beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şamil Qafarov

Həyatı
1950-ci ildə Azərbaycan Respublikasının Ağdam rayonunda anadan olmuşdur[1]. 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Sənayenin iqtisadiyyatı” fakültəsinə daxil olmuşdur. 1971-ci ildə İnstitutu əla qiymətlərlə bitirmiş və təyinatla Bakının ucqarında yerələşən “Vişnyovka” deyilən dağ ərazisində yeni tikilməkdə olan Bakı Maşınqayırma zavoduna iqtisadçı vəzifəsinə göndərilmişdir. 1974-cü ildə müsabiqə yolu ilə Azərbaycan SSRİ Dövlət Plan Komitəsinin nəzdindəki Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsinə keçir. 1975-ci ildə S.M.Kirov Azərbaycan Dövlət Universitetinin “Siyasi iqtisad” ixtisası üzrə aspiranturanın əyani şöbəsinə daxil olur. 1978-ci ilin dekabr ayında Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən təyinatla “Siyasi iqtisad” kafedrasına müəllim vəzifəsinə göndərilmişdir. 1980-ci ildə “İctimai əmək bölgüsü qanunu və inkişaf etmiş sosializmdə onun fəaliyyəti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1982-ci ildə Azərbaycan Dövlət Universitetində baş müəllim, 1986-cı ildə dosent seçilmişdir. 1998-ciilin iyun ayında isə Bakı Dövlət Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 1999-cu ildə “Beynəlxalq əmək bölgüsü: formalaşması, dinamikası və strukturu” adlı kitabı, elə həmin ildə “İctimai əmək bölgüsü və onun sosial-iqtisadi problemləri” adlı 24, 25 çap vərəqi həcmində monoqrafiyası çap olunmuşdur. 2001-ci ildə “İctimai əmək bölgüsünün sosial iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2002-ci və 2004-cü illərdə Azərbaycanda onun rəhbərliyi və müəllifliyi ilə “İqtisadi nəzəriyyə” dərsliyi çap olunmuşdur. Bu, respublikada qeyri-iqtisad ali məktəbləri üçün ilk və yeganə dərslikdir. 2003-cü ilin may ayından Bakı Dövlət Universitetinin professor vəzifəsinə seçilmişdir.

Bütövlükdə bu günə qədər 5 kitabın, 122-ə qədər məqalənin müəllifidir. 10-dan çox doktorluq və namizədlik dissertasiyalarının rəsmi opponenti kimi çıxış etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun nəzdindəki respublikada doktorluq dissertasiyası üzrə İxtisaslaşdırılmış Şuranın (D.01.181) üzvüdür. Respublika elmi tədqiqatların təşkili və əlaqələndirilməsinin İqtisadiyyat üzrə problem Şurasının üzvüdür.


Tarix: 23.01.2015 / 19:01 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Azərbaycanın müharibələri‎