beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çiyələyin faydaları.

Çiyələk ən dadlı və sevimli giləmeyvələrdən biridir. Ləzzətli dadından əlavə bu giləmeyvə müxtəlif vitaminlər və mikroelementlərlə zəngindir.

Çiyələkdə C, A, B vitaminləri, fol turşusu, yod, dəmir, kalium, kalsium, sink və s. mikroelementləri vardır. Bu giləmeyvənin güclü iltihab və mikrob aleyhinə xüsusiyyətləri vardır ki, o qrip, soyuqdəymə və burun-udlaq xəstəlikləri zamanı əsl təbii dərman kimi müalicəvi təsir göstərir.

Çiyələk insanın immun sistemini gücləndirir, qan damarlarının divarlarını möhkəmləndirir, şəkərli diabet xəstələrdə şəkərin səviyyəsini aşağı salır, mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, öd daşı xəstəliyi zamanı çox xeyirlidir.

Çiyələk təbii sidikqovucu sayılır. Bu səbəbdən də böyrək xəstəlikləri olanlar bu giləmeyvəni öz rasionlarına daxil etməlidirlər.

Bundan əlavə çiyələk qara ciyər üçün də çox xeyirlidir. Qanazlığı zamanı bu giləmeyvənin qəbul edilməsi qanın tərkibini yaxşılaşdırır.

Müalicəyə çətinliklə tabe olunan ekzema xəstəliyi (dəri xəstəliyi) zamanı çiyələk yaxşı kömək edir.

Çiyələk mübadilə proseslərini sürətləndirir, artıq çəkidən azad olmağa kömək edir.

Digər meyvə və giləmeyvələr kimi çiyələyi də qida qəbulundan dərhal sonra qəbul etmək olmaz. Bu halda mədədə qıcqırma prosesləri başlayır. Çiyələyi qida qəbulları arası yemək lazımdır.

Çiyələk hər zaman eşq, romantik münasibətlərlə assosiasiya olunur. Bu da səbəbsiz deyil. Sübut olunub ki, giləmeyvənin tərkibində olan sink mikroelementi həm kişi, həm də qadınlarda seksual meyili artırır.

Çiyələk təbii antioksidant olaraq qocalma proseslərini ləngidir. Çiyələk əsasında hazırlanan müxtəlif üz maskaları qırışları hamarlayır, üz dərisini daha cavan və parlaq edir. Bundan əlavə çiyələk maskaları çillər və piqment ləkələri, civzələr ilə mübarizədə çox yaxşı effekt verir.

Bu kimi bir çox qiymətli xüsusiyyətlərinə baxmayaraq bəzi insanlara çiyələk zərər gətirə bilər. İlk növbədə bu allergiyadan əziyyət çəkən insanlara aiddir.

Güclü allekgik xüsusiyyətlərinə malik olduğuna görə bu giləmeyvə hamilə və uşaq əmizdirən qadınlar və balaca uşaqlar üçün əks göstərişdir.

Həmçinin mədə xorası və qastrit xəstəliyi olan insanlara da çiyələkdən imtina etmək lazımdır.

Çiyələyi ilin soyuq fəsillərində almaq və yemək məsləhət görülmür. Digər meyvə və giləmeyvələr kimi, təbii yolla yetişdirilən çiyələyə üstünlük vermək lazımdır. Giləmeyvəni seçdikdə onun xarici görünüşünə fikir verin. Çiyələk orta ölçüdə (çox böyük olmamalıdır!), tünd qırmızı rəngdə olmalıdır. Bundan əlavə çiyələyin öz xarakterli gözəl təbii ətri olmalıdır.


Tarix: 10.12.2014 / 17:13 Müəllif: Aziza Baxılıb: 116 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər