beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təsərrüfat

Azərbaycanın əlverişli təbii şəraiti istehsal təsərrüfatına yiyələnmiş düzən rayonların sakinlərinə davamlı oturaq həyat tərzi keçirməyə imkan verirdi. Eneolit yaşayış yerlərində əkinçilik təsərrüfatı ilə əlaqədar materiallar əldə edilmişdir. Buraya, hər şeydən əvvəl, torpağın becərilməsi, taxılın biçilməsi və dənin döyülməsində istifadə edilən alətlər və həm də kömürləşmiş taxıl dənləri daxildir. Əkinçilik məhsulları saxlanılan xüsusi tikililər də aşkar edilmişdir. Çalağantəpədə kərpicdən hörülmüş anbarlardan birində çoxlu miqdarda yanıb kömürləşmiş buğda və arpa tapılmışdır. Azərbaycan sakinləri yumşaq və bərk buğda, mədəni ikicərgəli və çoxcərgəli arpa, həm də iki cərgəli yabanı arpa becərirdilər. Tək-tək çovdar dəninə də rast gəlinmişdir. Şomutəpə yaşayış yerindən Azərbaycanda ən qədim üzüm çəyirdəyi tapılmışdır. Eneolit dövründə iqlim dəmyə əkinçiliyi üçün indikindən daha yararlı idi. Bununla belə düzən ərazisində oturaq həyat tərzi başlanan dövrdən oranın əhalisi su arxları çəkmək və tarlaları suvarmaq üsuluna bələd idilər. Qədim əkinçilərin yerqazma, şumlama aləti toxa olmuşdur. Toxalar maral buynuzundan, iribuynuzlu heyvanların qıç və kürək sümüyündən düzəldilirdi. Şərqi Zaqafqaziyanın, xüsusən Gəncə-Qazax düzənliyinin erkən əkinçilik məskənlərindən çoxlu miqdarda toxanın tapılması eneolit dövründə toxa əkinçiliyi mədəniyyətinin çiçəklənməsini sübut edir. O vaxt xış hələ məlum deyildi. Ön Asiya ölkələrində, o cümlədən Mesopotamiyada da eramızdan əvvəl IV minilliyə qədər xışdan istifadə olunmurdu. Öyrəndiyimiz dövrün biçin alətləri yaxşı məlumdur. Onlar başlıca olaraq yığma oraqlardan ibarət idi. Oraqların dəstəyi və işlək hissəsi bütöv bir ağac qələmindən düzəldilirdi. Onun bir ucunda əl yeri qoymaqla qalan hissədə novçavari yarıq açaraq oraya çaxmaq və ya dəvəgözü daşından lövhə dişlər düzülürdü. Dişlər ağac oraqlara qətran vasitəsilə bərkidilirdi.Başqa cür oraqlar da məlumdur. Məsələn, Şomutəpədə öküzün çənə sümüyündən, Naxçıvan Kültəpəsində isə buynuzdan düzəldilmiş oraq tapılmışdır. Məlum olan ən qədim biçin alətləri içərisində Muğanda Əliköməktəpə yaşayış yerində öküzün kürək sümüyündən düzəldilmiş oraqlar da vardır. Onların mişarvari düzəldilmiş ağız hissəsində biçin prosesində əmələ gəlmiş parıltı aydın bilinir. Eneolit dövrü yaşayış yerlərində əkinçilik təsərrüfatı ilə bağlı olan xeyli daş həvəng, daş dəstək, dən daşları və sürtgəclərə təsadüf olunur. Taxılı iri küplərdə, həm də evlərin yaxınlığında kərpicdən hörülmüş anbarlarda saxlayırdılar. Eneolit dövründə əhalinin təsərrüfatında əkinçiliklə bərabər heyvandarlığın da böyük rolu olmuşdur. Yaşayış yerlərində bəzən topa şəklində çoxlu heyvan sümüklərinə təsadüf edilmişdir. Əliköməktəpə yaşayış yerində bir sümük topasında öküz və ata aid qırx kürək sümüyü, dörd at, beş öküz kəlləsi və ev heyvanlarının xeyli başqa sümükləri var idi. Həmin dövrdə yerli əhalinin heyvan sürülərində müxtəlif cins öküz və qoyunun varlığı maldarlığın artıq yüksək inkişaf səviyyəsinə çatdığını sübuta yetirir. Ev heyvanları içərisində donuz da var idi. Bəzi yaşayış yerlərinin, məsələn, Çalağantəpənin osteoloji materiallarına görə o, heyvandarlıqda hətta əsas yerlərdən birini tuturdu. Yalnız Muğanda Əliköməktəpə yaşayış yerində ev atının sümükləri tapılmışdır. Bu, nəinki Qafqazda, hətta bütün Avrasiyada ev atı haqqında ən qədim məlumatdır. Muğan düzü dünyada ev atının istifadə edildiyi ən qədim yaşayış yerlərindən biri olmuşdur.

Eneolit dövründə ev heyvanlarını başlıca olaraq ət məhsulu əldə etmək üçün saxlayırdılar. Ətraf mühitdən əlavə qida məhsulları almaq bu dövrdən insanların yardımçı peşələrindən birinə çevrilir. Bu məqsədlə əhali ceyran, quş, balıq və su quşları ovlayırdı.

Azərbaycanın eneolit qəbilələrinin süd məhsulları, o cümlədən yağ hazırlamasını göstərən birbaşa dəlillər olmasa da, onların bəzi süd məhsulları istehsalından xəbərdar olmasını güman etmək olar.

Beləliklə, qeyd olunan dəlillər göstərir ki, Azərbaycan ərazisində Eneolit dövrü qəbilələrinin təsərrüfatının əsasını artıq inkişaf etmiş əkinçilik və maldarlıq təşkil edirdi.


Tarix: 07.01.2015 / 17:38 Müəllif: Feriska Baxılıb: 99 Bölmə: Ümumi