beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Sasanilər imperiyasının tərkibində

III əsrin əvvəllərində Fars vilayətinin hakimi Ərdəşir Parfiyanın şimalına doğru hərəkət etdi. Sonuncu Parfiya Hökmdarı V Arbatannın ordusu ilə farslar arasında 224-cü ilin aprelində Suzian gölü yaxınlığında həlledici döyüş oldu. Parfiyanın paytaxtı Ktesifon ələ keçirildi. Ərdəşir 226-cı ildə burada şahlar şahı titulunu qəbul etdi və Sasanilər dövlətinin əsasını qoydu.

227-ci ildə Atropatena bu dövlətin vilayətinə çevrildi. Atropatena bu dövlətdə əhəmiyyətli yer tuturdu. Çünki Atropatena öz iqtisadi inkişaf səviyyəsinə görə qonşu ölkələrdən irəlidə gedirdi. Digər tərəfdən Atropatena əlverişli strateji mövqeyə malik idi. Burada Ordbil, Tavreş (Təbriz), Qazaka, Fraaspa, Aqnazana, Marağa kimi iri ticarət və mədəniyyət mərkəzləri olan şəhərlər var idi. Sasanilərin dövlət dini olan Zərdüştiliyin mərkəzi - baş məbəd Atroparenadakı Qazaka şəhərində idi. Sasani şahları taxta çıxmazdan əvvəl paytaxtdan Qazakadakı məbədə piyada ziyarətə getməli idilər.

Sasani şahı Şapur 260-cı ildə Roma ordusunu məğlub etdi. Cənubi Qafqaz sasanilərin əlinə keçdi. 262-ci ildə Albaniya da Sasani imperiyasının tərkibinə qatıldı.

Sasani hökmdarı I Xosrov Ənuşirəvanın hərbi-inzibatı islahatına əsasən, Albaniya, Atropatena və İberiya imperiyanın şimal kustakına (canişinliyinə) daxil edildi.

481-484-cü illərdə Cənubi Qafqaz xalqlarının sasanilərə qarşı üsyanından sonra yeni şahənşah Balaş müəyyən güzəştlərə gedərək, 485-ci ildə Cənubi Qafqaz dövlətləri ilə Nvarsak sülh müqaviləsini imzalamağa məcbur oldu. Albaniyada yerli hökmdar hakimiyyəti bərpa olundu. 571-591-ci illərdə Qafqaza sahib olmaq uğrunda Sasani-Bizans müharibəsi baş verdi. 591-ci ildə bağlanmış Bizans-Sasani sülh müqaviləsinə görə, tarixi Azərbaycan torpaqları və Kartli Sasani hakimiyyətinə verildi.

Xristianlıq IV əsrdə Gürcüstanda asanlıqla yayıldığı halda, Albaniya və Atropatenada müqavimətlə qarşılandı. Erkən orta əsrlərdə xristianlıq Albaniyanın hakim dairələri və Atropatenada məskunlaşmış suriyalılar arasında yayılmışdı. erməni hakimləri Albaniyanın Paytakaran vilayətinə xristian təbliğatçıları göndərsələr də, Albaniya əhalisi buna meyil göstərmədi.

Erkən orta əsrlərdə Azərbaycanda mani, məzdək, zərdüşt, bütpərəst dinləri geniş yayılmışdı. Xristianlıq isə Azərbaycanın yalnız şimalında, Qarabağın dağlıq hissəsində albanlar arasında məhdud şəkildə yayılmışdı.


Tarix: 07.01.2015 / 14:47 Müəllif: Feriska Baxılıb: 86 Bölmə: Ümumi