Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

I Güştasp

I Güştasp və ya I Gərşəsb – Şirvanşahlar dövlətinin iyirmi beşinci hökmdarı, Şirvanşah I Fərruxzadın oğlu. Şirvanşah I Güştasp öz iyrənc və əxlaqsız həyat tərzi ilə bütün digər Şirvanşahlardan fərqlənmişdir.

Fəaliyyəti
I Fərruxzad ibn Mənuçöhrün qısamüddətli hökmranlığından sonra hakimiyyətə onun oğlu Gərşəsb ibn Fərruxzad keçmişdir. Onun adından kəsilmiş bir neçə variantlı, lakin eyni məzmunlu aşağı əyarlı xeyli, əsasən mis sikkələr qalmışdır. Üz tərəfində həmişəki kimi, dini rəmz və möminlərin hökmdarı xəlifə ən-Nasir-lidin – Allahın (h.575- 622 (1180-1225)-ci illər) adı durur. Əks tərəfındə eyni dini rəmz təkrar olunmuş, onun altında isə "əl-məlik əl-müəzzəm Gərşəsb ibn Fərruxzad, ibn Mənuçöhr, Şirvanşah" sözləri həkk edilmişdir. Gərşəsb ibn adı ilə kəsilmiş külli miqdarda sikkənin hamısında xəlifə ən-Nasirin adı çəkilir. Lakin Gərşəsibn oğlu və varisi III Fəribürz də həmin xəlifənin hakimiyyətinin sonlarına doğru onun adı ilə sikkə zərb etdirmişdir.

Gərşəsibn sikkələri üzərindəki "əl-məlik əl müəzzəm" ləqəbləri və Şirvanşah titullu Şirvanşahlar dövlətinin ən yüksək inkişaf dövründə onun müstəqil hakimiyyət sürdüyünü göstərir. Gərşəsibn adını Kür və Araz çayları arasında yerləşən və Xəzər dənizinin sahillərinə qədər uzanan Güştəsbi (Güştəsfi) vilayətinin adı ilə bağlayırlar. S. Aşurbəyli qeyd edir ki, yəqin, onun adının ən düzgün yazılışı sikkələrində və abidələrindəki kitabələrdə rast gəlindiyi kimi Gərşəsb yaxud Gərşəspdir. Gərşəsb adı Şirvanşahların çox güman ki, qohum olduqları deyləmi Kakuyilər sülaləsi hökmdarları arasında məlumdur.

Şirvanda Güştəsbi vilayətinin və şəhərinin adına XIII əsrdən əvvəlki mənbələrdə rast gəlinmir. Ola bilər ki, onun kökü Gərşəsb adındandır. Belə ki, Gərşəsb Şirvanşah olana qədər, atası Fərruxzad ibn Mənuçöhr zamanında bu yerin hakimi olmuşdu. Gərşəsbdən törəyən Güştəsbi adı İranın əsatiri hökmdarının adı ilə bağlı xalq etimalogizasiyasına məruz qalmışdır.

Mərdəkan kəndindəki dairəvi qalanın kitabəsinə görə Gərşəsb h.600 (1204)-cü ildə hakimiyyətə başlamışdır. Kitabədə deyilir:

I. "Bu qala həqiqətən uca, müdrik, ədalətli, (Allahın) himayə etdiyi müzəffər, qalib, dinin döyüşçüsü, dünyanın, dinin... və müsəlmanların əzəməti, dinin qoruyucusu Gərşəsb ibn Fərruxzad ibn Mənuçöhrün zamanında tikilmişdir".
II."Sahibi... sipahsalar (sərkərdə) möhtərəm, müdrik (Allahın) himayə etdiyi, hörmətli, dövlətin və dinin ulduzu... İshaq ibn Kakuyidir. Allah onun qüdrətini əbədi etsin! Tarix, mordad ayı, altıyüzüncü il (h.600 (avqust, 1204).

Qalanın cənub-qərb tərəfində, qapıdan soldakı kitabədə deyilir: "Memar Əbd ül-Məcid ibn Məsud".

Kitabədə adı çəkilən sipahsalar – qalanı tikdirmiş sərkərdə, ehtimal ki, aralarından Şirvanşahların vəzirlərinin çıxdığı adlı-sanlı deyləm nəsli Kakuyinlərin nümayəndələrindən olmuşdur. Bu kitabədə Gərşəsibn hakimiyyəti dövründə gürcülərin ölkəyə tez-tez basqınları ilə əlaqədar olaraq XII əsrin sonlarından Şirvanşahların iqamətgahı Bakıya keçirildikdən sonra Abşeronda və Şirvanın digər yerlərində istehkamlar tikildiyi göstərilir.

