beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elxanilərdən vassal asılılığı

1256-cı ildə Hülakü xan iri bir dövlət yaradaraq, Cənubi Azərbaycanda monqol mənşəli Hülakülər, yaxud Elxanilər sülaləsinin əsasını qoydu. Elxanilər Azərbaycanın təbii ehtiyatlar və otlaqlarla zəngin olan şimal vilayətlərini, habelə Ermənistan və Gürcüstanı işğal etdilər. Onlar Cucilərin bu vilayətlər barəsində iddialarını rədd etdilər ki, bu da Qızıl Orda ilə Elxanilər dövləti arasında toqquşmaya səbəb oldu. 1260-cı ildə Cucilərin qoşunları Şamaxıya yaxınlaşdı. Lakin Hülakü xan onları məğlub edib Dərbəndi tutdu və şimala doğru hərəkət etdi. Tezliklə Hülakü xan özü də Terek çayı yaxınlığında Bərkə xan tərəfindən məğlubiyyətə uğradılaraq Dərbəndi və Şirvanı itirdi.

1265-ci ildə Bərkə yenidən Şirvana soxuldu və Kür çayının sahilinə qədər gəldi, lakin bu vaxt xəstələnərək öldü. Yüz ilə qədər davam edən hərbi əməliyyatlarla əlaqədar iki dövlət arasındakı sərhədlər tez-tez dəyişərək, gah Dərbənd, gah da Bakının yaxınlığından keçirdi. Şirvan da, vassal ölkə kimi Elxanilər dövlətinin tərkibinə qatıldı. Hülakü xan 1258-ci ildə Şirvan və Arranı tutarkən Bakı Azərbaycanda möhkəmlənən Elxanilərin hakimiyyəti altına düşdü. II Axsitan tam itaətkarlıq göstərməklə Şirvanı dağıntıdan xilas etdi. Elxanilər dövründə öz torpaqlarında vassal kimi hakimiyyət sürən Şirvanşahlar öz adlarından pul kəsdirməkdə davam etsələr də, artıq təmtəraqlı titullarını göstərmir, öncə monqol xanının adını çəkirdilər. Şirvanşahlar Elxani hökmdarlarının bütün səfərlərində qeyri-nizami qoşun dəstələri ilə iştirak etməli və öz süzereni qarşısındakı bütün təəhhüdlərini yerinə yetirməli idi.

I Keykavusun hakimiyyət dövrü - 1294-cü il Arqunun oğlu Keyxatu xanın hakimiyyətinin sonuna (1291-1295-ci illər) təsadüf edir. Bu dövrdə Elxanilər dövləti iqtisadi tənəzzül keçirirdi. Xəzinə boşalmış, qızıl və gümüş sikkə əvəzinə tezliklə xalq iğtişaşları nəticəsində ləğv edilmiş "çao" deyilən kağız pul buraxılmışdı. Görünür, bu vəziyyət Şirvana da aid idi. Belə ki, mənbələr Elxan Qazan xanın h.697 (1297)-ci ildə Şirvana və Bakıya gəldiyini xəbər verirlər. Rəşidəddin Arranda qışlamaq niyyətində olan Qazan xanın Təbrizdən h.697-ci il məhərrəm ayının 20-də (7 noyabr 1297) çıxdığını göstərir. Qazan xan yolda ikən əmir Qutluqşahı Gürcüstana göndərdi. O, ölkədəki iğtişaşı yatırdıb, gürcü hökmdarı David Vaxtanqın qardaşını bəxşiş verilmək üçün Qazan xanın qərərgahına gətirdi. "Dövlət bayraqları Bakıya yollandı və Qazan xan bir neçə gündən sonra orada oldu". Qazan xanın Bakıya səfəri Bibiheybət məbədinə ziyarətlə də bağlı idi. Belə ki, o hakimiyyətə gəldikdən sonra islamı qəbul etmiş və Qazan Mahmud adı götürmüşdü.
Qazan xanın və onun varisi Olcaytu xanın hakimiyyəti dövründə yerli əyanların, o cümlədən mövqeləri möhkəmlənən Şirvanşahların hüquqları bərpa edildi. Yerli feodal zadəganları ilə Elxanilər dövləti nümayəndələri arasında yaxınlaşma baş verdi. Belə ki, Elxanilərin dövlət xadimi vəziri Rəşidəddinin (1297-1318-ci illər) məktublaşmasından bəlli olur ki, o, Şirvanşahlarla qohum olmuşdur. Rəşiddədin Təbriz şəhərindən "böyük mövlana Məcid əd-Din İsmayıl Faliyə" yazdığı məktubda onu oğlanlarının toyuna dəvət edərək gəlinlərinin adlı-sanlı ailələrdən olduğunu qeyd edir, o cümlədən göstərir ki, oğlu Əmir Əlinin nişanlısının atası Şirvanşah, "Dərbənd hökmdarı sülaləsindən olan Şabran və Şamaxı hökmdarıdır. (Artıq) iki min ilə yaxındır ki, sultan (taxtı) onların nəslinə məxsusdur və onlar indiyədək Dərbənd və Şabran hökmdarlarıdırlar". Şirvanşaha - "Şabran və Şamaxı hökmdarına" göndərdiyi digər bir məktubunda Rəşadəddin onu çox nəzakətli tərzdə, ehtiramla özünün yeni bağı Fəxtəbada dəvət edir. Dərbəndilərin hakimiyyətə gəlməsi

Huşəng 1382-ci ildə öldükdən sonra Şirvan feodalları onun əmisi oğlu İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubadı hökmdar seçdilər. Münəccimbaşıya görə Şeyx İbrahim Məzyədilər sülaləsinin qohumu olan Dərbəndi Şirvanşahları sülaləsinin ilk nümayəndəsidir. O və onun atası Sultan Məhəmməd ibn Keyqubad Kavus və Huşəngdən ehtiyat edərək Şəki kəndlərinin birində yaşayırdılar.

Şeyx İbrahim dövlət adamı zəkasına sahib müdrik hökmdar olmuşdur. İbrahim Yaxın Şərqdə Teymurun işğalçılıq müharibələri ilə bağlı ağır xarici siyasi hadisələrin baş verdiyi dövrdə hökmranlıq etmişdir.

Bu dövrdə Cənubi Azərbaycanda və digər vilayətlərdə Cəlairilər sülaləsi hökmdarlarından olan sultan Əhməd hökmranlıq edirdi. Şimaldan Şirvan Qızıl Orda xanı Toxtamış təhdid edirdi. Teymur Azərbaycana hücum edərkən qarşısına çıxan hər şeyi yerlə-yeksan edən işğalçı ordunun qarşısında duruş gətirməyin çətin olacağını başa düşən, Şirvanın viran ediləcəyini və əhalisinin qırılacağını görən Şeyx İbrahim Teymura itaət göstərərək ona tabe oldu və onun rəğbətini qazanaraq Şirvanın hakimi saxlanıldı.


Tarix: 12.02.2015 / 13:46 Müəllif: Feriska Baxılıb: 177 Bölmə: Şirvanşahlar dövləti