beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Türkmənçay müqaviləsi

1828-ci il fevralın 10-da Təbriz-Tehran yolunun üstündə yerləşən Türkmənçay kəndində bağlanan müqavilə ilə 1826-1828-ci illər Rusiya-İran müharibəsinə son qoyulur. Bu müqavilə ilə İrəvan və Naxçıvan xanlıqları bütünlüklə Rusiyanın ərazisinə qatılır. Martın 20-də I Nikolay bu müqaviləni təsdiq edir və ertəsi gün Erməni vilayəti yaradılması haqqında fərman verilir. Fərmanda deyilir: "İranla bağlanmış müqaviləyə əsasən İrandan Rusiyaya birləşdirilən İrəvan və Naxçıvan xanlıqlarını bundan sonra "Erməni vilayəti" adlandırmağı hökm edir və öz titulumuza daxil edirik. Həmin vilayətin quruluşu və onun idarə edilməsi qaydası haqqında ali senat lazımi fərmanları öz vaxtında alacaqdır."

Erməni vilayəti İrəvan və Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölünmüşdü. İrəvan əyalətinə keçmiş İrəvan xanlığının 15 mahalı, Naxçıvan əyalətinə 5 mahal və Ordubad dairəsinə 5 mahal daxil idi. Vilayət idarəsinin rəisi vəzifəsinə yerli qoşunların komandanı Aleksandr Çavçavadze təyin edilmişdi.

1829-cu ilin əvvəlində qraf Paskeviç-Erivanskinin tapşırığı ilə kollej assesoru İ.Şopen erməni vilayətində kameral siyahıyaalma keçirmişdir. Əlyazması 20 cilddən ibarət olan bu siyahıyaalmanın nəticələri müəllifin 1852-ci ildə nəşr edilən " Erməni vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi" əsərində verilmişdir.

İ.Şopenə görə Erməni vilayətində 752 kənd olmuşdur. Onlardan 521-i İrəvan əyalətində, 179-u Naxçıvan əyalətində, 52-si Ordubad dairəsində olmuşdur (kitabın əlavəsinə bax). Müharibə nəticəsində vilayətin ərazisində 359 kənd, o cümlədən 310 kənd İrəvan əyalətində, 42 kənd Naxçıvan əyalətində, 6 kənd Ordubad dairəsində xaraba qalmış, əhalisi didərgin düşmüşdü (əlavəyə bax).

Deməli, dağıldılmış, xaraba qoyulmuş kəndlərlə birlikdə Erməni vilayətində cəmisi 1111 kənd olmuşdur.

İ.Şopenin hesablanmasına görə, xanlıqların işğal edilməsinədək Erməni vilayətinin ərazisində təxminən 23.730 ailə (İrəvan əyalətində 17.000 ailə, Naxçıvan əyalətində 4.600 ailə, Ordubad dairəsində 2.130 ailə) yaşamışdır ki, orta hesabla, hər ailədə 5 nəfər götürdükdə, bu, 118.650 nəfər təşkil edir.

Siyahıyaalmanın nəticələrinə görə, vilayətdə 81.749 müsəlman və 25.131 yerli erməni qeydə alınmışdır. Bu siyahıyaalınmanın üstün cəhəti ondadır ki, ayrı-ayrı yaşayış məntəqələri üzrə İrəvandan və Türkiyədən köçürülən erməni ailələrinin sayı və onların hansı yaşayış məntəqəsində məskunlaşdırıldıqları göstərilmişdir.

1840-cı ildə Erməni vilayəti buraxılır. Əvəzində təşkil edilən İrəvan qəzası Gürcü-İmeretin quberniyasının tərkibinə daxil edilir. 1849-cu ildə İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad və Novo-Bəyazid /Yeni Bəyazid/ qəzalarından ibarət İrəvan quberniyası təşkil edilir və 1917-ci ilə qədər bu struktur dəyişməz qalmışdır.


Tarix: 07.01.2015 / 18:13 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Ümumi