Monqolların Azərbaycana yürüşü
Gərşəsibn hakimiyyəti dövründə XIII əsrin 20-ci illərinədək şəhər həyatı, sənətkarlıq, ticarət və tikinti inkişaf edir. Lakin 1220-ci ildən başlayaraq Şirvan və bütün Yaxın Şərqin üstünü yadelli işğalçıların – monqolların soxulmaq təhlükəsi aldı. Monqol yürüşlərinin müasiri olan İbn əl-Əsir bu basqının dəhşətlərindən sarsılaraq yazırdı: "...gecə-gündüz buna bənzər böyük hadisə və böyük bədbəxtlik görməmişdi. Bu bədbəxtlik bütün insanlara, xüsusilə müsəlmanlara üz verdi. Kim Allah adəmi yaradandan bu günə qədər dünyanın belə müsibətə düçar olmadığını desə haqlı olar, çünki salnamələrdə buna oxşar, yaxud yaxın heç bir şey yoxdur".

Monqollar Azərbaycan və Şirvan ərazisində ilk dəfə h.617 (1220/l)-ci ildə I Gərşəsb ibn I Fərruxzadın hakimiyyəti dövründə zahir oldular. Cəbə Noyonun və Sabutay Bahadurun başçılığı ilə otuz minlik monqol ordusu 1221-ci ildə gürcü qoşunlarını məğlub edib qışı Muğanda qışladı, sonra isə Ərdəbilə qayıtdı, şəhəri dağıdaraq zəbt etdi. İ

Bundan sonra monqollar üçüncü dəfə Təbrizə yaxınlaşdılar. Şəhərin əhalisi pul və parça verməklə xilas oldular. Monqollar Sərab şəhərini dağıtdıqdan sonra h.618 (1221)-ci ilin ramazan ayında Beyləqana gəldilər, onu mühasirəyə alaraq tutdular, demək olar ki, bütün əhalini qılıncdan keçirdilər və əmlaklarını qarət etdilər. Daha sonra onlar Arranın paytaxtı Gəncəni mühasirəyə alaraq, əhalidən pul və bahalı parçalar tələb etdilər. Çoxlu fidyə alan monqollar Gəncədən əl çəkib Gürcüstana soxuldular. Bu vaxt oranın hökmdarı Tamarın oğlu IV Georgi Laşa idi. Monqollar gürcü qoşunlarını darmadağın edib, ölkəni taladıqdan sonra tezliklə Gürcüstanı tərk edərək Şirvana qayıtdılar. Şamaxını mühasirəyə alıb ələ keçirdilər, onu dağıdaraq əhalisini qırdılar. İbn əl-Əsir (1160-1234) monqolların şəhəri almasının və onun sakinlərinin qəhrəmanlıqla müdafıə olunmasının təfərrüatını xəbər verir "...tatarlar nərdivanlarla şəhərin divarlarına çıxdılar, başqalarının sözlərinə görə isə onlar çoxlu dəvə, inək, davar və s.yığdılar, habelə, həm özlərindən, həm də düşmən tərəfdən öldürülənləri bir-birinin üstünə qalayaraq, təpəyə bənzər bir şey düzəltdilər, onun üstünə çıxaraq, şəhər üzərində hakim mövqe qazandılar və şəhər əhalisi ilə döyüşə girdilər. Şəhər sakinləri üç gün ərzində ən ağır vuruşmaya tab gətirdilər və nəhayət, bir dəfə az qala məğlub olduqda öz-özlərinə dedilər: "Onsuz da qılıncdan xilas ola bilməyəcəyik, elə isə yaxşısı budur, möhkəm dayanıb, heç olmasa, şərəflə ölək". Onlar həmin gecəni möhkəm durdular. Meyitlər qoxumağa və dağılmağa başladığından tatarlar şəhərə yenidən həmlə etdilər. Şamaxı alınaraq qarət edildi və əhalisinin çoxu qırıldı.

