Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əfqan Soltanov

Aktyor

Həyatı

1957–ci ildə Mingəçevir şəhərində fəhlə ailəsində anadan olub. Mehdi Hüseynzadə adına 3 saylı şəhər orta məktəbini bitirib. 1975–ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsinə daxil olaraq orada təhsilini davam etdirib. İnstitutda ilk dəfə "Zəng edin və gəlin" tamaşasında həkim rolunu oynayıb. 1979–cu ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra onu təyinatla Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrına göndəriblər. Qeybulla Rəsulovun "Əlvida Hindistan" əsərində Ramo obrazını yaradıb. Sonralar C.Cabbarlının "Solğun çiçəklər"ində Bəhram, M.İbrahimovun "Kəndçi qızı" və "Don Juan" əsərlərində Vahid və Don Juan, İ.Əfəndiyevin "Unuda bilmirəm" pyesində Kamran, A.Şaiqin "Eloğlu"sunda Eloğlu və başqa rollarda çıxış etmişdir. 1993–cü ildə Bakı Bələdiyyə Teatrında fəaliyyətə başlayan Əfqan "Tomris" əsərində Arxalan rolu ilə ilk dəfə səhnəyə çıxır. Az sonra Əfqan Soltanov Süleyman Rəşidinin "Mənim Ərdəbilim" komediyasında Kərim, N.Nərimanovun "Nadir şah" faciəsində Xan, C.Cabbarlının "Dönüş"ündə Əli Muxtar, A.Məmmədovun "Dəli Domrul"unda Əzrayıl, R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir" əsərində Sarkis, C.Məmmədquluzadənin "Ölülər"ində Hacı Baxşəli və başqa rollarda teatr rəhbərliyinin və tamaşaçıların böyük rəğbətini qazanır. Hal–hazırda gərgin yaradıcılıq fəaliyyəti ilə məşğul olan Əfqan Soltanov Cavidin "İblis" tamaşasında Yaralı zabit, Xalid Əlimirzəyevin "Daşa dönmüş ürəklər"də Ziya, Abdulla Qurbaninin "Türk sancağı" tamaşasında Kəlbəlayı Abbas, Aqşin Babayevin "Oğul"unda – Vaqif, İnqilab Kərimovun "Xəyanətin müsibəti"ndə İmam Həsən, Nigar Rəfibəylinin "Məhsəti" tamaşasında şair xanəndə rollarında müvəffəqiyyətlə çıxış edir.

2002–ci ildə Bakı Bələdiyyə Teatrının 10 illiyində Əfqan Soltanova yaradıcılığındakı nailiyyətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adı verilib.

Filmoqrafiya
Kişilər (film, 1984)
Salur Qazanın evi talandığı boy (film, 2001)
Bir anın həqiqəti (film, 2003)
Yoxlama (film, 2006)


Tarix: 06.02.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 467 Bölmə: Aktyorlar
loading...