beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sərvər Əliyev

Sərvər Bəhlul oğlu Əliyev (d.22 yanvar 1966) - Aktyor

Həyatı

Sərvər Bəhlul oğlu Əliyev 22 yanvar 1966-cı ildə Naxçıvanın Sədərək rayonunun Sədərək kəndində anadan olub. 1972-ci ildə Sədərək kənd orta məktəbinə gedib. 1980-82-ci illərdə təhsilini Ordubad internat məktəbində davam etdirərək tamamlayıb. İnternat məktəbində təhsil aldığı illərdə məktəbin nəzdindəki dram dərnəyində fəal çıxış edib. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənt İnstitutunun "Dram və kino aktyoru" fakültəsinə daxil olub. Görkəmli rejissor və pedaqoq Nəsir Sadıqzadənin kursunda təhsil alıb.

İnstitutun 1-ci kursunda oxuyarkən kurs rəhbəri ona heç bir rol vermir. 2-ci kursun ortasında kurs tamaşasındakı əsas rolu ifa edən tələbə xəstələndiyindən N. Sadıqzadə N. Hikmətin "Qəribə adam" tamaşasındakı Nəcəf bəy obrazını Sərvər Əliyevə həvalə edir. Onun ifası müəlliminin çox xoşuna gəlir. Son kursda oxuyarkən Stratiyevin "Avtobus" tamaşasında baş rolu – Ağıllı obrazını Nəsir müəllim Sərvər Əliyevə verir. Onun bu işi də olduqca uğurlu alınır və imtahan komissiyasının üzvləri Sərvərin səhnə üçün doğulduqlarını vurğulayırlar. Sərvər Əliyevin İnstitutu bitirdiyi illər müharibə dövrünə təsadüf edir. 1990-cı ildə o, Sədərək rayonuna döyüşə yollanır. 1993-cü ilə qədər müəyyən fasilələrlə cəbhəyə gedib qayıdır. Həmin illər ərzində Asif Ağayevin təşkil etdiyi "Meydan" teatrında da fəaliyyət göstərir. Sərvər Əliyev 1993-cü ilin noyabr ayında mərhum rejissorumuz H. Atakişiyevin rəhbərlik etdiyi Dövlət Gənclər Teatrında aktyor ştatına qəbul olunub və teatrın fəaliyyətinin son gününə qədər bu sənət ocağında çalışıb. Burada bir sıra maraqlı və yaddaqalan obrazlar ifa edib. Sərvər Əliyev DGT-da C. Məmmədquluzadənin "Qurbanəli bəy" əsərində Pristav, "Ölülər" əsərində Şeyx Əhməd, V.Şekspirin "Yay gecəsində yuxu" əsərində Oberon, "Hamlet" faciəsində Klavdi, "Makbet" faciəsində Makduf, "Tədbirə qarşı tədbir" komediyasında Lizandr, Əli Əmirlinin "Onun iki qabırğası" komediyasında Cavanşir, "Varlı qadın" komediyasında Pəhlivan, "Kişi və qadın" əsərində Cəmil bəy, B. Vahabzadənin "Atamın kitabı" əsərində İxtiyar, Kamal Abdullanın "Şah İsmayıl" əsərində Şah İsmayıl, Q.Qorinin "IV Kin" əsərində Solomon, "Herostratı unudun" əsərində Tissofern, Mikloş Xubainin "Neron oynayır" əsərində Pallada və başqa obrazlar ifa edib. Sərvər Əliyev aktyorluqla yanaşı rejissor kimi də fəaliyyət göstərib. Meydan teatrında Ş.Qurbanovun "Sənsiz", İrəvan Dram Teatrında Akif Həsənoğlunun "Tənha payız yarpağı", DGT-da Mitroviçin "Gecə soyğunçuları", Stefan Sveyqin "Yad qadının məktubları", E. Hüseynbəylinin "İmperator", Ü. Hacıbəylinin "Ər və arvad", Əziz Nesinin "Bir az gəlirmisiniz" əsərlərinə quruluş verib. Sərvər Əliyev hal-hazırda Gənc Tamaşaçılar Teatrında öz fəaliyyətini davam etdirir. Burada H.Cavidin "Şeyx Sənan" faciəsində Şeyx Sədra, S.S.Axundov və A.Şaiqin "Qaraca qız" tamaşasında Piri baba, Hamsonun "Viktoriya" əsərində Mülkədar obrazlarını ifa edir. Ayrıca bir sıra tamaşalarda da ikinci rejissor kimi fəaliyyət göstərir.

Filmoqrafiya
Salur Qazanın evi talandığı boy (film, 2001)
Bir anın həqiqəti (film, 2003)
Cavid ömrü (film, 2007)
Böhtan (film, 2008)
Cavad xan (film, 2009)
Həyat varsa (2012)
Məhkumlar
Vəsiyyət


Tarix: 04.02.2013 / 21:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 368 Bölmə: Aktyorlar