Ə.Ə.Əlizadə yazır: "...Şirvanşah Şamaxının müdafiəsində və monqollarla vuruşmada iştirak etmirdi. Yəqin ki, Şamaxı mühasirəyə alınarkən o, şəhərdə deyildi. Düşünmək olardı ki, monqollar yaxınlaşarkən Şirvanşah paytaxtı taleyin ümidinə buraxaraq əlçatmaz qalalara çəkilmişdi". S. Aşurbəyli qeyd edir ki, Ə.Ə.Əlizadənin bu fikri həqiqətə uyğun deyil. "Şirvanşah Şamaxını tərk edə bilməzdi. Belə ki, təqribən 1192-ci ildə Şamaxı zəlzələdən dağıldıqdan sonra Axsitan öz iqamətgahını Bakıya köçürmüşdü; və monqollar şəhəri mühasirəyə alarkən Şirvanşah Gərşəsb orada idi."

Ərəb müəlliflərinin məlumatına görə, əhali inadlı müqavimət göstərdiyindən monqollar Bakını uzun müddət ala bilməmişdilər. Yalnız bütün ölkə işğal edildikdən sonra şəhər təslim olmaq məcburiyyətində qaldı. İbn əl-Əsir yazır: "Monqollar Azərbaycan və Arranı dağıtdıqdan sonra Dərbəndə – Şirvana yollandılar və onların hökmdarının yaşadığı qala istisna olmaqla onun şəhərini ələ keçirdilər". Daha sonrakı dövrün müəllifi Bakuvi (1403-cü ildə yazmışdır) Bakıdakı iki möhkəmləndirilmiş qaladan bəhs edir: "Onlardan böyüyü dənizin yaxınlığındadır. Dənizin dalğaları onun divarlarını döyəcləyir. Bu, tatarların (monqolların) ala bilmədikləri qala idi". Monqollar Şamaxını tutub qarət etdikdən sonra Dərbənd keçidindən keçib Monqolustana qayıtmaq üçün Dərbəndə yönəldilər. Lakin Dərbənd son dərəcə möhkəmləndirildiyindən onlar buna müvəffəq ola bilmədilər. Onda monqol sərkərdələri hiyləyə əl atdılar. Onlar Şirvanşah Gərşəsbə müraciət edərək, sülh sazişi bağlamaq üçün elçi göndərməyi təklif etdilər. Şirvanşah monqollara inanıb, Cəbə və Sabutayın ordugahına on nəfər əyan göndərdi. Monqollar onların birini öldürüb, qalanlarını ölümlə hədələyərək Dərbəndin yanından keçən dağ yolunu göstərməyi tələb etdilər. Onlar yolu göstərdilər.

Təsvir edilən hadisələrin müasiri və şahidi olan Kirakos Gəncəliyə görə monqollar "Dərbənd qapısından keçib öz ölkələrinə qayıtmaq istəyirdilər. Lakin Dərbənddəki müsəlman qoşunları onlan buraxmadı. Onda monqolar uçurumları ağac və daşlarla, öz əmlakları, atlar və hərbi sursatla dolduraraq, Qafqaz dağlarının keçilməz yerlərindən aşıb öz ölkələrinə döndülər".

1222-ci ildə monqollar alan, ləkz və digər xalqların ölkələrinə yönəldilər, onları darmadağın etdilər, sonra qıpçaq çölünə keçərək onu tutdular və qıpçaqları oradan qovdular. Qıpçaqlar dağlara səpələndi, bəziləri rusların ölkəsinə getdi, əksəriyyəti isə Dərbəndə yollandı. Faciəli hadisələrlə dolu olan bu ağır zamanda, monqol qoşunları Şirvandan, Arrandan, Gürcüstandan və Zaqafqaziyanın digər ölkələrindən çıxıb getdikdən sonra 1222-ci ildə, həmin ölkələrin vaxtilə çiçəklənən şəhərlərinin, digər yaşayış yerlərinin dağıdılaraq talan edildiyi, əhalisinin qırıldığı bir vaxtda yerli feodallar və hakimlər qorxunc düşmənə – monqollara, habelə onlara yenidən hücum edə biləcək başqa yadelli işğalçılara qarşı ittifaq yaratmaq üçün tədbirlər görürdülər.

Gürcü şahzadəsi ilə evlilik
Gürcü salnaməsi gürcü hökmdarı IV Georgi Laşanın bacısı Rusudan ilə Şirvanşahın kəbinkəsmə və toy mərasimində iştirak etmək üçün 1222-ci ildə Şirvanşahın iqamətgahı və Şirvanın ikinci paytaxtı olan Baqavana – Bakıya gəldiyini xəbər verir. Lakin Georgi burada xəstələnib 1222-ci il yanvarın 18-də öldüyündən toy baş tutmadı. Rusudana Gürcüstana qayıtdı və həmin il hökmdar elan olundu. Bu vaxt Rusudananın yaşı 32-yə yaxın idi, bir neçə dəfə ərə getmişdi və iki uşağı vardı. Mənbədə Şirvanşahın adı çəkilmir. Ola bilər ki, Rusudana ya I Gərşəsibn oğlu III Fəribürzə, ya da Şirvanşah Gərşəsbin özünə ərə getməli idi. Rusudan Cəlaləddinə qarşı mübarizə üçün Səlcuq sultanının qardaşı ilə evlənməli olur.

Qıpçaqların yürüşü
Monqollar Şirvandan gedəndən sonra darmadağın edilmiş qıpçaqlar bir yerə toplaşaraq Dərbəndə yollandılar. Bu vaxt oranın hakimi İbn əl-Əsirin Şirvanşah adlandırdığı Rəşid idi. Yaqut Həməvinin verdiyi məlumata görə Şirvanın paytaxtı Şamaxının hakimi "Dərbənd əmirinin qardaşı – Şirvanşah" idi. XI əsr mənbələri yerli Haşimilər sülaləsindən olan əmirlər tərəfindən idarə olunan bu müstəqil şəhər-dövlətə sahiblik iddialarından əl çəkməyən Dərbəndi zəbt etdiklərini xəbər verirlər. Mənbələr və numizmatik dəlillər XI əsrin üçüncü rübündə Dərbəndin Şirvanşahlar dövlətinin tərkibinə daxil edildiyini təsdiqləyirlər. XII əsrin əvvəllərində Dərbəndi öz müstəqilliklərini yüz ilə yaxın qoruyub saxlamış yerli ərəb nəslindən olan Suləmi əmirləri idarə edirdilər. Şirvanşahların Dərbəndi ələ keçirmək üçün göstərdikləri bir neçə cəhd uğursuzluqla qurtarmışdı.

Dərbənd əmirliyinə yalnız 1239-cu ildə Dərbənd və bütün ölkə monqollar tərəfındən istila edildikdən sonra son qoyuldu. İbn əl-Əsirin adını çəkdiyi Şirvanşah Rəşid görünür Şirvanşahlar sülaləsinə mənsub Dərbənd məliki olmuşdur. Yuxarıda göstərildiyi kimi, Axsitan Dərbənd əmiri Müzəffər ibn Məhəmmədin qızına və Bəybars ibn Müzəffərin bacısına evlənmişdi. Ehtimal ki, Rəşid və Dərbənd əmiri ilə qohumluqdan dolayı I Gərşəsibn qardaşı olmuşdur. Qıpçaqlar Dərbəndə yaxınlaşarkən onun hakimi Şirvanşah Gərşəsibn qardaşı Rəşid idi. Qıpçaqlar ona aşağıdakı sözlərlə müraciət etdilər: "Tatarlar ölkəmizi tutub, əmlakımızı qarət etmişlər. Biz sənin ölkəndə yaşamağa gəlmişik. Biz sənin qulunuq, sənin üçün vilayətlər fəth edəcəyik və sən bizim sultanımızsan". Lakin Rəşid razılıq vermədi və onların xahişini rədd etdi. Qıpçaqlar həmin xahişlə yenidən onun yanına elçi göndərdilər. Onların müsəlman olan başçılarından biri tərəfindən Dərbəndi hiylə yolu ilə tutmaq niyyətində olan qıpçaqların məkrindən xəbərdar edilən Rəşid həmin başçıya qoşun və silah verməyə razı oldu. Bu başçı qıpçaqların üzərinə yeridi, bir neçə dəfə hücum edərək onların bir hissəsini qırdı və qarət etdi. Lakin qıpçaqlar hiylə ilə Rəşidi aldadıb Dərbəndə girdilər, onu həbs edib bütün ölkəni ələ keçirmək istədilər. Lakin Rəşid qalanın gizli qapısından Şirvana qaçdı. Qıpçaqlar qaladakı bütün silahları və Rəşidin əmlakını götürüb Dərbəndi tərk etdilər, sonra isə vaxtilə gürcülərin əlində olan Qəbələyə tərəf yönəldilər və onu mühasirəyə aldılar. Bundan xəbər tutan Rəşid Dərbəndə qayıtdı, qalanı ələ keçirərək orada qalmış bütün qıpçaqları qırdı. Bütün Qəbələ vilayətini qarət edən qıpçaqlar Gəncəyə doğru hərəkət edərək orda yerləşdilər. Gürcülərlə döyüşdə məğlubiyyətə uğrayan və onlara qarşı üsyan qaldıran yerli Gəncə əhalisindən qorxuya düşən qıpçaqlar Şirvan istiqamətində hərəkət edərək, sonra ləkzlər ölkəsinə keçdilər.Şirvan əhalisi gürcü, ləzgi və digər xalqlarla birləşərək qıpçaqları darmadağın etdi, bir hissəsini qırdı, bir hissəsini isə əsir aldı. İbn əl-Əsirin sözlərinə görə "qıpçaq əsiri (məmlük) Dərbənd-Şirvanda (ən) ucuz qiymətə satılırdı". Monqollar Beyləqanı dağıdaraq qarət etdikdən və qıpçaqlar ölkəsinə getdikdən sonra şəhərin canını qurtara bilmiş sakinləri geri qayıtdılar və şəhərin divarlarını yenidən bərpa etdilər.

Gürcülərin yürüşü
H.619-cu ilin səfər ayında (fevral, 1222) Beyləqan gürcülərin hücumlarına məruz qaldı. Şəhəri tutarkən, adətən, əhalidən müəyyən məbləğdə pul alıb gedən gürcülər bu dəfə əhalinin üstünə düşərək "tatarların özlərinə etdikləri qətl-qarəti onların başına gətirdilər". Bu dövrdə çiçəklənən şəhər və kəndləri viran qoyan, əhalisini qırıb çatan monqolların hücumları ilə əlaqədar Şirvanın, Qafqazın və bütünlükdə Yaxın Şərq ölkələrinin ağır siyasi vəziyyəti, gürcülərin və digər yadelli işğalçıların Şirvana təcavüzkar basqınları, eləcə də Xarəzmşahın hücum təhlükəsi Şirvanşahlar dövlətinin zəifləməsinə səbəb oldu. Gürcülərin Şirvana arasıkəsilməz təcavüzkar basqınlarının qarşısını almaq üçün Şirvanşah Gərşəsb "oğlu Cəlal əd-Din Sultanşahı (girov kimi) gürcülərə verdi. Gürcülər isə onu Tamarın qızı hökmdar Rusudana ilə evləndirmək məqsədilə xaç suyuna saldılar".

Cəlaləddin Məngburninin yürüşü
1225-ci ildə Şirvanı və bütün Zaqafqaziyanı Xarəzmşah Cəlal əd-Din Məngburninin hücum təhlükəsi təhdid etdiyi bir zamanda Şirvanşahlar dövlətinin daxilində Şirvanşah Gərşəsibn hakimiyyətindən böyük narazılıqlarla bağlı hadisələr baş verirdi. Şirvanşahın oğlu Fəribürzün başçılığı ilə qalxan üsyan nəticəsində Gərşəsb taxtdan salındı və onun yerinə oğlu keçdi. İbn əl-Əsir yazır: "H.622 (1225)-ci ildə Şirvanşaha qarşı onun oğlu üsyan qaldırdı, onu şahlıqdan məhrum etdi və ölkədən qovdu, özü şahlıq etməyə başladı. Üsyana səbəb bu idi ki, Şirvanşah iyrənc həyat tərzi keçirirdi, çox qəbahətli və ədalətsiz adam idi. O, tez-tez təbəələrinin var-dövlətinə və mülklərinə əl uzadır, həmçinin, deyirlər ki, hətta qadınların və oğlan uşaqlarının namusuna təcavüz edirdi. Onun xalqa zülmü çoxalmışdı və ona görə də qoşunun bir hissəsi onun oğlu ilə əlbir olaraq, atasını ölkədən qovdu". Beləliklə, Şirvanşah I Gərşəsibn hökmranlığı h.622 (1225)-ci ildə sona çatdı.

Ailəsi
Oğulları:

III Fəribürz və Cəlaləddin Sultanşah olmuşdur.


Tarix: 11.02.2015 / 18:29 Müəllif: Feriska Baxılıb: 348 Bölmə: Şirvanşahlar dövləti
loading...