beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvanda din

Arxeoloji qazıntılar politeizmlə bağlı inancların məcmusu kimi paqan təsəvvürlərinin köklərinin Şirvanda çox qədim zamanlara gedib çıxdığını göstərir. Şərq xalqları arasında geniş yayılmış dörd əsas ünsürdən biri kimi oda sitayiş, atəşpərəstlik geniş yayılmışdır. Atəşpərəst məbədləri olan atəşgahlar Bakıda, Şamaxıda, Qəbələdə tikilmişdir. Atəşpərəstliklə bağlı olan Zərdüştilik dini Şirvanda yayılmışdır.

Zərdüşti əqidələrində od mühüm yer tuturdu və buna görə zərdüştiləri çox vaxt atəşpərəst hesab edirlər. Zərdüştilər ölmüş adamların cəsədlərini murdar hesab etdikləri üçün torpağa tapşırmır, dağlarda hazırladıqları xüsusi yerlərdə saxlayırdılar ki, qurd-quş yesin. Yalnız bundan sonra təmizlənmiş sümüklər yığılaraq dəfn edilirdi. Azərbaycan ərazisində Dərbəndə qədər zərdüştilik sasanilərin hərbi-siyasi uğurları ilə bağlı olaraq yayılmışdı.
I əsrdən etibarən isə Şirvanda xristianlıq yayılmış, III əsrdən dövlət dini səviyyəsinə qalxmışdır. VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsinə yayıla bildi. Şirvan ərəblər tərəfindən fəth edildi, bölgədə islam yayılmağa başladı. Paqan dinlər, zərdüştilik, xristianlıq əhəmiyyətini itirir, yəhudilik mövcudluğunu qoruyub saxlayır.

VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyət başına gəlməsi ilə mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıllar tapır. Bu dövrün ən gözəl sufi abidələrindən biri Şirvandakı Pirsaat çayı üzərindəki xanəgahdır.

Səlcuqlular dövründə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləyir. Sufi təriqətləri geniş yayılır. Monqol istilaları dövründə sufilik geniş yayılır. Hürufilik güclənir. Onun banisi Fəzlullah Nəimi idi. Əbülhəsən Əliyyül-Əla və şair Nəsimi hürufiliyin ən nüfuzlu nümayəndələri kimi şöhrət tapmışlar. Bu dövrdə sufi xəlvətiyyə təriqətinin ikinci piri Seyid Yəhya Bakuvi Şirvanda çox məşhur olmuşdur.

Şirvanşahların hakim sülalələrinin nümayəndələri sünni müsəlman olmuşlar. Lakin əhali arasında islamla yanaşı digər dinlər – xüsusilə xristianlıq, yəhudilik və zərdüştülük də az miqdarda olsa belə yaylmışdır.

Şirvanşahlar Şirvanda dini tikililərin - Navahı kəndi yaxınlığındakı Pirsaatçay xanəgahı, Bakı yaxınlığındakı Bibiheybət türbəsi, Şamaxı yaxınlığındakı Göylər kəndindəki Madəkani piri və s. – tikilməsinə və onların bəzədilməsinə böyük əhəmiyyət verirdilər.

Osmanlı və Ağqoyunlu sultanları kimi Şirvanşahlar da təsəvvüfə xüsusi maraq göstərmiş, sufi şeyxlərini himayə etmişlər. Xüsusilə I İbrahim və I Xəlilulahın bu istiqamətdə fəaliyyəti haqqında tarixi mənbələrdə çoxlu məlumatlar vardır. Həmin şirvanşahlardan birincisinin Hürufi, ikincisinin isə Xəlvəti xanəgahlarına bağlı olduğunu zənn edən tədqiqatçılar da vardır. Səfəvilər hakimiyyəti dövründə bölgədə şiəlik yayılmağa başlayır.


Tarix: 12.02.2015 / 13:52 Müəllif: Feriska Baxılıb: 165 Bölmə: Şirvanşahlar dövləti