Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvanın Ağqoyunlularla müttəfiqlik siyasəti

Ağqoyunlu Uzun Həsən Şirvanşah I Fərrux yasarla və Səfəvi Şeyx Heydərlə müttəfiqlik münasibətlərini ömrünün sonunadək davam etdirmişdi. Uzun Həsənin h.883 (1478)-cü ilin ramazan ayında ölümündən sonra da Şirvanşahın Ağqoyunlu xanədanı ilə münasibətləri dəyişmədi. Uzun Həsənin oğlu və varisi Yaqub bəy (h.883-896 (1478-1490)-cı illər) xarici düşmənlərlə mübarizədə Şirvanşahın dayağı idi. O, Fərrux Yasarın Qaytaq usmisi Adil bəyin bacısından doğulan qızı Gövhər Sultana evlənmişdi. Yaqub bəyin ondan Baysunqur Mirzə və Murad Mirzə adlı iki oğlu olmuşdu. Şeyx Heydərin 1483-cü ildə Şirvan yürüşü zamanı da Yaqub bəy qayınatası Şirvanşah Fərrux Yasara hərbi yardım göstərmişdi.

1489-cu ildə öz möhürü ilə təsdiq etdiyi şərtnamədə Şirvanşah I Fərrux Yasar bir sıra vassal təəhhüdləri götürdü. Lakin bir ildən, Sultan Yaqub 1490-cı ildə öldükdən sonra onun yerinə keçən oğlu və varisi, Şirvanşahın nəvəsi Baysunqur babasının təsiri altına düşdü və Şirvan dövləti yenidən müstəqil oldu. Baysunqur Mirzə (1490-1492) Təbrizdə taxta çıxarkən babası Fərrux Yasardan yardım istədi və uzun sürməyən hakimiyyətdən sonra Maqsud bəyin oğlu, Uzun Həsənin nəvəsi Rüstəm bəy tərəfindən qovularaq Şirvana, Şirvanşahın yanına qaçdı. Baysunqur Mirzə, Fərrux Yasarın və Şirvan qoşunlarının köməyi ilə öz hüquqlarını bərpa etməyə cəhd göstərsə də, h.898 (1492/3)-ci ildə Bərdə ilə Gəncə arasında Rüstəm bəylə vuruşmada həlak oldu.


Tarix: 12.02.2015 / 13:49 Müəllif: Feriska Baxılıb: 65 Bölmə: Şirvanşahlar dövləti
loading...