beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orta əsrlər

Şirvanşah I Xəlilüllahın dövründə (1417-1462) Bakıda mühüm tikinti işləri aparıldı. Şirvanşahlar saray kompleksi də bu dövrdə tikilmişdir. Bakıda ticarət, sənətkarlıq inkişaf edir, iqtisadi və mədəni həyat yüksəlirdi. XV əsrin 2-ci yarısında Böyük Moskva knyazlığı ilə ticarət daha da genişləndi və diplomatik əlaqələr yaradıldı. 1501-ci ildə Şah İsmayıl Şirvana hücum edərək Bakını aldı.

Səfəvi hökmdarı I Təhmasib 1538-ci ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi-Osmanlı müharibələri zamanı 1578-ci ildə Osmanlı ordusu Bakını tutdu. 1607-ci ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi. Mərkəzi hakimiyyətin qüvvətlənməsi, məhsuldar qüvvələrin inkişafını ləngidən feodal çəkişləmələrinə, dağıdıcı müharibələrə son qoyulması XVII əsrin 40-cı illərində şəhərin yüksəlişinə təkan verdi. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. XVI-XVIII əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi. Bakıda toxuculuq da mühüm yer tuturdu. XVII-XVIII əsrlərə aid tarixi abidələr bu dövrdə Bakıda memarlıq, həkkaklıq və s.-nin inkişaf etdiyini göstərir.

Bakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi strateji əhəmiyyəti XVIII əsrin əvvəllərindən etibarən Rusiyanın diqqətini cəlb edirdi. Xəzərin cənub-qərb sahillərinə yiyələnməyə çalışan Rusiya çarı I Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaradır. 1723-cü il iyunun 26-da I Pyotrun qoşunu Bakını işğal edir. Lakin, Rusiya və İran arasında bağlanan Gəncə məqaviləsinə (1735) görə Bakı yenidən İranın hakimiyyəti altına keçdi.


Tarix: 07.01.2015 / 18:57 Müəllif: Feriska Baxılıb: 36 Bölmə: Ümumi