beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Monqol yürüşlərinin Azərbaycan iqtisadiyyatına təsiri

Monqolların Azərbaycana gəlməsi oturaq yerli əhalinin həyat tərzinə və ilk növbədə kənd təsərrüfatının və əkinçiliyin inkişafına mənfi təsir göstərdi. Monqolların ilk yürüşləri Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni həyatına kəskin zərbə vurdu. Ölkədə feodal pərakəndəliyi daha da artdı. Monqolların keçdikləri ərazidə mədəniyyət abidələri, ticarət yolları dağıdıldı, əkin yerləri tapdalandı, xırmanlar yandırıldı. Monqollar ilk anlardan başlayaraq becərilən torpaqları zəbt edib otlaqlara çevirdilər. Muğanda çağırılmış qurultayda Ön Qafqaz ərazisi 110 nəfər monqol noyonu arasıında bölündü. Sərkərdə Molor noyon Şəmkirin və ətraf ərazinin hakimi oldu. Monqollar əhalinin mal-qarasını, xüsusilə atlarını güclə alıb öz ilxılarına qatdılar. İş o yerə çatdı ki, adamlar son heyvanlarını verib canlarını qurtarmalı oldu. Monqolların iqtisadi siyasəti əkin sahələrinin azalmasına və son nəticədə kəndlilərin həyat səviyyəsinin aşağı düşməsinə səbəb oldu, kənd təsərrüfatı məhsullarının həcmi kəskin şəkildə aşağı düşdü. Monqol köçərilərinin mütəmadi olaraq bir yerdən digərinə köçmələri yararlı əkin sahələrinin mal-qaranın və ilxıların ayaqları altında qalıb xarab olmasına səbəb olurdu. Monqollar kəndlilərin özlərini də ya məhv edir, ya da əsir tutub apararaq onlardan mal-qaranın otarılmasında və ov mərasimlərində istifadə edirdilər. Bu isə Azərbaycanda kənd təsərrüfatının inkişafına ciddi maneə törədirdi. Monqol yürüşləri şəhər həyatına da mənfi təsir göstərdi. Monqillar şəhər və qalaları tutarkən kütləviqirğın törədir, əhalidən qiymətli daş-qaşın, qızıl-gümüşün, paltarın verilməsini tələb edirdilər. Sağ qalanları qul kimi, bəzən isə sıravi döyüşçü kimi istifadə olunurdu. Sənətkarlar bir qayda olaraq Qaraqoruma və digər yerlərə aparılırdı. Cüveynin məlumatına görə, Xarəzmdə 100.000-ə qədər sənətkar əsir saxlanılırdı. Onların bir qismindən tikinti işlərində, silah hazırlanmasında, zərgərlik emalatxanalarında və s. sahələrdə istifadə olunurdu. Gənc əsirlərdən köməkçi hərbi hissələr təşkil olunur və yeri gəldikcə ordunun önündə istifadə olunurdu. Sənətkarların qul halına düşməsi və onlardan hərbi qüvvələr kimi istifadə olunması yerli əhalinin mənafeyinə zidd idi və təsərrüfatın, sənətkarlığın inkişafına zərər vururdu. Təsərrüfatda kəndli əməyi əvəzinə əsirlərin - qulların əməyindən geniş istifadə olunması kənd təsərrüfatına və şəhər həyatına təsir göstərdi və iqtisadi tənəzzülə gətirib çıxardı. Monqol istilaları köhnə quldarlıq həyat tərzinin möhkəmlənməsinə imkan yaratdı. Azərbaycanın istehsal qüvvələrinə, ilk növbədə kənd təsərrüfatına ağır zərbə vurdu. Bəzi hallarda təsərrüfat həyatının canlanması üçün müəyyən tədbirlər görülsə də, istehsal qüvvələrinin inkişafı əvvəlki səviyyəyə çata bilmədi.


Tarix: 08.01.2015 / 02:30 Müəllif: Feriska Baxılıb: 23 Bölmə: Ümumi