Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Herakl məbədi

Ətrafda yaşayan əhalinin bayramlar keçirmək və qurban vermək üçün toplaşa biləcəyi Kerefto kimi bir yerdə sitayiş obyektinin əsasının qoyulması fikrinin həqiqətə daha yaxın olduğunu güman edilir. Müxtəlif tanrılara həsr edilmiş mağara tipli, sitayiş təyinatlı tikililər nəinki Şərqdə, habelə Yunanıstanda da geniş yayılmışdı. Özü də onların hamısı Pavsaninin təsvirinə görə, şəhərlərdən və başqa yaşayış məntəqələrindən çox uzaq məsafədə (30-dan 150 stadiyə qədər; stadi = 184,97 metr) yerləşirdi və çox zaman "mağara" tikililəri adlanırdı.

Kompleksin binalarından birində su mənbəyinin olması həmin yerin müəyyən qədər "müqəddəs" olduğu haqqındakı fikrə də sövq edir. Artıq bu cəhətə diqqət yetirilmişdir. Həmin cəhət belə fərziyyə irəli sürməyə imkan vermişdir ki, burada "Şərq Heraklı"na sitayişdən başqa "səma suyu" ilahəsi hesab edilmiş Anahitə də sitayiş vardı. Maraqlıdır ki, Strabon Knidli Evdoksa istinad edərək Hirkaniya olmuş mağaralar haqqında məlumat verir. Onun məlumatına görə, bu mağaradakı çaylar birbaşa dənizə axır və yerli sakinlər qurbanlar verilməsi üçün mağaralara gəlirlər.

Qeyd etmək lazımdır ki, Herakla bənzər tanrılara sitayiş Şərqdə geniş yayılmışdı. İran Veretraqnası, Babil Nerqalı, erməni Vaxaqnı və b. bu qəbildəndir. Antik Ermənistanda (Taron vilayətindəki Artaşatda) hətta yüksək təpədəki mağarada yerləşmiş Herakl – Vaxaqn məbədi məlumdur.

Heraklın özünə sitayişə gəldikdə isə o, Makedoniyalı İskəndərin yürüşlərindən sonra bütün Şərqdə geniş yayılmışdı.

Bu qəhrəman təsvirlərinə hellinizm və Parfiya dövrünün sikkələrində də təsadüf edilir. Onun surəti təsviri incəsənətdə və heykəltəraşlıqda geniş yayılmışdı.

Tədqiqi
Bəzi müəlliflər Kereftodakı məbədi Tasitin xatırlatdığı Sanbulos dağında yerləşən səcdəgahla eyniləşdirirlər. Bu fikir şübhə doğurur. Görünür, Sanbulos dağı Behistun (Bisütun) dağıdır. Bu dağda "dincələn Heraklın" təsviri, Qotarzın Meherdat üzərindəki qələbəsini təsvir edən relyef (Tasitdə məhz bu iki rəqibin mübarizəsindən danışılır), Herakl Kallinikə həsr olunmuş yazı vardır.

Kereftodakı yazının mətni, habelə qədim dünyanın müxtəlif bölgələrində bənzərləri olan memarlıq kompleksinin planı belə bir fikir yaradır ki, burada Herakla və yaxud Mada Atropatenada sinkretik (Herakl-Veretraqna) yunan – atropaten tanrısına sitayişin kifayət qədər erkən təzahürləri mövcud olmuşdur.

Başlıca olaraq yazının paleoqrafiyası əsasında, habelə memarlıq üsullarına görə kompleksi e.ə. IV əsrin sonuna – III əsrin əvvəlinə aid etmək, yəni onun Mada-Atropatena dövlətinin mövcudluğunun başlanğıc dövrünə aid olduğunu göstərmək olar .

Memarlıq xüsusiyyətləri
Qayalıqda oyulmuş otaqlar bir-birilə birləşən iki səviyyədə yerləşir. Kompleksin hazırda qayalığın dibindən təqribən 9 metr hündürlükdə olan girişi ümumi uzunluğu 18,60 metr olan, suvanmış tağlı tavanlara malik bir neçə otaqlı, apsidalı otaqla başa çatan aşağı mərtəbəyə aparır.

Aşağıdakı ansambl yuxarı mərtəbə ilə dəhliz vasitəsilə birləşir. Həmin dəhliz daha sonrakı, islam dövründə inşa edildiyi güman olunan 3 aralıq otaqdan keçir. Geniş dəhliz, divar oyuqlarında hər iki tərəfdən suflar əlavə edilmiş və arxasında bir-birinə düz yolu olan üç yanaşı otaq birinci mərtəbəni təşkil edir.

Geniş dəhlizdən qapı ilə (1,80x1,10 metr) ayrılmış otaqlardan birinin üzərində yuxarıda adı çəkilmiş yazı vardır. Görünür, bu və ondan sonrakı otaq daxildən ağır siyirmə vasitəsilə bağlanırdı. Həmin otaqlarda qapılardan solda düzbucaqlı oyuqların olması bunu təsdiq edir. Yazının olduğu otaqda yuxarı fassiyasında dişciklər və dairələr şəklində olan friz yerləşmiş pəncərələr qalmışdır.


Tarix: 29.01.2015 / 16:42 Müəllif: Feriska Baxılıb: 210 Bölmə: Ümumi
loading...