beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tut meyvəsi

Tut meyvəsinin Azərbaycanda 3 növü yetişir; ağ, qara, qırmızı. Tut meyvələrinin yetişməsi may – iyun aylarına təsadüf edir.
Ağ tutun yarpaqlarında üzvi turşular, C, vitamini, aşılayıcı maddələr, meyvələrində isə şəkər, üzvi maddələr, C, B vitamini, karotin, müxtəlif amin turşuları vardır.
Xalq təbabətində tut yarpaqlarının dəmləməsini, təzə meyvələrini, meyvələrinin şirəsini (bəhməz, doşab) ürək-damar xəstəliklərində, qanazlığı, skarlatina, övrə zamanı işlədirlər. Eləcə də tut meyvələrini mədə və 12 barmaq bağırsağın xora xəstəlikləri zamanı qəbul etmək məsləhət görülür. Angina zamanı tut meyvəsinin şirəsi ilə qarqara etmək fayda verir. Revmatizmli xəstələrə ağ tut meyvələri ilə vanna etmək məsləhət görülür. Bunun üçün meyvələr üzərinə su tökülür, qıcqırma üçün bir qədər saxlanılır, sonra vanna edilir.
Şərq təbibləri qeyd edirdilər ki, şirin tut sidikqovucu, qanyaradıcı təsir edir, cinsi fəallığı artırır, ağciyərlər üçün faydalıdır, bəlğəmgətirici xüsusiyyətlərə malikdir. Tut ödqovucudur, qaraciyərin vəziyyətinə müsbət təsir edir, insanı kökəldir, Çox yedikdə isə köp verir. Bu zaman iskəncəbin kömək edir (bal və sirkənin qaynadılmış qarışığı).
Xalq təbabətində ağ tutun qurudulmuş və xırdalanmış yarpaqlarından 1 xörək qaşığı bir stəkan qaynar suda dəmləyib, ürək ağrılarında içirlər. Ağ tut meyvələri ürək zəifliyində, qan azlığında çox xeyirlidir. Meyvəsindən hazırlanan bəkməz və ya doşab, mürəbbə ürək zəifliyi müalicəsində və xroniki mədə xəstəliyində son dərəcə faydalıdır. xalq təbabətində tut ağacının qol - budaqlarının qabıqlarından qurudub poroşok halına salandan sonra 1 - 2 çay qaşığı 1 stəkan qaynar suda dəmləyib, qarın ağrılarında və eləcə də qurdqovucu dərman kimi qəbul edirlər. Tut ağacı meyvələri can sağlığı mühafizəsində də çox xeyirlidir.
Turş tut isə büzücü, qızdırma zamanı sərinləşdici təsir göstərir. Qurudulmuş meyvələrini isə bağırsaq xorası və kəskin ishal zamanı işlədirlər.
Əqrəb sancması zamanı tutun şirəsi köməyə çatır. Tibetdə isə ağ və qara tutu qurd əleyhinə vasitə kimi işlədirlər. Meyvələrin və ağacın maye ekstraktı sümük toxumasının və qadın xəstəliklərinin müalicəsində istifadə olunur. Çin həkimləri isə ağ tut ağacının qabıqlarını diabet xəstəliyində işlətməyi tövsiyə edirlər.
Qara tut meyvələri həzmə kömək edir, mədəni bərkidir, qanazlığı, zəiflik, dizenteriya, şəkərli diabet zamanı işlədilir. Səhər acqarına yemək yüngül işlədici təsir göstərir, ağacın köklərinin və gövdəsinin qabığı dəmləmə şəklində sidikqovucu kimi hipertoniya zamanı işlədilir.
Tut köklərinin qabığının dəmləməsi qurdəleyhinə vasitə kimi istifadə olunur. Ağ tut ağacının yarpaqları və qabığı soyuqdəymədə, epilepsiyada dəmləmə, qoturluqda məlhəm şəklində istifadə olunur.
Aparılmış tədqiqatlar göstərir ki, tut yarpaqlarının ekstraktı arterial təzyiqi endirir, ağrını götürür, sinir sistemini sakitləşdirir, öskürək əleyhinə təsir göstərir. Vetnamda tut yarpaqlarından «famidol» adlı biogen stimulyator hazırlayırlar, revmatizm, dəri vərəmi, ekzema zamanı işlədirlər. Yaponiyada isə tut çiçəklərindən üzdə olan ləkələri və çilləri aradan qaldırmaq üçün kosmetik krem hazırlanır.
Göründüyü kimi, bu meyvənin faydalı xüsusiyyətləri bitib-tükənmir. Ümid edirəm ki, bağların bəzəyi, illərin yadigarı tut ağaclarına biganə münasibət get-gedə dəyişəcək, tutun keçmiş zamanlardakı tək geniş tətbiqi haqqında məlumatlər gələcək nəsillərə ötürüləcək və insanlara uzun zaman xidmət edən bu meyvə ağacları təbiətin bizə bəxş etdiyi ən dəyərli nemətlərdən biri kimi qorunacaq.



Hazırladı S.Aytən
Mənbə: İqtisadiyyat qəzeti

UPD. Ağ tut - yarpaqlarında 0, 75 % üzvi turşular, 50 - 60 mq % askorbin turşusu, 1,5 % - 2 % şəkərli maddələr, 2 - 3 % aşı maddələri vardır. Meyvələrində 23 - 24 % şəkər, 2,5 % üzvi turşular, 70 - 80 mq % askorbin turşusu, pektin maddələri müəyyən edilib.
Xalq təbabətində ağ tutun qurudulan və xırdalanan yarpaqlarından 1 xörək qaşığı bir stəkan qaynar suda dəmləyib, ürək ağrılarında içirlər.
Ağ tut meyvələri ürək zəifliyində, qan azlığında çox xeyirlidir. Meyvəsindən hazırlanan bəhməz və ya doşab, mürəbbə ürək zəifliyi müalicəsində və xroniki mədə xəstəliyində son dərəcə faydalıdır. Xalq təbabətində tut ağacının qol - budaqlarının qabıqlarından qurudub toz halına salırlar. Sonra 1 - 2 çay qaşığı 1 stəkan qaynar suda dəmləyib, qarın ağrılarında və eləcə də qurdqovucu dərman kimi qəbul edirlər.
Tut ağacı meyvələri can sağlığında çox xeyirlidir. Tut yarpaqlarından xalq təbabətində çox qədimdən istifadə edilir.Onlardan çay dəmləyib şəkər xəstəliyindən əziyyət çəkən insanlar içirlər. Meyvələri həm təzə halda yeyilir, həm də ondan doşab hazırlayıb qan azlığında qəbul edirlər. Ağ tutun yarpaqlarından çay dəmləyib qəbizlikdə, soyuqdəymədən baş verən xəstəliklərdə içirlər. Ondan tərlədici və hərarəti aşağısalıcı maddə kimi, həmçinin epilepsiya xəstəliyinin müalicəsinə qarşı da istifadə edirlər. Mədə və onikibarmaq bağırsaq xoralarında ağ tutun meyvələri məsləhət görülür. Yarpaq və qabıqlarından hazırlanan məlhəmlə dəri yaraları müalicə olunur. Ağ və qara tutun yetişmiş meyvələri qanartırıcı xassəyə malikdir. Tut ağacının gövdəsinin qabıqlarından və kökündən çay dəmlənib, sidikqovucu dərman kimi işlədilir.


Tarix: 10.12.2014 / 16:58 Müəllif: Aziza Baxılıb: 199 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər