazılmış xeyli ədəbiyyat oxumuşdur. Şərq dilləri ilə yanaşı ədəbiyyat, ilahiyyat və fəlsəfəni mükəmməl öyrənməyə səy göstərmişdir.
1819-cu ildə Bakıxanov o zamankı Qafqazın baş hakimi general A.Yermolovun dəvəti ilə Tiflisə gəlib Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə tərcüməçi vəzifəsinə qəbul olunmuş və 26 il bu vəzifədə çalışmışdır. Tiflis mühiti, Avropa və rus şair və ziyalıları ilə görüş onun dünyagörüşündə dərin iz buraxmışdır. Həmçinin, burada o A.S.Qriboyedovla tanış olmuşdur; həttə sonuncu öz əsərlərinin ilkin variantını A.Bakıxanova oxumuşdur. Həmin dövrdə Tfilsdə yaşamış alman şairi Fridrix Bodenştedt özünün "Şərqdə min bir gün" adlı əsərində A.Bakıxanov yaradıcılığına yüksək qiymət verir.

A.Bakıxanov A.S.Qriboyedov, F.Bodenştedt, Fazil xan Şeyda, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə və başqaları ilə dostluq etmişdir. O, 1827-ci ildə Cənubi Azərbaycanda olmuş, 1833-1834-cü illərdə Varşavada və Peterburqda yaşamış, rus şairi A.S.Puşkinin ailəsi ilə tanış olmuşdur. 1835-ci ildə Qubaya qayıdaraq elmi və ədəbi yaradıcılığını davam etdirməklə yanaşı "Gülüstan" adlı ədəbi məclis yaratmışdır.

Bir jurnalist kimi o, "Tiflisskiye vedomosti", "Zakavkazskiy vestnik", "Kavkaz" qəzetlərinin fəaliyyətində iştirak etmişdir.

Ömrünün sonlarında o, Yaxın Şərqi səyahətə çıxmışdır. 1847-ci ildə Abbasqulu ağa Bakıxanov Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəba xəstəliyinə tutulub vəfat etmiş və həmin yerdə dəfn olunmuşdur.

General-leytenant Cəfərqulu ağa Bakıxanovun və general Abdulla ağa Bakıxanovun qardaşıdır.
General-mayor Həsən ağa Bakıxanovun, polkovnik Əhməd ağa Bakıxanovun əmisidir.
Tarzən Əhməd Bakıxanovun babasıdır.
Bəstəkar Tofiq Bakıxanovun, kamançaçı Tələt Bakıxanovun ulu babasıdır.


Tarix: 09.02.2015 / 18:48 Müəllif: Feriska Baxılıb: 109 Bölmə: Azərbaycan tarixçiləri