beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əminə Cəfərova (I)

Həyatı
Cəfərova Əminə Surxay qızı 1925-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Gənc yaşlarından Çəlik deyilən üzümçülük sahəsində əmək fəaliyyətinə başlamış, az bir vaxtda öz işgüzarlığı, əməksevərliyi sayəsində Manqa başçısı vəzifəsinə qədər yüksəlmişdir.

1941-1971-ci illərdə Ağdam rayonundakı “Nətəvan” adına üzümçülük sovxozunda manqabaşçısı, uşaq bağçasının müdiri, şərab zavodunda laborant, 1971-ci ildən isə mikrobioloq işləmişdir.

1947-ci ildən Sov.İKP-nin üzvü olmuşdur.

Əminə Cəfərova 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Belə ki, 3 hektarlıq məhsuldar sahənin hər hektarından 230,2 sentner məhsul götürmüşdür. Hökumət qarşısında xidmətini nəzərə alan SSRİ Ali Soveti 5 oktyabr 1949-cu il tarixli 4724 saylı qərarı ilə ona Sosialist Əməyi Qəhrəmanı adı vermişdir. Bundan əlavə Əminə Cəfərova 3 dəfə Lenin ordeni və müxtəlif medallarla təltif edilmişdir.

1951-ci ildə Azərbaycan nümayəndə heyətinin tərkibində əmək qabaqcılları ilə birgə Moskva şəhərindəki Ümumittifaq Kənd Təsərrüfatı nailiyyətləri sərgisində iştirak etmişdir.

1988-ci ildə Ağdam rayon partiya təşkilatının XI konfransına nümayəndə seçilmişdir.

1993-cü ildə Ağdam rayonunun işğalı ilə əlaqədar məcburi köçkün kimi bir müddət Bərdə şəhərində yaşadıqdan sonra birdəfəlik Bakı şəhərində məskunlaşmışdır.

Azərbaycan Respublikası Prezidendinin 2 oktyabr 2002-ci il tarixli 1049 saylı sərəncamı ilə Azərbaycanın iqtisadiyyat sahəsində böyük xidmətlərinə görə Cəfərova Əminə Surxay qızına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir.

Sosialist Əməyi Qəhrəmanı Əminə Cəfərova 2011-ci il avqustun 13-də Bakı şəhərində 86 yaşında vəfat etmişdir. O Keşlə qəsəbəsi qəbirstanlığında dəfn edilmişdir.

Əminə Cəfərova haqqında Xalq yazıçısı Əli Vəliyevin 1972-ci ildə çap olunan "Durna qatarı" adlı kitabında geniş məlumat verilmişdir.

Ailəsi
Əminə Cəfərova 1950-ci ildə Ziyəddin Əliyev ilə ailə həyatı qurmuş, — Rabilə (1951), Zabilə (1953), Yəmən (1958) və Tünzalə (1961) adlı dörd qızları dünyaya gəlmişdir.

Təltifləri
"Oraq və Çəkic" qızıl medalı (4763)
"Sosialist Əməyi Qəhrəmanı" (7248)
"Lenin ordeni" (109569)
"Lenin ordeni" (123681)
"Lenin ordeni" (131374)


Tarix: 23.01.2015 / 19:08 Müəllif: Feriska Baxılıb: 96 Bölmə: Azərbaycanın müharibələri‎